İqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Son illərin təcrübəsi göstərdi ki, iqtisadiyyatda diversifikasiyalaşmanın (şaxələnmənin) ən gözəl yolu sahibkarlığın inkişaf etdirilməsidir. Deməli, sahibkarlıq nə qədər inkişaf edərsə, iqtisadiyyat bir o qədər şaxələnər və təsərrüfat sisteminin bir sahədən asılılığı aradan qalxar.

Bunun üçün iqtisadiyyatın neft və qazdan kənar sahələrində biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı iqtisadiyyatının prioritetləri olmalıdır. 2011-ci ilin nəticələri də göstərdi ki, bu hədəflərə çatmaq naminə dövlət sahibkarlara dəstək verdikdə daha yaxşı nəticələri əldə etmək mümkündür.

Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sahəsində görülən işlər nəticəsində sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb. Ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər daha qabarıq şəkildə özünü göstərir.

Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı ötən illər ərzində həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2011-ci ildə 82,5% təşkil edib. Məşğulluğun 73,9%-i özəl sektor tərəfindən təmin edilib. Ümumi vergi daxilolmalarında qeyri-dövlət sektorunun payı 72,9% və özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5%-ni təşkil edib. Ölkədə yeni iş yerlərinin 96,3%-i özəl sektorda açılıb.

2011-ci il ərzində 5137 hüquqi şəxs qeydiyyata alınıb və onların sayı ümumilikdə 75632 vahid (ləğv edilmiş müəssisələr də nəzərə alınmaqla) olub. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri iqtisadiyyatın bütün sahələrini əhatə edir və il ərzində qeydiyyata alınan hüquqi şəxslərin 268-i dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4298-i xüsusi mülkiyyətə mənsub olub. Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir. 2011-ci ildə yeni müəssisələrin 61,5%-i Bakıda, 10,3%-i Aran, 7,6%-i Abşeron, 5,3%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb.

2011-ci il ərzində 57576 vahid yeni hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxs qeydiyyata alınıb və onların sayı artaraq 364600 vahidə (fəaliyyətini dayandıran fiziki şəxslər nəzərə alınmaqla) çatıb.

2011-ci ildə ölkədə sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Azərbaycan prezidentinin 15 fevral 2011-ci il tarixli fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilib və 1 may tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlayıb. Bununla yanaşı, fərmana uyğun olaraq aidiyyəti üzrə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Qanunu layihəsi hazırlanıb və layihədə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətini, sahibkarların maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edən məsələlər öz əksini tapıb.

Sahinkarlığın inkişafını dəstəkləmək üçün dünya təcrübəsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılır. Sənaye parkları Azərbaycanda sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bununla əlaqədar, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə ötən il Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı yaradılıb.

Biznesin vacib komponentlərindən biri olan sahibkarların maarifləndirilməsi, sahibkarlara sistemli və davamlı məsləhət, informasiya və tədris xidmətlərinin göstərilməsi, biznesə başlamaq və müəssisələrin idarə olunması üçün zəruri biliklərin verilməsi istiqamətində də işlər görülür. 2011-ci ildə bu məqsədlə 120 tədbir keçirilib. 2011-ci il ərzində Bakı şəhərində və regionlarda silsilə şəklində "Sahibkarlığın inkişafına dövlət dəstəyi", "Korrupsiya riskləri və onların aradan qaldırılması" tədbirləri keçirilib, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün yaradılan əlverişli biznes mühiti, dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, sahibkarların hüquqlarının müdafiəsi mexanizmi, sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində məlumatlandırılma aparılıb.

Eyni zamanda, ölkədə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək, sahibkarlar tərəfindən İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərə dair edilən müraciətlərin cavablandırılmasında operativliyə nail olmaq, bununla da sahibkarlıq subyektlərinin lazımi iqtisadi və hüquqi informasiya ilə təminatını yaxşılaşdırmaq məqsədilə yaradılan İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 1 sentyabr 2009-cu ildən 1 yanvar 2012-ci ilədək 12662 müraciət daxil olub və cavablandırılıb. Həmçinin Telefon Məlumat Mərkəzi tərəfindən 2011-ci il ərzində ümumilikdə 32 sual vərəqəsi və 75 şikayət vərəqəsi tərtib olunmuş, bütün müraciətlər operativ araşdırılaraq normativ-hüquqi qanunvericiliyə uyğun olaraq cavablandırılıb.

Qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində daha mütərəqqi layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsinə, effektiv maliyyələşmə mexanizminin tətbiq olunmasına, yeni texnologiyaların tətbiqinə, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artırılmasına, kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən sahələrinin maliyyələşdirilmə imkanlarının artmasına, o cümlədən çayçılığın, üzümçülüyün və digər çoxillik əkmələrin davamlı inkişafına əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Prezidenti 2011-ci il 13 oktyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nda əlavə və dəyişikliklər edib.

Yeni mexanizmə əsasən güzəştli kreditin növləri beynəlxalq maliyyə institutlarının təcrübəsinə uyğunlaşdırılaraq dörddən üçə endirilib, kiçik, orta və böyük həcmli kreditlər kimi təsnifləşdirilib.

Kiçik həcmli kreditlərin aşağı həddinin 10 min manatdan 5 min manata endirilməsi və müddətinin 2 ildən 3 ilə qaldırılması xüsusi ilə gənclərin, məcburi köçkünlərin, xırda fermer və ailə təsərrüfatlarının, kiçik sahibkarlıqla məşğul olan qadınların və digər az təminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaqdır. Orta həcmli kreditlərin yuxarı həddinin 250 min manatdan 500 min manatadək və kreditlərin müddətinin 3 ildən 5 ilədək artırılması ölkədə ən son texnologiyaların tətbiqi ilə rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalına, o cümlədən infrastruktur müəssisələrinin yaradılmasına təkan verəcək. Böyük həcmli kreditlərin yuxarı həddinin 5 milyon manatdan 10 milyon manatadək, müddətlərinin isə 7 ildən 10 ilədək artırılması əsasən iri investisiya tutumlu sənaye müəssisələrinin yaradılmasını, o cümlədən kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən çayçılıq, üzümçülük, sitrus meyvəçilik və digər çoxillik əkmələrin reallaşdırılmasını təmin edəcək. Eyni zamanda, güzəştli kreditlərin güzəşt müddətinin 2/3 müddətdən 1/2 müddətlə əvəz edilməsi sahibkarlara əsas kredit borcunu ödəməyə möhlət verməklə praktik olaraq güzəşt müddətinin artmasına, kreditlərin qaytarılmasının daha da asanlaşdırılmasına, maliyyələşdirilmiş layihələrin tam başa çatdırılması ilə bağlı risklərin minimallaşdırılmasına və sahibkarların səmərəli fəaliyyət göstərmələrinə şərait yaradacaq.

2011-ci il ərzində sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34 tədbir keçirilib, bu tədbirlərdə regionlarda, eləcə də Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli kreditlər təqdim edilib, 6700 sahibkara maarifləndirici treninqlər keçirilib.

Beləliklə, sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. -2012.  -23 noyabr. – S. 9.