Sabit manat iqtisadiyyata inamı gücləndirir

 

   Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

   Azərbaycan Mərkəzi Bankı manatın kursunun sabit saxlanılması siyasətini yeridir. Manatın kursunun sabit saxlanılması dedikdə milli valyutanın ABŞ dolları ilə məzənnəsinin tənzimlənməsi nəzərdə tutulur.

   Mərkəzi Bank mütəmadi olaraq valyuta bazarına müdaxilə etməklə manatla dollar arasında olan kursun sabitliyini qorumağa çalışır. Digər aparıcı valyutalarla manatın kursunu isə bazar müəyyən edir. Həmin valyutaların dollara qarşı kursunun dəyişməsi əsasında onların manatla olan məzənnəsi də təyin olunur.

   Bəs, manatın kursunun sabit saxlanılması Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir?

   Mərkəzi Bankın bu məsələ ilə bağlı mövqeyi belədir ki, manatın məzənnəsinin sabit qalması ölkədə inflyasiyanın, iqtisadi subyektlərin xarici borc yükünün və dollarlaşmanın artmamasına və bütövlükdə, əhalinin real pul gəlirlərinin qorunmasına imkan verir. Sabit kurs siyasəti həmçinin ölkə iqtisadiyyatına olan inamı artırır və xarici sərmayələrin daha az tərəddüdlə Azərbaycana yönəldilməsini stimullaşdırır. Buna görə də Mərkəzi Bank sabit kurs siyasətini davam etdirməkdə israrlıdır.

   Qeyd edək ki, Azərbaycanda müşahidə edilən məzənnə manatın nominal məzənnəsidir. Ölkənin qeyri-neft sektorunun ixrac qabiliyyətinə kursun təsirinin qiymətlərndirilməsi üçün real effektiv məzənnə daha əsas götürülür. Real effektiv məzənnə dedikdə manatın Azərbaycanın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

   Mərkəzi Bankın 2012-ci ilin birinci yarısı ilə bağlı pul siyasətinə dair icmalında qeyd edilir ki, Azərbaycanın tədiyə balansında iri həcmli profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin, məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən I yarımildə 639,4 milyon manat həcmində valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi mülayim templə, cəmi 0,1% möhkəmlənib. Mərkəzi Bank bildirir ki, milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi duruma və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

   2012-ci ilin birinci yarısında manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib. Yanvar-iyun aylarında manat Avrozona və İranın valyutalarına nəzərən həm nominal, həm də real olaraq bahalaşıb. Türkiyə, Gürcüstan və Belarus valyutalarına nəzərən isə həm real, həm də nominal ucuzlaşma baş verib. ABŞ, Böyük Britaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Yaponiya, İsrail, Çin və Cənubi Koreyanın valyutalarına nəzərən isə manat nominal olaraq bahalaşsada real olaraq ucuzlaşıb.

   Beləliklə, hesabat dövründə Mərkəzi Bank manatın ikitərəfli məzənnəsinin sabitliyini təmin edib. Manatın real çoxtərəfli məzənnəsi isə ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yaxşılaşması baxımından müsbət haldır.

   İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə isə manatın kursunun sabit saxlanılması daha çox sosial sahədə Azərbaycana divident gətirir. O qeyd etdi ki, dolların kursunun manata nisbətən yüksəlməsi əhalinin gəlirlərinin real dəyərinin itirməsi anlamını verir. Məsələn, manatla əmanət saxlayan və ya yığım edən insanlar kursun düşməsi səbəbindən həmin vəsait kiçilmiş olur. Bu cür halların milli valyutaya olan inamı sarsıda biləcəyini deyən S.Əliyev Mərkəzi Bankın sabit kurs siyasəti ilə əslində əhali arasında manata olan inamı, etibarı qorumağa çalışdığını vurğuladı.

   Digər tərəfdən, ekpert bildirdi ki, milli valyutanın kursu dəyişkən olarsa Azərbaycanda əlavə inflyasiya təhlükəsi yarana bilər. Çünki Azərbaycan böyük həcmdə məhsul idxal etdiyindən manatın kursunun dollara nisbətən düşməsi ilə ölkədə yüksək inflyasiya yaranması mümkündür.

   S.Əliyev söylədi ki, Mərkəzi Bank bütün bunlar nəzərə alaraq Azərəbaycanda sabit kurs siyasətini yürütməyə məcburdur.

   Kursun sabitliyinin qorunmasının iqtisadi nəticələrinə gəldikdə isə həmsöhbətimiz bu siyasətin daha çox ümumi aktivliyi zəiflətdiyini bildirdi. Onun fikrincə, manatın dollara nisbətən kursunun yüksək olması yerli istehsalçının ixrac etmək imkanlarına mənfi təsir edir. Bunu bir şərti müqayisənin timsalında da görmək olar. Təsəvvür edək ki, bir il əvvəl 100 dollar 100 manat olub. Bu halda xaricdə Azərbaycan məhsulunu satmaqla sahibkar 100 dollara qazanır. Ölkəyə qayıdıb onu manata çevirən sahibkar 100 manat əldə edir. Bir ildən sonra 100 dollar 90 manat olur. Yəni, manat 10 faiz möhkəmlənir. Bu halda isə məhsulunu satmaqla 100 dollar qazanan sahibkar ölkəyə qayıdıb pulunu manata çevirəndə qazancı 90 manat olur. Deməli, məzənnənin möhkəmlənməsi sahibkarı 10 faiz ziyana salır.

   S.Əliyevin fikrincə, ümumi vəziyyəti nəzərə alaraq Mərkəzi Bank manatın kursunu sabit saxlamaq siyasətini davam etdirməlidir. Amma onun qənaətincə, kursun il ərzində kiçik fərqlə ucuzlaşdırılması da lazımdır. Həmsöhbətimiz manatın kursunun bir il ərzində 1 faiz səviyyəsində düşməsini məqbul variant sayır.

   Deputat, iqtisadçı Əli Məsimli hesab edir ki, manatın kursunun sabit saxlanılmasının iqtisadi səmərədən çox sosial əhəmiyyəti var. O, 2008-2009-cu illərdə dünya maliyyə böhranının ağır təzyiqlərini göstərdiyi müddətdə Rusiya, Qazaxıstan Ukraynada baş verən kurs dəyişikliyini buna misal göstərdi.

   Xatırladaq ki, iki il öncə bu ölkələrin milli valyutalarının kursu dollara qarşı kəskin şəkildə aşağı düşdü. Nəticədə əhalinin pensiyaları, əmək haqları azaldı. Amma Azərbaycanda kurs sabit saxlanıldığından əhali real gəlir itkisi ilə üzləşmədi.

   Ə.Məsimli dedi ki, adıçəkilən ölkələrdə o zaman atılan addım mənfi sosial nəticələr doğursa da iqtisadi baxımdan sonradan ciddi irəliləyişlərin əldə edilməsi üçün əhəmiyyətli oldu. Bu mənada iqtisadçı hesab edir ki, valyutanın kursunun sabit saxlanılması əhalinin gəlirlərinin qorunması baxımından əlverişli olsa da iqtisadi aktivliyi artırmaq üçün heç bir köməkçi rola malik olmur. Xüsusilə neftdən kənar istehsal sahələrinin ixrac gücünün artırılması üçün o manatın möhkəmləndirilməsinin mane yaratdığını söyləyib.

   Maraqlı olacağını nəzərə alaraq bildirək ki, milli valyutamız dünyada nominal dəyəri yüksək, kursu sabit olan pullardan sayılır. Azərbaycan manatını digər ölkələrin valyutalarıyla müqayisə etdikdə, onu nominal dəyəri yüksək olan pullar sırasına aid etmək olar. Dünyada bu baxımdan manatdan "dəyərli" olan valyutaların sayı azdır.

   Azərbaycan hökuməti 2006-cı ildə manatın nominal dəyərini kiçiltməklə milli valyutamızı dünyanın ən "bahalı" pulları sırasına daxil edib. Amma unutmaq lazım deyil ki, pulun nominal dəyərinin kiçik ya böyük olması heç onun kursunun sabit olub-olmamasını müəyyənləşdirmir. Bununla belə kursun zəifləməsi, pulun ucuzlaşması öz ifadəsini nominal ifadədə göstərir. Kursun mütəmadi olaraq düşən pulun nominal məbləği bir müddətdən sonra böyüyür ki, bu da pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Buna görə Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin daim sabit saxlanılmasına bu yolla valyutanın nominalının böyüməməsinə çalışır. Ölkəmizdə 1990-cı illərin əvvəllərindən manatın kursunun kəskin şəkildə ucuzlaşması onun nominal dəyərinə birbaşa mənfi təsir etdi manat ən böyük nominallı pullardan birinə çevrildi. Amma hazırda manatın kursu nominalı ilə bağlı vəziyyət tamamilə fərqlidir.

   Nominal məbləği manatdan yüksək olan pullar sırasında Küveyt dinarı (2,8 manat), Latviya latı (1,45 manat), ingilis funt-sterlinqi (1,25 manat), avro (1,009 manat) var.

   MDB ölkələrinin milli valyutaları ilə müqayisə etidkdə məlum olur ki, manatın "rəqibi" yoxdur. Hazırda bir Belarus rublu 0,00009 manat, gürcü larisi 0,475 manat, qazax tengəsi 0,0052 manat, qırğız somu 0,0162 manat, Moldova leyi 0,064 manat, özbək somu 0,0004 manat, rus rublu 0,025 manat, tacik somonisi 0,164 manat, türkmən manatı 0,27 manat, Ukrayna qrivnası 0,096 manat, erməni dramı 0,0019 manatdır.

   Ölkəmizlə yaxın ticarət əlaqəsi olan digər ölkələrin valyutası ilə müqayisə etdikdə fərqin manatın xeyrinə olduğu üzə çıxır. Birləşmiş Ərəb Əmirliyinin bir dirhəmi 0,213 manata, Çin yuanı 0,12 manata, İran rialı 0,00006 manata, türk lirəsi 0,43 manata dəyişdirilir.

   İqtisadçıların fikrincə, valyutanın nominal dəyərinin kiçik ya böyük olmasında baxmayaraq onun məzənnəsinin stabilliyinə xüsusi diqqət yetirilməlidir.

   Azərbaycanda manatın ABŞ dollarına qarşı kursunu Mərkəzi Bank tənzimləyir.

   Kursun bu şəkildə tənzimlənməsi yuxarıda bildirildiyi kimi, Azərbaycan üçün vacibdir. Əks halda, idarə edilməyən kurs ciddi risklər yarada bilər. Belə ki, kursun vəziyyəti ölkə daxili iqtisadi şəraitə xarici ticarət əlaqələrinə birbaşa təsir edir. Kursun stabil olması, yəni müəyyən kiçik intervalda artıb azalması yaxşı göstərici sayılır. Əgər kurs həddən artıq yüksək möhkəmdirsə bu ölkəyə idxalı artırır, istehsal şəraiti stimullaşmır. Kurs həddən artıq ucuzlaşdıqda isə bu böyük inflyasiya sayılır ölkədə əhalinin real pul gəlirləri azalır. Bununla pulun nominal dəyəri "şişməyə" başlayır. Pulun dəyərdən düşməsi əhalinin real gəlirlərini azaltdığından ölkədə i istehlak mallarının tələbi aşağı salır.

   Bu mənada milli valyutanın məzənnəsinin daim tənzimlənməsinə ehtiyac var. Tənzimləmə siyasəti aparılan zaman isə Azərbaycanın iqtisadi-ticarət əlaqələri, ticarət tərəfdaşlarımızın valyutalarının dollara qarşı məzənnəsi nəzərə alınmalıdır.

 

  

  Vasif CƏFƏROV

 

   Ekspress. – 2012.  -12 oktyabr. – S. 9.