İxrac
sahibkarlığı gücləndirir
Azad
sahibkarlığın və liberal
iqtisadiyyatın təşviqi
Davamlı
iqtisadi inkişafa nail olmaq istəyən hər bir ölkə
ixrac potensialını artırmalıdır. İxrac
potensialını artıra bilməyən ölkənin
ümumi daxili məhsul istehsalında real artımı
davamlı təmin etməsi qeyri-mümkündür. Bu mənada
hər bir ölkə üçün ixrac potensialının
artırılmasnını əhəmiyyəti
böyükdür.
İxrac
potensialını artırmaq üçün nə edilməlidir
sualına cavab tapmaq çox sadədir: bu məqsədlə
ölkədə ixracyönümlü istehsal sahələrinin
və xidmət bölmələrinin
formalaşdırılması vacibdir. Dövlət hər zaman
daha güclü sahibkarlar sinfinin formalaşmasına
çalışmalı, iş adamlarına müxtəlif
formada dəstək verməlidir. Bütün bunlar edilməlidir
ki, ölkənin ixrac potensailı hər zaman güclü
şəkildə olsun.
İqtisadi nəzəriyyəyə görə,
ixrac potensialının tənzimlənməsində
başlıca məqsəd milli
iqtisadiyyatın davamlı inkişafının təmini və
makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Digər tərəfdən,
ixrac potensialının yüksəldilməsi,
ondan milli
iqtisadiyyatın inkişafı üçün
səmərəli istifadə edilməsi makroiqtisadi
sabitlik və davamlı inkişafda
əsas şərtlər kimi
çıxış edir. Bir
sözlə, bu iki amil bir-biri ilə
qarşılıqlı əlaqədədir. Buna görə də ixrac potensialının tənzimlənməsi
məsələlərini aydınlaşdırarkən makroiqtisadi inkişaf
göstəricilərinin öyrənilməsi və iqtisadi inkişaf
xüsusiyyətlərinin, milli iqtisadiyyatda müşahidə edilən
tendensiyaların tədqiqi zəruridir.
Ümumiyyətlə, ixrac potensialı səmərəli istifadə
edilmədikdə o gücünü
tədricən itirir. Ölkələr bir qayda olaraq
ixracda müəyyən sahələr
üzrə ixtisaslaşır. Bütün
sahələrdə əldə edilən məhsulun
ixracını həyata keçirmək mümkün
deyil. Bu xoşbəxtlik
dünyanın yalnız bir neçə inkişaf etmiş ölkəsinə
nəsib olub. Qalan
ölkələr ixrac imkanlarına
görə ixtisaslaşıblar. Buna
görə də belə bir fikir var ki,
hər bir ölkə ixrac
potensilaından səmərəli istifadə etməlidir.
İxrac
potensialından səmərəli istifadə göstəricilərindən
başlıcası ölkənin ixracının artım səviyyəsi,
mövcud sahələrin ixrac
potensiallarına uyğunluğu məsələsidir.
Gərək ölkədə ümumi daxili məhsul istehsalı ilə ixrac həcmi uyğun olsun. Yəni, ÜDM artdığı kimi ixracın da artması
lazımdır. Azərbaycanda son
illərdə ÜDM-in artım tempi ixracın artımını üstələyir.
2008-ci ildə ixracın həddi 47,7 milyard
dollara yüksəlib ki,
bu hələ də maksimum
göstərici sayılır. Üstəlik 2012-ci ildə ixracda yenidən azalma prosesi gedir. Amma 2008-ci ildə 48,8 milyard
dollar olan ÜDM maksimum göstərici deyil.
2011-ci ildə Azərbaycanda 63,4 milyard dollarlıq
ÜDM-yə nail olunub.
Bu da ondan
xəbər verir ki, ÜDM-in artımında başqa
amillərin (manatın dollara qarşı
möhkəmlənməsinin, daxili bazarda qiymət artımlarının və s.) rolu yüksəlib. Bir sözlə, bu ilkin, sadə bir təhlil olsa da onu
göstərir ki, ixracın artımı
ölkədəki iqtisadi artımla adekvat deyildir.
Ölkədəki makroiqtisadi
sabitlikdən, artan maliyyə
resurslarından daha səmərəli
istifadə etməklə ixrac
potensiallarını effektli
reallaşdırmaq olar.
İxrac potensialından səmərəli istifadədə və
onun iqtisadi inkişaf istiqamətində tənzimlənməsində
iqtisadiyyata qoyulan investisiyalar da mühüm əhəmiyyətə malikdir. İnvestisiyaların bir
hissəsi mövcud istehsal
sahələrinin inkişafına, o
cümlədən də bu sahələrdə
ixracın artımına yönəldilirsə,
onların əsas hissəsi yeni istehsal, xidmət və ifrastruktur
sahələrinin yaradılmasına istiqamətləndirilir. Bu da öz
növbəsində, ölkədə real
iqtisadi artımı şərtləndirir.
Neft sektorunda əldə edilən nailiyyətlər,
neftin dünya
bazarına çıxarılması nəticəsində irihəcmli
valyuta ehtiyatlarının əldə edilməsi,
dövlət büdcəsi gəlirlərinin sürətli
artımı son illər ərzində
dövlət investisiyalarının həcminin durmadan
artmasını şərtləndirmişsə, xarici iqtisadi əlaqələrin genişləndirilməsi,
ölkədə makroiqtisadi maliyyə sabitliyinin möhkəmləndirilməsi xarici investisiyaların artımına,
sahibkarlığın inkişafı, investisiya
mühitinin
yaxşılaşdırılması isə öz
növbəsində daxili özəl
investisiyaların artımına rəvac verib.
Həm yerli, həm də xarici
sərmayələrin həcminin artması ixrac
imkanlarını artırır.
Azərbaycan
hökuməti sahibkarlıq subyektlərinin ixrac
potensialının artırılması məqsədilə
onlara müxtəlif dəstəklər verir. Vergi güzəştləri, ucuz kreditlər, AZPROMO-nun
yaradılması bunlara misaldır. Eyni zamanda dövlət
ixracı sadələşdirmək məqsədilə qanunvericiliyi sadələşdirir.
Ölkəmizdə ilk
dəfə olaraq 1992-ci ildə "Azərbaycan
Respublikasının ixracat potensialından
səmərəli istifadə edilməsi haqqında" prezident fərmanı olub.
Bu sənəd
müstəqillik əldə etdikdən sonra
Azərbaycanın xarici-iqtisadi əlaqələrinin
ilkin formalaşma mərhələsində
əhəmiyyət kəsb edirdi və xarici ticarət əlaqələrinin
qurulmasında və tənzimlənməsində müvafiq dövlət orqanları arasında
vəzifə bölgüsünü müəyyən
edirdi. Sonra Azərbaycanda
1995-ci ildə "İxracat vergisi haqqında" qanun
qəbul olundu. Bu qanun ixrac
potensialının tarif tənzimlənməsi
istiqamətində mühüm bir sənəd sayılır.
2004-cü ildə "İxrac nəzarəti haqqında" əlavə
bir qanun qəbul edilib. Bu normativ aktda
dövlət orqanları tərəfindən ixrac
nəzarətinin həyata keçirilməsinin hüquqi əsasları və ixrac
nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
Azərbaycan gömrük sərhədlərindən
keçirilməsi qaydaları müəyyən edilib. Nəhayət, 2008-ci ildə
prezidentin imzaladığı fərmanla
ölkənin ixrac potensialının tənzimlənməsində
"bir pəncərə" prinsipi tətbiq edildi.
2009-cu ildən tətbiq edilən bu prinsip üzrə vahid
dövlət orqanının səlahiyyətləri Dövlət
Gömrük Komitəsinə həvalə
olundu. Təcrübə göstərdi
ki, "bir pəncərə"
prinsipinin tətbiqi sərhəddə ixracla bağlı əmaliyyatların sadələşməsinə
kömək etdi.
"Bir pəncərə"də
sadələşdirilmiş bəyannamə sistemi
var. Sahibkar nəyi ixrac edəcəksə əvvəlcədən
onun haqqında məlumat verir,
malını bəyan edir. Mal
bəyan olunandan sonra onun keçidinin ləngidilməsi
heç bir əsas
qalmır. Əgər ixrac edilən məhsul
kənd təsərrüfatı məhsuludursa yalnız mövsümü rüsumlar
tətbiq edilir. Qalanları,
yəni sənaye təyinatlı olanların ixracı daha çox
stimullaşdırılır. Əvvəl isə məsələn,
kənd təsərrüfatı malları ixrac
ediləndə fitosanitar xidməti,
baytarlıq xidməti, gömrük komitəsi
ayrı-ayrılıqda baxırdı. Bunların hamısı
indi bir əldədir.
Gömrükdə yaradılan laboratoriya mal çıxarılmamışdan öncə
nümunələr götürür və
bununla da proses başa
çatdılır.
Təhlillər göstərir ki, milli iqtisadiyyatda
inkişaf proseslərinin sürətlənməsi
iqtisadi sahələrin ixrac
potensiallarından istifadə imkanlarını da
yüksəldib. Lakin bununla
yanaşı, bir sıra strateji
sahələrin ixrac potensialının tənzimlənməsinə
daha böyük zərurət
yaranıb. Bu baxımdan ölkənin aqrar sektoruna xüsusi diqqət vacibdir.
Bu sektor, həm də
böyük ixrac
potensialına malikdir və bu potensialdan istifadənin
yüksəldilməsi uzun illərdir ki, qarşıda duran aktual məsələlərdən biridir. ÜDM-in sahələr
üzrə strukturuna diqqət yetirsək,
görərik ki, kənd təsərrüfatının
buradakı çəkisi 2000-ci ildəki 15,9 faizdən 2011-ci
ildə 5-6 faizə enib. Düzdür,
bu daha çox
neft sektorunun ÜDM-dəki
çəkisinin durmadan artması və
27,6 faizdən 52,8 faizə çatması ilə izah edilə bilər. Amma
nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının qeyri-neft sektorundakı çəkisi də bu illər ərzində 2 dəfədən çox azalıb. Bu məhz son
bir neçə ildə kənd təsərrüfatı
sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarına, müxtəlif
sahibkarlıq subyektlərinə dövlət dəstəyinin
yüksəldiyi bir dövrdə baş verib. Deməli
dəstək bir qədər də, özü də kompleks
şəkildə artırılmalıdır ki,
aqrar bölmənin ixrac
potensialından istifadənin yüksəldilməsində
müstəsna rol oynaya
bilsin.
Nəzərə almalıyıq ki, qeyri-neft sektoru üzrə ixrac əsasən
özəl bölmə hesabına formalaşır. Bu baxımdan müasir iqtisadi proseslər şəraitində dövlətin
sahibkarlığa dəstəyi xüsusi əhəmiyyətə
malikdir.
Yeri gəlmişkən,
qeyd edək ki, Nazirlər
Kabinetinin 2011-ci il 8 fevral tarixli qərarı bu mənada böyük əhəmiyyət
daşıyır. Sənəd "2011-2013-cü illər üçün qeyri-neft
məhsullarının ixracının
stimullaşdırılmasına dair Tədbirlər
Planı"nı əhatə edir. Tədbirlər Planında müəssisələrdə
istehsal prosesinin
qabaqcıl texnologiyalar əsasında təşkili
üçün sahibkarlıq subyektlərinin
dəstəklənməsi ilə yanaşı, ixrac prosedurlarının sadələşdirilməsi,
ixrac məqsədli məhsulların
istehsalının kreditləşdirilməsi, ixrac
üçün perspektivli
sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkili,
potensial ixrac bazarı
ölkələrində Azərbaycan ticarət evlərinin
yaradılması və digər tədbirlər əksini
tapıb.
Xatırladaq ki, dövlət buna qədər 2003-cü
ildə ölkənin ixrac qabiliyyətinin
artırılması və xarici investisiyaların cəlb edilməsi
kimi öncül məqsədlərin
reallaşdırılması məqsədilə Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) təsis edib. Fond ölkə sahibkarlarının ixrac potensialının
artırılmasında, investisiya
imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların
tapılmasında və birgə əməkdaşlıq layihələrinin
həyata keçirilməsində sahibkarlara
yaxından dəstək verir. AZPROMO-nun əsas
məqsədi qeyri-neft sektorunun
ixrac gücünün
artırılmasıdır.
Onu da deyək ki, qeyri-neft ixracında vəziyyət qənaətbəxş
olmasa da tendensiya qanedicidir. Belə
ki, son 10 ildə Azərbaycanın
ixracı 8,7 dəfə artdığı halda
qeyri-neft ixracı 10 dəfə, xidmət
ixracı 9 dəfə artıb. 2011-ci ilin yekununda qeyri-neft sektoruna aid olan ixrac 2 milyard
dollardan bir qədər artıq olub.
Azərbaycan bitki və heyvan
mənşəli məhsulların,
hazır ərzaq məhsullarının, kimya
sənayesi məhsullarının,
metallurgiya, maşın
və avadanlıqlar, toxujuluq sənayesi məhsullarının, xidmətlər
ixracında isə nəqliyyat, turizm, rabitə, tikinti xidmətlərinin ixracını
artırıb. Hazırda Azərbaycanın
qeyri-neft ixracının
strukturunda xidmətlərin
payı 60%, əmtəələrin
payı isə 40% təşkil edir.
Vasif CƏFƏROV
Ekspress. – 2012. – 11 oktyabr. – S. 9.