Sahibkarlığın yeni mərhələsi: informasiya
texnologiyaları
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Müasir iqtisadiyyat ənənəvi
iqtisadiyyatdan çox
fərqlənir. Yaşadığımız dövr
informasiya texnologiyaları dövrüdür
və mövcud olan iqtisadiyyat da bu imkanlara
uyğunlaşdırılıb. Proses bitməyib
və təsərrüfat həyatının informasiyalardan
asılılığı getdikcə artır.
Ənənəvi iqtisadiyyatda əsas
rolu sənaye oynayırdı. Sənaye məhsullarının
istehsal həcmi ümumi daxili məhsulun dəyərinin
formalaşmasında əsas mənbə idi. Bu mövqe 1980-ci
illərin sonlarına qədər qorundu. Lakin həmin
dövrdən informasiya texnologiyaları özünü daha
qabarıq biruzə verməyə başladı. İnformasiya
texnologiyaları olduqca böyük sürətlə ictimai və
iqtisadi həyatın bütün sahələrinə nüfuz
etdi. İndi elə bir sahə yoxdur ki, orada informasiya sistemlərinin
xidmətindən istifadə edilməsin. Bu, artıq bir
ehtiyacdır və onsuz insan həyatının inkişafı
qeyri-mümkündür.
İnformasiya texnologiyalarına
ehtiyacın yüksəlməsi onun iqtisadi dəyərini də
artırdı. Görünən budur ki, informasiya
texnologiyalarının inkişafı bundan sonra
iqtisadiyyatın dəyərinin formalaşmasında daha
böyük paya sahib olacaq. Artıq yeni iqtisadi reallıqlar
dövrünü yaşayırıq və bu dövr
informasiya texnologiyaları dövrü adlanır.
İnsan var olduğu tarixdən bəri
təsərrüfat həyatında 3 böyük inqilabi dəyişiklik
görüb. Bu dəyişikliklərdən birincisi kənd təsərrüfatında,
ikincisi sənayedə, üçüncüsü isə
informasiya texnologiyaları sahəsində baş verib.
Hazırda biz informasiya cəmiyyətində
yaşayırıq. Bu cəmiyyətdə zənginliyin
başlıca mənbəyi və ən əhəmiyyətli
istehsal amili informasiyadır. İnformasiyaya sahib olan, onu istehsal
edən, ictimai həyatın hər sahəsinə tətbiq edərək
effektivliyini və səmərəliliyini artıran cəmiyyətlər
inkişafa öncüllük etməkdədirlər.
Bunu informasiya texnologiyaları sahəsi
üzrə fəaliyyətini quran şirkətlərin
göstəriciləri, qazandıqları mövqelər də
təsdiqləyir. İnformasiya cəmiyyətinə keçid
iqtisadi inkişafı sürətləndirməkdə və
bu prosesi ənənəvi istehsal faktorlarında dəyişikliklərə
yol açmaqdadır. Sənaye iqtisadiyyatında
investisiyaların əsasını maşın və
avadanlıq, fabrik və zavod binası kimi əsas fondlar tutarkən,
hazırda investisiyalar əsasən informasiyanın
artırılması, yayılması və insan zəkasının
geniş şəkildə istehsal prosesinə cəlb edilməsinə
istiqamətlənib.
İnformasiyanı daha geniş şəkildə
istifadə edən şirkətlər pul və mal dövriyyələrini
2-3 dəfə artırıb, eyni zamanda şirkət
işçilərinin sayı 25% azalıb. Bu onu göstərir
ki, informasiya və yeni texnologiyaların geniş şəkildə
istifadə olunduğu sahələr başqalarına görə
daha sürətlə inkişaf etməkdə və getdikcə
bu sahələr ölkələrin iqtisadiyyatlarının əsasını
təşkil etməkdədir. Statistik göstəricilər
informasiya sahələrindəki beynəlxalq ticarətin təbii
resurslar ticarətindən dəfələrlə daha sürətlə
inkişaf etdiyini göstərir. İnformasiya əsaslı əmtəə
və xidmətlərinə artan tələbat qlobal
iqtisadiyyatın strukturunu dəyişməkdədir.
İnformasiyanın rəqabətdə
üstünlüyü təmin etməsi onu bütün sahələrdə
əhəmiyyətli idarəetmə vasitəsinə çevirib.
İnformasiyanı geniş şəkildə istifadə edən
şirkətlərin maliyyə göstəriciləri analiz
edildiyində informasiya idarəetməsinin nə qədər
vacib olduğu təsdiqlənməkdədir. Kommunikasiya,
biotexnologiya kimi sahələrdə fəaliyyət göstərən
şirkətlərin əsas fondlarının dəyəri həmin
şirkətlərin bazar dəyərinin 5-10%-ni təşkil
etməkdədir. Kompüter proqramlaşdırma sahəsində
fəaliyyət göstərən "Microsoft"un bazar dəyəri,
fiziki mülkiyyətinə görə dünyanın ən
böyük şirkəti olan "General Motors"un bazar dəyərindən
8 dəfə çoxdur. "Microsoft" 2 milyar dollar
miqdarında olan fiziki mülkiyyəti ilə 500 milyard dolar
miqdarında bazar dəyərinə sahibdir. Yəni, şirkət
bu bazar dəyərini maliyyə hesabatlarında görünən
fiziki mülkiyyətlə əldə etməyib. Şirkətin
bu dəyəri əldə etməsinin səbəbi mühəndislərinin
kodlar və yeni proqramlar yaratması, müştəriləri
ilə qurduğu əlaqələr və sahib olduğu sistemlər;
ümumi ifadəsiylə informasiyadır. Ən bariz nümunəsi
"Microsoft" olmaqla bərabər, yeni iqtisadi mühitdə
buna bənzər nümunələr çoxdur. Başqa
sözlə, şirkətlərin yeni zənginliyi və dəyər
mənbəyi informasiya, yəni intellektual sərmayədir.
Yeni iqtisadiyyatın əlamətləri
dünya birjalarında daha yaxşı hiss olunur. On il bundan əvvəl
dünyanın ən böyük bazar dəyərinə malik
20 şirkətinin arasında informasiya sahəsində fəaliyyət
göstərən 2-3 şirkət var idi. Bu gün isə
tamamən fərqli vəziyyət yaranıb. İndi artıq
bu siyahının başında "Microsoft",
"İntel", "Oracle" kimi yeni iqtisadiyyatın əsas
şirkətləri yerləşib və 20 ən böyük
dəyərə malik şirkətlərin 17-si informasiya sahəsində
fəaliyyət göstərən şirkətlərdir.
Dünya sürətlə yeni
iqtisadiyyatın qanunlarına uyğunlaşmaqdadır və
şirkətlər bu istiqamətdə özlərini yeniləməkdədirlər.
Artıq rəqiblərindən bir addım önə
keçmək üçün şirkətlər
informasiyanın əldə edilməsi, emalı və
ötürülməsi ilə daha sıx əlaqədə
olmalıdır. İnformasiya mütəmadi olaraq yenilənməkdə,
çox sürətli bir şəkildə dəyişməkdə,
dəyişmənin gerisində qalan cəmiyyətlər isə
bunun ağır hesabını ödəməkdədirlər.
Bu gün elm və texnologiyadakı inkişaf o qədər
sürətlə gedir ki, bir elm adamı üçün
beş il sonrasını belə proqnozlaşdırmaq və bu
mövzuda qəti bir fikir bəyan etmək olduqca çətin
məsələdir.
Bir sözlə, informasiya kommunikasiya texnologiyalarında
yaşanan sürətli inkişaf, bizi texnologiyadan tamamən
asılı hala gətirib. Gələcəkdə bu sektorun
iqtisadiyyatda varlığı daha güclü hiss ediləcək.
Mütəxəssislərin fikrincə,
hələ bu sahədə irəliyə getmək
üçün çox böyük imkanlar var və bu
imkanlardan yararlana bilən ölkələr müvəffəqiyyətini
artıra bilər. Xüsusilə inkişaf etməkdə olan
ölkələr üçün çox böyük
imkanlar mövcuddur. Bu imkanlardan Azərbaycan da yararlanmaq istəyir.
Ölkəmizdə son illərdə informasiya
texnologiyalarına diqqət xeyli dərəcədə
artıb və gələcəyin müvəffəqiyyət əldə
edən iqtisadiyyatları arasında yer almaq üçün
informasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsinə
böyük ümidlə baxılır.
İnformasiya texnologiyalarının
inkişaf etdirilməsi məqsədilə 2003-cü ildə
"Azərbaycan Respublikasının İnkişafı naminə
İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə
Milli Strategiya" təsdiq edildi. Strategiya 2003-2012-ci illəri əhatə
edir. Bundan sonra 2004-cü ildə "Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
yaradılması haqqında" prezident sərəncamı
imzalandı. Bunun ardınca "Azərbaycanda rabitə və
informasiya texnologiyalarının inkişaf üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı
(Elektron Azərbaycan), bir neçə ildən sonra isə
2010-2012-ci illər üçün eyni xarakterli Dövlət
Proqramı qəbul edildi.
"Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində həyata
keçirilən tədbirlər və sektorun inkişafı
istiqamətində aparılan ardıcıl dövlət siyasəti
nəticəsində son 5 ildə informasiya texnologiyaları və
poçt sektoru üzrə gəlirlər mütəmadi
artıb və orta illik artım 25 faiz olub. Bu müddət ərzində
sahə üzrə investisiya qoyuluşunun həcmi 850 milyon
manatdan çox olub.
Görülən tədbirlər nəticəsində
informasiya kommunikasiya texnologiyaları sahəsində ciddi
iqtisadi nəticələr əldə edilib. 2007-ci ildə
informasiya kommunikasiya texnologiyaları bazarının həcmi
906 milyon dollar olduğu halda 2011-ci ildə 1,665 milyard dollar təşkil
edib.
Bu sektorda özəl sektorun payı
çox olsa da dövlət varlığı hissediləndir.
Hazırda bazarın 20 faizi dövlət müəssisələrinin
hesabına formalaşır.
Sektorun inkişafında bura qoyulan
investisiyaların da payı böyükdür. 2007-ci ildə sektora
195 milyon dollar sərmayə
qoyulduğu halda
2011-ci ildə 525 milyon
dollar, 2012-ci ilin birinci
yarısında 227 milyon
dollar investisiya qoyulub.
Son 5 il ərzində Azərbaycanın
informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə
genişlənib, məhsul ixracı 5 dəfə artıb. Azərbaycanda
informasiya kommunikasiya texnologiyaları sektorunun gəlirləri hər
üç ildə 2 dəfə artır və bu göstərici
üzrə Azərbaycan ümumdünya orta göstəricisini
təxminən 2-2,5 dəfə qabaqlayır.
Azərbaycanda 2004-2011-ci illər ərzində
informasiya texnologiyaları sektoruna 3 milyard ABŞ dolları məbləğində
investisiya yatırılıb, bunun da 21%-ni xarici investisiyalar təşkil
edib.
"Beynəlxalq internet
kanallarının tutumu dəfələrlə
artırılaraq 200 GB/saniyəyə
çatdırılıb və bir çox regional informasiya
serverləri ölkədə yerləşdirilib. Nəticədə,
Azərbaycan regionda internet xidmətlərinin
ixracatçısına çevrilib.
Hazırda ölkə əhalisinin 65%-i
internet istifadəçisidir və onların da təxminən
yarısı genişzolaqlı internet istifadəçisidir.
Bu göstəriciyə görə Azərbaycan
ümumdünya orta göstəricisini 2 dəfə üstələyir.
İndi Azərbaycanda hər 100 nəfərə
17 telefon aparatı, 104 mobil telefon nömrəsi, 65 internet
istifadəçisi, 30 genişzolaqlı internet istifadəçisi
düşür. Mobil rabitə ilə əhatə olunan ərazidə
yaşayan əhalinin ölkə əhalisində xüsusi
çəkisi 99,8 faiz, ay ərzində internetdən 20
saatlıq istifadə üçün orta tarif 1,5 manat,
internetdən istifadə tarifinin adambaşına düşən
orta aylıq ümumi gəlirə nisbəti 0,5 faiz, ay ərzində
100 dəqiqə mobil rabitə ilə danışıq
üçün orta tarif 7,4 manat təşkil edir.
Sadalanan inkişaf göstəriciləri
sayəsində informasiya texnologiyaları sahəsi üzrə
fəaliyyət göstərən şirkətlər indi
neft-qaz şirkətlərindən sonra dövlət büdcəsinə
ən çox pul vergi ödəyən şirkətlərdir.
Vergi ödənişlərinin artmasına sektorun gəlirlərinin
artması köməklik edib. 2007-ci ildə sektorun ümumi gəliri
60,2 milyon dollar təşkil etdiyi halda 2011-ci ildə153,1 milyon
dollara yüksəlib.
Vasif CƏFƏROV
Ekspres. – 2012. –
20-22 oktyabr. – S. 10.