Sahibkar lizinqdən necə
faydalanır?
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
İqtisadiyyata investisiya
qoyuluşunun müxtəlif yolları var. Bunlar arasında son 35-40 ildə
ən inkişaf etmiş modellərdən biri lizinqdir. Məlumatlara
görə, dünyanın inkişaf etmiş ölkələrində
iqtisadiyyata investisiya qoyuluşunun 25-30%-i lizinq vasitəsilə
həyata keçirilir.
Yeni növ məhsulların
80%-ə qədəri lizinq yolu ilə alınmış avadanlıqlarda
istehsal olunur. Avstraliyada sənaye kapital
qoyuluşlarının 33%-i lizinq əsasında baş verir.
ABŞ-da elektron hesablama
maşınlarının, poliqrafik və energetik
avadanlıqlar, energetik avadanlğın böyük hissəsi
lizinq əsasında alınır. Qaldırıcı-nəqliyyat
vasitələrinin alınmasında lizinq xidmətinin payı
58%, sərnişin təyyarələri və
avadanlıqların payı 50%-dir. Çevik dəyişən
texnologiyaya və hesablama texnikasında hesablama texnikası,
maşınqayırmada, rabitə vasitlərinin istehsalında,
elektrik avadanlıqları sahəsində lizinqdən daha
geniş istifadə olunur və s.
Lizinq bazarının
dünyada kifayət qədər inkişaf etməsinə baxmayaraq,
Azərbaycanda bu sahədə vəziyyət o qədər də
ürəkaçan deyil. 2011-ci ildə Azərbaycanda
ümumi investisiya qoyuluşu 21,66 milyard
dollar olduğu halda lizinq yolu ilə qoyulan sərmayənin həcmi
150 milyon dollar olub. Yəni, ümumi investisiya qoyuluşunda
lizinq əmaliyyatları cəmi 0,7 % təşkil
edib.
2010-cu ildə lizinq əmaliyyatları
170 milyon dollar idi. Həmin ildə 17,6
milyard dollar sərmayə qoyulmuşdu ki, burada lizinqin payı
0,96 % olub.
İnkişaf etmiş ölkələrdə
lizinqin ümumi investisiya qoyuluşunda payının 30 % və
bir qədər də artıq olduğunu nəzərə alsaq,
məlum olur ki, Azərbaycanda lizin bazarını bir neçə
milyard dollara qədər artırmaq olar. İlkin
mərhələdə isə bunun 800 milyon - 1 milyard dollara
çatdırılmasının mümkün olduğu
bildirilir.
Bu gün ölkəmizdə
30-a yaxın şirkət öz məhsullarını lizinqlə
təqdim edir. Bunlar arasında ən
güclüsü "Aqrolizinq" ASC sayılır. "Aqrolizinq" ASC dövlət şirkətidir.
Bu qurum dövlət
başçısının "Aqrar bölmədə
lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər
haqqında" sərəncamı əsasında 2004-cü
ildə yaradılıb. Prezidentin
müvafiq sərəncamları ilə cəmiyyətin ənənəvi
lizinq xidmətlərindən başqa fəaliyyət dairəsi
ildən-ilə genişləndirilib. "Aqrolizinq"
ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloci
avadanlıqların, tinglərin, buğda toxumlarının,
cins damazlıq heyvanların gətirilib istehsalçılara
çatdırılması və kənd təsərrüfatı
aqro-texniki işlərin görülməsi kimi əlavə
funksiyalar da həvalə edilib. Təsdiqlənməmiş
məlumatlara əsasən şirkət
yaradıldığı tarixdən indiyədək 300 milyon
manatdan artıq dəyərdə lizinq əmaliyyatları həyata
keçirb. Son 3 ildə hər il orta
hesabla şirkət 40 milyon manat həcmində lizinq xidməti
təklif edib. Bu da lizinq bazarının 25 %i həcmində
iş deməkdir.
Mütəxəssislər
Azərbaycanda lizinq xidmətlərinin, şirkətlərinin
inkişaf etməməsini qanunvericilik bazasının təkmil
olmaması, lizinq əməliyyatlarının əlavə dəyər
vergisinin tətbiq edilməsi və ümumi maarifsizliklə əlaqələndirirlər.
1994-cü ildə
"Lizinq xidməti haqqında" qanun qəbul edilib. Lakin bu qanun mövcud münasibətləri tam tənzimləyə
bilmədiyindən lizinq əməliyyatları Mülki və Vergi
məcəllələrinin əsas normativ aktları ilə tənzimlənir.
Əsas çətinlik
yaradan cəhət ƏDV-nin tətbiqidir. Lizinq
əməliyyatlarında bank kreditlərindən fərqli
olaraq alınan avadanlığın dəyərinə ƏDV əlavə
edilir və onun maya dəyəri artır. Eyni
bir avadanlıq lizinq yolu ilə tərkak satıldıqda da ƏDV
tətbiq olunur. Bu vəziyyət bank krediti
ilə avadanlıq alınmasının lizinq yolu ilə
avadanlıq alınmasına nisbətən daha ucuz başa gəlməsinə
imkan verir. Buna görə də Azərbaycanda
bank kreditləri ilə avadanlıq və digər əşyaların
alınması daha sərfəlidir.
Bazar
iştirakçılarının fikrincə, lizinq fəaliyyətinə
vergi qoyuluşu problemləri öz təcili həllini və
sistemləşdirilməsini tələb edir, çünki
indiki vəziyyət lizinq sövdələşməsinin
bahalaşmasına və onun bank krediti ilə müqayisədə
cəlbedici olmamasına gətirib çıxarır.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, inflyasiyanın yüksək
templərində, qeyri-stabil vergi qanunvericiliyi, lizinq əməliyyatlarını
tənzimləyə biləcək normativ aktların yoxluğu
zamanı lizinq əməliyyatlarının həyata keçirilməsi
riskli olur.
Öncə də qeyd
etdik ki, lizinq əmaliyyatları çox əhəmiyyətli
bir investisiya qaynağıdır. Bu əməliyyatlar həm
malını satan, həm lizinqə vermək
üçün mal alan, həm də malın son istifadəçisinin
maraqlarını tam təmin edir. Lizinq
bazarının inkişaf etməməsinin əsas səbəblərindən
biri kimi məhz bu fəaliyyət növü ilə
bağlı lazımı təsəvvürün olmaması
göstərilir.
Lizinq dedikdə daha
çox icarə başa düşülür. Amma bu, bizim bildiyimiz ənənəvi icarə
forması deyil. Ənənəvi icarə əmlakın
başqa şəxsin, yəni icarəçinin müvəqqəti
sahibliyinə və istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan
istifadə etməklə yanaşı ondan bəhrə
götürmək hüququna malikdir. İcarə
münasibətləri ikitərəfli xarakter
daşıyır.
Lizinq isə əmlakın
başqa şəxsin (lizinq alanın) müvəqqəti
sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq üçtərəfli münasibətdir.
Lizinqin əsas xüsusiyyətlərindən
biri ondan ibarətdir ki, lizinq verən əmlakı lizinqə
vermək üçün onu mülkiyyət hüququ əsasında
əldə etməli və ya hazırlamalıdır. Əgər lizinqə verilən əmlak artıq
lizinq verənin mülkiyyətindədirsə, əmələ
gələn hüquq münasibəti icarə (kirayə) kimi
qiymətləndiriləcəkdir. Lizinqin
xüsusiyyətlərindən biri də lizinq alanın
alqı-satqı müqaviləsi üzrə tələblərin
birbaşa əmlakın satıcısına qarşı irəli
sürülməsi hüququna malik olmasıdır.
Buna görə də
xarici ölkələrin təcrübəsində lizinq yolu ilə
avadanlıq, müxtəlif əmtəələrin alınması,
hətta bank kreditlərindən də daha münasib sayılır.
Belə bir müqayisə aparaq: yeni
müəssisə yaradan sahibkar müxtəlif texniki vasitələr
almalıdır. Pulu var, amma onu texniki vasitələrin
alınmasına xərcləsə, digər məqsədlər
üçün pul qalmayacaq. Bu halda sahibkar banka üz tutmalıdır. Bank
onun istədiyi pulu verə bilər. Lakin
müəyyən şərtlərin ödənilməsini tələb
edir. Bank ilk növbədə girov təminatı
istəyir. Digər tərəfdən,
riskləri nəzərə alaraq yüksək % tətbiq edir
və vəsaitin qısa müddətə (1-3 ilə)
qaytarılmasını istəyir. Bankdan
kredit almaq istəyən sahibkar üçün bu şərtlər
münasibdirmi? Əlbəttə ki, yox.
Çünki sahibkarın girov təminatı
yoxdur. İkincisi qısa müddətə
qaytarılacaq vəsaitə görə müəssisə hər
ay daha artıq pul ödəməlidir. Belə
olduqda sahibkarın ixtiyarında təkrar sərmayə
qoyuluşu üçün vəsait qalmır və s.
Təcrübə göstərir
ki, bu vəziyyətdə sahibkar üçün ən əlverişlisi
icarədir. Lizinq isə icarə
formaları arasında ən optimalıdır. Səbəbləri çox sadədir. Lizinqlə texniki avadanlıq və digər vasitələr
alınan zaman girov istənilmir. Çünki
avadanlıq alınmır, icarəyə
götürülür. Aylıq ödəniş kredit
üzrə borclanmaya nisbətən çox az
olur. Nəhayət, lizinq müqaviləsi bir
qayda olaraq 3 ildən uzun müddətə bağlanır.
Deməli, lizinq yolu
ilə avadanlıq əldə etməklə sahibkar bir tərəfdən
əlində olan pulunu digər məsələlər
üçün istifadə edə bilir, ikinci tərəfədən
aylıq xərci çox olmadığından
kapitallaşması və buradan qaynaqlanaraq gəliri artır.
Lizinq müqaviləsinin müddəti bitdikdən
sonra sahibkar icarə əsasında istifadə etdiyi
avadanlığı tərəflərin
razılığı əsasında kiçik vəsait
ödəməklə tam sahibinə çevrilir. Qeyd edək ki, lizinq müqaviləsinin obyekti rolunda
istehsal zamanı məhv olmayan istənilən növ maddi sərvətlər
çıxış edə bilər. İcarəyə
götürülmüş obyektin təbiətinə görə
daşınmaz və daşınan obyektin lizinqi fərqləndirilir.
Ümumiləşdirsək,
lizinq əməliyyatlarının tətbiqi istehsalatın
müasirləşdirilməsi və kiçik
sahibkarlığın inkişafı yolunda böyük imkandır.
Kiçik və orta sahibkarlığın
qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif
edilməsi imkanına malik olmadıqlarına görə həmin
müəssisələrin maliyyələşdirilməsində
lizinq şirkətləri mühüm rol oynayırlar.
Bundan başqa, lizinq
maliyyə bazarında rəqabətin artmasına xidmət
edir. Dövriyyə vəsaitlərinin
maliyyələşdirilməsindən aşağı riskli
olan lizinq bank kreditindən daha ucuz maliyyələşdirmə
üsuludur və onunla birbaşa rəqabət təşkil
edir. İnkişaf etməkdə olan
ölkələrdə lizinq bank kreditləşməsinin alternativi
olaraq müəssisələrə həm lizinqdən, həm
də bank kreditindən istifadə ediləməsinə və
təmin edilmiş borcun məbləğinin aşmamasına
imkan yaradır. Lizinq ümumiyyətlə,
iqtisadiyyata kapital qoyuluşlarının həcmini
artırır. Lizinq avadanlığın
satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici mal verənlərə yeni
alıcı sayının artması mexanizmini təklif edir.
Lizinq biznesi sahibkarl fəaliyyətinin
xüsusi sferası kimi fəaliyyət göstərir. Əgər lizinqdən geniş surətdə istifadə
olunarsa, o istehsalın texniki təchizatının, Azərbaycan
iqtisadiyyatının yenidən təşkilinin və
bazarın yüksək keyfiyyətli mallarla
doldurulmasının güclü impulsu kimi
çıxış edə bilər. Lizinq
sövdələşmələrinin effektivliyi
özünü investisiya prosesinin aktivləşdirilməsində
lizinqalan müəssisənin maliyyə durumunun
yaxşılaşmasında, xırda və orta biznesin rəqabət
qabiliyyətliliyinin artırılmasında göstərir.
Lizinq xidmətinin bir
investisiya mexanizmi kimi inkişafı nəticəsində
banklar və sığorta şirlətləri də lizinq
münasibətlərinə qatılırlar. Bankların
lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə
bağlıdır: lizinq kapital tutumlu biznes növüdür,
banklar isə pul resurslarının əsas sahibləri
sayılırlar, lizinq xidmətləri öz iqtisadi təbiətləriə
görə bank kreditləşdirilməsi ilə sıx
bağlıdır və axırıncının özünəməxsus
alternativdir.
Vasif CƏFƏROV
Ekspress. -2012.
-16 oktyabr. –S. 9.