Valideyn məsuliyyətsizliyi
Uşaqların zorakılığa məruz
qalmasında, onların əməyə cəlb olunmasında,
dilənçiliyə məcbur edilməsində valideynlərin
"böyük rolu"
var
Uşaq əməyi,
uşaqların dilənçiliyə məcbur edilməsi,
cinsi və fiziki zorakılıq, erkən nikahlar
uşaqların hüquqlarının pozulması deməkdir.
Bu da valideynin məsuliyyətsizliyindən irəli gəlir. Məhz
bunun nəticəsidir ki, ölkədə son 9 ayda
uşaqların valideyinləri tərəfindən dilənçiliyə
cəlb olunması ilə bağlı 300-dən artıq fakt
aşkarlanıb. DİN-in məlumatına görə, dilənçiliyə
cəlb olunan uşaqların əksəriyyəti məktəbəqədər
uşaqlardır. Təkcə Bakıda 200-ə yaxın
valideyn məsuliyyətə cəlb edilib.
Uşaq QHT Alyansının İdarə
Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə,
uşaq hüquqlarının pozulmasının başlıca
səbəbi valideyn məsuliyyətsizliyidir. Belə ki,
uşaqların zorakılığa məruz qalmasında,
onların əməyə cəlb olunmasında və dilənçiliyə
məcbur edilməsində valideynlərin "böyük
rolu" var. Bu gün valideynlərin böyük əksəriyyəti
uşaq hüquqlarına hörmətlə yanaşmır.
"Valideynlər mütəmadi uşaqların hüququnu
pozur, çox zaman uşaqlara gəlir mənbəyi kimi
baxır. Bəzi valideynlər belə düşünür
ki, uşaq işləməli, evə gəlir gətirməlidir.
Təbii ki, sosial ehtiyacı olan ailələr var ki, belə
ailələrdə uşaqların çalışması az
da olsa başa düşüləndir. Amma bir çox ailələr
var ki, valideyinlər evdədir, çalışmır, amma
uşaqları ya dilənçiliyə, ya da əməyə
məcbur edirlər".
N.Quliyevin sözlərinə görə,
belə hallar İnzibati Xətalar Məcəlləsində
müəyyən müddəalarla tənzimlənsə də,
qanunvericiliyin özündə valideyn məsuliyyətini sərtləşdirə
biləcək normalar mövcud deyil. Müsahibim hesab edir ki, Ailə
Məcəlləsində valideynlik hüquqlarından məhrum
etmə maddəsinin müddəalarını daha da genişləndirmək
və sərtləşdirmək lazımdır.
Qızların erkən ərə verilməsi, onların nəyəsə
məcbur edilməsi hallarını valideynlik hüququndan məhrumetmə
müddəalarına salınmasının vacib olduğunu
bildirən Quliyev deyir ki, Ailə Məcəlləsində
valideynlik hüququndan məhrum etmənin əsaslarında
"uşaqla amansız davrandıqda" yazılır.
"Amansız termini bir qədər
ağırlaşdırılmış formadı. Amansız
kiminsə gözünü çıxarmaq, kiminsə
üzünə "şram" atmaq kimi qəbul edilir. Bir
çox ölkələrdə uşaq hüquqlarının
pozulması, uşağa qarşı etinasızlıq
valideynlik hüququndan məhrum etmənin əsasları
sayılır".
Həmsöhbətimizin dediyinə
görə, ölkədə uşaq müraciət sistemində
böyük problemlər mövcuddur. Riskli ailələrin
müəyyən edilməsi prosesi çətin olduğu
üçün ailələrdə uşaqlar bir çox
problemlərlə üzləşir, amma hara müraciət edəcəklərini
bilmirlər. Bunun da nəticəsində uşaq
intiharlarının sayı artır. N.Quliyev təklif edir ki,
problemli ailələrdə valideyn məsuliyyətini yaratmaq
üçün uşaq reabilitasiya mərkəzləri fəaliyyət
göstərməlidir. "Belə olarsa, valideynlər
uşaqları ilə başqalarının da ünsiyyətdə
olduğunu bilib, onların hüquqlarını pozmaqdan çəkinərlər".
Ölkədə valideynlər
üçün də maarifləndirmə mərkəzlərinin
yaradılmasının önəmli olduğunu bildirən
ekspert, bu mərkəzlər vasitəsilə valideyin məsuliyyətinin
artacağını və formalaşacağını
düşünür.
Sosioloq Nəzakət Əhmədovanın
fikrincə, xarici ölkələrdə valideynlər ailə
dəyərlərinə ciddi yanaşmadığından, bu
ölkələrin təcrübəsində valideyn məsuliyyəti
yox dərəcəsindədir. Bunun nəticəsidir ki, belə
ölkələrdə uşaqlar müəyyən yaşdan
sonra tək yaşamağa üstünlük verirlər. Azərbaycanda
valideyn məsuliyyətinə gəlincə, sosioloqun dediyinə
görə, xaricin ab-havası bizim ailələrdən,
insanlardan yan ötməyib. Elə bu səbəbdən ailədaxili
münaqişələr, uşaqların əməyə və
ya dilənçiliyə cəlb edilməsi, uşaqlara qarşı
cinsi zorakılıq hallarının sayı gündən-günə
artır. "Bəzi qadınlar və ya kişilər var ki,
xaricdən təsirlənərək, bütün həyatı
boyu 4-5 dəfə ailə həyatı qurur. Belə insanlardan
uşaqlar necə örnək götürə bilər? Bu tip
insanlar ailə dəyərlərinə önəm vermədikləri
üçün övladları ilə də normal
davranış nümayiş etdirmirlər. Mən
düşünürəm ki, çox zaman sağlam təməllər
üzərində qurulmamış ailələrdə belə
hallar baş verir. Sıxıntı içində yaşayan
ailələrin övladlarının əməyə cəlb
edilməsi hardasa normal sayıla bilər. Amma bəzi valideynlər
var ki, onların öz qazancı olduğu halda, uşağa da
qazanc mənbəyi kimi baxır. Axşam evə gələndə
onun qazancını hesablayır, buna görə hətta
uşağı döyür, təhqir edir".
Müsahibim hesab edir ki, bu kimi halların
qarşısını almaq üçün birinci növbədə
qanunvericilikdə göstərilən müddəalar sərtləşdirilməlidir.
"Bundan əlavə, bu hallara şahid olan hər birimiz
hüquq mühafizə orqanlarına müraciət etməliyik".
Ailə, Qadın, Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin Uşaq problemləri
şöbəsinin baş məsləhətçisi Pərviz
Vəliyevin sözlərinə görə, komitənin təşəbbüsü
ilə Cinayət Məcəlləsinin 176-cı maddəsinə
valideynlərin məsuliyyətsizliyindən irəli gələn
erkən nikahlarla bağlı dəyişikliklər edilib. Belə
ki, qadını nikaha məcbur etmə 2-3 min manatdan, 2 ilə
qədər həbs cəzası, erkən yaşlarında
nikaha məcbur etmə isə 4 ilə qədər həbs cəzası
ilə cəzalandırılma nəzərdə tutulub.
Həmsöhbətim bildirir ki, komitənin
araşdırmaları zamanı küçə
uşaqlarının əksəriyyətinin tək valideynli
olduğu müəyyənləşib: "Belə
uşaqların valideynlərini valideynlik hüququndan məhrum
etmək olmaz. Çünki bu, uşağın internata verilməsi
ilə nəticələnəcək. Çox zaman tək
valideynlər çalışdığı
üçün uşağı ilə maraqlana bilmirlər.
Biz təklif etdik ki, belə valideynlərə xüsusi xəbərdarlıq
edilsin və müəyyən cərimələr tətbiq
olunsun. Onu da deyim ki, xəbərdarlıq edilməsi çox
faydalıdır. Çünki hər bir valideyn
çalışsa da, uşağı ilə evdə də, məktəbdə
də maraqlanmalıdır. Uşaq küçə həyatı
sürürsə, burada valideyn məsuliyyətlidir. Biz bu məsələnin
də qanunvericiliklə tənzim olunmasını təklif
edirik".
P.Vəliyevin dediyinə görə,
komitə uşaq problemləri ilə bağlı müxtəlif
məsələlər üzərində
çalışır və yaxın zamanlarda bu,
özünü istər qanunvericilikdə, istərsə də
tədbirlər planı ilə göstərəcək.
İradə CƏLİLOVA
Ekspress. –
2012. -17 oktyabr. – S. 5.