Sahibkarların yoxlamalarda vaxt itkisi
azalacaq E-audit üçün hüquqi baza yaradılır
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycanda vergi işinin daha səmərəli
təşkili məqsədilə Vergilər Nazirliyi tərəfindən
həyata keçirilən texnoloji yeniliklərə 2013-cü
ildə daha biri əlavə olunacaq. Belə ki,
gələn ilin mart ayından auditin elektron formada tətbiqinə start veriləcək.
Xatırladaq ki, 2011-ci il martın 1-dən
ölkəmizdə bu məqsədlə Tvenninq layihəsi icra
edilir. Adıçəkilən layihə 2 il müddətə
nəzərdə tutulub və bu müddət ərzində
layihəyə uyğun olaraq auditin elektron formada təşkili
üçün bütün hüquqi və texniki məsələlər
həll olunacaq.
Nəzərdə tutulan ikiillik sınaq
müddətinin başa çatmasına az qalır. İki il
sınaq müddəti nəzərdə tutulan layihə Azərbaycanda
vergi sistemində audit işinin daha səmərəli və
şəffaf aparılmasına şərait yaradacaq.
İnkişaf etmiş ölkələrdə uğurla
sınaqdan keçirilən yeni layihəyə görə,
vergi ödəyiciləri ilə vergi əməkdaşlarının
birbaşa əlaqəsi azalacaq, audit zamanı şəffaflıq
təmin olunacaq.
Qeyd edək ki, Vergilər Nazirliyi vergi
ödəyiciləri ilə işin elektron formada təşkili
məqsədilə daha çox artıdıcıl tədbirlər
həyata keçirir. Vergi bəyannamələrinin elektron
formada təqdim edilməsi təcrübəsindən sonra e-auditin
də təşkili onu göstərir ki, nazirlik vergilərin
tutulması, inzibatçılıq sahəsində
islahatları fəal surətdə dəstəkləyir. Vergi
işinin təşkilində elektron formalardan istifadə nəticəsində
Azərbaycanda hazırda gəlirlər üzrə bəyannamələrin
mütləq əksəriyyəti, ƏDV üzrə bəyannamələrin
95-98%-i elektron formada vergi orqanlarına verilir.
E-audit vergi
inzibatçılığının elektron şəkildə
aparılmasında önəmli addım sayılır. MDB-də
ilk dəfə olaraq Azərbaycanda tətbiq olunacaq elektron audit
sistemində müəssisə və ya şirkətin fəaliyyətinin
hesabatı elektron formatda vergi orqanına təqdim olunacaq (bunun
üçün həmin müəssisədə elektron mühasibatın
tətbiq edilməlidir). Vergi orqanı bu məlumatları
xüsusi proqram vasitəsilə təhlil edərək müəssisənin
təsərrüfat fəaliyyəti, vergi qanunvericiliyinə əməl
edilməsi ilə bağlı vəziyyəti
araşdıracaq. Araşdırma başa çatandan sonra
bütün məlumatlar silinəcək və bununla da ödəyicinin
kommersiya sirləri qorunacaq. E-audit vasitəsilə səyyar
yoxlama ofisdən çıxmadan, birbaşa vergi orqanında
aparılacaq.
Avropa İttifaqının maliyyə dəstəyi
ilə keçirilən və dəyəri bir milyon avro olan
elektron audit layihəsinin tam reallaşdırılması
üçün 6 istiqamətdə iş görüləcək.
E-auditin tətbiqi üçün
lazım olan hüquqi baza hazırlanacaq, lazımi proqram təminatı
seçiləcək, e-audit üçün məlumat
bazasının yaradılacaq, metodologiyanın
hazırlanması və auditorlar üçün terninqlərin
keçiriləcək, elektron mühasibatın tətbiqi təcrübəsi
inkişaf etdiriləcək. Hər bir istiqamət üzrə
iş beynəlxalq ekspertlər cəlb edilməklə həyata
keçiriləcək. Amma əsas iş Niderland
Krallığının Vergi və Gömrük
Administrasiyası köməkliyi ilə
reallaşdırılacaq. Vergilər Nazirliyinin tərəfdaşı
statusunda layihənin icrasına cəlb edilən Niderland
Krallığının Vergi və Gömrük
Administrasiyası Azərbaycandan öncə Latviya,
Bolqarıstan, Türkiyə və Polşada da eyni təcrübənin
tətbiqində yaxından iştirak edib.
E-auditin tətbiqi sahəsində həyata
keçirilən işlərə vergilər nazirinin
müşaviri Asəf Əsədov rəhbərlik edir. Onun
sözlərinə görə, Vergilər Nazirliyinin
benefisiarı olduğu "Kompyüter əsaslı audit
sistemi sahəsində Azərbaycan Respublikası Vergilər
Nazirliyinə dəstəyin göstərilməsi" adlı
tvinninq layihəsi Avropa Qonşuluq Siyasəti çərçivəsində
qəbul edilən Azərbaycan Respublikasının Fəaliyyət
Planından irəli gələn vəzifələr çərçivəsində
həyata keçirilir: "E-auditin tətbiqi ilə
bağlı müvafiq tədbirlərin görülməsi
Vergilər Nazirliyinin "Vergi qanunvericiliyi və
inzibatçılığının təkmilləşdirilməsi
üzrə 2009-2012-ci illər üçün Strateji Plan"ına
daxil edilib. Elektron auditin reallaşdırılması
üçün, ilk növbədə, onun hüquqi bazası
yaradılmalıdır. Bununla bağlı 2011-ci ilin
mayından başlayaraq Vergilər Nazirliyi tərəfindən
Niderland Krallığı, Almaniya, Avstriya və digər
ölkələrin vergi qanunvericiliyi təhlil edilib,
"E-audit üzrə Avropa İttifaqının yol xəritəsi"
sənədi (2009-ci il) əsasında e-audit sahəsində
beynəlxalq təcrübə öyrənilib və həmin təcrübə
nəzərə alınmaqla Azərbaycanda elektron audit
sisteminin tətbiqi ilə bağlı hazırlanan təkliflər
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" qanun layihəsində
öz əksini tapıb. Yaxın zamanda həmin qanun layihəsinə
Milli Məclis tərəfindən baxılacaq və
inanıram ki, gələn ildən e-auditin tətbiqi
üçün hüquqi əsaslar da olacaq".
A.Əsədovun bildirdiyinə görə,
qanun layihəsində e-auditlə bağlı əsas təklif
ondan ibarətdir ki, əgər müəssisə mühasibat
işlərini e-formatda aparırsa, onda vergi auditorlarına
lazım olan məlumatlar e-formatda təqdim edilir və
bütün izahatlar verilir: "Xarici dövlətlərin təcrübəsi
araşdırılarkən müəyyən olunub ki,
inkişaf etmiş ölkələrin böyük əksəriyyətində
məlumatların, o cümlədən elektron formatda olan məlumatların
əldə edilməsi ilə bağlı vergi
orqanlarının qarşısında heç bir məhdudiyyət
qoyulmur. Eyni zamanda, e-auditin reallaşdırılması
üçün həm kadr potensialı, həm də ən
müasir texnologiyalardan istifadə etmək tələb olunur.
Vergilər nazirinin əmri ilə nazirliyin 10 nəfər gənc
mütəxəssisi üçün 2012-ci ilin fevral-sentyabr
ayları ərzində e-audit Tvinninq layihəsi üzrə
ingilis dilində 6 treninq kursu keçirilib".
Onun sözlərinə görə,
artıq e-auditin pilot (sınaq) mərhələsinə
başlamaq üçün hazırlıq işləri
yekunlaşıb: "Bununla əlaqədar pilot mərhələsinin
tədbirlər planı hazırlanıb və bu sahədə
çalışacaq mütəxəssislər 3 qrupa
bölünüb. İlkin olaraq neft, bank və ticarət sahələri
üzrə audit planları hazırlanıb və
seçilmiş müəssisələrdə audit tədbirləri
görülür. Xüsusi qeyd etmək istərdim ki, təklifimizə
cavab olaraq, tvinninq layihəsi üzrə tərəfdaş
olan Niderland Krallığının vergi
administrasiyasının rəhbərliyi pilot mərhələsi
ərzində bizim mütəxəssislərə dəstək
üçün 3 ekspertin ayrılmasına razılıq
verib.
Seçilən mütəxəssislər
yaxın gələcəkdə tvinninq layihəsi ərzində
əldə etdikləri bilik və təcrübəni digər
auditorlara da öyrədə biləcəklər. Bu məqsədlə
treninq kursları ilə yanaşı, hal-hazırda ingilis
dilində üç e-kitabın hazırlanması da başa
çatmaqdadır: "Auditin planlaşdırılması və
E-Audit Metodologiyası üzrə rəhbərlik",
"E-audit sahəsində təlimçilərin təlimi
treninq kursu" və "E-audit üzrə ingiliscə-azərbaycanca
izahlı lüğət".
2013-ci ildə bu kitabların xidməti
istifadə üçün Azərbaycan dilində nəşr
olunması və həm yazılı, həm də xüsusi
videokurslar formasında nazirliyin bütün auditorlarına təqdim
edilməsi nəzərdə tutulub. Nəticə olaraq,
nazirliyin bütün auditorları müasir audit sahəsində
həm nəzəri biliklər, həm də praktik olaraq
e-audit metodologiyalarının tətbiqi üzrə təcrübə
toplayacaqlar. Bundan ötrü layihə üzrə 50 nəfər
auditor üçün xüsusi treninq proqramı nəzərdə
tutulub".
Elektron auditin üstünlüklərinə
gəlincə, A.Əsədov bildirib ki, bununla Vergilər
Nazirliyi MDB məkanında vergi sahəsində öz lider
mövqeyini bir daha sübut edərək, ən müasir və
şəffaf elektron audit sistemi tətbiq etməklə vergi
yoxlamalarında insan faktoru ilə bağlı səhvlərin,
vaxt itkisinin və neqativ halların aradan götürülməsinə
nail olacaq, vergi əməletmə intizamı yüksələcək
və bununla da dövlət büdcəsinə vergi
daxilolmalarının həcmi artacaq: "Vergi orqanları
vergidən yayınma risklərini avtomatlaşdırılmış
qaydada aşkarlayacaq və ən riskli vergi ödəyicilərinin
audit planları sahələr üzrə hazır olan testlərlə
auditorlar tərəfindən əldə ediləcək. Hesab
edirəm ki, yaxın gələcəkdə eyni sayda auditor
yoxlamaları ilə bağlı vaxt sərfiyyatı 2-3 dəfə
azalacaq. Beləliklə, xüsusən riskli iri vergi ödəyicilərinin
bütün sahələr üzrə auditi mümkün
olacaq, vergidən yayınan vergi ödəyicilərinə
qarşı güclü maneə qoyulacaq və vergidən
yayınma halları tam aşkar olunacaq. Nazirliyin audit
resursları tam və optimal şəkildə istifadə
olunacaq. Eyni zamanda, bunun üçün auditorların etika
davranışı, bilik və peşəkarlıq səviyyəsi
yeni tələblərə uyğun olmalıdır".
Əsədov
Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin
(AVİS) təkmilləşdirilməsi barədə də məlumat
verib. Onun sözlərinə görə, AVİS-in
modernizasiyası beynəlxalq təcrübədə
özünü doğrultmuş, ən müasir tələblərə,
vergi orqanlarının qarşısında duran vəzifələrə
və strateji hədəflərə uyğun həyata
keçiriləcək: "Buna görə də vergi məqsədləri
üçün xarici və daxili mənbələrdən
toplanılan bütün məlumatların avtomatik qaydada
"verilənlər hovuzu"na inteqrasiyası təmin ediləcək.
Bundan başqa, intellektual təhlil texnologiyaları tətbiq
ediləcək ki, beləliklə də məlumatların
operativ və əhatəli təhlili, yarana biləcək risklərin
aradan qaldırılması üçün informasiya dəstəyi
yaradılacaq, çoxölçülü hesabatların
formalaşması istifadəçilər üçün
rahat şəkildə və qısa müddətdə təmin
olunacaq. Eyni zamanda, Risklərin Analizi Mərkəzləşdirilmiş
İnformasiya Sistemi yaradılacaq və risklərin
ölçülməsinə əsaslanan vergi
inzibatçılığının dayanıqlı
inkişafı təmin ediləcək. Audit proseslərinin
bütün mərhələlərini tam əhatə edən
Auditə Dəstək İnformasiya Sistemi yaradılacaq və
elektron məlumatların intellektual təhlilinə əsaslanan
məsafədən aparılan auditin təməli
qoyulacaq".
Vasif CƏFƏROV
Ekspress. –
2012. -20 noyabr. – S. 9.