Regionlarda
sahibkarlığın inkişafı
İkinci
dövlət proqramının müsbət nəticələri
var
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Regionlarının mövcud
potensialından daha səmərəli istifadə etməklə
yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək dövlətin qarşısında duran əsas
vəzifələrdəndir. Dövlət bu məqsədə çatmaq
üçün müxtəlif proqramlar həyata keçirir.
Təcrübə göstərir
ki, iqtisadi və sosial proqramlar ölkədə
iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq
baxımından faydalıdır. Hazırda regionların
inkişaf etdirilməsi məqsədilə həyata
keçirilən ən böyük proqram "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"dır. Bundan əvvəl 2004-2008-ci illəri əhatə
edən eyni adlı dövlət proqramı qəbul
edilmişdi. İlk proqramın müsbət nəticələrinin
çox olması hökumətdə ikinci proqramın qəbul
edilməsi zərurətini formalaşdırdı.
İkinci proqramın qəbulundan
ötən 3 il göstərir ki, iqtisadiyyatın,
sahibkarlıq subyektlərinin inkişafında ikinci
proqramın da faydası böyük olub.
Ümumilikdə, Dövlət
Proqramının Tədbirlər Planı çərçivəsində
həyata keçiriləcək tədbirlər 3 səviyyədə
müəyyənləşdirilib - ölkə əhəmiyyətli
tədbirlər, Bakı şəhərinin rayon və qəsəbələri
üzrə tədbirlər, ölkənin iqtisadi rayonları səviyyəsində
həyata keçiriləcək tədbirlər. Dövlət
Proqramının Tədbirlər Planında ölkə üzrə
1066 tədbir, o cümlədən ölkə əhəmiyyətli
58, Bakı şəhəri üzrə 40, iqtisadi rayonlar
üzrə 968 tədbir nəzərdə tutulub. Tədbirlər
planına vergi və pul-kredit siyasəti, sənaye və kənd
təsərrüfatı istehsalının genişləndirilməsi,
ekologiya və təbii sərvətlərdən istifadə,
yol təsərrüfatı və nəqliyyat, elektrik enercisi,
istilik və qaz təchizatı, rabitə xidmətlərinin
yaxşılaşdırılması, su təchizatının
və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, meliorasiya və
irriqasiya, əhalinin təhlükəsizliyi, mənzil təsərrüfatı
və sosial müdafiə, səhiyyə, mədəniyyət,
idman və təhsil müəssisələrinin inşası
və yenidən qurulması tədbirləri daxildir.
İllər üzrə nəticələri
təhlil etdikdə görürük ki, 2009-cu ildə Azərbaycanda
54,5 mini daimi olmaqla 74 minə yaxın yeni iş yeri
açılıb, 5314 yeni sahibkarlıq subyekti
yaradılıb. Qeydiyyatdan keçən yeni sahibkarlıq
subyektlərinin 85,2%-i xüsusi mülkiyyətli müəssisələr
olub. 2009-cu ildə ümumi iqtisadiyyatda böyümə davam
edib və ümumi daxili məhsulun (ÜDM) real artımı
2008-ci il ilə müqayisədə 9,3% təşkil edərək
cari qiymətlərlə 34,6 milyard manata çatıb. Əhalinin
hər nəfərinə düşən ÜDM-in real həcmi
isə 2008-ci ilə nəzərən 7,9% artaraq cari qiymətlərlə
3917,3 manat (4874,1 dollar) olub.
2009-cu ildə neft-qaz sektorunun və
qeyri-neft sektorunun real artım templəri 2008-ci illə
müqayisədə müvafiq olaraq 14,3% və 3,2% olub. 2009-cu
ilin yekununa olan məlumata görə neft sektorunun ÜDM-də
xüsusi çəkisi 47% (2008-ci il üzrə bu göstərici
55,4% olub) təşkil edib.
2009-cu ildə iqtisadiyyatın və
sosial sahələrin inkişafına bütün maliyyə mənbələri
hesabına 7,4 milyard manat əsas kapitala investisiya yönəldilib.
Əsas kapitala yönəldilən ümumi sərmayənin
27%-i neft sektorunun, 73%-i isə qeyri-neft sektorunun
inkişafında istifadə edilib. Əsas kapitala qoyulan vəsaitin 79,9%-ni daxili investisiyalar,
20,1%-ni isə xarici investisiyalar formlaşdırıb.
2009-cu ildə əhalinin gəlirləri
8% artaraq 22,4 milyard manata çatıb və onun adambaşına həcmi 2537,2 manat təşkil edərək
əvvəlki ildəkindən
6,7% çox olub. Orta aylıq əmək haqqı 2008-ci
illə müqayisədə
8,6% artaraq 298 manata çatıb.
Güzəştli kreditlərin verilməsi
məqsədilə Sahibkarlığa
Kömək Milli Fondu 2009-cu ildə 130 milyon manat vəsait
ayrıb.
Ölkədə
yaradılan əlverişli
biznes mühiti böyük nüfuza malik beynəlxalq təşkilatlar tərəfindən
də yüksək qiymətləndirilib, Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə
elan olunub.
2010-cu ildə ölkədə 52,7 mini daimi olmaqla 73 min yeni iş yeri
açılıb, 4296 yeni
sahibkarlıq müəssisə
yaradılıb. 2009-2010-cu illər
ərzində ölkədə
146,6 min yeni, o cümlədən
107,2 min daimi iş yeri və 9610 yeni sahibkarlıq subyekti təsis edilib.
2010-cu ildə
ÜDM-nin həcmi əvvəlki ilə nisbətən müqayisəli
qiymətlərlə 1,8
milyard manat və ya 5% artaraq
41,6 milyard manata çatıb. 2010-cu ildə
əhalinin hər nəfərinə düşən
ÜDM-in real həcmi isə
2009-cu illə müqayisədə
3,7% artıb və cari qiymətlərlə
4653,3 manat (5797,8 dollar) təşkil
edib. Ölkə iqtisadiyyatının qeyri-neft
sektorunda əlavə dəyər 7,9% artımla müşahidə
olunub, onun ÜDM-də xüsusi çəkisi 44,4% təşkil
edib.
2010-cu ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün
maliyyə mənbələri
hesabına 9,7 milyard manat əsas
kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən
ümumi sərmayənin
30,3%-i neft,
69,7%-i isə qeyri-neft sektorunun inkişafında istifadə
edilib. Əsas kapitala qoyulan vəsaitin 75,2%-ni daxili, 24,8%0ni isə xarici investisiyalar təşkil edib. 2010-cu ildə bütün maliyyə mənbələri hesabına
regionlara əsas kapitala qoyulan investisiyaların həcmi
2,7 milyard manat olub.
2010-cu ildə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydalarının təkmilləşdirilməsi
sahəsində əlavə
tədbirlər haqqında"
Azərbaycan Prezidentinin
Fərmanı imzalanıb.
Fərmana əsasən,
bu istiqamətdə özəl sektorda fəaliyyət göstərən
sahibkarlar tərəfindən
bağlanan müqavilələrin
İqtisadi İnkişaf
Nazirliyində ekspertizadan
və qeydiyyatdan keçirilməsi proseduru
ləğv edilib, ixrac zamanı mal (xidmət və əqli mülkiyyətin) satışında onların
haqlarının qabaqcadan
ödənilməsi, yaxud
geri çağırılmayan
akkreditiv olması yolu ilə və
ya birinci dərəcəli bankların
zəmanəti əsasında
həyata keçirilməsi
məhdudiyyəti aradan
qaldırılıb, idxal-ixrac
əməliyyatları aparılan
zaman tələb olunan sənədlərin bəziləri siyahıdan
çıxarılıb ki,
bu da ümumilikdə
sahibkarlar tərəfindən
sərf olunan əlavə vaxt və məsrəf itkisinin qarşısının
alınmasına şərait
yaradıb.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin
sayı 2009-cu illə
müqayisədə 2010-cu ildə
3,9% artaraq 93416 vahidə çatıb. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət
göstərən fiziki
şəxslərin sayında
da artım müşahidə olunub, onların sayı 307 minə çatıb.
2010-cu il ərzində sosial-iqtisadi
sahədə əldə
edilən müsbət
nəticələr beynəlxalq
təşkilatlar tərəfindən
təsdiqlənib və
BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında
Azərbaycan 169 ölkə
arasında 67-ci yeri tutub, "orta insan inkişafı ölkələri" qrupunu
tərk edərək
"yüksək insan
inkişafı ölkələri"
qrupuna daxil edilib. Dünya İqtisadi Forumu
tərəfindən 2010-2011-ci illər üçün hazırlanan Qlobal Rəqabətlilik Hesabatına
əsasən ölkəmiz
MDB ölkələri arasında
birinci, makroiqtisadi mühitin sabitliyi alt indeksi üzrə 139 ölkə arasında 13-cü
olub. "Standard and Poors"
Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər
üzrə ölkə
reytinqini "Stabil"dən
"Pozitiv"ə yüksəldib,
"Fitch Ratings" Agentliyi tərəfindən ölkəmizə
ilk dəfə olaraq investisiya reytinqi verilib.
2010-cu il ərzində Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına
müvəkkil kredit təşkilatları vasitəsilə
sahibkarlıq subyektinin
investisiya layihəsinin
maliyyələşdirilməsinə 115 milyon manat məbləğində
güzəştli kreditlər
verilib.
2011-ci il ərzində 72,4 mini daimi olmaqla 94,1 min yeni iş yeri,
5,1 min sahibkarlıq subyekti
təsis edilib. Ümumilikdə, 2009-cu ildən
ötən müddət
ərzində Dövlət
Proqramının icrası
nəticəsində ölkə
üzrə 15 minə
yaxın sahibkarlıq
subyekti yaradılıb,
240,7 min yeni iş yeri yaradılmışdır
ki, bunun 179,6 mini daimi olub.
2011-ci ildə
ÜDM-nin həcmi əvvəlki ilə nisbətən 0,1% artıb, ÜDM-in əhalinin
hər nəfərinə
düşən həcmi
5530,6 manat (7003,4 dollar) təşkil
edib. 2011-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün
maliyyə mənbələri
hesabına əsas kapitala 12,8 milyard
manat (2010-cu illə müqayisədə 27,3% çox)
investisiya yönəldilib.
Bunun 6 milyard manatdan çoxu regionların payına düşüb.
Əsas kapitala yönəldilən ümumi
sərmayənin 23,2%-i neft sektorunun,
76,8%-i isə qeyri-neft sektorunun inkişafında istifadə
edilib. Əsas kapitala qoyulan vəsaitin 80,3 faizini daxili investisiyalar, 19,7%-ni isə xarici
investisiyalar olub.
Azərbaycanın
2011-ci ildə inkişaf
etmiş bir sıra ölkələrin
reytinqləri aşağı
salındığı halda
"Standart & Poor"s"
reytinq agentliyi Azərbaycanın mövcud
uzunmüddətli müstəqil
kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq "BBB-" səviyyəsinə
çatdırıb, reytinq
üzrə proqnozunu isə "sabit" saxlayıb. Beləliklə də, "Standart
& Poor"s" reytinq
agentliyi "Fitch Ratings" agentliyindən sonra ölkəmizə investisiya
reytinqi vermiş 2-ci agentlik olub. "Fitch
Ratings" agentliyi Azərbaycanın
xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli "BBB-" səviyyəsində
təsdiq edib və reytinqin proqnozunu "müsbət"
kimi saxlayıb.
2011-ci il ərzində 5137 hüquqi şəxs qeydiyyata alınıb və onların sayı ümumilikdə
75632 vahid (ləğv
edilən müəssisələr
də nəzərə
alınmaqla) təşkil
edib. 2011-ci il
ərzində 57576 vahid
yeni hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət
göstərən fiziki
şəxs qeydiyyata alınıb və onların sayı artaraq 364600 vahidə (fəaliyyətini dayandırmış
fiziki şəxslər
nəzərə alınmaqla)
çatıb.
2011-ci il ərzində Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına
sahibkarlıq subyektinin
investisiya layihəsinin
maliyyələşdirilməsinə 138 milyon manat məbləğində
güzəştli kredit
verilib.
İkinci proqram çərçivəsində
görülən işlərin
2012 və 2013-cü illərdə
daha yaxşı nəticələr verəcəqi
gözlənilir.
Vasif CƏFƏROV
Ekspress.
– 2012. – 22 noyabr. – S. 9.