Turizmin ölkə iqtisadiyyatında rolu
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Ölkə
iqtisadiyyatının inkişafının mühüm sahələrindən
biri də turizmdir. Xidmət bölməsinin əsas elementlərindən
olan turizm, iqtisadiyyatın davamlı inkişafında, ixracın
artırılmasında, iş yerlərinin yaradılmasında
bir çox üstünlüklərə malikdir.
Mütəxəssis rəyinə əsasən,
turizmə qoyulan sərmayə qısa müddətə öz
bəhrəsini verir, qoyulan kapital yüksək dövretmə əmsalına
malikdir. Turizmin cazibədarlığı xidmət sahələrinin
durmadan genişlənməsində, qoyulan sərmayələrin
qısa müddət ərzində özünü
doğrultmasında və gəlirlərin konvertasiyası
mümkün olan valyuta şəklində olmasındadır.
Turizmi cəlbedici edən digər
cəhət qlobal bazarın ildən-ilə genişlənməsidir.
Ümumdünya Turizm Təşkilatının məlumatına
görə, 2010-cu ildə dünyada 940 milyon turist səyahət
edib. 2011-ci ildə bu rəqəm 983 milyon nəfərə
yüksəlib. Turist sayında artım 4-5 faiz səviyyəsindədir.
Turistlərin sayının
artması ilə bərabər turizm xərcləri də
yüksəlir. 2010-cu ildə dünya üzrə turistlər
965 milyard dollar xərclədiyi halda 2011-ci ildə 1,03 trilyon
dollar xərcləyib. Turizm xərclərində artım 3,8
faiz təşkil edib.
Dünyada turizmdən ən
çox qazananlar ABŞ (116 milyard dollar), İspaniya (60 milyard
dollar), Fransa (54 milyard dollar), Çin (48,5 milyard dollar),
İtaliya (43 milyard dollar), Almaniya (38,8 milyard dollar),
Böyük Britaniya (36 milyard dollar) və digərləridir.
Qeyd etmək lazımdır ki, beynəlxalq
turizm dünya ixracının 5,8 %-ni təşkil edir. Ümumi
məhsul dəyərinə görə, turizm neft və
avtomobil ixracına çatıb. Ümumdünya Turizm Təşkilatının
proqnozlarına əsasən 2020-ci ildə beynəlxalq turistlərin
sayı 1,6 milyard nəfər və turizmdən aldə edilən
gəlirlərin miqdarı isə 2 trilyon dollar olacaq.
Çoxsaylı tədqiqatlar
göstərir ki, turizm öz perspektivliyinə görə
qeyri-neft sahələri arasında aparıcı mövqelərdən
birini tutur. Hazırda turizm planetar miqyasda ən sürətlə
inkişaf edən biznes sahələrindəndir. Dünya
üzrə ümumimilli məhsulun 10 faizi, ixracatın 5 faizi
beynəlxalq turizmin payına düşür. Göstərilən
xidmətlərin təqribən 3/1-i beynəlxalq turizm vasitəsilə
həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin
8,1 faizi turizm sənayesində və onunla bağlı
iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi irsə
və əlverişli təbii şəraitə malik olan Azərbaycan
da turizm sahəsində böyük inkişaf perspektivlərinə
malikdir. Ölkəmizdə turizmin əksər növlərinin
inkişafı üçün geniş imkanlar mövcuddur.
Turizmin sadalanan əlverişli cəhətlərini
nəzərə alaraq, Azərbaycanda da son illərdə bu sahədə
inkişaf nəzərə çarpır. Bu sahədə
qanunvericilik təkmilləşdirilib və sərmayələrin
cəlb edilməsi üçün müxtəlif tədbirlər
görülüb.
1999-cu ildə Azərbaycanda
"Turizm haqqında" qanun qəbul edilib. Bu qanun Azərbaycan
Respublikasında turizm bazarının hüquqi əsaslarının
bərqərar edilməsinə yönələn dövlət
siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını
müəyyənləşdirir, turizm sahəsində
münasibətləri tənzimləyərək, sosial-iqtisadi
inkişafı təmin edən vasitələrdən biri kimi
turizm ehtiyatlarından səmərəli istifadə olunması
qaydalarını müəyyən edir.
2001-ci ilin sentyabrın 25-də Cənubi
Koreya Respublikasının paytaxtı Seul şəhərində
Ümumdünya Turizm Təşkilatının XIV Baş
Assambleyasında Azərbaycan bu beynəlxalq turizm təşkilatına
üzv oldu. Bu isə öz növbəsində,
respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr
və praktiki kömək edilməsinə imkan yaratdı.
Ölkədə turizmi inkişaf
etdirmək və turizm ehtiyatlarından səmərəli
istifadə etmək məqsədilə respublika prezidentinin
2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı" təsdiq
olundu. Dövlət Proqramında tətbiqindən sonra 2002-ci
ildə ölkədə fəaliyyət şöstərən
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
94 olduğu halda 2005-ci ildə onların sayı 3 dəfə
artaraq 280-ə çatdı. Bu obyektlərdə ümumi yerlərin
sayı da 2002-ci illə müqayisədə təxminən 2,5
dəfə çox oldu.
Bir müddət sonra
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında
kurortların inkişafı üzrə Dövlət
Proqramı" təsdiqləndi. Bir il sonra isə Azərbaycan
Respublikasında "2010-2014-cü illərdə Turizmin
İnkişafına dair Dövlət Proqramı" qəbul
olundu. Bu proqram ölkədə turizmin
rastlaşdığı problemlərin həll edilməsi və
turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi
üçün hazırlanıb. Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab verən
müasir turizm sahəsinin formalaşdırılması və
onun ölkə iqtisadiyyatının əsas inkişaf
dayaqlarından birinə çevrilməsinin təmin edilməsi
məqsədi ilə ölkədə turizm infrastrukturunun
yüksək beynəlxalq tələblər səviyyəsində
qurulmasına istiqamətlənmiş məqsədyönlü
fəaliyyəti həyata keçirilir. Turizm sahəsində
qabaqcıl beynəlxalq təcrübədən istifadə
edilməklə səmərəli dövlət tənzimlənməsi
və idarə edilməsi mexanizmlərinin yaradılması əsas
şərtlərdəndir. Ölkənin turizm sahəsinin təqdim
etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq
standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm
xidmətləri bazarında ölkə turizminin rəqabət
qabiliyyətinin artırılması məqsədi ilə
görülən işlər davamlı olaraq həyata
keçirilir. Turizm sahəsində normativ hüquqi bazanın
və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi,
turizm zonalarında müvafiq infrastrukturun yaradılması,
ölkənin turizm potensialından istifadə
imkanlarının genişləndirilməsi, ölkənin
bütün regionlarında turizm fəaliyyətinin
stimullaşdırılması, turizm sahəsinə yerli və
xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsi, yeni turizm
marşrutlarının yaradılması, turizm xidmətlərinin
keyfiyyətinin artırılması məqsədi ilə
mütərəqqi üsulların və standartların
hazırlanması və tətbiq edilməsi və bu kimi
yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi yaxın
5 il ərizində tam şəkildə həllini tapacaq.
Sözsüz ki, artıq bu və ya digər nailiyyətlər
Azərbaycan turizm sektorunda özünü göstərir.
Mehmanxanaların və digər turizm xidməti müəssisələri
şəbəkəsinin genişləndirilməsi, turizm sahəsi
üçün kadr hazırlığı və
ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici
dövlətlərdə məqsədli təhsil üzrə
layihələrin həyata keçirilməsi, Azərbaycanın
milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin
dünyada təbliği, ayrı-ayrı regionların və
şəhərlərin tarixini əks etdirən materialların
nəşr etdirilməsi və yayılması, müasir
informasiya və kommunikasiya texnoloşiyalarının tətbiq
edilməsi, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi də vacib şərtlərdəndir.
Turizmin rolunu və əhəmiyyətini nəzərə alan
Azərbaycan prezidenti 2011-ci ili "Turizm İli" elan etdi.
Son illərdə görülən
tədbirlər öz bəhrəsini verir. 2007-ci ildə Azərbaycana
1,332 milyon nəfər xarici ölkə vətəndaşı
gəldiyi halda 2011-ci ildə bu gəstərisi 2,239 milyon nəfərə
yüksəlib. 2011-ci ilin yekunlarına əsasən, Azərbaycanda
141 turizm müəssisəsi var. 2006-cı ildə onların
sayı 96 idi. Turizmlə məşğul olan işçilərin
sayı 2011-ci ildə 1541 nəfər olub. 2006-cı ildə
bu şöstərici 779 nəfər təşkil edirdi.
Müəssisələrin əldə
etdiyi gəlir 2006-cı ildə 8,48 milyon manat təşkil
etdiyi halda, 2011-ci ildə 22,634 milyon manata yüksəlib.
Artım 2,66 dəfə qeydə alınıb. Müəssisələr
sırf turizm fəaliyyətindən 2006-cı ildə 4,78
milyon manat, 2011-ci ildə isə 17,8 milyon manat gəlir əldə
edib.
Azərbaycanda son illərdə
mehmanxana və mehmanxana tipli müəssisələrin də
sayı artır. 2006-cı ildə 285 belə müəssisə
olduğu halda 2011-ci ildə 508-ə yüksəlib. Onlarda olan
yerlərin sayı isə bu müddətdə 24706 nəfərdən
32 min nəfərə çatıb.
Statistikaya görə, ölkəmizə
gələn turistlərin sayına nisbətən Azərbaycandan
xaricə dincəlmək üçün gedənlərin
sayı daha çoxdur. 2006-cı ildə Azərbaycana gələn
1,262 milyon əcnəbinin 681 mini turizm məqsədilə gəlib.
Həmin ildə 1,835 milyon nəfər Azərbaycandan xaricə
gedib ki, onların da 890 mini turizm məqsədilə edilən
səfərlərdir. 2011-ci ildə Azərbaycana gələn əcnəbilərin
sayı 2,239 milyon nəfərə yüksəldiyi kimi
onların arasında turizm məqsədilə gələrnlərin
də sayı artaraq 1,562 milyon nəfərə yüksəlib.
Həmin ildə ölkəmizdən 3,55 milyon nəfər
xarici gedib ki, onların da 2,308 milyon nəfəri turist qismində
gedənlərdir.
Bu statistik məlumatlardan aydın
olur ki, Azərbaycana gələn əcnəbilərin sayı
2006-cı ildən bəri 1,77 dəfə artdığı
halda turistlərin sayı 2,3 dəfə artıb. Azərbaycandan
xaricə gedənlərdə artım 1,93 dəfə, turist
kimi gedənlərdə isə artım 2,58 dəfə olub.
Deməli, son illərdə Azərbaycana turizm məqsədilə
gələnlərin sayındakı artım gedənlərin
sayına nisbətən geridə qalır.
Bunun səbəbini mütəxəssislər
Azərbaycanda turizm xidmətlərinin baha və keyfiyyətcə
hələ də xarici ölkələrdən geri qalması
ilə əlaqələndirirlər. Məsələn, Azərbaycanda
yay turizm mövsümündə bir günü 30 manata
mehmanxana nömrəsi tapmaq mümkün olmursa, qonşu
Türkiyədə bu qiymətə kifayət qədər və
istənilən şəhərdə mehmanxana tapmaq olar. Həmçinin,
Türkiyədə Azərbaycandan fərqli olaraq bu qiymətə
ən azı bir yemək xərci daxil edilir. Türkiyədə
belə əlverişli imkanların yaradılması ilə əlaqədar
olaraq 2011-ci ildə gələn turistlərin sayı 27 milyon nəfəri
ötüb. Ölkə turizmdən 12 milyard dollardan çox
qazanc əldə edib. Türkiyə turist sayının
artımına görə, dünyanın ən qabaqcıl
ölkələrindən sayılır. Qardaş ölkənin
təcrübəsi təsdiq edir ki, daha çox turist cəlb
edilməsinin ən sadə yolu əlverişli qiymətlərdir.
Ona gərə də mütəxəsislər
Azərbaycana turizm sahəsində yaxşı nəticələr
əldə edən ölkələrin təcrübəsini
öyrənməyi və onu daha təkmil şəkildə tətbiq
etməyi tövsiyə edir.
Vasif CƏFƏROV
Ekspress.-
2012.- 3 oktyabr.- S.3.