Aktyorun teatra direktor kimi qayıdışı...
Gənc Tamaşaçılar
Teatrının direktoru
Mübariz Həmidov:
"Bu, heç nəyi
dəyişmir, bu mənim kollektivimdir, hər biriylə çiyin-çiyinə çalışmışam
və bu hər zaman belə olacaq"
2009-cu ilin mayında Gənclər və Kamera Teatrları Gənc Tamaşaçılar Teatrına
birləşdirildi. Artıq üç ildir, keçmiş teatrın
80-ə yaxın aktyoru
vahid truppa şəkildə fəaliyyət
göstərir. Teatrımızda 80-ə yaxın aktyor çalışır. Gənc
Tamaşaçılar Teatrının
direktoru, əməkdar
artist Mübariz Həmidovun
sözlərinə görə,
hazırlanan tamaşalarda
rol bölgüsü elə qurulur ki, aktyorların hər biri tamaşada
məşğul ola bilsin.
Mübariz müəllim əvvəllər
bu teatrda aktyor kimi çalışıb, indisə doğma məkana
direktor kimi qayıdıb və "ancaq bu heç nəyi dəyişmir,
bu mənim kollektivimdir, hər biriylə çiyin-çiyinə
çalışmışam və bu hər zaman belə
olacaq"- deyir.
- 35 ilə yaxındır Azərbaycan
teatrının fəaliyyətində, inkişafında rol
sahibisiniz. Məncə, Sizin kimi sənət fədailərinin
teatra gəlişi təsadüfi ola bilməz...
- Həyatda təsadüfi heç nə
yoxdur. Sənətə bağlılığım, teatra gəlişimin
səbəbi orta məktəb illərindən, 7-8-ci siniflərdən
başlayıb ki, bunun da səbəbkarı var. Mən
Göyçay şəhər 6 saylı orta məktəbin məzunuyam.
Məktəbdə Ağa Mirzə Vahidov adlı ədəbiyyat
müəllimiz var idi. Hazırda təqaüdçüdür.
Teatr sənətinə həvəsim elə Ağa Mirzə
müəllimin sayəsində yaranıb. Ağa Mirzə
müəllim həmişə deyərdi: "Ədəbiyyat
müəllimi yarıaktyor olmalıdır, bu keyfiyyət onun
şagirdlərə izah etdiyi mövzunu daha yaxşı
anlamağa zəmin yaradır. Bu həm də şagirdə
mövzunun təsir gücünü dərk etməyə
yardımçı olur. Əgər müəllim
sadaladığım xüsusiyyətlərə sahib deyilsə,
əsl ədəbiyyat müəllimi ola bilməz". Ağa
Mirzə müəllim tələbkar olduğu qədər, həm
də həssas, kövrək insan idi. Onun dərsləri elə
maraqlı keçirdi ki, həmin saatda məktəbdə dərsi
olmayan şagirdlər və müəllimlər belə onu
dinləməyə gəlirdilər. Bu kimi məqamların nəticəsidir
ki, mən artıq 9 sinifdə İncəsənət
İnstitutuna qəbul olunacağımı qarşıma məqsəd
qoymuşdum. Dərslərimi əla qiymətlərlə
oxuduğuma görə məktəb yoldaşlarım mənim
Tibb İnstitutuna qəbul olunacağımı
düşünürdülər. Ancaq artıq mənim məqsədim
bəlli idi. Ədəbiyyata, tarixə olan böyük
marağım öz nəticəsini verdi. Orta məktəbi
bitirdiyim ildə sənədlərimi İncəsənət
İnstitutuna verdim. Sənət imtahanını bizdən Adil
İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Tofiq
Kazımov, Rima Məmmədova kimi ustadlar
götürürdü. O vaxtlar belə korifey insanların
imtahanında iştirak etmək böyük məsuliyyət
olsa da, biz bunun o qədər də fərqində deyildik. Ancaq
təhsil müddətində necə bir məsuliyyətli
yük daşıdığımızın şahidi olduq. Bəxtim
onda gətirdi ki, kurs rəhbərim SSRİ xalq artisti, görkəmli
rejissor və pedaqoq Adil İsgəndərov oldu. Onun tələbəsi
olduğum illərdə ustad aktyorun sözün həqiqi mənasında
böyük sənətkar olduğunu dərk etdim.
- Bildiyimə görə, sizin nəslin
aktyorları Adil İsgəndərovun sonuncu kursu olub...
- İki il bizim kursa rəhbərlik etdi.
Həmin illərdə Türkiyədə Əjdər
İbrahimovun quruluş verdiyi "Fərhad və
Şirin" filminə dəvət aldı, çəkilişə
qatıldı, vətənə döndükdən təxminən
10-15 gün sonra dünyasını dəyişdi. Onun
ölümü Azərbaycan incəsənəti
üçün böyük itki idi, tələbələri
üçün isə ikiqat ağır itki idi. Adil İsgəndərovun
elə bir tələbəsi olmayıb ki, ondan narazı
qalsın. Hazırda da onun tələbələrinin bir-birləriylə
çox gözəl münasibətləri var.
- Deməli, Adil İsgəndərov sizlərə
səmimiyyəti də aşılayıb...
- Adil İsgəndərov tələbkar
müəllim, səmimi insan idi. Yaxşı yadımdadır,
Adil müəllim bir müddət Tədris Teatrına da rəhbərlik
etdi. Bizə həmin teatrın tamaşalarında kütləvi
səhnələrdə rol verirdi. Bir dəfə ona sual verdim
ki, niyə bizə sözlü rol vermirsiniz, cavabında belə
demişdi: "Siz hələ 1-ci kurssunuz, istəyirəm ki,
səhnəyə alışasınız,
tamaşaçının nəfəsini hiss edəsiniz. Siz hələ
xammalsınız, hələ yoğrulursunuz, qarşıda illər
var, nə olacağınız hələ bəlli deyil. Ancaq
kütləvi səhnələrdə iştirakınız
sizin nə olacağınızı tamamilə
aydınlaşdıracaq".
- Sizin dövrün tələbələri
hələ təhsil illərində hansı teatrda
çalışacaqlarına qərar verirdilər. Sizin
üçün qərar vermək çətin olmadı ki?
- Əslində, aktyorluq sənətini
seçənlərin gələcək sənət həyatı
elə tələbəlik illərindən formalaşır.
Baxmayaraq ki, İncəsənət İnstitutunda təhsil
alanların hamısı sonralar heç də sənət aləmində
çalışmırlar. Mən hələ tələbəlik
illərindən hansı teatrda çalışacağıma
qərar vermişdim. Öncə teatrlarla yaxından
tanış olmağa başladım. Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, Rus Dram
Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla
teatrının fəaliyyətiylə yaxından tanış
olur, tamaşalarına baxırdım. Eyni zamanda, digər
respublikalardan, xüsusilə Rusiyadan ölkəmizə qastrol
səfərinə gəlmiş teatrların tamaşalarına
baxardım. Yəni, tələbə bileti ilə bütün
tamaşalarda iştirak edir, ictimai baxışlara
qatılırdım. Mənə irad tuturdular ki, niyə Kukla
Teatrına gedirəm. "Gedib orda kukla oynatmayacaqsan ki? Operaya
niyə gedirsən ki, opera artisti olmayacaqsan ki?" deyirdilər.
Mən də başa salmağa çalışırdım
ki, əvvəla aktyor olmaq istəyən tələbə
bütün teatrların tamaşaları ilə
maraqlanmalıdır. O anlamda ki, tələbə məhz təhsil
illərində özünü kəşf etməlidir.
- Deyəsən, özünüzü məhz
Gənc tamaşaçılar Teatrında kəşf etdiniz?
- Ən çox tamaşalarına
baxdığım teatr elə Gənc Tamaşaçılar
Teatrı idi. Çünki hələ orta məktəb illərində
bu teatrın televiziya üçün
hazırladığı "Mehriban balam" adlı
tamaşasını canlı izləmişdim. Rəhmətlik
Yusif Vəliyev, Süleyman Ələsgərov kimi ustadların
və hazırda bizimlə çiyin-çiyinə
çalışan Almaz Mustafayeva kimi sənətkarın
iştirakı ilə hazırlanan tamaşa mənim çox
xoşuma gəlmişdi. Sanki bu tamaşaya baxaraq
özümü aktyor kimi kəşf etmişdim. İnstitutu
bitirdiyim il istənilən teatrda çalışmaq fürsətim
olsa da, mən düşünmədən Gənc
Tamaşaçılar Teatrını seçdim. 1979-cu ildə
bura, hazırda sizinlə söhbət etdiyim bu sənət
ocağına - Gənc Tamaşaçılar Teatrına gəldim.
Burada Yusif Vəliyev, Süleyman Ələsgərov, Osman
Hacıbəyov, Hüseynağa Sadıqov, Susanna Məcidova, Rəhilə
Məlikova, Firəngiz Şərifova kimi ustadları
gördüm. Allah Firəngiz Şərifovaya can
sağlığı versin, teatra gələ bilməsə də,
teatrla əlaqələrini itirmir. Teatrın ən qaynar
vaxtında fəaliyyətə başladığım ilk
aylarda bu sənət ocağı təmirə bağlandı.
Teatrın köhnə binası var idi. 7-8 il ərzində Gənc
Tamaşaçılar Teatrının indi
gördüyünüz bu binası tikildi. Təmir işləri
başladığı ərəfədə hərbi xidmətə
göndərildim, Almaniyada xidmət etdim. Geri
döndüyüm zaman yenə də öz teatrımda fəaliyyətimə
davam etdim. Onu da deyim ki, təmir işlərinə görə
Gənc Tamaşaçılar Teatrı Aktyor evində məskunlaşmışdı.
- Əslində, sizin fəaliyyətiniz
Gənc Tamaşaçılar Teatrının çətin
günlərinə təsadüf edib...
- Çox çətin günlər
idi. Aktyor evində 7-8 il ərzində məskunlaşmaq və
bu illər ərzində böyük bir tamaşaçı nəslini
itirmək, eyni zamanda neçə-neçə maraqlı
tamaşadan və obrazdan məhrum olmaq demək idi. Həm də
bu müddət ərzində yuxarıda adlarını çəkdiyim
aktyorların əksəriyyəti artıq dünyasını
dəyişmişdi. Həmin ərəfədə
teatrımız fəaliyyətini əsasən qastrol səfərləri
üzərində qurmuşdu. Çünki Aktyor evinin səhnə
şəraitinin peşəkar teatr binasına məxsus texniki
imkanları olmadığına görə tamaşa göstərmək
mümkün deyildi. Qastrol səfərlərində
nümayiş olunan tamaşaların əksəriyyətində
iştirak edirdim. Yeri gəlmişkən, qastrol səfərlərində
iştirak etmək də bir təcrübədir. Yəni,
qastrol səfərinin aktyorun tamaşaçıyla ünsiyyət
yaratmasında, bərkə-boşa düşməsində
böyük rolu var. 1988-ci ildə bu gördyünüz binaya
köçdük...
- Həmin ərəfədə də
meydan hadisələri başladı...
- Yadımdadır, rus hərbçiləri
bizim teatra da gəlmişdilər, yeni tikilən bina yəqin
ki, onların da diqqətini çəkmişdi, otaqları
bir-bir gəzib baxmışdılar. Bəzi otaqlarda
avadanlığa da ziyan vurmuşdular. Yaxşı ki, həmin
hadisələr tez sovuşdu...
- Ancaq zərərsiz də
ötüşmədi...
- Təbii ki, böhran olan yerdə zərər
də olacaq. Biz teatr olaraq yenidən repertuar qurmağa
başladıq. Çox şükür ki, müstəqilliyimizi
bərpa etdik və bütün sahələrdə olduğu
kimi teatrlara da sərbəstlik, müstəqillik verildi.
- O vaxtlar müstəqilliyi yanlış
başa düşənlər az deyildi...
- Unutmamalıyıq ki, müstəqillik
anarxiya deyil. Onu da qeyd edim ki, Gənc Tamaşaçılar
Teatrı ilk dəfə 1928-ci ildə rus bölməsiylə
fəaliyyətə başlayıb. O dövrdə Mədəniyyət
Nazirliyi yox idi. Teatr Xalq Maarif Komissarlığının nəzdində
yaradılıb və təsdiq olunan gün teatra iki pedaqoq
ştatı verilib. Həmin ştatlar bu gün də var. 1929-cu
ildə Gənc Tamaşaçılar Teatrının Azərbaycan
bölməsi yaradılıb, gələn il
teatrımızın 85 illik yubileyidir. Bizim teatr adından da bəlli
olduğu kimi məktəb təmayüllüdür. Yeniyetmələr,
gənclər üçün nəzərdə tutulmuş bu
teatrda elə əsərlər səhnə üçün
hazırlanmalıdır ki, gənclərin mənəviyyatına
yaxşı mənada təsir etsin. Teatrın repertuarı
üçün seçilən əsərlər gənc nəslin
mənəviyyatının yüksəlməsinə, vətənpərvərlik
hisslərinin güclənməsinə,
dünyagörüşlərinin genişlənməsinə
xidmət etməlidir. Sentyabr ayında bir tədbir
keçirmişdik. "İlk tələbə biletinin
sevinci, teatrla ilk tanışlıq" adıyla
hazırladığımız tədbir bizim teatrın layihələrindən
biri idi. Azərbaycan İctimai-Siyasi Universitetinin tələbələrinə
tələbə bileti və qiymət kitabçası təqdim
olunurdu. Mən bu mərasimi Gənc Tamaşaçılar
Teatrında keçirməyi təklif etdim. Öncə mərasim
keçirilərək tələbələrə qiymət
kitabçaları və tələbə biletləri təqdim
edildi, daha sonra tələbələr teatrın
repertuarında olan maraqlı tamaşalardan birini izlədilər.
Düşündüm ki, tələbə sevincini yaşayan gənclərin
teatrda bu duyğunu yaşaması və tamaşa vasitəsilə
də duyğularını daha da gücləndirməsi təsirsiz
ötüşməz. Həmin tələbələr
artıq bizim teatrın tamaşalarına baxmağa can
atırlar. Bu o deməkdir ki, Gənc Tamaşaçılar
Teatrı öz missiyasının öhdəsindən gəlir
və gənc nəslin diqqətini teatra cəlb etmək
üçün düşündürücü əsərlərə
müraciət edir.
- Əslində Gənc
tamaşaçılar teatrı həm də digər teatrlar
üçün tamaşaçı yetişdirir...
- Gənc Tamaşaçılar
Teatrının əhəmiyyətli bir missiyası da digər
böyük teatrlar üçün tamaşaçı
hazırlamaqdan ibarətdir. Respublikamızda 27 dövlət
teatrı var, onun təxminən 11-i Bakıda yerləşir.
Kukla Teatrının tamaşaçısı sonra Gənc
Tamaşaçılar Teatrına gəlir. Bizim gənc
tamaşaçılar burda yetişərək sonra
böyüklər üçün nəzərdə
tutulmuş axşam tamaşalarımıza gəlir, daha sonra
digər teatrların tamaşalarına hazırlaşır. Yəni
bu proses çox önəmlidir.
- Ömrünüzü aktyor kimi
bağladığınız teatrdan bir müddət uzaq
düşsəniz də, yenidən bura qayıtdınız,
ancaq direktor kimi...
- Əslində teatrdan heç bir zaman
uzaq qalmadım. Mədəniyyət Nazirliyində İncəsənət
baş idarəsində baş məsləhətçi vəzifəsində
çalışdığım illərdə də işlərim
birbaşa teatrlarla bağlı idi. Sonrasa yenidən öz
teatrıma döndüm, dediyiniz kimi, direktor kimi döndüm.
Ancaq bu, heç nəyi dəyişmir, bu mənim
kollektivimdir, hər biriylə çiyin-çiyinə
çalışmışam və bu hər zaman belə
olacaq.
ULDUZƏ QARAQIZI
Ekspress. – 2012.
– 24 noyabr. –S. 19.