Üzüyümün
qaşı firuzədəndi...
Artıq dörd ildir ki,
Müslüm Maqomayev öz doğum gününü qeyd etmək
üçün Moskvadan Bakıya gələ bilmir.
Tamara Sinyavskaya deyir ki,
Müslüm bir qayda olaraq doğum günlərində
doğma şəhərdə, yaxın adamları arasında
olardı, sonra Moskvada dostlarını başına
yığardı.
Müslüm Maqomayev
ölümündən bir neçə ay əvvəl "Əlvida
Bakı" ("Proşay Baku") adlı yeni
mahnısını lentə yazdırmışdı. Bu
mahnını indiyə qədər müğənninin ən
yaxın dostlarından başqa heç kim eşitməyib.
İndi Tamara xanım
Müslümün ad günündə Müslümsüz
Bakıya gəlir, Fəxri Xiyabanda böyük sənətkarın
qəbirüstü abidəsi önündə birlikdə
keçən xoşbəxt günlərini xatırlayır.
Üzüyümün qanı
mirvaridəndir,
Könlüm açılmayır
bu gün nədəndir...
Tanınmış müğənni, bəstəkar və
iş adamı Emin (Emin Ağalarov) Müslüm Maqomayevi
öz ustadı kimi yada salır: "Müslüm Maqomayev
atamın dostu idi, mən onu ilk dəfə Bakıda babamgildə
görmüşəm. Müslüm tez-tez babamgilə gələrdi,
balaca uşaq idim, Müslüm əminin yan-yörəsində
fırlanırdım. Uşaqlıq illərində o, mənimçün
sadəcə sevimli Müslüm əmiydi. Böyüdüm və
onun kim olduğunu anladım. Mən musiqi ilə məşğul
olmağa başlayanda o, mənimçün ən nüfuzlu
musiqiçiydi. Bəzən Müslüm əmi royalı dilləndirərdi,
mən oxuyardım. Mənə deyərdi ki, başını
bizneslə qatma, sənə oxumaq lazımdı".
Ötən
əsrin doxsanıncı illəri uzaq tarix deyil. Sovetlər
Birliyi dağıldı - böyük bir ölkə
uçurumun kənarında dayanmışdı, hər
şey alt-üst olmuşdu. O illərdən bəhs edən
"Briqada" teleserialını yada salın - hərcmərclik
fırtınası içində kriminallaşmış bir məmləkət.
Moskvada konsert strukturunun gözəgörünməz əqrəbləri
geriyə fırlanırdı, bayağı şou-biznes zəhərli
göbələk kimi hər tərəfə
yayılırdı. Müslüm Maqomayev kimi bir sənətkar
belə bir mühiti qəbul edə bilməzdi. Yadımdadı,
o illərdə xoşagəlməz bir şayiə
yayılmışdı ki, guya Müslüm Maqomayevin səsi
batıb, daha nə bilim nələr.
Xoşbəxtlikdən
Müslüm Maqomayevin ecazkar səsi heç vaxt ona xəyanət
etməyib, Müslüm kimi insanlar da heç vaxt heç kimə
xəyanət etməzlər, xəyanətlər görərlər,
amma xain olmazlar...
***
Rejissor Tofiq İsmayılovun
çəkdiyi "Oxuyur Müslüm Maqomayev" filki
ekranlara çıxanda mən tələbəydim. Film Nizami
kinoteatrında nümayiş etdirilirdi. Əzim Əzimzadə
adına Rəssamlıq məktəbi ilə Nizami kinoteatrı
arasındakı məsafə əlli-altmış addım
ola, ya olmaya. Vaqif Səmədoğlu demişkən -
bir siqaret o yana, bir siqaret bu yana...
Biz, bir qrup
tələbə bir gün ərzində ikinci dəfə o
gözəl filmə baxırdıq, yaxşı yadımda
qalmayıb, deyəsən, gün ərzində
üç-dörd seans vardı. O zaman biz Müslüm
Maqomayevin populyar mahnılarının çoxunun sözlərini
əzbər bilirdik, müğənni ekranda Rəsul Həmzətovun
sözlərinə bəstələnmiş "Durnalar"
("Juravli") mahnısını oxuyanda biz də zaldan onun
səsinə səs verirdik. "Buhenvald harayı"nda belə
bir misra var - "Lyudi mira, vstante na odnu minutu"...
Səhv
etmirəmsə, mahnının sözləri Robert Rojdestvenskiyə
aiddir. Hə, gənc və gözəl Maqomayev gur bariton səslə
"Lyudi mira, vstante na odnu minutu" deyən kimi əvvəlcədən
sözləşdiyimiz kimi, hamımız ayağa qalxdıq,
on beş, on altı nəfər tələbəydik,
aramızda qızlar da vardı. Biz ayağa qalxdıq, sonra
bizim sıramızda oturmuş tamaşaçıların bəziləri
hardasa tərəddüdlə ayağa durdular, sonra başqa
sıralar da bizə qoşuldu və beləliklə,
bütün zal ayağa qalxdı...
***
Müslüm Maqomayev İran şahının taxt-taca
çıxmasının növbəti ildönümü
münasibəti ilə keçirilən bayram təntənələrində
çıxış etmək üçün Fərəh
xanımın dəvəti ilə Tehrana getmişdi. Bu o illər
idi ki, şairin sözləriylə desək,
İyirmi birinci
əsrə keçəcəyik bir azdan,
Keçmək
olmur Arazdan.
Bəli,
Araz çayından keçə bilmədiyimiz o günlərdə
Müslüm Maqomayev bu tilsimi qırdı. Rza Pəhləvi də,
Fərəh xanım da Avropada təhsil almışdılar.
Milliyyətcə Azəri türkü olan Fərəh
xanım Şurəvidə Maqomayevin konsertində olmuşdu.
Müğənni kiçik bir qrupla Tehrana gedir, həmən
bayram günlərində dünyanın hər yerindən
İrana qonaqlar gəlmişdi.
Mirey Matye,
Frenk Sinatra kimi ünlü estrada ulduzları da fəxri qonaqlar
arasındaydılar.
Maqomayev
"Komsomolkaya Pravda" qəzetinə verdiyi bir müsahibədə
deyirdi ki, "bizimlə İrana gəlmiş KQB nümayəndəsi
hər addımını izləyirdi, oteldən
çıxıb sərbəst şəkildə şəhərdə
gəzə bilmirdik. Hər günümüz üçün
bizə iyirmi dollar verirdilər, digər xarici ölkələrin
müğənniləri böyük qonorar alırdılar,
bizə çatacaq pullar hara gedirdi, bilmirdik".
Müslüm Maqomayev İranda valyuta ilə
alacağı qonorarın onsuz da ona
çatmayacağını yaxşı bilirdi. Müslüm
ona çatacaq qonorardan imtina elədi - bizdə qonaq getdiyiniz evin
sahibindən pul almaq ayıb şey sayılır - demişdi
Maqomayev. Şah qonaqların gözü önündə ona
üzük bağışladı. Sonralar o üzüyə
görə Moskvada Müslümün başı çox
ağrıdı...
Bir ildən
sonra müğənni yenidən İrana dəvət olundu,
amma bu dəfə Moskva müxtəlif bəhanələrlə
onu İrana buraxmadı. Ümumiyyətlə, bu üzük əhvalatından
sonra bir neçə il onun qastrol səfərlərinin
üstündən qırmızı xətt çəkdilər.
Amma hər şeyə rəğmən Müslüm Maqomayev
Sovet estradasının ən populyar ismiydi. Ucsuz-bucaqsız
Rusiyada az qala hər evin divarından onun fotoportreti
gülümsəyirdi.
Onun
barmağında Şah üzüyü bərq vurub
parıldayırdı. Bəlkə də bu üzük bir tale
nişanəsiydi, bəlkə də bu üzük onu
başına gələcək bütün bəlalardan
qoruyurdu...
Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır bu gün nədəndir...
***
Rus rəssam
Boris Mixayloviç Kustodiyevin "Fyodor Şalyapinin
portreti" əsərini yəqin ki, çox adam
görüb, əlbəttə portretin reproduksiyası nəzərdə
tutulur. Şalyapin əynində bahalı kürk,
başında xəz papaq ayaq üstə təsvir olunub. Arxa
planda adi əyalət şəhəri - dükan, traktir,
karusell və insanlar - əsərdə yarmarka ovqatı duyulur:
musiqiçi sağ əli ilə kürkün yaxasından
tutub, çeçələ barmağında ikiqaşlı
brilyant üzük. Brilyant fransız sözüdür -
parıldayan, bərq vuran mənasında işlənir.
Brilyant - cilalanmış almazdı.
Şalyapinin üzüyü haqqında bir az sonra
danışacağıq, hələlik isə portretin yaranma
tarixçəsini vərəqləyək. Kustodiyev
Şalyapinin portretini 1921-ci ildə, iki ay ərzində işləyib.
Rəssamın oğlu portretin yaranma tarixçəsini belə
xatırlayır: - "Fyodor İvanoviç "Düşmən
qüvvələri" tamaşasının
dekorasiyalarını müzakirə etmək üçün
atamın yanına gəlmişdi. O, tamaşanın
süjetini danışırdı, atam diqqətlə qulaq
asırdı və dostunu dinləyə-dinləyə eskizlər
çəkirdi. Elə o zaman atam Şalyapinin portretini yaratmaq
fikrinə düşdü. Tamaşadan sonra Şalyapin yenə
bizə gəldi, ela kandardaca oxumağa başladı".
Böyük müğənninin böyük siyasətlə
işi yox idi, Oktyabr İnqilabından sonra bolşeviklər
ona Xalq artisti adı verdilər. O, inqilabdan əvvəl
olduğu kimi, yenə xarici ölkələrə qastrol səfərlərinə
çıxırdı. 1922-ci ilin oktyabrında növbəti
qastrol səfərinə yollandı və bir daha Sovet
Rusiyasına qayıtmadı. Şalyapinin qastrol səfərinə
razılaşan zaman bəlkə də həmişəlik
xaricdə qalmaq fikri olmayıb, belə bir fikir söyləməyə
əlimizdə təkzib-olunmaz faktlar var - müğənni
öz arxivini, teatr əlbisələrini, silah
kolleksiyasını, Kustodiyevin fırçasından
çıxmış portretini şəxsi katibi, Marinski
teatrının artisti Dvorişinə
tapşırmışdı. Dvorişinin vəfatından
sonra Fyodor Şalyapinin mənzili muzeyə çevrildi...
***
Şalyapin
Boris Mixayloviçlə (Kustodiyevlə) son
görüşünü belə xatırlayır:
"Ostrovskinin pyesi üzərinə
çalışırdıq. Tamaşanın bədii-tərtibatını
Kustodiyevə həvalə etmək qərarına gəldik,
kim Otsrovskini Kustodiyevdən daha yaxşı duya bilərdi? Bu
niyyətlə onlara getdim, Kustodiyevi əlil arabasında
görəndə ürəyim ağrıdı. Rəssamın
ayaqları tutulmuşdu, həkimlər onu müalicə edirdilər,
amma dərdinə bir əlac tapa bilmirdilər. O, əli ilə
mənə oturmağa yer göstərdi, özü isə təkərli
əlil arabasını mənə yaxın sürdü,
çarəsiz rəssamın halı adamın qəlbini
parçalayırdı, amma onun gözləri həyat eşqi
ilə parlayırdı"...
***
F.Şalyapinin həyat və
yaradıcılığı haqqında bir kitabda
yazılır ki, müğənni həmişə sağ əlinin
çeçələ barmağında gəzdirdiyi
üzüyü öz talismanı kimi qoruyurdu. Bu üzük
çox qədim və nadir bir üzük idi; vaxtı ilə
Rus Pravoslav Kilsəsinin patriarxı bu üzüyü müqəddəs
xaç suyuna salmışdı, üzükdə
patriarxın xeyir-duası vardı - Kustodiyevin fırçaya
aldığı portretdə müğəninin çeçələ
barmağında gördüyümüz sehrli üzük
haçansa I Pyotra məxsus olub...
***
Nüfuzlu
minereloq Kaspeç Stoun "Əntiq daşlar haqqında hər
şey" kitabında yazır: "Qədim zamanlarda almaz
saflıq və bakirəlik rəmziydi. O eyni zamanda
müdriklik, hakimiyyət və zəfər nişanəsiydi.
Almaz öz sahibini neqativ şər qüvvələrdən
qorumaq, qorxunu dəf etmək qabiliyyətinə malikdir. Almaz təmiz
əllərə düşəndə fövqəladə
enerji mənbəyi olur, zorakılıqla, hiylə ilə əldə
edilmiş sahibinə qarşı çıxa bilər.
Bağışlanmış və ya vərəsə yolu ilə
əldən-ələ keçən almaz güclü
energetikaya malik olur. Qədim hindlilər bilirdilər ki, almaz
daşının "vibrasiyaları" sağlamlıq
üçün, özəlliklə ürək-damar və
beyin üçün olduqca faydalıdır".
Şalyapinin
üzüyü Kaspeç Stounun sadaladığı özəlliklərə
malik idi. Yuxarıda dediyimiz kimi, 1922-ci ilin sentyabr ayında
müğənni qastrol səfərinə yola
düşdü və bir daha Rusiyaya geri dönmədi.
Bütün dünyanın məşhur teatrlarının
qapıları həmişə Şalyapinin üzünə
açıq olub.
Parisdə "Şatale"
teatrında "Boris Qodunov", "Knyaz İqor",
"Qaratoxmaq qadın" operaları müvəffəqiyyətlə
tamaşaya qoyulmuşdu. Avropanın bütün qəzetləri
Fyodor Şalyapinin Paris qastrolları haqqında resenziyalar
yayımlayırdılar. Parisdə Şalyapinin tərəf
müqabili bolqar opera müğənnisi İlka Popova günlərin
bir günü məlahətli soprano səsini itirdi,
Popovanın səsi tamamilə batmamışdı, amma məlahətli
qadın nədənsə gözlənilmədən
kobudlaşmışdı, xanımın səsi
xırıldayırdı. Teatra bir-birinə dəymişdi,
hamı çaşıb qalmışdı, Fyodor
İvanoviç brilyant qaşlı qədim
üzüyünü - öz talismanını
barmağından çıxarıb İlkanın
barmağına keçirir, halbuki böyük müğənni
heç vaxt öz talismanından ayrılmazdı. Şalyapin
üzüyünü İlkanın barmağına keçirməklə
səsini itirmiş qadına təsəlli vermək istəyirdi.
Ertəsi gün İlka Popova barmağında Şalyapinin
üzüyü ilə səhnəyə çıxır və
möcüzə baş verir - İlkanın səsi yerindəydi.
O tamaşadan sonra hər premyeradan öncə İlka Popova
Şalyapinə yalvarıb üzüyü ondan alırdı və
hər dəfə də səhnəyə çıxıb uğur
qazanırdı.
Axırda ürəyiaçıq
Şalyapin öz talismanını bolqar opera müğənnisinə
bağışladı. Aradan uzun illər ötüb
keçdi, artıq yaşa dolmuş İlka Popova bu
üzüyü onun haqqında kitab yazmış jurnalist Marin
Boqova verdi.
Şalyapinin sehrli üzüyü
hal-hazırda Bolqarıstan Milli Bankında saxlanılır.
Tale elə gətirdi ki, rəssam
Boris Kustodiyevin çəkdiyi portret uzun müddət
"mühacir" həyatı yaşadı, yalnız 1968-ci
ildə Fyodor İvanoviçin qızı portreti
atasının ev muzeyinə verdi. Yolunuz Moskvaya düşsə,
Şalyapinin ev muzeyinə gedin, müğənninin özü
sizi ayaq üstə qarşılayacaq, sağ əlinin
çeçələ barmağında ikiqaşlı brilyant
üzük...
***
Qraf
Sen-Jermen haqqında nə bilirsiniz? Sen Jermen XVIII əsrdə
Parisdə yaşayıb. Deyilənə görə, qraf
ölümsüzlük eliksirinin sirrini bilirmiş, o
keçmişi və gələcəyi
görürmüş. Ölümündən sonra onu
Avropanın müxtiəlif şəhərlərində
sağ-salamat görüblər. Müasirlərinin
yazdıqlarına görə, qrafın barmağında həmişə
almaz qaşlı üzük olarmış. Hardasa oxumuşam
ki, qraf Sen-Jermen məşhur telepat Volor Messinqə çox
oxşayırmış. Messinqin də eynən belə bir
üzüyü olub. Messinq tez-tez brilyant qaşlı
üzüyünün müqəddəs üzük
olduğunu söyləyərmiş. O, öz
üzüyünün qeyri-adi gücünə ürəkdən
inanırdı. Messinqin ölümü də bu üzüklə
ilgilidir - bir gün necə olursa, kimsə Volf Messinqin
üzüyünü oğurlayır. Messinq üzüyün kimin tərəfindən
oğurlandığını bilirdi... Məncə, o,
doğrudan da oğrunu tanıyırmış, axı o,
Messinq idi, fəqət o susmağı üstün tutdu və
üzüyü oğurlanandan bir neçə gün sonra
ürəyi dayandı...
Adil Mirseyid
Ekspres.- 2012.-
6-8 oktyabr.- S.14.