Mir Cəfər Bağırov və
Zəhra Kərimova
Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd:
Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik.
Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur.
Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər
üzə çıxarırdı ki, onların
oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara
çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər
Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin
vaxtadək "Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığını
yalnız rubrika kimi saxlayırıq.
( əvvəli
ötən şənbə saylarımızda)
İki aydan sonra, 1952-ci il avqustun 1-də
Mir Cəfər Bağırovun imzaladığı qərar
bütün soydaşlarımızın, ilk növbədə
Qubadlı və Ağdam camaatını hədsiz
sevindir-mişdir:
"Azərbaycan K(b)P MK Bürosu
iclasının 1 avqust 1952-ci il tarixli (N106)
Qərarı
Azərbaycan Həmkarlar
İttifaqları Şurasının sədri barədə
Zəhra Adıgözəl qızı Kərimova
yoldaş, 1930-cu il may ayından ÜİK(b)P üzvü,
partiya bileti N1442548, Azərbaycan SSR İctimai Təminat naziri vəzifəsindən
azad edilməklə, Azərbaycan Həmkarlar İttifaqları
Şurasının sədri təsdiq olunsun.
ÜİK(b)P Mərkəzi Komitəsindən
bu qərarın təsdiq olunması xahiş edilsin.
Azərbaycan K(b)P MK katibi
M.C.Bağırov."
Mir Cəfər Bağırovun
imzaladığı rəsmi qərar ilə birlikdə Moskvaya
Zəhra Adıgözəl qızı Kərimovanın xasiyyətnaməsi
də göndərilmişdir. Xasiyyətnaməni Azərbaycan
ÜİK(b)P Mərkəzi Komitəsinin ikinci katibi Vitali
Yunusoviç Səmədov imzalamışdır. Tanış
olun:
"Zəhra Adıgözəl
qızı Kərimova yoldaş 1909-cu ildə Azərbaycan SSR
Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur.
1930-cu ildən ÜİK(b)P üzvüdür, partiya bileti
N1442548, ali təhsillidir, ÜİK(b)P MK yanında Ali Partiya Təşkilatçıları
Məktəbini və S.M.Kirov adına Azərbaycan Dövlət
Universiteti tarix fakültəsinin qiyabi şöbəsini
bitirmişdir.
Z.A.Kərimova yoldaş komsomol, partiya və
sovet işi sahəsində zəngin təcrübəyə
malikdir. O, 1930-cu ildən başlayaraq partiya işində
olmuşdur: Lənkəran Dairə Komitəsi qadınlarla
iş şöbəsinin müdiri, Bakı Partiya Komitəsinin
təlimatçısı, Kirovabad Şəhər Partiya Komitəsi
kadrlar şöbəsinin müdiri, Azərbaycan K(b)P
Voroşilov rayon partiya komitəsinin ikinci, Kirov rayon partiya komitəsinin
birinci katibi olmuşdur. Kirov rayonunda çalışarkən
Kərimova yoldaş özünü çox bacarıqlı və
təşkilatçı rəhbər kimi göstərmiş,
neft hasilatına dair hökumət
tapşırıqlarının yerinə yetirilməsində
nümunəvi əməyə görə Lenin ordeni ilə təltif
edilmişdir.
1942-ci ilin yanvarında Z.A.Kərimova
yoldaş Azərbaycan SSR İctimai Təminat naziri vəzifəsinə
irəli çəkilmişdir. Həmin vəzifədə
Z.A.Kərimova yoldaş yüksək təşkilatçılıq
qabiliyyətinə malik olduğunu bir daha göstərmiş,
Vətən müharibəsi əlillərinə və
onların ailə üzvlərinə mütəmadi yardım
edilməsi, əlillərin müvafiq istehsal sahəsində
işlə təmin olunması sahəsində əzmkarlıq
nümayiş etdirmişdir.
Z.A.Kərimova yoldaş Azərbaycan K(b)P
MK üzvüdür.
Azərbaycan K(b)P MK Bürosunun 1 avqust
1952-ci il tarixli qərarı ilə Zəhra Adıgözəl
qızı Kərimova yoldaş Azərbaycan Həmkarlar
İttifaqları Şurasının sədri təsdiq
edilmişdir.
Azərbaycan K(b)P MK katibi V.Səmədov
1 avqust 1952-ci
il".
Azərbaycan
K(b)P MK-nın 1952-ci il sentyabrın 25-də keçirilmiş
plenumunda açıq səslə Zəhra Adıgözəl
qızı Kərimova Azərbaycan K(b)P MK Bürosuna üzv
seçilmişdir.
Bir ildən
sonra, 1953-cü il aprel ayının 18-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi
aşağıdakı tərkibdə seçilmişdir: Mir Cəfər
Bağırov, Teymur İmanqulu oğlu Quliyev, Mir teymur Mir Ələkbər
oğlu Yaqubov, Nəzər Heydər oğlu Heydərov, Vitali
Yunisoviç Səmədov, Mehbalı Firudin oğlu Əmiraslanov,
İmam Daşdəmir oğlu Mustafayev, Yusif Mirzə Abdullayev,
Stepan Fyodroviç Yemelyanov, Amo Əzizoviç Əmirxanyan, Zəhra
Adıgözəl qızı Kərimova. İki aydan sonra,
1953-cü il iyulun 12-13-də Azərbaycan KP MK və Bakı
Komitəsinin birləşmiş altıncı plenumunda
büronun tərkibindəkilər M.C.Bağırova münasibətdə
müxtəlif mövqe tutmuşlar. Azərbaycan Respublikası
Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində həmin plenumun stenoqramı saxlanılır.
1953-cü ilin aprel ayında Azərbaycan KP MK Bürosuna
seçilmiş üzvlərin iyul ayındakı
çıxışlarından parçalara diqqət yetirin:
T.QULİYEV - Bağırov
Plenumdakı (söhbət 1953-cü il iyul ayında Sov.İKP
MK-nın plenumundan gedir - T.Q.) çıxışının
stenoqramını aldı. Biz Bağırova dedik ki, Beriya
haqqındakı sözlərinizi redaktə edib düzəldin.
Düzəltmədi, necə vardı, eləcə də
qaldı və qol çəkib təhvil verdi.
M.C.BAĞIROV - Doğrudur, tamamilə doğrudur.
T.QULİYEV - Yoldaş Bağırov, mən bunlardan biganə
danışa bilmərəm.
M.C.BAĞIROV - Danış, mən sənə nə
deyirəm ki...
T.QULİYEV - Yoldaşlar, mən bugün sizə demək
istəyirəm ki, Bağırovun burada, qarşımızda
bir üzü, orada Moskvada Plenumda başqa üzü vardı.
Moskvada, bizi yanımızda Bağırov Beriyaya zəng vurdu,
ancaq plenumda soruşanda ki, "Beriyaya zəng vurmusan?",
dedi ki, yox. Bağırov Beriya məsələsində
partiyalı mövqe tutmadı, düzgün hərəkət
etmədi. Axı o, 30 ildən də çoxdu Beriyanı
yaxından tanıyırdı. Yaxşı, gözlənilməz
sualdan deyək ki, özünüzü itirdiniz, bəs 2-3 saat
ərzində özünüzü ələ alıb
Beriyanın əslində kim olduğunu deyə bilməzdiniz?
Yoldaşlar, Yaqubov yoldaşın məruzəsində
deyildiyi kimi, respublikamızda həqiqi bolşevikcəsinə
tənqid yoxdur. Mən bugün cəsarətlənib burada,
plenumda demək istəyirəm ki, bunun başlıca səbəbi
üzərimizdəki sərt Bağırov nüfuzu idi.
M.C.BAĞIROV - Doğrudur. (Zalda canlanma)
S.P.YEMELYANOV - Moskvada Mərkəzi Komitənin plenumunda,
Bağırov yoldaşın davranışı Pospelov, Yaqubov
və Quliyev yoldaşların plenumumuzda dedikləri kimi, təəccüb
doğurur. Yoldaş Bağırov, Beriya ilə dostcasına
münasibətləriniz buna imkan verməmişdir. Moskva
plenumunun qətnaməsində deyildiyi kimi, Beriya əksinqilabi
müsavat hköumətinin agenti olmuşdur. Bununla əlaqədar
mən Bağırov yoldaşla söhbətdə bildirdim ki,
Beriyanın müsavat hökumətinin agenti olmasına aid
bizim arxivdə sənəd olmamış deyil. O isə dedi ki,
bu, məlum məsələdir, ancaq Beriyanı müsavat əks-kəşfiyyatına
partiya göndərmişdir, bunu isə sübut etmək
hazırda qeyri-mümkündür. Soruşulur, əgər
Bağırov yoldaş Beriyanın müsavat əks-kəşfiyyatında
olduğunu bilirdisə, niyə uzun illər bu sənədləri
arxivdən (bu günlərdə arxiv mənim əlimə
keçmişdir, əvvəllər Yaqubovun və
Atakişiyevin tabeliyində idi) tapşırıq verilsəydi,
materialı tapmağa nə vardı ki...
(ardı var)
Teyyub Qurban
Ekspress. – 2012. - 24-26 noyabr. –S. 15.