Dövlət müəssisələrinin özəlləşdirilməsi sahibkarlar arasında rəqabəti gücləndirir

 

   Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

  Azərbaycanda bazar iqtisadi sisteminə keçidin başlanmasından 20 ildən artıq müddətin ötməsinə baxmayaraq, ölkəmizdə kapitalist cəmiyyətinin tam formalaşdığını deyə bilmərik. Yeni iqtisadi münasibətlər və yeni sistemin subyektləri təşəkkül tapsa da, bir sıra sahələrdə hələ də təbii inhisarçılıq mövcuddur, burada dövlət müəssisələri aparıcı mövqeyə malikdir. Bank, enerjidaşıyıcıları, rabitə, kommunal xidmətlər, neft və qaz sahələrində dövlət müəssisələri inhisarçı mövqeyə aydın görünür.

   Dövlət müəssisələri sığorta, lizinq, xidmətlər və başqa sahələrdə də önəmli güc sahibidir. Liberal iqtisadi dəyərləri rəhbər tutan bir ölkədə belə vəziyyətin hələ də qalması kapitalizmin mövcud olması haqqında tam əminliklə danışmağı çətinləşdirir.

   Məlumatlara görə, kredit təşkilatları tərəfindən iqtisadiyyata verilən kreditlərin 35 faizini yeganə dövlət bankı olan Beynəlxalq Bank verir, elektrik istehsalı və satışı, su və kanalizasiya xidməti, istehlakçılara qaz satışı, neft məhsullarının emalı, kimya məhsullarının istehsalının əksəriyyəti, ixracın 95 faizi və s. dövlət müəssisələri tərəfindən həyata keçirilir. Sənaye sahəsi üzrə fəaliyyət göstərən 2500 müəssisənin 537-i dövlət mülkiyyətindədir, tikinti sahəsi üzrə görülən işlərin hələ də 25 faizi dövlət müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycanda ümumi daxili məhsul istehsalının 17-20 faizi dövlət bölməsinin hesabına formalaşır. Buna bənzər misallar çoxdur.

   Etiraf edək ki, bazar iqtisadi münasibətləri sistemiə yeni keçən ölkələrdə iqtisadiyyatda dövlət müəssisələrinin sayının və istehsal gücünün yüksək olması çox təsadüf olunan haldır. İnkişaf etməkdə olan və keçid dövrünü yaşayan iqtisadiyyatlarının bir çoxunda ÜDM-nin əhəmiyyətli hissəsi hələ də dövlət müəssisələrinin hesabına yaradılır. Lakin hökumətin vəzifəsi firmaların yerinə fəaliyyət göstərmək yox, onların müvəffəqiyyət qazanması üçün əlverişli şəraiti təmin etmək və onlar arasındakı münaqişələri mühakimə etməkdir. Özəlləşdirmə hökumətlərə bu istiqamətdə hərəkət etmək üçün kömək edən üsullardan biridir. Bazar iqtisadiyyatı şəraitində ölkələr öz biznes mühitlərini təkmilləşdirməyə və qlobal iqtisadiyyatda rəqabət aparmağa çalışmalı, hökumətlər də iqtisadiyyatın iştirakçılarından müstəqil tənzimləyicilərə çevrilməlidir.

   Xatırladaq ki, XX əsrin sonlarına qədər hökumət tərəfindən idarə edilən biznes təşkilatları daha çox olub və onlar iqtisadiyyatlarda həmişə böyük paya sahib olublar. Xüsusilə də özəl biznesə qısqanclıqla yanaşan sosialist düşərgəsinə aid olan ölkələrdə dövlət müəssisələri hegemon mövqeyə malik idilər.

   XX əsrin əvvəllərində dövlət müəssisələrinin çoxluğu, onların iqtisadiyyatda mövqeyinin güclü olması bütün ölkələrdə hakim kəsilmişdi. Hətta Böyük Britaniya kimi kapitalizmin təşəkkül tapdığı ölkədə də eyni vəziyyət idi. Yalnız ikinci dünya müharibəsindən sonra Qərb hökümətləri mühüm dövlət müəssisələrini tədricən özəlləşdirməyə çıxardı. Ələlxüsus, 1970-ci ilin sonlarına doğru bazar iqtisadiyyatlarına malik olan ölkələrdə dövlət müəssisələrinin rəqabət meydanında uyğunsuzluğu və korrupsiyaya imkan yaratdığı aydın oldu. Artıq bazar iqtisadiyyatı yoluna sadiq olan bütün ölkələr dövlət müəssisələrinin sayının azaldılması fikrində birləşdi. Bu ölkələrin hökumətləri özəl sahibkarlar tərəfindən daha yaxşı idarə edilə bilən biznes sahələrindən geri çəkilməyə başladı.

   Sovet İttifaqının dağılmasından sonra yeni respublikalar mərkəzi planlaşdırmadan bazar iqtisadiyyatına keçid prosesinə başladılar. Bu proses ərzində həmin ölkələr dövlət müəssisələrini özəlləşdirilməsini də təcrübədən keçirdi.

   Tam əminliklə deyə bilərik ki, özəlləşdirmə faydalı dəyişiklikdir. O biznes sahələrini azad bazarda rəqabətin sərt şərtləri ilə üz-üzə qoymaqla onların səmərəliliyini artırmaq məqsədini güdür. Bundan əlavə, bəzi hökumətlər özəlləşdirmədən şirkətlər üzərində sahibkarlıq hüququnu onların işçilərinin və ya geniş əhali kütlələrinin əlinə vermək üçün istifadə etməklə sosial məqsədlərə nail olmağa çalışır. Bununla belə, bir sıra hallarda özəlləşdirmənin nəticələri acınacaqlı olmuşdu. Qeyri-şəffaf, məsuliyyətsiz dövlət monopoliyaları qeyri-şəffaf və məsuliyyətsiz özəl monopoliyalarla əvəz edilib. Özəlləşdirmə prosesində yol verilən korrupsiya, qeyri-şəffaflıq, səriştəsizlik və siyasi təsir hallarına görə bəzi dövlət aktivləri öz real dəyərlərinin yalnız bir hissəsi müqabilində ayrı-ayrı şəxslər və özəl şirkətlər tərəfindən alınıb və ya idarə edilməyə verilib. Səhmlərin ticarəti üçün imkanların çatışmaması çox vaxt genişlənmə üçün lazım olan əlavə kapitalın artımının qarşısını alır. Üstəlik, bəzi ölkələrdə özəlləşdirmə ayrı-ayrı obyektlərə tətbiq edilərək kütləvi olmadı, bir çox böyük şirkətlər hələ də dövlətin sahibkarlığında qaldı.

   Bu hal Azərbaycanda da müşahidə edildi. Aqrar sahədə dövlət müəssisələri tamamilə özəlləşdirildi. Pərakəndə ticarətdə tam sərbəstlik yaradıldı. Lakin hökumət digər sahələrdə maksimum özəlləşməyə getmədi.

   Bunun əsas səbəbini kütləvi özəlləşmənin iri müəssisələr üçün risklər yaratmasında idi. Özəlləşdirmənin aparılmasında əsas hədəflərdən biri müəssisələrin xüsusi mülkiyyətə keçdikdən sonra fəaliyyətini daha uğurla davam etdirməsidir. Amma kütləvi özəlləşmədən sonra bunlar bir çox hallarda baş vermədi. Ona görə dövlət ya bu cür müəssisələrin özəlləşdirilməsini tamamilə dayandırdı, ya da sağlamlaşdırmadan sonra özəlləşdirilməyə çıxarılmasını məqbul saydı. Özü yalnız investisiya müsabiqələri vasitəsilə. Təcrübə hələlik dövlətin haqlı olduğunu göstərir. Dövlət əlində olan müəssisələrin hamısını sağlamlaşdırmaq yolunda ciddi addımlar ata bilib bu müəssisələrin əksəriyyəti keyfiyyətli məhsul istehsal edə bilir.

   Bildirək ki, müvəffəqiyyətli özəlləşdirmənin təmin edilməsinin vahid, uğursuzluqdan sığortalanmış üsulu var. Özəlləşdirmə siyasi cəhətdən mübahisəli mürəkkəb bir məsələ olub yerli şəraitlərdən özəlləşdiriləcək müəssisənin özünəməxsus xüsusiyyətlərindən asılıdır. Buna baxmayaraq, keçid dövrünü yaşayan ölkələrdə Dünya Bankı iqtisadi inkişafda maraqlı olan digər təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdə on ildən çox müddət ərzində aparılan özəlləşdirmə prosesinin təhlili hesabına müəyyən təcrübələr əldə edilib.

   Təcrübə ondan ibarətdir ki, özəlləşdirmə firmaların məhsuldarlığını əsaslı şəkildə artıra qazanclar əldə etməyə, məsələn, fond bircalarının inkişafına töhfə verə bilər. Lakin özəlləşdirmə işsizliyin qısa müddət ərzində artmasına da səbəb ola bilər. Özəlləşdirmə prosesini yaşayan ölkələr işsizliyin qısa müddətə artmasını gözləməli bu məsələni yenidən təhsil başqa işlərə keçid təcrübələri ilə həll etməyə hazır olmalıdır. Düzgün tətbiq edilərsə özəlləşdirmənin uzunmüddətli faydaları (hətta məşğulluq məvaciblər nöqteyi-nəzərindən belə) qısamüddətli zərərlərdən çox-çox böyük olacaq. Lakin bunun üçün özəlləşdirmə prosesi şəffaf olmalı köməkçi amillər: özəl mülkiyyətin qanunun aliliyi zəminində müvafiq qorunması, rəqabət, düzgün qurulmuş korporasiya idarəçiliyi sistemi, sərt büdcə məhdudiyyətləri müvafiq qanunvericilik ya artıq mövcud olmalıdır, ya da qısa müddət ərzində yaradılmalıdır. Özəlləşdirmə dövlət müəssisələrinə özəl sahibkarlığa, müstəqil idarəetməyə bazarda rəqabətə tam keçid imkanının verilməsini nəzərdə tutmalıdır. Hökumətin özəlləşdirilmiş şirkətdə nəzarətedici faizlər həcmini özündə saxlamağı, şirkətin işlərinə hələ sanki dövlət müəssisəsi kimi müdaxilə etməyi ya şirkəti əslində dövlətin funksiyalarını icra etməyə vadar etməyi planlaşdırdığı halda özəlləşdirmənin faydaları gerçəkləşməyəcək. Buna görə , hökumət özəlləşdirilmiş qurumda özünün səhmlər paketini saxlayarsa bu səhmlərin həcmi nəzarətedici faizdən aşağı olmalıdır. Eyni zamanda hökumət şirkətin fəaliyyəti üzərində digər səhmdarlara nisbətən daha böyük təsir qüvvəsi verən "qızıl səhm" paketini özündə saxlamamalıdır.

   Bir sıra iqtisadçılar belə hesab edir ki, digər üsullara nisbətən çek üsulu ilə özəlləşdirmə iqtisadi inkişafın yüksəldilməsi üçün daha aşağı effektivliyə malikdir. Onlar bildirirlər ki, özəl mülkiyyətə yeni verilən şirkətlərin sahibkarlığı çox geniş şəkildə paylanıldıqda onların idarəetmə heyəti daha səmərəsiz fəaliyyət göstərməyə meylli olur, çünki heç bir ayrıca səhmdarın ya ümumi sahibkarlar qrupunun idarəetməyə görə məsul olmaq üçün kifayət qədər səlahiyyəti olmur.

   Təcrübə göstərib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı xarici investorların özəlləşdirilən müəssisədə faizlər almasına icazə verilməsi xarici investisiya axınlarını daha da stimullaşdıra bilər. Xarici sərmayəçinin özəlləşməyə cəlb edilməsinin digər üstün tərəfi aktivlərin yüksək qiymətinin təmin edilməsinin mümkünlüyüdür. Belə ki, bazar iqtisadiyyatına yeni keçən ölkələrdə yerli sahibkarların maliyyə imkanları yüksək olmur. Bu səbəbdən onlar dövlət müəssisələrinin özəlləşdirilməsinə yüksək məbləğ təklif edə bilmir. Xarici investorlar isə əksinə yüksək maliyyə imkanlarından maksimum yararlanır.

   Beləliklə, dövlət müəssisələrinin özəlləşdirilməsi uzunmüddətli dövr üçün iqtisadiyyata faydası böyükdür. Bununla həm ölkə iqtisadiyyatına birbaşa sərmayə qoyuluşları artır, iqtisadiyyatda rəqabər şəraiti güclənir, həm yeni yerləri açılır əhalinin gəlirinin yüksəlməsi prosesi sürətlənir. Dövlət müəssisələrinin maksimum dərəcədə özəlləşdirilməsi dövlət büdcəsini əlavə dotasiya subsidiya xərclərindən xilas edir. Həmin vəsaiti isə dövlət daha vacib sahələrə yönəldir.

 

  

  Vasif CƏFƏROV

 

  Ekspress.  – 2012.  – 17 oktyabr. –S. 9.