Liberal iqtisadiyyat və Mərkəzi
Bank
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
1929-1933-cü illəri əhatə edən qlobal böhrana qədər bazar iqtisadi münasibətləri ilə bağlı belə bir fikir var idi: bazar iqtisadiyyatı elə bir sistemdir ki, o, özü-özünü tənzimləyir, onun kənardan müdaxiləyə ehtiyacı yoxdur, kənar müdaxilə, tənzimləmə iqtisadiyyatın zərərinədir, o, bazar iqtisadiyyatının inkişafını ləngidir. Bu fikirlər liberal iqtisadi prinsiplərin gücləndirilməsinə inananlar tərəfindən daha tez-tez səsləndirilirdi və qeyd edək ki, uzun müddət dövlətlər də buna inanırdılar.
Lakin ilk böyük qlobal böhran göstərdi ki, bazar münasibətləri sistemində liberal dəyərlərin hakim kəsilməsi yaxşı olsa da, dövlət tərəfindən müəyyən tənzimləmə, bazara müdaxilə imkanları da olmalıdır. Xüsusilə də, maliyyə, bank, kredit bazarlarının başlı-başına buraxılması yolverilməzdir. Belə tənzimləmələr, müdaxilələr liberal iqtisadiyyata qarşı deyil, əksinə, onun əsas dəyərlərinin - ədalətli rəqabət şəraitinin təmin edilməsinə şərait yaradır.
Məhz bu məqsədləri təmin etmək üçün günümüzdə mövcud olan mərkəzi banklarin əsası qoyuldu, onlara geniş səlahiyyətlər verildi. Sonrakı illərdə əldə edilən təcrübələr də göstərdi ki, iqtisadiyyatın normal inkişafı onun dövlət tərəfindən nizamlı şəkildə tənzimlənməsindən çox asılıdır.
İqtisadiyyatın maksimum dərəcədə leberallaşdırılması belə dövlətin iqtisadi proseslərin idarə edilməsində iştirakını inkar etməməlidir. Hər bir dövlət özünün maraqları və mənafeyinin olması dövlətin ictimai həyatın bütün fəaliyyət dairələrinə müdaxiləsini zəruri edir. İqtisadi tənzimləmənin mühüm istiqamətlərindən biri pul-kredit siyasətidir. Dövlət pul-kredit siyasətinə təsir etməklə faizin səviyyəsini, investisiya mühitini dəyişə bilər. Kredit verilməsində mühüm prinsiplərə əməl olunmadıqda o, iqtisadi böhran və inflyasiya mənbəyinə çevrilir. Müasir iqtisadiyyatın sağlamlaşdırılması və antiinflyasya tədbirləri sistemində dövlətin səmərəli kredit siyasətinin rolu daha da artıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra görülən ilk tədbirlərdən biri Mərkəzi Bankın yaradılması oldu. Yalnız bundan sonra ölkəmizdə milli valyuta tədavülə buraxıldı. İlk növbədə Mərkəzi Bankın yaradılması maliyyə-kredit bazarına nəzarəti təmin etmək məqsədi daşıyırdı.
Mərkəzi Bank sahib olduğu salahiyyətləri ilə maliyyə-kredit bazarına ciddi təsir imkanı qazandı. Bazarda tələbin artıb, yaxud azalmasında, bazarlarda ucuzluğun, yaxud bahalığın yaranmasında, insanların əldə etdiyi gəlirin dəyər itirməməsində, iqtisadiyyatin hər hansı bir sahəsində canlanmanın olub-olmamasında, iqtisadiyyatın sağlam işləyə bilməsində, kredit təşkilatlarının istifadə etdikləri elektron hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının, təhlükəsizliyinin təmin edilməsində Mərkəzi Bankın rolu və əhəmiyyəti böyükdür. Bu siyahıya bankların kredit vermə imkanlarının zəifləyib və ya güclənməsini, depozit (əmanət) faizlərinin artıb-azalmasını, pul kütləsinin həcminin dəyişməsini, dövriyyədə olam pul nişanının saxta olub-olmamasını müəyyənləşdirməsini də əlavə etmək olar.
Mərkəzi Bank bu imkanları sadəcə hansısa bir siyasi qərar nəticəsində əldə etməyib. İnkişafının müxtəlif mərhələlərində formalaşan şərtlər, yaranan ağır problemlər müasir bazar iqtisadiyyatı şəraitində Mərkəzi Bankın fəaliyyətinin genişləndirilməsini zəruriləşdirib. İndi iqtisadiyatın keyfyyətli, doğru-düzgün tənzimlənməsini Mərkəzi Bankın iştirakı olmadan təmin etmək qeyri-mümkündür.
Maliyyə-bank sistemini insanın qan-damar sisteminə bənzətsək, Mərkəzi Bank damarlarda təzyiqi tənzimləyən, qanın damarlarda normal axınışını təmin edən, toxumaların qan təchizatını asanlaşdıran, damar tutulmalarının qarşısını alan gözəl "həkimdir". Bu funksiyaları yerinə yetirməklə Mərkəzi Bank dövlətin iqtisadi proseslərin idarə edilməsinin əsas iştirakçısı kimi çıxış edir.
Öncə də qeyd etdik ki, iqtisadiyyatın normal inkişafı onun dövlət tərəfindən nizamlı şəkildə tənzimlənməsindən çox asılıdır. İqtisadiyyatın maksimum dərəcədə leberallaşdırılması belə dövlətin iqtisadi proseslərin idarə edilməsində iştirakını inkar etmir. Dövlət və iqtisadiyyat üçün maliyyə və qiymət sabitliyinin təmin edilməsi olduqca vacibdir və Mərkəzi Bank bu hədəflərə çatmaqda çox mükəmməl vasitədir.
Mərkəzi Bankın əhəmiyyətini onun məqsəd və funksiyalarını müəyyənləşdirən qanun daha konkret şəkildə ifadə edir.
Qanunda qeyd edilir ki, Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyininin, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.
Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir, nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir, valyuta tənzimini və nəzarətini həyata keçirir, sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir, qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir.
Sadalananlardan başqa Mərkəzi Bank bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.
Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir. Mərkəzi Bank mənfəət götürmədiyi kimi müflis də elan oluna bilməz. Mərkəzi Bankın aktivləri onun passivlərinin məbləğindən aşağı düşdükdə, yaranan kapital çatışmazlığı dövlət tərəfindən ödənilir.
Sadalanan məqsəd və funksiyalar Mərkəzi Bankın fəaliyyəyinin ümumi təzahürlərini ifadə edir. Daha konkret izahlarla Mərkəzi Bankın fəaliyyətinin əhəmiyyətli daha aydın görmək olar.
Bunun üçün yazının əvvəlinə qayıdaq. Sual yaranır: Mərkəzi Bank bazarda tələbin artıb, yaxud azalmasına necə təsir edə bilər? Mərkəzi Bank pul siyasətini müəyyən edən zaman əvvəlcə bazarlardakı qiymət dəyişikliklərini, onu doğuran tələb və təklifin vəziyyətini dəqiq təhlil edir. Yalnız bundan sonra bazarlarda qiymət dəyişikliklərinə təsir etməyə çalışır.
Belə təsəvvür
edək ki, bazarda tələb təklifi üstələyir. Bu halda inflyasiya baş verir.
Tələblə təkli arasında olan nisbət daha da
böyüyəndə isə inflyasiya kəskinləşir.
Qiymətlərin həddən artıq yüksəlməsi əhalinin,
sahibkarların gəlirlərinin real dəyərinin itməsinə
səbəb olur. Əgər bu proses uzun müddət davam edərsə
iqtisadiyyat bundan çox ciddi sarsıntı keçirə bilər.
Belə vəziyyətdə Mərkəzi Bank tələblə
təklif arasında olan kəskin fərqi tənzimləməyə,
yəni tələbi zəiflətməyə
çalışır.
Tələb dedikdə,
alıcı kütləsi (bura əhali və müəssisələrin
hamısı aiddir) nəzərdə tutulur. Alıcı
kütləsinin xərcləyə biləcəyi pulu
artdıqda tələb yüksəlir. Pul nə qədər
çox olarsa, tələb də bir o qədər çox
yüksəlir. Xərclənə bilən pul isə o halda
artır ki, insanların, müəssisələrin gəliri
artır. Deməli, Mərkəzi Bank tələbi tənzimləmək
üçün ilk növbədə bazarda alıcı
kütləsinin gəlirinin aşağı düşməsinə
çalır.
Bunun üçün ilk tədbir
bazarda olan pul kütləsini azaldılmasıdır. Mərkəzi
Bank bu məqsədlə açıq bazar əməliyyatları
aparır. Bu zaman Mərkəzi Bank tərəfindən qiymətli
kağızların və xarici valyutanın
alqı-satqısı həyata keçirilir.
Mərkəzi Bank əsasən
hökumətin qiymətli kağızlarının
alqı-satqısı ilə məşğul olur (əsasən
banklarla), lakin bununla yanaşı özü də qiymətli
kağızların emissiyasını həyata keçirə
bilər. Mərkəzi Bank tərəfindən qiymətli
kağızlar satıldıqda dövriyyədə olan pul
kütləsi azalır, alındıqda isə pul kütləsi
artır. Qiymətli kağızlar birbaşa, habelə
birgünlük repo (vəsaitlərin cəlb edilməsi) və
birgünlük əks-repo (vəsaitlərin yerləşdirilməsi)
formasında alınıb satıla bilər.
Repo və əks-repo əməliyyatları
üçün Mərkəzi Bank faiz dərəcələri
dəhlizini müəyyənləşdirir. Dəhlizin minimal
həddi birgünlük vəsaitlərin cəlbolunma faiz dərəcəsilə,
maksimal həddi isə birgünlük vəsaitlərin yerləşdirmə
faiz dərəcəsilə müəyyən olunur. Mərkəzi
Bankın uçot dərəcəsi "faiz dərəcələri
dəhlizi"nin bir parametri kimi çıxış edir. Faiz
dərəcələri dəhlizinin parametrləri iki aydan bir
ölkədəki makroiqtisadi durum və Mərkəzi
Bankın inflyasiya hədəfi əsas götürülərək
müəyyən olunur.
Faiz dərəcələrini
yüksəltməklə əmanətlər üzrə verilən
dividentlər azalır, kredit faizləri isə artır. Bununla
gəlir aşağı düşür.
Digər bir tədbir kredit
qoyuluşunun azaldılmasıdır. Daha çox kredit verilməsi
əhalinin, müəssisələrin gəlirinin artması
deməkdir. Gəliri tənzimləmək üçün Mərkəzi
Bank məcburi ehtiyat normalarını artırır. Məcburi
ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunan
depozitlərin Mərkəzi Bankda məcburi saxlanılan hissəsidir.
Məcburi ehtiyatlar artırıldıqda bank sisteminin kredit vermək
qabiliyyəti məhdudlaşır və beləliklə
iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi
Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi
baş verir.
Məcburi ehtiyat norması
artdıqda bankların kredit vermək üçün vəsaiti
azalır və dolayısıyla əhalinin gəlirləri də
kiçilir.
Mərkəzi Bankın əlində
olan digər alət mərkəzləşdirilmiş kreditlərdir.
Mərkəzi Bank uçot dərəcəsi ilə kommersiya
banklarına kredit verir. Tələb kəskin artdıqda Mərkəzi
Bank mərkəzləşdirilmiş kreditlərin həcmini
azaldır, həm də uçot dərəcəsini yüksəldir
və s.
Bazarda tələbin artması ilə
bərabər onun azalması da müşahidə edələ
bilər. Bu zaman qiymətlər enir və iqtisadiyyatda aktivlik
aşağı düşür. Bu vəziyyətdən
çıxmaq üçün Mərkəzi Bank bu dəfə
yumşaq pul siyasəti yürüdür. Yumşaq pul siyasəti
dedikdə əsasən iqtisadi aktivliyin artırılması məqsədilə
həyata keçirilən pul siyasəti nəzərdə
tutulur. Bu zaman məsələn, Mərkəzi Bank
özünün faiz dərəcələrini
aşağı salır ki, bu da həm əmanətlər, həm
də kreditlər üzrə faiz dərəcələrinə
azaldıcı təsir edir.
Qeyd edilənlərdən belə nəticə
çıxır ki, əgər Azərbaycanda böhran
dövründə bir kommersiya bankı bağlanmadısa, manat
dəyərdən düşmürsə, dollara qarşı məzənnəsi
sabit qalırsa, bankların likvidlik imkanı yüksəkdirsə,
bunun əsas səbəbkarı Mərkəzi Bankdır.
Vasif
CƏFƏROV
Ekspress. -2012. -18 oktyabr. – S. 9.