Azərbaycan mətbuatının inkişafı

 

və söz azadlığının təmin edilməsi

 

Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan haqlarının mühüm amillərindən sayılır. Azad söz, azad mətbuat olmayan ölkədə demokratik təsisatlardan da danışmaq əhəmiyyətsizdir. Bəs Azərbaycanda medianın inkişafı hansı səviyyədədir, söz azadlığının durumu nə yerdədir?

Bu gün Azərbaycanda azad mətbuatın hüquqi bazası formalaşıb. Birmənalı şəkildə demək olar ki, KİV-lə bağlı qanunlarımız Avropa standartlarına cavab verir. Amma bu o demək deyil ki, söz azadlığı sahəsində, mətbuatda heç bir problem yoxdur, bunu iddia etmək də yersizdir. Mətbuat cəmiyyətin bir hissəsi olduğundan, bu sahə də problemlərdən uzaq deyil.

 

İnkişaf var, amma...

 

Mətbuatın inkişafı ilə bağlı mövcud tendensiyaları hansısa konkret meyarlarla dəyərləndirməyin məqbul olmadığını deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov, bunu ilk növbədə inkişafın istənilən səviyyədə olmaması ilə əlaqələndirir. "Hələ inkişaf gedir, tam yekunlaşmayıb. Beynəlxalq miqyasda dəyərləndirmə meyarlarının heç də hamısı bütöv təbiətə malik deyil. Həmin meyarlar yerli şərtləri çox zaman nəzərə almır.

Biz mətbu məkanımızda baş verən proseslərin bilavasitə iştirakçısı olmaqdan da başqa, onların izləyiciləriyik" deyən Ə.Amaşovun sözlərinə görə, elə işlər var ki, artıq həllini tapmalıdır. "Məsələn, XXI əsrin Azərbaycan mediasının digər sosial tələbatları bir yana, ən azından normal əmək haqqı problemi olmamalıdır".

Söz azadlığının vəziyyətinə gəlincə, həmsöhbətimizə görə, bəlli stereotiplər və komplekslər hələ də qalmaqdadır. Onun fikrincə, əgər bu gün hansısa jurnalist üzləşdiyi xoşagəlməz mənzərəni ictimailəşdirməyi bacarırsa və həmin məsələ barədə gedib yaza bilirsə, demək, söz azadlığı var. "Digər tərəfdən, bir jurnalist hansısa məmuru öz vəzifə səlahiyyətlərinə yaraşmayan, cəmiyyətin ondan gözləmədiyi bir hərəkəti həyata keçirərkən görüb yazmaması hansısa qrup mənafelərinə söykənirsə, bu zaman artıq məsələ jurnalistin səsinin boğulmasında yox, onun işlədiyi qurumun konkret maraqlar içərisində yer tutmasındadır" deyən Amaşov buna görə də media qurumlarının iqtisadi asılılıq məsələsini gündəmə gətirdiklərini bildirib. Dediyinə görə, maliyyə müstəqilliyi olmasa, media istər-istəməz cəmiyyətin mənafelərini qurban vermək məcburiyyətində qalacaq.

MŞ sədrinə görə, medianın iqtisadi cəhətdən özünü təmin edə bilməməsi, bu xüsusda reklam bazarının zəifliyi, jurnalistlərin sosial təminat səviyyəsinin aşağılığı mətbuatımızın əsas problemləridir. Bunlar isə medianı asılı hala salır, jurnalistin yaradıcılıq imkanlarını məhdudlaşdırır.

Mətbuatımızın inkişafında heç bir problem olmadığını deyən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı medianın inkişafı üçün qanunvericilik bazasının formalaşdığını bildirib. Amma onun sözlərinə görə, qanunların normal işləməsində problemlər mövcuddur. "İstənilən şəxs qəzet açıb fəaliyyət göstərə bilər" deyən AJB sədrinə görə, bununla belə, ölkə mətbuatında söz azadlığının təmini qaneedici deyil.

E.Şıxlı hesab edir ki, problemlər söz və ifadə azadlığındadır. "Amma bunun da müəyyən məqamları var. Söhbət ondan gedir ki, heç kim heç kimin əlindən tutub, yaxud ağzını yummur ki, bunu yazma. Sadəcə, hansısa tənqidi yazıdan sonra adekvat olmayan cəza gəlir".

Ölkə mətbuatının inkişafda olduğunu deyən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, medianın azadlığı, inkişafı üçün gərəkən addımlar atılır. Bununla belə, ölkə mediasında bir sıra problemlərin mövcudluğundan danışan JuHİ sədri, bu sırada ifadə və söz azadlığı məsələsini qabardıb. İfadə və söz azadlığı bir ənənədir, amma bu ənənənin formalaşmasında müəyyən problemlər qalır. "KİV haqqında" qanuna əsasən hər kəsin KİV orqanı təsis edib, fəaliyyət göstərmək hüququna malik olduğunu xatırladan həmsöhbətimizə görə, amma çox zaman bundan neqativ, sui-istifadə hallarına rast gəlinir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 5000-dən çox KİV qeydiyyatdan keçsə də, faktiki olaraq, onlardan yalnız 250-dək media stabil fəaliyyətdədir: "Bəs varlığını elan edən digər KİV-lər hardadır, hansı formada fəaliyyət göstərirlər? Açıq deyək, onlar neqativ istiqamətdə fəaliyyət göstərirlər".

Mətbuatın ikinci problemi peşəkarlıq məsələsidir. Belə ki, əksəriyyət jurnalistlərin statusunu imtiyaz kimi başa düşür. Hesab edirlər ki, öz peşə fəaliyyətinə yönəlmiş statuslar jurnalistlərə müəyyən imtiyazlar verir. Beynəlxalq aləmdə jurnalistlərin səlahiyyəti, vəzifələri və statusları daha çox Avropa İnsan Hüquqları Konvesiyasının 10-cu maddəsinə istinad edilir. M.Ələsgərlinin dediyinə görə, Azərbaycanda da mətbuat azadlığı ilə bağlı qiymətləndirmə aparanda həmin maddənin 1-ci bəndinə - hansı ki, orda jurnalistlərin sərbəst fəaliyyət, ifadə azadlığı nəzərdə tutulur - istinad olunur: "Amma qəribədir ki, heç kəs 1-ci bənddən uzağa getmək istəmir. Məsələn, həmin maddənin 2-ci bəndində məhdudlaşdırmalar da mövcuddur".

Təbii ki, heç bir sahədə hüdudsuz və çərçivəsiz azadlıq yoxdur, o cümlədən də jurnalistikada. Bunun da müəyyən məhdudiyyətləri var. Amma bəzən məhdudiyyətlərin nəzərə almadan çərçivələrin aşılması halları olur ki, bu zaman da qarşı tərəf öz hüquqlarını müdafiə etməyə çalışır. "Belə hallarda da çox vaxt məhkəmələrə, MŞ-yə müraciət edilir. Bəziləri isə məsələni şəxsi anlamları səviyyəsində həll etməyə çalışır ki, bu da jurnalistlərə qarşı aqressiya formasında müşahidə olunur. Təəssüf ki, söz azadlığı sahəsində monitorinq aparan təşkilatlar çox vaxt problemin nədən yaranmasına əhəmiyyət vermədən, bu problemin özünü sadalayır və bunu da Azərbaycanda ifadə azadlığına yönəlik hal kimi qeyd edirlər".

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də mətbuatımızın inkişafda olduğunu deyir: "Qanunvericiliyə görə, hər kəs qəzet aça, istədiyini yaza bilər. Amma söz azadlığı çərçivəsi bununla bitmir. Söz azadlığı deyilən fikrin cəmiyyət tərəfindən müdafiəsidir. Belə ki, jurnalistin qaldırdığı hər hansı bir məsələni ictimaiyyət müdafiə etməlidir. Bizdəsə bu hala rast gəlinmir".

Y.Məmmədli bildirib ki, inkişaf etmiş ölkələrdə söz azadlığının arxasında təkcə qanunlar, dövlət deyil, cəmiyyət də dayanır. Bizdəsə ictimai qınaq yoxdur, buna görə də əksər vaxtlarda mətbuat meydanda tək qalır.

Onun sözlərinə görə, bundan başqa, peşəkarlıq, bazar münasibətləri, jurnalistikanın şəraiti və s. problemlər mətbuatın işinə xələl gətirir. Əslində KİV yalnız bazar iqtisadiyyatı şəraitində inkişaf etməlidir, amma bizdə bu inkişaf etməyib. "Medianın əsas istiqamətləri reklam gəliri ilə bağlıdır. Bizdə isə demək olar ki, bu sahə liberallaşmadığından, güclü media yaranmır" deyən Məmmədli bu çətinliklərin cəmiyyətimizin problemlərindən doğduğunu bildirir.

 

Çıxış yolu nədir?

 

Ə.Amaşov rəhbərlik etdiyi qurumun dövlət elan və reklamlarının KİV-də bölüşdürülməsi prinsiplərini müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayaraq, dövlət rəhbərliyinə ünvanladığını bildirib. "Hesab edirəm ki, həmin təkliflər kifayət qədər kompleks səciyyə daşıyır. Bu sırada "Dövlət satınalmaları haqqında" qanunun 25.1-ci maddəsindəki (açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan KİV-də verilməlidir) "dövlət" sözünün çıxarılmasını və dövlət orqanlarının büdcəsinin 1%-nin reklam-təbliğat işlərinə ayırılmasını göstərmək istərdim. Daha bir təklif dövlət qurumlarının reklam və elanlarının onlara məxsus media orqanlarında dərcinə qadağanın qoyulması ilə bağlıdır".

Bundan başqa, Amaşov sahəyə qeyri-peşəkarların, mediadan sui-istifadə yolu tutanların axınının olduğu bir vaxtda KİV-lərin qeydiyyatı məsələlərində dəyişikliklərə ehtiyac duyur. Onun fikrincə, əgər "KİV haqqında" qanun başlıca olaraq media orqanlarının və jurnalistlərin fəaliyyətlərinin hüquq aspektlərini müəyyənləşdirirsə, "İnformasiya əldə etmək" qanun böyük hesabla informasiya daşıyıcıları üzərində məsuliyyət formalaşdırır. "Mövcud sahədə bir çox işlərin görülməsinə baxmayaraq, jurnalistlərin ilk mənbədən məlumat almalarında problemlər var. Bu isə hardasa qanunvericiliyin tələblərinin yerinə yetirilməməsi anlamına gələ bilər".

Jurnalistləri yanlışlığa, əyriliyə yönəldən əsas faktorlar peşəkarlığın olmaması və maddi sıxıntılardır. Jurnalist nə qədər peşəkar olsa belə, bəzən sıxıntı onu hansısa siyasi dairədən asılı vəziyyətə salır. JuHİ sədrinə görə isə dövlət özü bu problemlərin həllində maraqlıdır. "Məsələn, KİVDF yaranıb və bu qurum KİV-lərin iqtisadi asılılığının aradan qaldırılması, onların iqtisadi bazasının güclənməsi istiqamətində addımlar atır".

Azərbaycan haqqında mənfi imic formalaşmasının qarşısının alınmasında jurnalist təşkilatlarının da öhdəsinə böyük iş düşür. Amma təəssüf ki, bu sahədə da axsamalar mövcuddur, daha dəqiqi, jurnalist təşkilatlarının da ciddi problemləri var. Hansı ki, medianın inkişafı üçün lazım olan müasir texnologiyalar haqqında nəzəri bilgiləri ölkəyə gətirən, həmin bilgilərdən tətbiq olunmasına çalışan, beynəlxalq təşkilatlarda təmsil olunan da onlardır. Buna baxmayaraq, jurnalist təşkilatları çox vaxt yaddan çıxır. M.Ələsgərliyə görə, institutlaşmış, inkişaf etmiş, peşəkarlaşmış jurnalist təşkilatları olmayana qədər bu problem davam edəcək. "Jurnalist təşkilatlarının gəlir mənbələri uzun müddətdir ki, xarici donor təşkilatlardan formalaşıb. Təbii ki, bütün donor təşkilatların fəaliyyətini kölgə altına almaq fikrindən uzağam. Onların sırasında peşəkar və demokratiya yolunda çalışan donorlar da az deyil. Amma öz maraqlarından çıxış edənləri də mövcuddur və bunu da həmin qurumların Azərbaycan mediası haqqında verdiyi mənfi rəylərdə görürük. Amma jurnalist təşkilatları onlarla işləməyə məcburdurlar, təbii ki, maliyyə gəliri ordan olduğuna görə də, bu və digər dərəcədə onların sifarişlərini yerinə yetirməyə məhkumdurlar" deyən həmsöhbətimin fikrincə, bu sahədə problemlərin həlli üçün jurnalist təşkilatları ilə bağlı iş proqramı olmalı, onların fəaliyyətinə bir aydınlıq gətirilməlidir. Bu olmadan söz azadlığının vəziyyəti haqqında müsbət imic formalaşdırmasına nail olunması çətin olacaq.

DJL sədri də dövlətin medianın inkişafında maraqlı olduğunu deyərək bildirib ki, bunun üçün dövlət iradəsinin göstəricisi olan sənədlər ortaya qoyulub: "Məsələn, KİVDF-nin yaradılması ilk növbədə redaksiyaların, jurnalistlərin maddi durumunun yaxşılaşdırılmasına xidmət edir. Bundan başqa, jurnalistlərə yaşayış evlərinin tikilməsi də dövlətin onların məişət-mənzil şəraitinin yaxşılaşdırılmasında maraqlı olduğunun göstəricisidir".

Y.Məmmədliyə görə, mətbuatın üzləşdiyi problemlərdən çıxış yolu media nümayəndələrinin mövcud şərait daxilində necə hərəkət edərək, inkişafa nail olunmasına çalışmasından asılıdır: "Birinci növbədə professionallığımızı artırmalıyıq ki, ciddi məhsul ortaya ortaya qoya bilək və nüfuzumuzu artıraq".

 

Və...

 

Medianın inkişaf səviyyəsi o qədər də qənaətbəxş sayılmır. Amma inkişaf sürəti və işə yanaşma göstəricisi gələcəyə inamla yanaşmaq üçün kifayət qədər ciddi əsaslar verir...

 

 

Qalib İBRAHİMOĞLU

 

Ekspress. – 2012. – 22 noyabr. – S. 5.