18
Oktyabr - Azərbaycanın yenidən doğulduğu
gün
İstiqlalçı deputatlar Müstəqillik Gününü
qeyd etdilər
Bu
gün Dövlət Müstəqilliyi Günüdür.
Bununla bağlı dünən istiqlalçı
deputatların "18 oktyabr yığıncağı"
keçirilib. Tədbirdə 18 oktyabr gününün tarixindən,
müstəqilliyin əldə olunmasından, Azərbaycanın
hazırkı vəziyyəti və gələcək milli hədəflərdən
danışılıb.
İstiqlalçı deputat, VAMBP sədri Hacıbaba Əzimovun
sözlərinə görə, danılmaz bir həqiqətdir
ki, Azərbaycanda dövlət müstəqilliyinin əldə
edilməsi, bu böyük tarixi hadisə, böyük nailiyyət
asan başa gəlməyib. "Dövlət müstəqilliyimiz
Azərbaycan xalqının uzun illər ərzində
apardığı ağır mübarizə nəticəsində
əldə edilib".
H.Əzimov
1991-ci ildə Ali Sovetin 43 deputatının öz həyatlarının
təhlükəsizliyini düşünmədən, ailəsinin
təhlükəyə salmasına baxmayaraq, SSRİ-nin
saxlanmasının əleyhinə səs verdiklərini
xatırladaraq, elə o zamanda da Azərbaycanda müstəqilliyin
əldə edilməsi prosesinin sürətləndiyini
vurğulayıb. "1991-ci il avqustun 30-da "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında bəyənnamə" hazırlandı. Nəhayət,
oktyabrın 17-18-də Ali Sovetdə "Dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktının müzakirəsinə
nail olduq. O zaman 350 deputat arasında çoxlarının Ali
Sovetin iclaslarını tərk edib foyedə gəzməsinə
baxmayaraq, biz onları qayıtmağa məcbur etdik ki, forumu
pozmasınlar".
H.Əzimo
bildirib ki, çox çətinliklə də olsa, həmin
iclasda müstəqillik aktına səs verildi və bu da əhalidə
böyük əhval-ruhiyyə yaratdı: "Bundan sonra qardaş
Türkiyə, İran, Rumıniya, Pakistan Azərbaycanın
müstəqilliyini tanıdı. Tezliklə Azərbaycan
BMT-nin üzvü oldu. Əlbəttə bu, böyük nailiyyətdir.
Artıq 21 ildir ki, biz müstəqil dövlətdə
yaşayırıq".
Müstəqillik
gününün Azərbaycanda böyük təntənə
ilə qeyd olunmamasından təəssüfləndiyini deyən
Əzimovun sözlərinə görə, bununla bağlı
prezident İlham Əliyevə dəfələrlə
müraciətləri olub. "Qondarma bayramlara milyonlarla vəsait
xərclənir, amma nədənsə bu bayram tamamilə geridə
qalır. Bu mübarizəni davam etdirməliyik".
Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri Arif Hacılının sözlərinə
görə, Azərbaycanın müstəqilliyi, istiqlaliyyəti
haqqında danışarkən M.Ə.Rəsulzadə başda
olmaqla ötən əsrin əvvəllərində Azərbaycana
istiqlaliyyət gətirmiş şəxslərdən
danışılmalı, onlar yad edilməlidirlər: "Azərbaycanda
istiqlaliyyətin bərpa olunmasında tam böyük rol Azərbaycan
xalqına məxsusdur. Azərbaycan Xalq Hərəkatının
iştirakçılarına, Əbülfəz Elçibəyə
məxsusdur. Bəzən deyirlər ki, Azərbaycan SSRİ-nin
dağılması nəticəsində avtomatik olaraq meydana gəlib.
Bu, tamamilə yanlış fikirdir. Azərbaycanda gedən xalq
hərəkatı nəinki Azərbaycanın, hətta
istiqlaliyyət uğrunda mübarizə aparmayan bir çox
dövlətlərin də azadlığa
çıxmasında həlledici rol oynayıb".
1991-ci
ildə ilk qadın deputatlardan olan Məryəm Həsənovanın
dediyinə görə, 18 oktyabr Azərbaycanın yenidən
dünyaya gəldiyi gündür. "Azərbaycan
xalqının milli ruhu, orijinallığı, heç bir
xalqa məxsus olmayan üstünlükləri 18 oktyabrda
doğuldu. Məhz həmin gün Azərbaycan yenidən dünyaya
gəldi. 18 oktyabr Azərbaycan xalqının qeyrətinin
üzə çıxdığı bir gündür. Biz
açıqəlli xalqıq və bu açıq əllər
bir gün yumruğa dönəcək".
Müsavat Partiyasının başqanı İsa Qəmbərin
sözlərinə görə, o dövrdə mövqeləri
sona qədər müdafiə etmək hər kişinin və
hər qadının işi olmayıb: "Bu insanlar bunu edə
bildi. Bu gün biz müxtəlif mövqedə ola bilərik,
mövqelərimiz üst-üstə düşməyə bilər,
amma bu insanlar bir-birinin ətini yesə də,
sümüyünü atmazlar. Çünki bu insanlar öz
canları bahasına çox iş görüblər. Onlar bu
gün də, sabah da əllərindən gələni etməyə
hazırdılar. İstiqlal sadəcə, bu 43 adamın xidməti
yox, bütün xalqın xidmətidir. Gənclər bilməlidirlər
ki, SSRİ-nin çökməsində 6 xalqın səyi
olubsa, bunlardan birincisi Azərbaycandır. Əvvəlcə
özümüzə bir-birimizə və millətimizə
güvənimiz sonsuz olmalıdır".
"Biz
hər birimiz müxtəlif mövqelərdə ola bilərik,
amma istiqlalçı deputatların hər biri hörmətə,
adı qızıl həriflərlə yazılmağa layiq
insanlardır. Bu bütün xalqın ümummilli xalq qələbəsi
günüdür. Tanrı Azərbaycanı qorusun!".
AMİP-in lideri Etibar Məmmədovun sözlərinə
görə, Azərbaycan xalqı müstəqilliyi əldə
edib, bundan sonra isə görüləsi çox işlər
var: "Təəssüf ki, müstəqillik əldə
olunandan sonra hakimiyyətdə olan heç bir qüvvə bu
milli ideyanın axtarışında olmadı və nəticədə
bu gün hərəmiz başqa işlərlə məşğuluq.
Milli hədəflər müəyyənləşməlidir.
Milli hədəf böyük və bütöv Azərbaycan
olmalıdır".
Günay
TAĞIYEVA
Ekspress.
-2012. -18 oktyabr. –S. 13.