İnvestisiya mühiti və ya Azərbaycanın
sərmayədarlar üçün cəlbediciliyi
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Son illərdə Azərbaycan
iqtisadiyyatının xarici sərmayədarlar üçün
cəlbediciliyi artır. Hökumət hesab edir ki, ölkə
iqtisadiyyatının, sosial həyatın xüsusiyyətləri
və qanunvericiliyin təkmilləşdirilməsi cəlbediciliyi
artıran əsas səbəblərdir.
Qeyd edək ki, xarici investisiyaların
artması sahibkarlar arasında rəqabət şəraitinin
güclənməsinə xidmət edən amillərdəndir.
Buna görə də dövlət xarici sərmayələrin
marağını artırmaq üçün daim müxtəlif
tədbirlər həyata keçirir.
Bəs, hansı xüsusiyyətlərinə
görə, xarici investorlar Azərbaycana sərmayə
qoymalıdır? Hökumətin fikrincə, Azərbaycanın
investisiya baxımından cəlbediciliyini yaradan əsas cəhətlər
bir neçədir. Bunlar arasında ölkənin geniş
tranzit imkanlarının mövcud olmasını, zəngin təbii
ehtiyatlar, o cümlədən turizm və enerji
ehtiyatlarının olması, Azərbaycanın tolerant ölkə
kimi tanınmasını göstərmək olar. Sadalananlarla bərabər
son illərdə aparılan islahatlar hesabına əldə
edilən müsbət dəyişikliklər də investisiya
qoyuluşu üçün əlverişliliyi artırır.
Qlobal maliyyə böhranına baxmayaraq,
ölkədə makroiqtisadi sabitliyin mövcudluğu və
iqtisadi artımın davam etməsi, biznes mühitin
yaxşılaşdırılması sahəsində Azərbaycanın
ən islahatçı ölkə olduğu "Doing
Business" hesabatlarında öz əksini tapdı,
sahibkarlıq subyektlərinin qeydiyyatının, gömrük
rəsmiləşdirilməsinin sadələşdirilməsi
baş verdi ("bir pəncərə" sistemi), azad ticarət
rejimləri və Ümumiləşdirilmiş Preferensiyalar
Sistemlərinə qoşulması hesabına istehsalın təşkili
baxımından Azərbaycanın cəlbediciliyi artdı.
Bunlarla bərabər Azərbaycanda yüksək ixtisaslı
yerli kadrlar var, həmçinin, artıq yoxsulluq səviyyəsi
7 faiz həddinə qədər azaldılıb.
Hökumət iqtisadiyyatına
investisiyaların cəlb olunması məqsədilə
"açıq qapı" siyasəti həyata
keçirir. Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi,
biznes mühitinin daha da yaxşılaşdırılması,
neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf
etdirilməsi ilə bağlı tədbirlər
görülür.
İnvestorların hüquq və mənafelərinin
qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və
xarici sahibkarlara bərabər şəraitin yaradılması
məqsədilə indiyədək "İnvestisiya fəaliyyəti
haqqında", "Xarici investisiyaların qorunması
haqqında" Azərbaycan qanunları və bir sıra
normativ sənədlərlə tənzimlənir.
Sahibkarlıq fəaliyyətinin qeydiyyata
alınması və xarici ticarət əməliyyatlarının
aparılmasının sadələşdirilməsi
üçün "Bir pəncərə" prinsipinin tətbiqi
buna misaldır. "Bir pəncərə" prinsipi üzrə
vahid dövlət qeydiyyat orqanı Vergilər Nazirliyi müəyyən
edilib və 2008-ci ildən bu sistemin tətbiqinə
başlanıb. "Bir pəncərə" sisteminin tətbiqindən
sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən
1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən
bir neçə dəqiqəyə endirilib.
Dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi
ilə sərhəddən keçmə müddəti
qısaldıldı, bürokratik əngəllər azaldıldı.
Azərbaycan qanunvericiliyi idxal olunan əmtəələrə
bir neçə gömrük rejimi tətbiq edir. Bunlardan xarici
investorlar üçün vacib olanları tranzit, gömrük
saxlanılması, gömrük anbarı, müvəqqəti
idxal, gömrük zonalarına giriş və
çıxış rejimləridir. Azərbaycana idxal olunan əmtəələrdən
rüsum tutulur (advalor rüsumu - 0-15% - ədəd və
ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi
növ əmtəələrə tətbiq olunur (tütün
və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV
prinsipini qəbul edib (hazırda 18%) ki, bu da hər hansı əmtəənin
gömrük dəyərindən tutulur (tətbiq olunan
gömrük rejimindən asılı olaraq, idxal rüsumu və
həmçinin aksiz vergisi). Bəzi kateqoriyalara və əmtəə
növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi
ilə tətbiq olunur.
İxrac (metal ixracından başqa)
dövlət rüsumlarından azaddır. Hasilatın Pay
Bölgüsü haqqında Sazişlərdə (HPBS) və
boru kəməri layihələri üzrə sazişlər
çərçivəsində fəaliyyət göstərən
podratçılar, onların agentləri və
subpodratçılar idxal rüsumunu ödəmədən və
məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri
Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər.
HPBS recimli idxala 0% ƏDV tətbiq olunur. Eyni zamanda
"İxrac məqsədli neft-qaz fəaliyyətinə
xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Qanuna əsasən,
neft-qaz sahəsində podratçıların və
subpodratçıların ixrac məqsədli fəaliyyətinə
0% dərəcəsi ilə ƏDV tətbiq olunur.
Azərbaycanda valyuta tənzimlənməsinə
dair mübadilə siyasəti də xarici iş adamları
üçün çətinlik yaratmır. Əmtəələrin
və xidmətlərin Azərbaycana idxalı ilə
bağlı yerli vətəndaşlar və əcnəbilər
tərəfindən xaricə göndərilən avanslara dair
pul məhdudiyyətləri Mərkəzi Bank tərəfindən
ləğv olunub. Məhdudiyyətlərin ləğv
olunmasına baxmayaraq, avans ödənişləri veriləndən
sonra əmtəələr Azərbaycana 180 gün ərzində
çatdırılmalıdır.
Azərbaycan qanunvericiliyi daşınmaz əmlaka
dair 3 hüququ - mülkiyyət, icarə və istifadə təmin
edir. Sahibkarlıq konsepsiyası mülkiyyət hüququnu,
istifadə və ya gəlir əldə etməni və
torpağın üçüncü tərəfə
ötürülməsini nəzərdə tutur. Torpaq
mülkiyyətçisi qismində Azərbaycan dövləti,
bələdiyyələr və Azərbaycanın fiziki və
hüquqi şəxsləri ola bilərlər. Xaricilər
(fiziki və hüquqi şəxslər) və vətəndaşlığı
olmayan şəxslər torpaq mülkiyyətçisi ola bilməzlər.
Torpağı verilən kreditə görə girov, hədiyyə
və ya vərəsəlik kimi hüquqi üsullar nəticəsində
alan xaricilər 1 il ərzində mülkiyyət
hüquqlarını 3-cü tərəfə verməlidirlər.
Əks halda torpaq dövlətin və ya müvafiq bələdiyyənin
mülkiyyətinə keçəcək. Buna baxmayaraq, xaricilər
torpağı uzunmüddətli icarəyə götürə
bilərlər.
İqtisadi fəaliyyətin
artırılması və sahibkarlığın dinamik
inkişafı məqsədilə vergi sistemində də
islahatlar aparılıb. Müəssisə və təşkilatların
mənfəətindən vergi tutulmasının proqressiv
sistemindən proporsional sisteminə keçilməsi və bu
vergi növü üzrə vergi dərəcələrinin tədricən
35%-dən 20%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin
28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin
ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən
tutulan vergilərin dərəcələrinin maksimum həddinin
55%-dən 30%-ə endirilməsi sahibkarların investisiya
qoyuluşunu stimullaşdırmağa xidmət edir.
Lisenziyalaşdırma sahəsində də
sadələşdirilmə aparılıb. 2002-ci ilə qədər
bir sıra kommersiya fəaliyyəti üçün müxtəlif
dövlət orqanlarından xüsusi lisenziyalar almaq lazım
idi. Azərbaycan Prezidentinin 2002-ci il 3 sentyabr tarixli fərmanına
əsasən, kommersiya fəaliyyətinin əksər növləri
üçün lisenziyalaşdırma ləğv olunub.
Lisenziyanın alınması bank işi, sığorta, audit,
daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət
və s. üçün tələb olunur. Lisenziyanın
uzadılma müddəti 5 ildir.
Məlumat üçün deyək ki,
son illərdə görülən tədbirlərin nəticəsi
olaraq Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələr,
o cümlədən xarici sərmayələrin ümumi həcmi
artır. Belə ki, 2012-ci ilin yanvar-sentyabr ayları üzrə
ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 9,8506 milyard manat investisiya qoyulub. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala yönəldilən vəsaitin həcmi 27,4% artıb. Əsas
kapitala yönəldilən vəsaitin 79,4%-ni və ya 7,8225
milyard manatını daxili investisiyalar, 20,6%-ni və ya 2,0281
milyard manatını isə xarici investisiyalar təşkil edib.
2012-ci ilin yanvar-sentyabr ayları üzrə
əsas kapitala yönəldilən ümumi investisiyanın
2,5589 milyard manatı (26%-i) neft sektorunun, 7,2917 milyard manatı
(74%-i) qeyri-neft sektorunun inkişafında istifadə edilib.
2012-ci ilin yanvar-sentyabr ayları üzrə
xarici mənbələrdən əsas kapitala yönəldilən
vəsaitin həcmi 2,0281 milyard manat təşkil edərək,
əvvəlki ilin müvafiq dövrünə nisbətən
11,9% artıb. Xarici ölkələr və beynəlxalq təşkilatlar
tərəfindən 2012-ci ilin yanvar-sentyabr aylarında əsas
kapitala yönəldilmiş xarici investisiyanın 1,858 milyard
manatı (91,6%-i) Böyük Britaniya, ABŞ, Yaponiya,
Norveç, Türkiyə, Çexiya və Fransa
investorlarına məxsusdur. Xarici investisiyaların 48,8%-ni
(990,06 milyon manat) Böyük Britaniya, 16,6%-ni (336,468 milyon
manat) ABŞ, 11,1%-ni (224,774 milyon manat) Yaponiya, 6%-ni (123 milyon
manat) Norveç, 4,8%-ni (97,02 milyon manat) Türkiyə, 1,8%-i
(35,895 milyon manat) Fransa qoyub.
Beynəlxalq təşkilatlardan Dünya
Bankı cəmi xarici sərmayələrin 4,4%-ni (90 milyon
manat), Asiya İnkişaf Bankı 2,9 faizini (59,86 milyon manat)
qoyub.
Azərbaycanda investisiya mühitinin
müsbətə doğru dəyişdiyini beynəlxalq təşkilatların
hesabatlarından da görmək olar. Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan
biznes mühitinin yaxşılaşdırılması sahəsində
ən islahatçı ölkə elan edilib. "Doing Business
2010" hesabatında isə ölkəmiz öz mövqelərini
qoruyub saxlamış və "Doing Business 2011"
hesabatında Azərbaycan 183 ölkə arasında 54-cü
yeri tutub. 2012-ci ilə dair hesabatda ölkəmiz vəziyyətini
bir qədər də yaxşılaşdırıb. Hesabatda
2006-cı ildən etibarən 5 il ərzində Azərbaycanın
biznes mühiti üzrə əhəmiyyətli islahatlar
apardığı və biznes mühitinin təkmilləşdirilməsinə
xüsusi diqqət ayırdığı qeyd edilib.
Bundan başqa "Qlobal Rəqabətlilik
Hesabatın"da Azərbaycan MDB ölkələri
arasında 1-ci yer, makroiqtisadi mühitin stabilliyi altindeksi
üzrə 139 ölkə arasında 13-cü yeri tutub.
Vasif CƏFƏROV
Ekspress. – 2012.
-21 noyabr. – S. 9.