Sahibkarlığın daxili investisiya mənbələri

 

   Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

   Sahibkarlığın maliyyə dayanıqlığı, kapitalın səmərəli istifadə olunması, sərmayə qoyuluşlarından əldə edilən gəlirlərin bölüşdürülməsi və ümumilikdə investisiya fəaliyyətinin uğuru investisiya mənbələrinin seçilməsindən çox asılıdır. İnvestisiya mənbələrinin strukturu və quruluşu isə mövcud ictimai təsərrüfat mexanizmlərindən asılıdır.

   İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin dediyinə görə, investisiya subyektlərinə cəlb olunma baxımından kapital mənbələri daxili və xarici olmaqla iki hissəyə bölünür. "Bununla belə daxili və xarici investisiya mənbələrinə makro və mikro səviyyədə də yanaşılır. Makro səviyyədə daxili investisiya mənbələrinə dövlət büdcəsindən maliyyələşmə, əhali yığımları, müəssisələrin topladıqları vəsait, kommersiya bankları, investisiya fondları və şirkətləri, qeyri-dövlət pensiya fondları, sığorta şirkətlərinin vəsaitləri daxildir. Xarici maliyyə mənbələrinə isə xarici investisiyalar, xarici kredit və borclar aiddir", - deyən Atakişiyev bildirib ki, mikro səviyyədə daxili investisiya mənbələrinə müəssisənin inkişafı üçün onun daxilində formalaşan öz vəsaitləri aiddir. Bu investisiya mənbələri xalis gəlirin sərmayə hissəsi, amortizasiya ayırmaları, sahibkarların şəxsi investisiyalarıdır. Mikro səviyyədə sahibkarlıq subyektlərindən kənar maliyyə mənbələrindən cəlb olunan vəsaitlər isə xarici investisiyalar hesab olunur.

   Dediyinə görə, bütün bu investisiya mənbələrinin sahibkarlıq fəaliyyətində müsbət rolu olsa da, onlar cəlbolunma, istifadə imkanları baxımından bir-birlərindən fərqlənirlər: "Daxili investisiya mənbələrindən sayılan dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət müəssisəsi tərəfindən qoyuluşlar sahibkarlar üçün daha çox əlçatan olması səbəbində ona maraq çoxdur. Dövlətin sahibkarlara əsas maliyyə yardımlarını Sahibkarlığa Kömək Milli Fondu həyata keçirir. Dövlət müəssisələri tərəfindən yönəldilən investisiyalar da sahibkarlıq subyektləri üçün əhəmiyyət kəsb edir. Amma mövcud vəziyyətdə göstərilən vəsaitlər elə həmin qurumların öz layihələrinə sərf olunur. Bu baxımdan indiki mərhələdə sahibkarların bu vəsaitlərdən istifadəsi hələ ki, sərfəli deyil".

   R.Atakişiyev bildirib ki, digər bir daxili maliyyələşmə mənbəyi qarşılıqlı kreditləşmə mexanizminin tətbiqidir. Bu, daha çox sahibkarlığın xırda və mikro təsərrüfat növləri üçün sərfəlidir: "Qarşılıqlı kreditləşmə dedikdə, kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditlər başa düşülür. Kredit ittifaqları mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır".

   Sahibkarlar üçün əhəmiyyətinə görə növbəti maliyyə mənbəyi lizinqdir. Klassik lizinq münasibətlərində 3 tərəf - lizinq verən, lizinq alan və satıcı kimi lizinq müqaviləsinin subyektləri iştirak edir. Lakin lizinqin bu investisiya mexanizmi inkişafı nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Atakişiyevsöylədi ki, sahibkarlıq subyektləri tərəfindən geniş istifadə olunan vəsaitlərdən biri də məqsədli maliyyələşdirmə və daxilolmalardır. Bura büdcədən, sahə və sahələrarası xüsusi məqsədli fondlardan köçürmələr və başqa təminatlardan, yaxud fiziki şəxslərdən məqsədli ödənişlər aid edilir. Bu fondlara borc götürmələri aiddir. Kredit borcları da pul borcları fonduna aiddir. Bu, sahibkarların öz dövriyyəsində özgə pullardan istifadə etməsi deməkdir. Bu sadalananlarla yanaşı sahibkarların digər daxili investisiyaları sahibkarlıq subyektlərinin özlərinin daxilində mövcuddur.

   Həmsöhbətimiz qeyd edib ki, investisiyaların maliyyələşdirilməsində istifadə edilən ilkin əsas mənbə sahibkarlıq subyektlərinin daxili kapitalıdır: "Çox vaxt investisiyanın həcminin qədər olacağını müəyyən edən amillərdən biri investisiya üçün ayrılacaq daxili kapitaldır. Bu səbəbdən investorlar qoyacaqları sərmayənin həcmini ayıracaqları kapital ilə məhdudlaşdırırlar. İnvestisiyaları bütünlüklə daxili kapital hesabına da maliyyələşdirmək mümkün deyil. Daxili kapitalın maya dəyəri, ümumiyyətlə, xarici mənbələrin maya dəyərindən daha yüksəkdir. İnvestorlar kredit verənlərə görə daha çox riskə girirlər. Bunun da əsas səbəbi müəssisə müvəffəqiyyətsizliyə düçar olduqda birinci olaraq kredit verənlərin pullarını geri qaytarır".

   Onun sözlərinə görə, daxili maliyyələşdirmə sahibkarların təsərrüfat fəaliyyəti nəticəsində formalaşaraq əmələ gəlir. Daxili mənbənin ən bariz nümunəsi olan mənfəət firmanın rəhbərliyinin sərəncamında qalaraq yığıma tələb olunan istiqamətlərə yönəldilir. Yığım üçün saxlanılan mənfəət növbəti mərhələdə adətən istehsalın genişləndirilməsi üçün istifadə olunur. Tələb istiqaməti üzrə yönəldilmiş mənfəət isə həmişə sosial məsələlərin həlli üçün sərf olunur. Daxili mənbələrdə, həmçinin amortizasiya ayırmaları da çox əhəmiyyətli rol oynayır. Bu mənbə təkrar istehsalın sadə geniş formada həyata keçirilməsində ən əlverişli daxili maliyyə vəsaiti hesab edilir.

   R.Atakişiyevin fikrincə, bütün yuxarıda qeyd olunan məsələlərə onu da əlavə etmək olar ki, sahibkarların maliyyə imkanlarının düzgün qiymətləndirilməsi, həmin resurslardan istifadənin səmərəliliyinin artırılmasına xidmət edir.

   Turizmə investisiyaları necə cəlb etməli?

   Son dövrlər Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkənin iqtisadi inkişaf xəttinin əsasını təşkil edir. Qeyri-neft sektorunun prioritet istiqamətləri kimi kənd təsərrüfatı, innovasiyalı sahibkarlıq, informasiya iqtisadiyyatı, sənaye turizm önə çəkilir. Turizm iqtisadiyyatın digər sahələrindən fərqli olaraq özünəməxsus inkişaf imkanlarına malikdir.

   Azərbaycanda turizmin ənənəvi müasir sahələri mövcuddur ki, bunlara da yerləşdirmə (mehmanxana, sanatoriya s.), əyləncə (ovçuluq, idman s.), mədəniyyət (tarixi abidələr, arxeologiya s.) təbiət (qoruqlar. milli parklar s.) kimi istiqamətlər daxildir. Sözügedən sahələrdə turizmin inkişaf etdirilməsi üçün bu sektorda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsas şərtlərdən sayılır.

   İqtisadi Araşdırmalar Tədris Mərkəzinin sədri Ruslan Atakişiyev deyir ki, sahibkarlığın bütün sahələrdə olduğu kimi, turizm sektorunda da bir çox problemləri var: "Həmin çətinliklərin əsasında turizm sahibkarlığı üçün maliyyə çatışmazlığı dayanır. Mövcud maliyyə mənbələrinin bu sektora yönəldilməsi, ondan səmərəli istifadə olunması vacib məsələlərdən hesab olunur".

   Onun sözlərinə görə, turizm sahibkarlığının istifadə edə biləcəyi investisiya mənbələri daxili xarici olmaqla aşağıdakılardan ibarətdir: dövlət büdcəsi büdcədənkənar fondlar, əhali yığımları, müəssisənin daxili vəsaitləri (nizamnamə kapitalı, yığım fondu, amortizasiya ayırmaları s.), cəlb olunan kənar vəsaitlər (bankların kreditləri, borc kapitalı), xarici mənbələr (beynəlxalq təşkilatların qrantları, texniki yardım proqramları, maliyyə institutlarının vəsaitləri s.).

   Mərkəz sədrinin fikrincə, turizm sektoruna yönəldilən vəsaitlərin digər sahələrə nisbətən aşağı səviyyədə olması burada bir sıra problemlərin mövcudluğundan xəbər verir. Onun qənaətinə görə, turizm sahibkarlığına investisiyaların cəlb olunması problemlərini qruplaşdırsaq, 5 qrup problem ortaya çıxır. Birinci qrup problem informasiya problemidir. Azərbaycanda mövcud olan turizm imkanlarının hələ də yetərincə tanıdılmayıb, bu səbəbdən sərmayəçilərin öz vəsaitlərini yönəltmək üçün ehtiyac olan sahələrdən xəbərsizdir. İkinci qrup problem kapitaltutumluluqdur. Müasir standartlara cavab verən turizm mərkəzlərinin qurulmasına iri həcmli maliyyə tələb olunması sərmayəçiləri böyük riskdən çəkindirir. Üçüncü problem stimullaşdırmanın olmamasıdır. Turizm sektoruna maliyyə qoyuluşlarına qanunvericiliklə müəyyən olunmuş güzəştlərin tətbiq olunması vacibdir. Digər problemlər kimi instisional və milli investisiyanın istiqamətləndirilməsinə dair problemləri göstərmək olar. İnstisional problemlər turizm sektorunun inkişafı ilə bağlı instisional dayaqların və infrastruktun müasir tələbələrə cavab verməməsini özündə əks etdirir. Milli investisiyanın istiqamətləndirilməməsi problemi isə milli investorlar üçün bu sahənin yeni olması səbəbilə daxili investisiyaların bu sferaya az yönəldilməsidir və s-dir.

   Atakişiyev hesab edir ki, investisiyaların bu sektora cəlbi ilə bağlı yuxarıda sadalanan bu və ya digər problemlərin aradan qaldırılması istiqamətində hökumət bəzi tədbirlər həyata keçirməlidir. O cümlədən, regionlarda xüsusilə dağ rayonlarında turizmin inkişafı ilə bağlı infrastrukturu inkişaf etdirilməli, turizmin inkişafı ilə bağlı bazar iqtisadiyyatının instisional dayaqlarının möhkəmləndirilməli, turizm sektoruna sərmayə yatıran investorlara vergi güzəştləri edilməli, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə iqtisadiyyata vəsaitlərin yönəldilməsi zamanı turizm sektoruna üstünlük verilməli, ayrıca turizm sektoruna yönəldilən investisiyaların idarə olunması ilə bağlı struktur formalaşdırılmalıdır.

   Həmsöhbətimizə görə, müasir rəqabət şəraitində daxili və xarici turistlərin ölkəmizin təbii abidələri, mədəniyyəti, tarixi, mətbəxi, müalicəvi ocaqları və s. ilə yaxından tanış edib bu sahədən külli miqdarda gəlir əldə etmək istəyiriksə, onda hökumətin, özəl sektorun, ictimaiyyətin birgə əməkdaşlığı çərçivəsində çevik addımların atılması vacibdir.

 

 

   Səhifəni A.MƏHƏRRƏMOVA

 

   Ekspress. – 2012. – 6-8 oktyabr. – S. 10.