Rejissor olmasaydım, kəşfiyyatçı olardım...

 

Azərpaşa Nemətov: "Aktyorlarla çalışmaq kimi çətin başqa bir yoxdur"

 

Tanınmış rejissor Azərpaşa Nemətov 30 il əvvəl rejissor olmasına peşman olubmuş. Həm də deyir ki, rejissor olmasaydı, yəqin ki, kəşfiyyatçı və ya hərbi təyyarəçi olardı. Azərpaşa müəllim indisə bəyan edir ki, "teatr rejissoru olması ilə qürur duyur".

Beləliklə, həmsöhbətimiz Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovdur.

 

- Sanki Azərbaycan teatrı ayrı, dünya teatrı ayrıdır - bir-birilərindən xəbərsiz inkişaf edirlər...

- Əvvəla, biz dünyadan ayrı qalmırıq. İkincisi isə, zaman göstərir ki, Azərbaycan teatrları heç də dünya teatrlarından geri qalmayıb. Doğrudur, dünya teatrlarında fərqli, qeyri-adi, dünyanı təəccübləndirəcək tamaşalar var. Ancaq bu, dünyanın hər yerində yoxdur. Mən bir rejissor kimi Azərbaycan teatrını dərindən bilirəm, Türk teatrından da xəbərim var, Rus teatrını daha yaxşı bilirəm, ümumiyyətlə, keçmiş SSRİ məkanında olan teatrları yaxından tanıyıram: dünənlərini, bugünlərini bilirəm, perspektivləri barədə də təxmin edə bilirəm. Ənənəvi ölkələr var ki, onların teatrı hər zaman yüksək olub, teatrların tarixi də qədimdir. Azərbaycanda peşəkar teatr gəncdir, yaşı azdır, cəmi 138 ildir. Ancaq Azərbaycan teatrının kökünü diqqətə alsaq, çox qədim olduğunun şahidi olacağıq. Aşıq musiqisinin kökü bir teatrdır, həm monoteatrdı - aşıq çalır və oxuyur, həm də deyişmə olanda artıq dialoq başlayır. Aşıq el-el, oba-oba gəzib şahid olduqlarını, eşitdiyi rəvayətləri, hadisələri camaat qarşısında çıxış edərək anladırdı. Yəni Azərbaycanda səhnə sənətinin kökü çox dərindir. Hazırkı teatrımızın səviyyəsi dünyanın ortasəviyyəli teatrları ilə eynidir. Yüksəksəviyyəli teatrlar dünyada azlıq təşkil edir. Məsələn, İngiltərədə Kral teatrının tamaşalarına baxmışam, çox təmtəraqlı hazırlanmışdı, kostyumlar, qrim, görüntü çox möhtəşəm, ancaq tamaşa məni qane etmədi.

- Təmtəraqdan uzaq rejissorsunuz, bəlkə ona görə ingilislərin tamaşası sizi qane etməyib?

- Əksinə, mən də təmtərağı çox sevirəm. Sadəcə, həmin tamaşaya qoyulan əsəri oxuduğum üçün səhnədə fərqli bir görüntüylə rastlaşanda razı qalmadım. Adi oxucunun görə bilmədiyini görmək rejissor üçün çox önəmlidir.

- Sizin quruluşunuzdakı "Hamlet" tamaşası da Şekspirin əsərinə fərqli baxış idi, demək olar ki, heç nə yox idi...

- Demək olar ki, yox, səhnədə, ümumiyyətlə, heç nə yox idi...

- Hər halda, heç nəyin içində düşündürücü məqamlar vardı...

- Başqa cür imkansızdı. Söhbət Şekspirdən gedirsə, deməli dərin məqamlar var.

- Səhnədə zəngin dekorasiya, təmtəraq lazım deyil?

- Əvvəllər səhnədə hətta tör-töküntüdən, zibil yeşiklərindən də istifadə etmişəm. Yəni əvvəllər rejissor kimi diqqətimi səhnədə olan çoxluq çəkirdisə, hazırda daha çox yox dərəcəsində olan "məqamlar" çəkir. Dünya rejissorları "Hamlet"ə çox müraciət ediblər: tamaşa kimi də, kino variantına da az qala hamı "Hamlet"ə baxıb. "Hamlet"dən klassik, avanqard və müasir formalarda azı 10 film çəkilib. Tamaşaya qoyulanları isə həddindən artıq çoxdur. Odur ki, fərqli düşünməyə qərar verdim.

- Sizin "Hamlet" yaxşı anlamda səs-küyə səbəb oldu. Baş rolda xüsusilə Fuad Poladovun ifası yadda qaldı. Halbuki, Şekspirin qəhrəmanı ilə Fuad Poladov fərqli yaşlardadırlar. Ümumiyyətlə, Sizin üçün obrazla aktyorun yaşının fərqi varmı?

- Fuad Poladov Hamlet üçün o qədər də yaşlı deyildi, səhnədə çox çevikdi. Tamaşada bir səhnə var, Hamlet Ofeliyanı qolları arasında saxlayaraq monoloq deyir. Təbii ki, gənc aktyorlar bacarmazdı, Fuad Poladov kimi idmanla məşğul olan təcrübəli aktyor həmin səhnədə çətinlik çəkirdi. Çünkü aktrisa nə qədər az kilolu olsa belə, yenə də ən azından 40-50 kilo olacaq. 40-50 kilonu monoloq deyərək tutub saxlamaq o qədər də asan məsələ deyil. Fuad Poladov bacardı, çünki peşəkardı, səhnədə çevikdi, idmanla məşğul olur, qılınc oynatmağı bacarır - yəni hərtərəfli Hamletin öhdəsindən gəldi. Tamaşadan öncə saçlarını bir qədər qara rəngə boyadıq. Ancaq bir məqamı diqqətinizə çatdırmaq istərdim. Hamlet gənc olmayıb. Hamı Hamletin gənc olduğu fikrini irəli sürür. Görünür əsəri diqqətlə oxumayıblar. Hamletin 30 yaşı olub, bu 18-19 yaş deyil. Əsərdə məzarçıyla söhbət var. Orda məzarçıdan soruşulur ki, nə vaxtdan məzarçılıqla məşğuldur. Məzarçı cavabında: "Hamlet dünyaya gələndən, o vaxtdan 30 il keçir" deyir. Əsəri diqqətlə oxumaq yetərlidir ki, Hamletin yaşının dəqiq nə qədər olduğunu biləsən. Hesab edirəm ki, kimsə Fuad Poladovu Hamlet obrazı üçün yaşlı hesab edibsə, o, qərəzli mövqe tutub. Tamaşa 4 saat 20 dəqiqə davam edir və Fuad Poladov səhnədə tamaşanın ritmini saxlamağı bacarır. Ondan başqa kim bacara bilərdi ki?!

- Dövrün nəbzini teatr, yoxsa kino yaxşı tutur?

- Teatr sənətinin tarixi qədimdir, hər dövrdə aktual ola, dövrün nəbzini tuta bilib. Mən deyərdim ki, teatr kinodan daha təsirlidir. Sadəcə, kinoya milyonlar baxa bilir, TV-dən milyonlarla tamaşaçı izləyə bilir, teatr isə 300-400 tamaşaçı tərəfindən izlənilir. Çox kübar, ağır, çətin, amma şərəfli sənətdir. Mən teatr rejissoru olmağımla qürur duyuram.

- Maraqlıdır, yenidən dünyaya gəlsəydiniz, rejissor olardınızmı?

- 30 il əvvəl də bu sualı mənə vermişdilər. Cavab o vaxt belə olmuşdu ki, yenidən dünyaya gəlsəydim, rejissor olmazdım. Çünki rejissor sənəti kimi ağır, çətin ikinci bir sənət yoxdur. Xüsusilə aktyorlarla çalışmaq kimi çətin başqa bir iş yoxdur. Aktyorlar uşaq kimi kövrək, həssas olurlar. Mütləq onların qayğısına qalmalısan, problemləri ilə maraqlanmalısan, nazıyla oynamalısan, onlarla dil tapmalısan.

- Elə rejissor var ki, aktyorla çox sərt rəftar edir. Bildiyimə görə, aktyorların Sizə çox böyük hörməti var.

- Bu barədə heç deyə bilmərəm. Ancaq təxminən düşünürəm ki, hər halda münasibətlərimiz yaxşı olar. Demək rejissorluq sənətinin öhdəsindən gəlmişəm. Ancaq rejissor olmasaydım, yəqin kəşfiyyatçı, cərrah, ya da hərbi təyyarəçi olardım. Sadaladıqlarımın hamısı yaradıcılıqla bağlı sahələrdir...

 

 

ULDUZƏ QARAQIZI

 

Ekspress. – 2012. – 20-22 oktyabr. – S. 12.