Kiçik və orta sahibkarsız orta təbəqə
olmaz
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Hər
bir ölkədə həyata keçirilən iqtisadi tədbirlər
müxtəlif olsa da, onları birləşdirən bir məqsəd
var: bütün iqtisadi tədbirlərin əsas hədəfi
insanların maddi rifah halının
yaxşılaşdırılmasıdır. Düzgün iqtisadi siyasət,
uğurlu iqtisadi dəyişikliklər nəticədə
insanların gəlirinin artmasına, yoxsulluğun azalmasına
və ən önəmlisi orta təbəqənin
formalaşmasına gətirib çıxarır.
Orta təbəqənin
formalaşması başlıca hədəfdir. Hər bir
ölkədə varlı və yoxsul təbəqə olur.
Amma hər ölkədə orta təbəqə olmur. O ölkələrdə orta təbəqə
formalaşır ki, həmin ölkələr iqtisadi
inkişafın müəyyən inkişaf səviyyəsinə
çatır və əhali arasında fərdi qazancı ilə
özünün məişət problemlərini həll edə
bilən təbəqənin xüsusi çəkisi kasıb
və varlı təbəqəni üstələyir.
İqtisadçılar deyir ki, orta təbəqənin
formalaşması və güclənməsi ümumi
iqtisadiyyat üçün daha əhəmiyyətlidir. Orta təbəqəsi
formalaşan ölkələrdə davamlı inkişaf və
sosial ədalətin təmin edilməsi üçün
gözəl imkanlar yaranır. Ona görə də, dövlətin
iqtisadi siyasətində, iqtisadiyyatın tənzimlənməsində
əsas məqsədi məhz insanların gəlirinin
artırılması, orta təbəqənin
formalaşdırılması olmalıdır.
Azərbaycanda hələlik
orta təbəqə formalaşmayıb. Bunu
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri
Ziyad Səmədzadə bu günlərdə Azərbaycan
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)
və Dünya Bankının birgə təşkilatçılığı
ilə "Azərbaycanda orta təbəqə: sosial, iqtisadi,
siyasi dinamika və perspektivlər" mövzusunda beynəlxalq
konfransda çıxışı zamanı deyib. Z.Səmədzadənin
sözlərinə görə, ölkədə orta təbəqənin
hələ formalaşmaması təbii haldır.
Çünki radikal islahatlar olan ölkədə ilk növbədə
varlılar və kasıblar formalaşır. O bildirib ki, son 21
ildə UDM-də özəl sektorun 80 faizdən çox
olması azad bazar cəmiyyətinin fəaliyyətini göstərir
və buna ölkə məhz radikal islahatlar nəticəsində
nail olub. Azərbaycanda yeni iqtisadi sistem başqa ölkələrlə
müqayisədə 5-10 dəfə qısa müddətdə
əldə edilib. Azərbaycan indi
orta sinfin formalaşması üçün demokratik prosesləri
sürətlə aparır. Onun
qənaətincə, Azərbaycanın inkişafında
yoxsulluğun azaldılmasında orta sinfin önəmli rol
oynayacaq. Səmədzadənin dediyinə
görə, ölkədə bu istiqamətdə dinamik
addımlar atılır. Hazırda ölkədə
varlıların gəliri ilə kasıbların gəliri
arasında fərqdə azalma müşahidə edilir.
Dünya Bankının aparıcı iqtisadçısı
və Azərbaycan üzrə əlaqələndiricisi Raşmi
Şankar isə bildirib ki, ölkədə orta sinfin formalaşması
üçün əlverişli zəmin yaranıb. Xanım Şankar söyləyib ki, bir neçə ildən
sonra respublikamızda adambaşına düşən gəlir
20 min dollara çatacaq. Bu isə Azərbaycanda
orta təbəqənin genişlənməsinə, orta sinfin gələcəkdə
ölkənin inkişafına öz töhfəsini verməsinə
güclü zəmin yaradacaq.
R.Şankar Azərbaycanda güclü sahibkarlar
sinfinin yaranmaqda olduğunu və bunun orta təbəqənin formalaşmasına
təsir göstərən əsas amilə çevrildiyini söyləyib.
Orta təbəqənin formalaşması
iqtisadiyyatın inkişaf dinamikasının, pozitiv inkişaf
meyillərinin məntiqi nəticəsi kimi səciyyələndirilir.
Güclü sahibkarlıq sinfinin
formalaşması, orta təbəqənin öz statusunu
möhkəmləndirməsi və digər meyarlar keçid
iqtisadiyyatının sona çatmasının əsas təzahürləri
kimi qəbul olunmalıdır. Güclü
iqtisadiyyat orta təbəqənin üzərində qurulur və
burada özəl bölmənin iqtisadiyyatda xüsusi çəkisi
mühüm rol oynayır. Hazırda Azərbaycan
iqtisadiyyatının 82%-i özəl sektorda cəmləşib.
Konfransda orta təbəqənin formalaşmasına
dair təqdimatla çıxış edən SAM-ın
şöbə müdiri Vüsal Qasımlı qeyd edib ki, proqnozlara
əsasən, Azərbaycanda orta təbəqənin rifahı 5
ilə daha yaxşılaşacaq. SAM-ın eksperti 2030-cu ilədək
orta sinfin ən sürətli inkişaf göstəricisinin Azərbaycanda
müşahidə olunacağını bildirib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev isə hesab edir ki, orta sinfin inkişafında mühüm
olan kiçik və orta biznesin inkişaf etdirilməlidir. Onun fikrincə, kiçik və orta
sahibkarlarlığın inkişafı üçün yeni
qurumun yaradılmasına ehtiyac var. Onun sözlərinə
görə, kənd təsərrüfatı kreditləri
fondu, Azərbaycan aqrar bankının formalaşması
sahibkarlığın, bununla da orta sinfin inkişafına dəstək
olacaq.
Həqiqətən də digər ölkələrin
təcrübəsi göstərir ki, orta təbəqənin formalaşması
üçün ölkədə kiçik və orta sahibkarlığın
(KOS) inkişaf etdirilməsi şərtdir. Beynəlxalq təcrübədə gündəlik gəliri
alıcılıq qabiliyyəti pariteti məzənnəsi
üzrə 10-100 dollar olan şəxs orta sinfin nümayəndəsi
hesab olunur. Hazırda dünyada 2 milyard
nəfərdən çox orta sinfin nümayəndələri
var. 2030-cu ildə onların sayı 5 milyard nəfərə
çatacaq. Dünyada orta sinif
artımının 90%-i Asiya regionunun payına düşəcək.
Asiyada orta sinif sayı 2030-cu ildə 3,2
milyard nəfərə çatacaq. Avropa və
Şimali Amerikada isə orta sinfin sayı təqribən indiki
səviyyədə qalacaq.
Qeyd etdiyimiz kimi, kiçik və orta
sahibkarlıq orta təbəqənin mühüm hissəsini təşkil
edir. Sahibkarlığın bu forması cəmiyyətin
sosial-iqtisadi inkişafında müstəsna rola sahibdir. Onlar liberal iqtisadiyyatın əsas təminatçısı
rolunda çıxış edirlər. Kiçik
sahibkarlar gəlir bölgüsündəki ədalətsizlikləri
minimuma endirir, regionlararası balanslı inkişafa zəmin
yaradır. Böyük sənaye müəssisələrinin
əsas yardımçılarıdır. Eyni zamanda bu
müəssisələr daha az investisiya ilə
daha çox istehsal və məhsul müxtəlifliyi əldə
edə bilirlər. İqtisadi dalğalanmalardan daha az təsir görürlər. Daha az investisiya xərcləri ilə iş
imkanları yaratmaqdadırlar. Tələbatdakı
dəyişikliklərə və müxtəlifliklərə
daha rahat uyğunlaşa bilirlər, texnoloji yeniliklərə həvəslidirlər.
Fərdi yığımları
stimullaşdırır, istiqamətləndirir və hərəkətləndirirlər.
Digər tərəfdən, kiçik və orta
sahibkarların inkişafı həmin ölkələrin
iqtisadi inkişafı ilə paralellik təşkil edir.
Bütün inkişaf etmiş və yüksək
inkişaf səviyyəsinə yaxın olan ölkələrdə
iqtisadi fəaliyyətin 40%-i kiçik və orta böyüklükdəki
sahibkarlar tərəfindən həyata keçirilir. Emal sənayesində məşğulluğun 60-70%-i bu
müəssisələrin payına düşür.
Avropa Birliyi ölkələrindəki
müəssisələrin 95%-ni kiçik və orta müəssisələr
təşkil edir. Bu göstərici ABŞ-da 97%, Yaponiyada
99%, Cənubi Koreyada 98%-dir. Avropa Birliyi ölkələrində
ümumi daxili məhsulun və ya
yaradılan əlavə dəyərin üçdən ikisi
kiçik və orta böyüklükdəki müəssisələrin
payına düşür. Qoyulan ümumi
investisiyalar içərisində bu müəssisələr
ABŞ-da 38, Yaponiyada 40, Cənubi Koreyada 36, Almaniyada 44% paya
sahibdir. Həmçinin istehsalın ABŞ-da 36,
Yaponiyada 52, Cənubi Koreyada 35, Almaniyada 49%-i bu müəssisələrin
payına düşür. İxracat içərisindəki
payları isə ABŞ-da 32, Yaponiyada 38, Cənubi Koreyada 20,
Almaniyada 31% təşkil edir.
Avropa Birliyi ölkələrində
iqtisadiyyatda məşğul olanların 62%-i bu müəssisələrdə
işləyir. Özəl sektorda
çalışanların isə 95%-i kiçik və orta
böyüklükdəki müəssisələrdə
işləyir. Bu rəqəm
ABŞ-da 50, Yaponiyada 81, Cənubi Koreyada 62% təşkil edir.
Ölkələrə dair sadalanan nəticələr
göstərir ki, həmin ölkələrdə kiçik və
orta sahibkarların hesabına orta təbəqə kifayət qədər
genişlənə bilib. Azərbaycan da
yoxsulluğun azaldılması və orta təbəqənin
genişlənməsi üçün kiçik
sahibkarlığın inkişafına
çalışır. Hazırda respublikada fəaliyyət
göstərən müəssisələrin əksəriyyətini
kiçik müəssisələr təşkil edir.
Kiçik müəssisələrin sayının
çoxluğuna baxmayaraq onların effektli iqtisadi fəaliyyət
göstərib göstərmədiyini müəyyənləşdirmək
üçün bu müəssisələrin
yaratdığı əlavə dəyərin ümumi daxili məhsuldakı
payı, məşğulluq səviyyəsindəki payı,
respublikanın təsərrüfat subyektlərinin fəaliyyətləri
nəticəsində yaradılan mənfəət içərisindəki
payı, ixracatdakı payı, qoyulan məcmu investisiyalar
içərisindəki payı və s. kimi kriteriyalara baxmaq
lazımdır.
Statistik məlumatlarda kiçik müəssisələrin
yaratmış olduqları əlavə dəyərin
ÜDM-nin 2,6%-ni təşkil etdiyi göstərilir. Qeyri-neft
sektoru üzrə ÜDM-nin 5%-i, ümumi mənfəətin
0,2%-i, əsas kapitala sərmayələrin 5,8%-i kiçik və
orta sahibkarlarlıq subyektləri hesabına formalaşlır.
Kiçik sahibkarlar 2011-ci ildə cəmi 85,38
milyon manat gəlir əldə edib. İşçilərin
sayı 90,2 min nəfər, orta aylıq
nominal əmək haqqı 222 manat olub.
Deməli, Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinin imkanları hələlik
çox məhduddur. Mövcud imkanlarla
kiçik sahibkarlar Azərbaycanda orta təbəqənin
formalaşmasına ciddi töhvə verə bilməz. Orta təbəqənin gücləndirilməsi məqsədilə
kiçik sahibkarların gəliri artmalıdır. Gəlir üçünsə investisiya
qoyuluşları yüksəlməlidir. 2011-ci
ildə kiçik və orta sahibkarlar tərəfindən əsas
kapitala qoyulan sərmayələrin həcmində kəskin
artım qeydə alınıb. Bir il ərzində
kiçik sahibkarlar tərəfindən 736,7
milyon manat investisiya qoyulub. 2010-cu ildə bu göstərici 276,3 milyon manat olub. Bir il ərzində sərmayə
qoyuluşu 2,66 dəfə artıb.
Sərmayə qoyuluşunun artması
iqtisadi fəaliyyət növlərindəki payına da təsir
edib. Son 5 ildə ilk dəfə olaraq kiçik
sahibkarların sərmayəsinin ümumi iqtisadiyyata qoyulan sərmayələrdəki
payının 5,8%-lik həddə yüksəlməsinə
imkan verib. Bu göstərici bəzi sahələrdə
daha da böyük nisbətdə müşahidə edilib.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində
KOS-ların sərmayəsi ümumi sərmayələrin 28,8%-ni, turistlərin yerləşdirilməsi və
ictimai iaşədə 27,4%-ni, sənayedə 9%-ni
formalaşdırıb.
Əgər kiçik sahibkarlar sərmayə
qoyuluşunu eyni artım sürəti ilə davam etdirsələr
yaxın illərdə kiçik sahibkarların orta təbəqənin
formalaşmasınə böyük təhvə verəcəyini
əminliklə söyləyə bilərik. Əks təqdirdə orta təbəqənin
formalaşması çətin hədəfə çevriləcək.
Vasif CƏFƏROV
Ekspress.- 2012. –
29 noyabr. –S. 9.