Vergi xidməti
elektronlaşdırılır
Müasir sistem sahibkarlarla dövlət
qurumlarının təmasını azaldır
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Ölkəmizdə xidmətlərin
elektron formada göstərilməsi sahəsində Vergilər
Nazirliyinin tayı-bərabəri yoxdur desək,
yanılmarıq. Vergilər Nazirliyi tərəfindən
hazırda 57 xidmət elektron qaydada həyata keçirilir. Bu məqsədlə
nazirlikdə elektron mübadilə bazası yaradılıb və
Azərbaycanın 43 bankından 37-si bazaya qoşulub.
Azərbaycanda yalnız Vergilər Nazirliyində
İnternet Vergi İdarəsi kimi struktur təsis edilib və
400 mindən artıq vergi ödəyicisi bu idarənin xidmətlərindən
istifadə edir. Nazirliyin saytında elektron xidmətlərə
dair ayrıca bölmə də var. Bu bölməyə
müraciət edən şəxslər tərəfindən
doldurulan ərizə və digər sənədlərin surətlərinin
elektron formada qəbulu, bununla bağlı təsdiqetmə
bildirişinin göndərilməsi təmin olunur. Göstərilən
xidmətlərə görə, rüsumların və digər
ödənişlərin real vaxt rejimində elektron formada
aparılması və elektron xidmət bölməsi vasitəsilə
aparılan əməliyyatların və fərdi məlumatların
təhlükəsizliyinin təmin olunması məqsədi ilə
zəruri texniki təhlükəsizlik tədbirləri də
görülüb.
İndi sahibkarlıq fəaliyyətinə
başlamaq istəyən hər bir şəxs (istər fiziki,
istərsə də hüquqi şəxs qismində olsun)
nazirliyin müvafiq idarələrinə getmədən elektron
formada qeydiyyatdan keçə bilər. Cari ildə qeydiyyatdan
keçən fiziki şəxslərin 71 faizə
yaxını elektron qaydada qeydiyyata alınıb. Bu il 525
kommersiya hüquqi şəxs elektron qaydada qeydiyyatdan
keçib.
Bütün növ bəyannamələr,
müraciətlər, çağrı mərkəzi üzrə
xidmətlər, sual-cavab və s. elektron formada həyata
keçirilir. Azərbaycanda sahibkarlıqla məşğul
olmaq istəyən hər kəs elektron formada asanlıqla
dövlət qeydiyyatından keçə bilir, vergi orqanlarına
gəlmədən bəyannaməsini göndərir, vergilərini
ödəyir, onu narahat edən məsələlərlə
bağlı xüsusi xidmət olan 195 saylı telefon xidməti
vasitəsilə sutkada 24 saat ərzində məlumat ala bilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti
2003-cü ilin dekabr ayından etibarən Bakı şəhərini,
2006-cı ilin may ayından etibarən isə respublikanın
bütün regionlarını əhatə etməklə fəaliyyət
göstərir. Telefon Məlumat Xidməti Vergilər
Nazirliyinin vergi ödəyicilərinə xidmət
strukturlarının tərkib hissəsi kimi vergi ödəyicilərinin,
ümumilikdə isə əhalinin vergi qanunvericiliyi və onun
tətbiqi barədə suallarının vaxt itirmədən,
vergi orqanına getmədən operativ şəkildə
cavablandırılması, onların vergi qanunvericiliyi və
vergi öhdəlikləri barədə məlumatlandırılması
və rastlaşdıqları vergi hüquqpozmaları barədə
müraciət etmələri məqsədilə
yaradılıb.
Vergilər Nazirliyinin Telefon Məlumat
Xidmətinin formalaşmış funksiya və təcrübəsini
nəzərə alaraq gələcəkdə mərkəzləşmiş
şəkildə bütün aidiyyəti dövlət orqanlarının
fəaliyyətini əhatə edən universal telefon məlumat
xidmətinin yaradılması nəzərdə tutulur ki,
artıq İqtisadi İnkişaf Nazirliyi 2009-cu ilin sentyabr
ayından etibarən bu xidmətə qoşulub
("195-2").
Qeyd edilənlər Vergilər Nazirliyinin
elektron xidmətlər sahəsində nə qədər
böyük məsafəni qət etdiyini göstərir.
Nazirlik bu nəticəyə nail olana qədər uzun bir yol
keçib. Vergilər Nazirliyi elektron hökumətin tərkib
hissəsi hesab ediləcək xidmətlərin
elektronlaşdırılması prosesinə 2005-ci ildən
başlayıb, vergi sistemində vergi
inzibatçılığının təkmilləşdirilməsi
üzrə geniş bir Dövlət Proqramı həyata
keçirib.
Elektron xidmətlərə
hazırlığın ilk mərhələsində beynəlxalq
maliyyə institutlarının, Azərbaycanın xarici tərəfdaşlarının
və yerli sahibkarların fikirləri öyrənilib, xarici təcrübə
mənimsənilib. Yalnız bundan sonra geniş diapazonlu texniki
imkanları özündə cəmləşdirə bilən texnoloji
baza yaradılıb. Elektron xidmətlərin göstərilməsi
sahəsində dönüş nöqtəsi 2006-cı ildə
vergi inzibatçılığı proseslərinin elektron
qaydada aparılmasına imkan verən
Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin
(AVİS) tətbiqi olunub. AVİS vahid informasiya məkanında
məlumatların saxlanılması və emalı imkanı
yaradıb, elektron sənəd dövriyyəsini, operativ
informasiya mübadiləsini təmin etməyə imkan verib.
Qısa müddət ərzində Vergilər Nazirliyi
sistemdaxili bütün prosesləri tam şəkildə
elektronlaşdırmağa nail oldu və sonrakı 5 ildə
daha ciddi layihələrin reallaşdırılmasına start
verildi.
2007-ci ildə ölkəmizin ən
böyük dövlət portallarından biri olan Vergilər
Nazirliyinin İnternet Vergi İdarəsi portalı istifadəyə
verildi və bəyannamələrin elektron variantda göndərilməsinə
başlandı. Elektron bəyannamə sisteminin tətbiqi
ümumilikdə bəyannamələrin tərtib edilməsi və
onların vergi orqanına göndərilməsi
üçün lazım olan vaxtı əhəmiyyətli
şəkildə azaltdı. Hazırda vergi ödəyiciləri
tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin
orta hesabla 95%-i elektron formatda göndərilir.
Ötən müddət ərzində
vergi ödəyicilərinə elektron vergi hesab-fakturalarından
istifadə etmək, vətəndaşlarla dövlət qurumu
arasında elektron formada məktublaşma imkanı verən
"On-line kargüzarlıq" sistemindən faydalanmaq
imkanı yaradılıb. Hər bir vergi ödəyicisi
üçün nazirliyin www.e-taxes.gov.az internet səhifəsində
şəxsi elektron qutu yaradılıb ki, onun vasitəsilə
vergi ödəyiciləri vergi sisteminə aid informasiya
xarakterli istənilən sənədi əldə edirlər.
2008-ci ildən sahibkarlıq subyektlərinin
qeydiyyatının "bir pəncərə" prinsipi tətbiq
edilməklə aparılması elektron xidmətlərin
mühüm tərkib hissəsi sayılır və vergi
ödəyiciləri, həmçinin beynəlxalq təşkilatlar
tərəfindən çox müsbət qiymətləndirilir.
"Bir pəncərə" sisteminin tətbiqindən
keçən qısa müddət ərzində onun sahibkarlar
tərəfindən məmnunluqla
qarşılandığı görüldü. Buna görə
də prosesin təkmilləşdirilməsi davam etdirildi və
2011-ci ilin iyulun 1-dən sahibkarlıq fəaliyyətini həyata
keçirən fiziki şəxslərin dövlət
qeydiyyatı on-line formata keçirilib. İndi fərdi sahibkar
olmaq istəyən istənilən şəxs bir neçə
dəqiqə ərzində biznesə başlamaq
üçün rəsmi qeydiyyat prosesini tamamlaya bilir. Bu il
sahibkarlıq subyektləri üçün nəzərdə
tutulan ərizələrin böyük hissəsinin elektron
qaydada təqdim edilməsi imkanları yaradılıb. Azərbaycanda
nağd ödəmələr prosesində geniş tətbiq
edilən nəzarət-kassa aparatlarının qeydiyyat prosesi də
elektronlaşdırılıb.
Qeydiyyatın bu formasının əlverişliliyi
nəzərə alınaraq hüquqi şəxslərin də
qeydiyyata alınması elektron formada aparılır. Hüquqi
şəxslər üçün elektron qeydiyyat xidməti
2012-ci ildən tətbiq olunur. Kommersiya hüquqi şəxslərin
e-qeydiyyatının tətbiqindən sonra istər prosedurlar,
istərsə də xərc tutumu və sərf olunan müddətlər
xeyli azaldıldı.
2012-ci ildən vergi və
rüsumların internet vasitəsilə ödənilməsi də
tətbiq edildi. 2013-cü ildən vergi yoxlamalarının
(elektron audit) elektron şəkildə aparılması nəzərdə
tutulur.
2008-ci ildə Azərbaycanda ilk dəfə
ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin
tam elektronlaşdırılmasına imkan verən ƏDV
depozit hesablarının tətbiqinə başlanıb. Vahid ƏDV
depozit hesabının tətbiqi ƏDV üzrə vergidən
yayınmaların qarşısının alınmasına,
eyni zamanda vergi ödəyicilərinin ƏDV üzrə
inzibati yükünün azaldılmasına da şərait
yaradıb.
Tətbiq edilən informasiya
texnologiyaları sayəsində bir çox dövlət qurumları,
eləcə də əksər banklarla elektron əlaqə
sistemi yaradılıb və on-line rejimdə məlumat
mübadiləsi həyata keçirilir.
Vergi sistemində elektron xidmətlərin
göstərilməsi sahəsində aparılan islahatların
böyük faydası var. Bu faydanı həm Vergilər Nazirliyi,
həm də vergi ödəyiciləri öz fəaliyyətlərində
hiss edir. Vergilər Nazirliyi elektron xidmətləri tətbiq
etməklə təkmil nəzarət mexanizmlərini əldə
edir. Proqram təminatlarından istifadə edilməklə
ödəyicilərin bəyannamələrinin təhlili,
vergilərin ödənilməsinin hərəkət həlqəsi
üzərində şəffaf nəzarət mexanizmləri
müəyyən edilir. Düzgün işlənib
hazırlanan və tətbiq edilən analitik tədbirlər
vergi yığımının səmərəliliyini
artırır, çox qiymətli məlumatların
toplanmasına imkan verir ki, bu da vergi siyasətinin gələcək
istiqamətlərinin düzgün müəyyən edilməsində
böyük əhəmiyyət kəsb edir.
Vergi ödəyiciləri mənafeyi
baxımından isə xidmətlərin elektron formada tətbiqinin
əhəmiyyəti vergi ödənilməsi ilə
bağlı proseslərin vergi ödəyicilərinin
vaxtının və xərclərinin azaldılmasına şərait
yaratması, eyni zamanda vergi ödənilməsi prosesinin sadə
və rahat olmasıdır. Xidmətlərin elektron formada tətbiqi
vergi ödəyicilərinin öz ödəmələrini həyata
keçirməsi prosesində daha loyal olmağa və
könüllü əməletmə səviyyəsinin artmasına
stimul yaradır. Bu gün Azərbaycanda vergi ödəyicilərinin
90%-i bəyannamələrini vaxtında təqdim edir, 80%-i isə
vergi ödəmələrini vaxtında həyata keçirir.
Bu, inkişaf etmiş ölkələrdə mövcud olan səviyyəyə
uyğundur.
Digər tərəfdən,
informasiya-kommunikasiya texnologiyaları dövlət
qurumlarının fəaliyyətində şəffaflığın
təmin olunmasında mühüm rol oynayır. Elektron xidmət
dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə
də korrupsiya və süründürməçiliyin
qarşısının alınmasına şərait
yaradır. Eyni zamanda bu proses vergi ödəyicilərinin də
fəaliyyətinin şəffaflaşmasına, onları yeni
texnologiyalardan faydalanmağa və istifadəyə
stimullaşdırır.
Unutmayaq ki, sahibkarlıq fəaliyyətinin
uğurlu inkişafı onun dövlət qurumları ilə
iş prosesində rastlaşdığı bütün problemlərin
maksimal tez və rahat şəkildə aradan
qaldırılmasına imkan verən işlək mexanizmlərinin
yaradılmasından asılıdır. Vergi sistemində
nazirlik bu prosesi maksimum dərəcədə sadələşdirməyə
çalışıb. Vergilər Nazirliyinin rəsmilərinin
açıqlamasına görə, yaxın gələcəkdə
vergi sisteminin tam şəkildə yeni texnologiyalar üzərinə
keçirilməsini başa çatdırmaq və vergi
orqanları ilə vergi ödəyiciləri arasında
qarşılıqlı əlaqələrin də əsasən
kontaktsız, elektron vasitələrlə həyata
keçirilməsinə, elektron auditin tətbiqinə nail olmaq
niyyətindədirlər.
Vasif CƏFƏROV
Ekspress. -2012. –
27 noyabr. – S. 9.