Sahibkarlar
xidmət sektorunda cəmlənib
Xidmət sektorunun
iqtisadiyyatda payı isə çox
azdır
Son onilliklərdə xidmət sektorunun iqtisadiyyatda rolu artmaqdadır. Bunun iki başlıca səbəbi var.
Birincisi, insanların gəlirinin
artması fiziki mallarla
bərabər xidmətlərə xərclənən
pulların da artmasına imkan
verir. Bu cəhət
xidmət sektorunun inkişafını
şərtləndirir. İkinci səbəb
informasiya kommunikasiya
texnologiyalarının inkişafının xidmət sektorunun imkanlarını genişləndirməsi
və xidmət sektorunun iqtisadi
dəyərini artırmasıdır.
Sadalanan səbəblərlə əlaqədar
olaraq XX əsrin ikinci yarısından etibarən inkişaf
etmiş ölkələrdə xidmət sektoru istehsal sektorunu
geridə qoymağa başlayıb. 1980-ci illərdən etibarən
isə inkişaf etməkdə olan ölkələrdə
baş verən struktur dəyişikliyi xidmət sektorunun həm
ümumi iqtisadiyyatda payının, həm də bazar həcminin
sürətlə artmasına şərait yaradıb.
Hazırda dünyanın əksər ölkəsində
ümumi daxili məhsulun (ÜDM) formalaşmasında xidmət
sektoru daha böyük paya sahibdir.
Xidmət sektorunun bazar payının
artması əslində iqtisadiyyatın şaxələnməsini
və sahələr üzrə ixtisaslaşmasını da təmin
edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul
istehsalı iqtisadiyyatın can damarı, istehsal edilən mala
sahib olmaq zənginlik əlaməti sayılırdısa,
müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında
deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd
edən sahə kimi tanınır və dünya
iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə
sahibdir.
Xidmətlərdə informasiya
texnologiyalarının sürətlə tətbiqi yeni bir mərhələnin
əsasını qoydu. Kompüter və informasiya
texnologiyalarından geniş istifadə informasiya mübadiləsinin
sürətini artırdı ki, bu da nəticədə rabitə
xərclərinin aşağı düşməsinə və
elektron ticarətin genişlənməsinə səbəb
oldu. Müasir zamanda xidmət sektorunun dəyərinin istehsal
sektorunu 7 dəfə qabaqlaması da iqtisadiyyatda onun rolunun və
gücünün bariz göstəricisidir. ABŞ-ın xidmət
bazarı inkişaf etməsəydi Çin artıq ÜDM
istehsalına görə dünyanın ən böyük
ölkəsi ünvanını qazanacaqdı. Çin məhz
xidmət sektorundakı göstəricilərə görə
ABŞ-a uduzduğundan dünyanın ən böyük
iqtisadiyyatı ünvanına sahib ola bilmir. Çində də
hesab edirlər ki, xidmət sektorunun istehsal sahələri kimi
inkişafından sonra onlar dünyanın ən böyük
iqtisadiyyatına sahib ölkə olacaq.
Müxtəlif sahələri əhatə
edən xidmət sektoru ölkənin həm də əsas
inkişaf və rifah göstəricilərindən
sayılır. Dünya Bankının hələ bir neçə
il əvvəl 132 ölkənin rifah səviyyəsinə
görə reytinqini müəyyənləşdirən zaman
sosial həyatla xidmət sektorunun səviyyəsi arasında əlaqənin
olduğu bir daha təsdiqini tapıb. Məlum olub ki, xidmət
sektorunda əmək qabiliyyətli əhalinin 60-75%-i
çalışır. Xidmət sektorunda bir qayda olaraq istehsal
sahələrinə nisbətən daha çox insan
üçün iş yerləri yaradılır. Məsələn,
dünyanın hazırda ən böyük şirkətlərindən
sayılan Royal Dutch Shell-də 90 min adam, Toyota Motor-da 326 min,
ABŞ-ın Wol-Mart Stores mağazalar şəbəkəsində
isə 2,2 milyon nəfər işlə təmin olunub.
Say çoxluğu ilə bərabər
xidmətlərdə insan amili digər sahələrə nisbətən
çox güclü olur. Bir qayda olaraq xidmət sektorunda
çalışan insanların mütəxəssis səviyyəsində
olması tələb edilir.
Qeyd edək ki, bir ölkənin
iqtisadiyyatında xidmət sektorunun payının artması
üçün həmin ölkədə adambaşına
düşən gəlirin yüksəlməsi şərtdir.
Buna görə də inkişaf etməkdə olan ölkələrdə
ÜDM-in 50%-ni xidmət sahəsi yaratdığı halda,
inkişaf etmiş ölkələrdə 65-70%-ni
formalaşdırır.
Azərbaycan iqtisadi göstəricilərinə
görə dünyanın inkişaf etməkdə olan ölkələrinin
alt qrupundan tədricən yüksək göstəricilərə
sahib qrupuna doğru yer dəyişməkdədir. Bu qrup
ölkələr inkişaf etmiş ölkələr
sayılmasa da, bir çox əlamətlərinə görə,
onlardan demək olar ki, fərqlənmir. Azərbaycan hökuməti
hesab edir ki, artıq bizim iqtisadiyyat da inkişaf etmiş
ölkələrin iqtisadiyyatına oxşayır və tezliklə
bu cərgəyə qoşulacaq.
Amma bu, asanlıqla baş vermir. Gərək iqtisadiyyatda strukturlaşma
inkişaf etməkdə
olan ölkələrin
mütləq əksəriyyətində
olduğu kimi formalaşsın. Yəni, yuxarıda
bəhs etdiyimiz kimi ÜDM istehsalında xidmət sektoru önə keçməlidir.
İnkişaf etmiş
ölkələrdə ÜDM-də xidmət sektorunun payı 50%-dən az
deyil. Azərbaycanda isə vəziyyət
hələ pisdir.
İllər ötdükcə xidmət bölməsinin
ÜDM-də çəkisi
nəinki artır, əksinə bir qədər də azalır.
Azərbaycanda xidmət sektorunun payı
2011-ci ildə 26% olub. ÜDM-nin 68 faizini istehsal sahələri,
qalanını isə xalis vergilər formalaşdırıb.
2012-ci ilin geridə qalan 10 ayı ərzində isə xidmət
sahələrinin əlavə dəyərdə xüsusi
çəkisi 27%, o cümlədən nəqliyyatda 4,8%, ticarət
və pullu xidmətdə 8,3%, rabitədə 1,8%, sosial və
digər xidmətlərdə 12,1% təşkil edib.
1995-ci ildən bəri göstəricilərə
diqqət yetirdikdə aydın olur ki, ÜDM-də xidmət
sektorunun payı artmaq əvəzinə azalır. 1995-ci ildə
payı 38% olan xidmət sektoru 1998-ci ildə payını
43,3%-ə çatdırdı. Lakin sonradan neft
hasılatına başlanılması və ümumi sanaye
istehsalının artması ilə əlaqədar dominantlar
istehsal sahələrinə, xüsusilə də sənayeyə
keçdi. Nəticədə 2005-ci ildən xidmət bölməsinin
payı 30%-dən aşağı düşdü və hələ
də aşağı səviyyələrdə qalır.
2012-ci ildə xidmət sektorunun ÜDM-də
mövqeyinin yaxşılaşması müşahidə
edilir. İqtisadçılara görə, xidmət sektorunun
daha da böyüməsi üçün əhalinin gəlirinin
səviyyəsində ciddi dəyişiklik baş verməlidir.
Xidmət sektoru o vaxt ÜDM-də üstün mövqeyə
malik olur ki, əhalinin ən azı 50%-i normal gəlirə
sahib olur. Bu dəyişiklik isə Azərbaycanda yaxın illərdə
qeyri-mümkündür.
Azərbaycanda hasilat sənayesinin
payının güclü olması xidmət sektorunun
iqtisadiyyatda payının daha sürətlə
artmasını çətinləşdirir. Ölkə
iqtisadiyyatı hələlik yalnız bir məhsul növü
üzrə inkişaf edir, yeni çoxşaxəli və rəqabətədavamlı
iqtisadiyyat yoxdur, belə bir şəraitdə xidmət sektoru
dinamik inkişaf edə bilmir.
Azərbaycanda qeyri-neft sektoru son illərdə
neft sektoruna nisbətən daha sütərlə inkişaf
edir, neft sektorunun ÜDM-də payı azalır. Qeyri-neft
sektoru son bir ildə 10,5% artıb, neft sektorunda isə 6% azalma
qeydə alınıb. Qeyri-neft sektorundakı yüksəlişə
baxmayaraq hələlik xidmət sektoru ÜDM-də mövqeyini
nəzərəçarpacaq dərəcədə gücləndirə
bilmir.
Lakin xidmət sektorunun ÜDM-də
payının artacağına ümidlə baxa bilərik.
İstehsal sahələrində 2009-cu ildən sonra illik
artım əvvəlcə 3,7% olub, daha sonra mənfi 3,5%-ə
düşüb. Xidmət bölməsində isə artım
7 və 6,5% təşkil edib. 2025-ci ilə qədər
ÜDM-də xidmət sahəsinin payının 40%-ə
çatacağı proqnozlaşdırılır.
Xidmət sektorunun inkişafının
önəmli tərəflərindən biri də
sahibkarlığın inkişafıdır. Rəsmi məlumatlara
əsasən, 2011-ci ilin sonunda Azərbaycanda fəaliyyət
göstərən hüquqi şəxs statuslu müəssisələrin
sayı 75,632 min olub. Onların 40 mini (52,9%-i) xidmət sektoru
üzrə fəaliyyət göstərir. Xidmət müəssisələrinin
20,37 mini ticarət və nəqliyyat vasitələrinin təmiri,
1,541 mini nəqliyyat və anbat təsərrüfatı, 963-ü
turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,486 mini informasiya və rabitə, 1,259 mini maliyyə və
sığorta fəaliyyəti, 1,281 mini əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi, 1,105 mini təhsil,
1,243 mini istirahət, əyləncə və incəsənət
sahəsində fəaliyyət, 9,185 mini digər sahələrdə
xidmətin göstərilməsi ilə məşğuldur.
Ötən ilin sonunda hüquqi şəxs
yaratmadan fəaliyyət göstərən fərdi
sahibkarların sayı isə 364,581 min təşkil edib. Fərdi
sahibkarların 300 minə qədəri (82,2%-i) xidmət
işi ilə məşğul olan sahibkarlardır. Bu
sahibkarların 150,686 mini ticarət və nəqliyyat vasitələrinin
təmiri, 66,422 mini nəqliyyat və anbar təsərrüfatı,
17,579 mini turistlərin yerləşdirilməsi və ictimai
iaşə, 3,775 mini informasiya və rabitə, 856-ı maliyyə
və sığorta fəaliyyəti, 1,685 mini əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi, 1,177 mini təhsil,
4,948 mini istirahət, əyləncə və incəsənət
sahəsində fəaliyyət, 47,714 mini digər sahələrdə
xidmətin göstərilməsi ilə məşğuldur.
Bu faktlar iqtisadiyyatda xidmət sektorunun əhəmiyyətli
sahə olduğunun bariz sübutudur. İnsanların gəliri
artdıqca xərclərdə əsas pay xidmətlərə
yönəlir. Buna görə də 1998-ci ildən indiyədək
dünya iqtisadiyyatında ən sürətlə böyüyən
sahə xidmət sektoru olub. Azərbaycan kimi neft və qaz
hesabına varlanan ölkələrin daha sonra maliyyə və
turizm mərkəzləri kimi inkişaf etdiyi məlumdur. Təbii
sərvətlərdən yararlanan bu ölkələr xidmət
sektorunu formalaşdıra bilir. Bu ölkələrdə
turizm, rabitə sektoru, informasiya-kommunikasiya texnologiyaları,
maliyyə, bank sektoru inkişaf edir. Neft ölkələrinin əksəriyyətində
ÜDM-də xidmət sektorunun payı 35-40% arası dəyişir.
Azərbaycanda rabitə sektoru, informasiya-kommunikasiya
texnologiyaları sahəsində ciddi irəliləyişə
nail olunub. Turizm sahəsində də inkişaf müşahidə
edilir.
Bəzi mütəxəssislərə
görə, xidmət sektorunda inkişaf meyllərinin bir qədər
gec müşahidə edilməsinin əsas səbəbi
heç də əhalinin gəlirlərinin aşağı
olması ilə bağlı deyil. Müstəqilliyin ilk 10-12
ili ərzində iqtisadiyyatın diversifikasiya edilməməsi
qeyri-neft sektorunun digər sahələri kimi xidmət sahəsinin
də inkişafını ləngidib. Amma 2005-ci ildən
başlayaraq bu sahədə bir canlanma müşahidə
edilir.
Xidmət sektorunda ilkin inkişaf mərhələsi
davam edir və ekspertlərin fikrincə, bu tendensiya 1024-ü
ilədək davam edəcək. Həmin ildə ÜDM-də
xidmət sektorunun payı 40%-ə yüksələcək. Azərbaycanda
xidmət sektorunun rabitə, informasiya kommunikasiya
texnologiyalarının, turizmin, nəqliyyatın və ticarətin
daha sürətlə inkişaf edəcəyi aydındır.
Vasif CƏFƏROV
Ekspress. – 2012.
– 17-19 noyabr. – S. 10.