İqtisadi inkişafda büdcə güclü
alətdir
Sahibkarların ədalətli rəqabət
aparması üçün dövlət
büdcə-vergi siyasətindən istifadə edir
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Ölkədə iqtisadiyyatın stabil
inkişafı, sahibkarlıq subyektlərinin güclənməsi,
onların investisiya imkanlarının
yaxşılaşması, bazarda rəqabət şəraitinin
normallaşması dövlətin büdcə və vergi siyasətindən
önəmli dərəcədə asılıdır.
Dövlət elə bir vergi siyasəti yürüdə bilər
ki, bununla istisadi inkişafı stimullaşdıra, yaxud vergi
yükünü artırmaqla iqtisadi böyüməni
tormozlaya bilər. Eynilə büdcə vəsaitlərinin
hesabına sahibkarlığın müəyyən sahələrini
dəstəkləyə bilər, orada digər sahələrə
nisbətən canlanma yarada və sahibkarlığın həmin
hissəsinin rəqabət gücünü artıra bilər.
Nəzəri baxımdan bunları
dövlət edə bilər. Lakin dövlətin özü də
çox yaxşı başa düşür ki, iqtisadiyyatda
likvidliyi təmin etmədən, inkişafa nail olmadan nə
lazımı qədər vergi toplaya bilər, nə də
büdcədə arzuolunan vəsait cəmlənər. Buna
görə də dövlət sahibkarlığa, iqtisadiyyata
münasibətdə daim ədalətli vergi-büdcə siyasətini
yürütməyə məcburdur. Yəni, hər il dövlətin
əlində cəmləşən vəsaitin və onun
bölüşdürülməsi heç də tam olaraq
dövlətin iradəsindən asılı məsələ
deyil. Əslində, istər büdcə vəsaitinin, istərsə
də onların bölüşdürülməsi prosesi
ölkədəki istehsal sahələrinin inkişaf səviyyəsindən,
cəmiyyətin mövcud sosial-iqtisadi tələblərinin
xüsusiyyətlərindən və digər obyektiv amillərdən
asılıdır.
Büdcənin
iqtisadiyyat üçün əhəmiyyəti nədən
ibarətdir?
Milli iqtisadiyyatın sabit
inkişafını təmin edən büdcə, maliyyə
siyasətinin məqsədini ifadə edən və hər il
tarazlaşdırılan maliyyə sənədidir. Nəzəri
baxımdan büdcə dövlətin
hazırladığı iqtisadi siyasətin
reallaşdırması üçün əsas vasitə
olmaqla, maliyyə siyasətini də
reallaşdırmağın mühüm alətidir. O, pul
fondlarının formalaşması aləti olan vergilər və
dövlət borclanması ilə yanaşı, həm də
pul fondlarının məqsədəuyğun xərclənməsinə
aid olan maliyyələşdirmə, büdcədən əmək
haqqının ödənilməsi kimi tədbirləri
özündə birləşdirir.
Büdcənin istehsal sahələrinə
təsiri və onlarla qarşılıqlı əlaqədə
olması gəlirlər və xərclər formasında təzahür
edir. Büdcənin gəlirləri istehsal və qeyri-istehsal
sahələrinin əldə etdikləri mənfəətdən
və bunun müqabilində ödədikləri vergilərdən,
həmin sahələrin özünün inkişafı isə
qismən və ya tamamilə büdcədən maliyyələşdirmə
mənbələrindən xeyli asılıdır.
İqtisadiyyatı inkişaf etdirmək,
əhalinin sosial-iqtisadi tələbatlarını ödəmək,
ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
və cəmiyyəti idarə etmək məqsədi ilə
dövlət öz büdcəsini istehsal və qeyri-istehsal sferaları
arasında, iqtisadi regionlar arasında yenidən
bölüşdürür. Büdcə vasitəsilə
dövlət ölkənin iqtisadi sistemini, bütövlükdə
iqtisadi münasibətləri tənzimləyir.
Büdcə-vergi siyasəti maliyyə
siyasətinin tərkib hissəsi olmaqla, ölkənin
sosial-iqtisadi inkişaf konsepsiyasına və iqtisadiyyatın,
habelə ayrı-ayrı dövlət orqanlarının,
sahibkarlığın inkişafını təmin edən digər
dövlət proqramlarına uyğun olaraq hazırlanır.
Büdcə vergi siyasətinin əsas məqsədlərindən
biri bütövlükdə büdcənin həcm və
tarazlığının tənzimlənməsidir. Burada əsas
şərt iqtisadi siyasət çərçivəsində
dövlət xərclərinin həcminə uyğun olaraq,
büdcənin vergi gəlirləri hesabına
tarazlaşdırılması və nəticədə
iqtisadiyyatın özündəki tarazlığın təmin
edilməsidir. Dövlət büdcə-vergi siyasətindən
istifadə etməklə, ölkədə makroiqtisadi göstəricilərin
sabit saxlanmasını təmin etməklə iqtisadi artıma
nail olmaq, maliyyə intizamını möhkəmləndirmək,
sahibkarlığa maliyyə dəstəyini gücləndirmək
və inflyasiyanın səviyyəsini aşağı
salmağa çalışır.
Buna görə də büdcə-vergi
siyasəti elə həyata keçirilməlidir ki, dövlət
büdcəsi istənilən şəraitdə
iqtisadiyyatı zəiflətməsin. Ona görə də həyata
keçirilən iqtisadi siyasətin pozitiv nəticələrindən
başqa, neqativ nəticələrinin də ola bilməsini
yaddan çıxarmaq olmaz. İqtisadi tarazlığın təmin
edilməsində, məcmu tələb və təklifin
uzlaşdırılmasında dövlət büdcəsinin
rolu əvəzsizdir. Dövlət büdcəsinin
tarazlığı ümumi iqtisadi tarazlığın taleyini
əvvəlcədən müəyyən edir.
İqtisadiyyatın inkişaf etdirilməsində,
istehsalın stimullaşdırılmasında və həmçinin
cəmiyyətin sosial-iqtisadi inkişafında dövlət
büdcəsinin çox böyük rolu var. Bu da
özünü həm kəmiyyət və həm də
keyfiyyət baxımından göstərir. Hər bir ölkədə
dövlət idarəetmə sisteminin başlıca şərtlərindən
biri, bu sahədə görüləcək tədbirlərin həyata
keçirilməsi üçün zəruri olan büdcə
xərcləri ilə əlaqədardır. Büdcə xərclərini
bölüşdürməklə dövlət istehsal sahələrini
stimullaşdıra bilər. Bunun üçün dövlət
vergiqoyma siyasətini elə yürüdür ki, istehsal sahələrinin
ixtiyarında daha çox vəsait qalır və yenidən
investisiya imkanları güclənir. İstehsala bu yolla təsir
göstərilməsi metodları eyni zamanda dövlət
büdcəsinin öz daxili iqtisadi mahiyyətini və rolunu da
daha dərindən və geniş şəkildə aşkar
etməyə imkan verir. Dövlət büdcə siyasəti ilə
ümumdaxili məhsulun bölüşdürülməsi və
yenidən bölüşdürülməsi, iqtisadiyyatın
dövlət tənzimlənməsi, sosial-iqtisadi siyasətin həyata
keçirilməsinin maliyyə təminatı və mərkəzləşdirilən
pul vəsaitləri fondlarının yaradılması büdcə
həm istehsalın inkişafını və ümumdaxili məhsulun
yaradılmasını, həm də onun
bölgüsünü və yenidən
bölgüsünü təmin edir.
Dövlətin birbaşa tənzimləmə
metodlarının əsas məqsədlərindən biri də
iqtisadi artımla bağlıdır. Burada makroiqtisadi
tarazlığa imkan verən investisiya, habelə tələblə
yığım arasında ən əlverişli nisbətin
yaradılması problemi, xüsusilə böyük əhəmiyyət
kəsb edir. Dövlətin həyata keçirdiyi iqtisadi tənzimləmə
metodları içərisində fiskal siyasət xüsusi yer
tutur. Bu siyasət, büdcə vəsaitinin yaranması və
ondan istifadə edilməsi ilə əlaqədar dövlətin
yeritdiyi maliyyə siyasətinin çox mühüm tərkib
hissəsi olmaqla, dövlət xərcləri və vergi ilə
bağlı tənzimləmə sistemi kimi iqtisadiyyata stabilləşdirici
təsir göstərir. Təcrübə göstərir ki, bəzi
ölkələrdə süni büdcə
tarazlığının yaradılması bu ölkələrin
iqtisadiyyatını zəiflədir, istehsalı isə iflic vəziyyətinə
salır. Bu problemi bir qədər dərindən və hərtərəfli
nəzərdən keçirdikdə aydın olur ki, büdcə
dövlətin fiskal siyasətinin səmərəliliyini ya
tamamilə aradan qaldırır, yaxud da aşağı
salır. Bu siyasətlə əlaqədar büdcə hər
il yox, iqtisadi tsiklin gedişində
tarazlaşdırılmalıdır.
Bu fikri məntiqi cəhətdən əsaslandırılması
olduqca sadədir. Adətən, istehsalın azalmasının
qarşısını almaq üçün dövlət,
vergiləri azaldır və dövlət xərclərini
artırır, yəni şüurlu surətdə müvəqqəti
olaraq büdcə kəsirinin artmasına şərait
yaradır. İstehsalda yüksəlişə nail olunduqda
vergilər artırılır, dövlət xərcləri isə
ixtisar olunur. Büdcədə əmələ gələn
müsbət qalıqdan, istehsal azaldığı dövrdə
meydana çıxan kəsirin örtülməsi
üçün istifadə edilir.
Büdcə gəlirləri iqtisadi fəaliyyətin
ən vacib sahələrindən biridir və dövlət gəlirlərinin
böyük hissəsini vergilər təşkil etməlidir.
Vergilərin iqtisadiyyatda rolunu dövlət xərclərinin
rolu ilə eyni şəkildə izah etmək
mümkündür və onun gəlirlərin
bölgüsünə və məşğulluğa göstərdiyi
təsirlər daha böyükdür. Vergilər istehsala
stimullaşdırıcı təsir göstərdiyi kimi,
investisiyaların təşviq edilməsinə də təkan
verən amillərdəndir.
Adətən, vergilərin investisiyalara təsiri,
biznes sahəsindəki etibarlılığın zəifləməsində
və ya güclənməsində özünü göstərir.
Eyni zamanda vergilər investisiya qoyuluşunda istifadə olunan
yığımların bölgüsünü dəyişərək
investisiya həcminə təsir edir. Vergi faizinin artması
investisiyaya azaldıcı təsir göstərdiyi halda, vergilərin
aşağı salınması investisiyaları artıra bilər.
Vergilər istehsal məsrəflərini azaltmaqla və ya
artırmaqla istehsalın ümumi həcminə də çox
böyük təsir göstərə bilər.
İstehsalçılar satın
aldıqları mallara əlavə dəyər vergisi ödəyirlər.
Bu vergilər istehsal maliyyəsinə və istehsal qiymətlərinə
böyük təsir göstərir. Ona görə də
istehsalçıların satın aldıqları mallar və
xidmətlərdən tutulan vergilərin müəyyən
dövrlərdə artırılması və ya
azaldılması istehsal xərclərinə və istehsal qiymətinə
də təsir edir. Nəzərə almaq lazımdır ki,
biznesin müxtəlif sahələri üzrə vergilər fərqli
dərəcələrdə tətbiq olunmaqla qeyri-bərabər
şəkildə bölüşdürülür, bəzi
sahələrdə vergi yükü ağır, bəzilərində
isə yüngül və ya nisbətən azdır.
İqtisadiyyatda stimullaşdırma siyasətinin tərkib hissəsi
olmaqla bəzi sahələrdə vergi yükü
azaldılır, bəzi sahələrdə isə
artırıla bilər. Burada da əsas məqsəd maliyyə
mənbələrinin istifadəsini dəyişdirmək və
onun hərəkətini sürətləndirməkdən ibarətdir.
Yuxarıda deyilənlərdən belə
bir qənaətə gəlmək olar ki, iqtisadi
inkişafın təsir gücü dövlətin maliyyə
siyasəti də daxil olmaqla, tətbiq olunma mexanizmindən və
dövlət gəlirlərinin formalaşma xüsusiyyətlərindən
tam asılıdır. Büdcə hər bir ölkədə
iqtisadiyyatın mühüm tənzimləyicisi kimi
çıxış etdiyindən, makroiqtisadi tənzimlənmənin
ən mühüm elementlərindən biri sayılır.
İqtisadiyyatın inkişaf etməsində, istehsalın
stimullaşdırılmasında və həmçinin cəmiyyətin
sosial inkişafında böyük kəmiyyət, həm də
keyfiyyət baxımından əhəmiyyəti vardır.
İqtisadi və sosial həyata müdaxilə məqsədi
ilə iqtisadi fəaliyyətlərin istiqamətlərini dəyişdirmək
və möhkəmləndirmək baxımından, müasir
bazar iqtisadiyyatına keçid dövründə dövlət
büdcəsinin gəlirlərinin ölkə iqtisadiyyatına
təsiri böyükdür. Dövlətin iqtisadi və sosial
sahələrə müdaxiləsi hər zaman istər inzibati
amirlik, istərsə də bazar münasibətləri şəraitində
zərurətə çevrilir.
Vasif CƏFƏROV
Ekspress. – 2012.
– 19 oktyabr. – S. 9.