Yaşar Nurini itirdik...

 

Noyabrın 22-də Azərbaycan mədəniyyəti, milli teatrkino ağır itki ilə üzləşdi: böyük sənətkarımız Yaşar Nurini itirdik.

Görkəmli aktyor son illərdə ağır xəstəliklə çarpışırdı, bütün ölkə sevimli sənətkarının azara qalib gələcəyinə ümid edirdi. Lakin dünən səhər ümidlər söndü, unudulmaz Yaşar Nuri 61 yaşında gözlərini bu fani dünyaya yumdu...

2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. O, 2009-cu ilin axırı 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə almışdı. Keçən ilin noyabrında aktyorun səhhəti yenidən pisləşmişdi. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib və Bakı Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.

 

Xanımı: "Səhnəyə çıxmaq istəyirdi..."

 

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın sözlərinə görə, xalq artisti dünən səhər saatlarında Dövlət Gömrük Komitəsinin hospitalında dünyasını dəyişib: "Səhər saat 5-də xəstəxanadan mənə zəng edib xəbəri verdilər. İnanmadım... Son günə kimi ağrılardan şikayət etmədi, hər an səhnə üçün darıxdığını, səhnəyə çıxmaq istədiyini deyirdi. Hansısa bir insanın həyatını oynamaq, monoloq demək istəyirdi...".

Rəhimə xanım "ANS-Press"ə açıqlamasında bu itkinin onun üçün ağır dərd olduğunu bildirib: "Xəstə olduğu 5 il ərzində mən Yaşarı bir oğlum kimi də sevdim. Ona qulluq etdim, qayğısına qaldım. O, xəstəliyə boyun əymədi, onun qarşısında əyilmədi". Yaşar Nurinin qızları isə ata dərdinin ağır olduğunu və onlar üçün çox çətin olduğunu bildirdilər.

 

Habil Əliyev: "Yaşar düz eləmədi..."

 

Dünən mərhumla vida mərasiminin keçirildiyi Akademik Milli Dram Teatrına axışanların ardı-arası kəsilmirdi. Mərasimdə mərhumun yaxınları, sənət dostları, hökumət nümayəndələri, millət vəkilləri və çoxsaylı pərəstişkarları iştirak edirdi.

Qəfil xəbər hamını sarsıtmışdı. Mərasimdə səsləndirilən Yaşar Nurinin 60 illik yubileyində etdiyi çıxışın audioyazısı kədərli və donuq alqışlarla qarşılandı.

Anım mərasiminə qatılan kamança ifaçısı Habil Əliyev dedi ki, "Yaşar düz eləmədi, ölüm növbəsini məndən aldı".

Baş nazirin müavini Elçin Əfəndiyev Yaşar Nurinin ölümünün Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu deyib: "Belə sənətkarların əvəzləyicisi olmur".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaşar Nurinin həyatının 50 ilə yaxınının yaradıcılıq yolu olduğunu dedi: "Baxmayaraq ki, Yaşar Nurinin səhhətində problemlər vardı, onun ölümü bizim üçün gözlənilməz oldu. Bu xəbər Azərbaycan xalqını sarsıtdı. Yaşar Azərbaycan səhnəsinin əvəzolunmaz, təkrarsız ifaçısı, sənət fədaisi idi. Ona görə bu qədər sevilir. O son ana qədər səhnə arzusu ilə yaşadı. Burada, onun cənazəsi önündə çıxış etmək çox ağırdır. Mən Yaşarın vəfatına görə Azərbaycan xalqına başsağlığı verirəm".

Prezident İlham Əliyevin hazırda xaricdə rəsmi səfərdə olduğunu deyən nazir telefon əlaqəsi yaradaraq bu acı xəbəri ona çatdırdığını dedi: "Azərbaycan prezidenti Yaşar Nurinin ailəsinə, bütün teatr ictimaiyyətinə başsağlığı verdi".

 

Firəngiz Mütəllimova: "Dayağım getdi"

 

Yaşar Nuri ilə səhnədə 34 il çiyin-çiyinə çalışdığını deyən xalq artisti Firəngiz Mütəllimova göz yaşlarını boğaraq həyatdakı yeganə dayağını itirməsinin acısından danışdı: "O mənim həyatda yeganə dayağım, sirdaşım idi. Yaşar tək səhnədə deyil, həyatda da mənə dayaq idi. Firəngiz deyəndə hamının ağlına Yaşar, Yaşar deyəndə isə Firəngiz gəlirdi. Onsuz necə yaşayacağımı ağlıma belə gətirə bilmirəm...

Bu gün mənə çox ağırdır, mənim dayağım getdi. İndi mən Yaşarla bu səhnədə vida parçamı oynayıram".

Kinorejissor Vaqif Mustafayev həm dostunu, həm böyük sənətkarı itirdiyini, bunun onun üçün çox ağır olduğunu dedi. Daha sonra Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, xalq artisti Rafiq Əzimov və başqaları çıxış etdilər.

Sənətkarın qızı Ülviyyə Nuriyeva vidaya toplaşanlara, Yaşar Nurini sevənlərə ailələri adından təşəkkür etdi.

Vida mərasimi başa çatdıqdan sonra Yaşar Nurinin cənazəsi Akademik Milli Dram Teatrının səhnəsindən alqışlarla qaldırıldı və xalq artisti II Fəxri xiyabanda dəfn olundu.

Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı, "Şöhrət" ordenli Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Səhnəyə ilk dəfə 11 yaşında "Azdrama"da "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Bundan başqa, o, "Bəyin oğurlanması", "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" və s. filmlərdə unudulmaz rollar yaradıb.

Aktyor həmçinin radio və kinostudiyanın dublyaj bölməsi ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.

Böyük sənətkar ölkənin ən yaxşı komik aktyorlarından biri sayılsa da, dramatik rolların da mahir ifaçısı idi.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qrotesk, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.

 

Allah rəhmət eləsin!

 

  

Azad Xəlil

 

Ekspress. – 2012. – 23 noyabr. – S. 3.