Sahibkarlıq yüngül
sənayedə axsayır
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Xarici ölkələrin sənayeləşmə təcrübəsi
göstərir ki, məhsul
istehsalının artırılması, sahibkarlıq fəaliyyətinin
gücləndirilməsi, yeni və çoxlu sahibkarlıq subyektlərinin
yaradılmasının ən əlverişli yolu
yeyinti və yüngül
sənaye sahələrinin inkişaf
etdirilməsidir. Çünki adıçəkilən sənaye
sahələrinin istehsal etdiyi
məhsul gündəlik tələbatın ödənilməsi
üçün nəzərdə tutulur, buna görə də
həmin sənaye müəssisələrinin işə
salınması çətin deyil.
Bununla bərabər bu sahələrdə
istehsal böyük kapital və yüksək texnologiyaya bir o qədər
də ehtiyac olmayan kiçik müəssisələr tərəfindən
həyata keçirilməkdədir. Azərbaycanda da bazar
iqtisadi sisteminə keçiddən sonra gözləmək
olardı ki, qısa müddət sonra inkişafı hiss ediləcək
sahələrdən biri məhz yüngül sənaye olacaq.
Lakin bu, belə olmadı. Birinci özəlləşdirmə
proqramı çərçivəsində yüngül sənaye
sahələrinə aid olan 70-dən artıq istehsal müəssisəsinin
xüsusi mülkiyyətə verilməsinə baxmayaraq, həmin
müəssisələr sonradan fəaliyyət göstərə
bilmədi.
Bunun günahı özəlləşdirmədə
deyildi. Dövlət müstəqilliyinin əldə edilməsi
ilə bərabər ittifaq respublikaları ilə təsərrüfat
əlaqələrinin pozulması və eyni zamanda bu müəssisələrdə
yeni texnologiyaların tətbiq edilə bilməməsi
yüngül sənayedəki tənəzzülün əsas
səbəblərindən sayılır.
Sovet dövründə fəaliyyət
göstərən yüngül sənaye müəssisələrinin
əksəriyyətində istehsal daxili bazardakı tələbatdan
daha yüksək olub. Həmçinin bu müəssisələrin
istehsal etdikləri məhsullar, sənayesi daha yüksək
inkişaf etmiş ölkələrə nisbətən daha az
rəqabətli məhsullar idi. Yəni, necə deyərlər,
bazarda bu məhsulların alternativi olmadığından,
istehsal müəssisələri özünü rahat hiss
edirdi və keyfiyyətli məhsul buraxmaq haqqında
düşünmürdülər. Ona görə də Azərbaycanda
sovet adamlarının əksəriyyəti imkan daxilində
qara bazarlardan digər sovet respublikalarının, eyni zamanda
sosialist respublikalarının yüngül sənaye məhsullarını
alıb istifadə etməyə üstünlük verirdilər.
Bu arxayınçılıq onunla nəticələndi ki, Azərbaycanda
yüngül sənaye sahələrində rəqabətədavamlı
məhsul istehsalı ilə məşğul olunmadı,
istehsal prosesi buna müvafiq təşkil edilmədi və bazar
iqtisadiyyatına keçiddən sonra bütün müəssisələr
iflic oldu.
Bununla belə statistik rəqəmlər
göstərir ki, sovet dövründə Azərbaycan
iqtisadiyyatının inkişaf etmiş sahələrindən
biri yüngül sənaye sahələri idi. 1990-cı ildə
ümumi sənaye məhsulunda yüngül sənayenin
payı 21% təşkil edib. Yüngül sanayedə
çalışanların 23%-i işləyib. Sovetlər
zamanı bu sahə ümumi daxili məhsulun 8%-ni təmin
edirdi. Hesablamalar göstərir ki, sovet dövründə Azərbaycanda
4 milyard dollar dəyərində yüngül sənaye məhsulları
ixrac olunurdu. Bu gün isə yüngül sənaye məmulatlarına
tələbatın 90%-dən çoxu idxal hesabına ödənilir.
Məlumat üçün deyək ki,
yüngül sənaye özündə toxuculuq tikiş, xəz-dəri,
gön-dəri, ayaqqabı, trikotaj və
xalçaçılıq sahələrini birləşdirirr.
Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan),
heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni
və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır.
Azərbaycan istehlak malları
istehsalı üçün kifayət qədər xammal
ehtiyatına, işçi qüvvəsinə və bazara
malikdir. Lakin tarixən bu əlverişli imkanlardan
lazımınca istifadə edilməyib. Bunun nəticəsində
respublikaya parça, paltar, ayaqqabı və s. malların xeyli
hissəsi indinin özündə kənardan gətirilir.
Ekspertlərin fikrincə, Azərbaycanda
yüngül sənayenin inkişaf etməməsi daxili amillərlə
bağlıdır. Nəzəri baxımdan bir ölkədə
yerli istehsal bir neçə səbəbdən inkişaf etməyə
bilər. Əgər yerli məhsullar xaricdən idxal olunan
mallarla həm keyfiyyət, həm qiymət baxımından rəqabət
apara bilmirsə, bu sahə inkişaf etmir. İkinci səbəb
kimi ölkədə yerli istehsala mane olan bürokratik maneələri,
investisiya mühitinin və hüquqi bazanın əlverişli
olmaması da inkişafı ləngidir. Ekspertlərə
görə, yüngül sənaye sahələrində fəaliyyət
göstərən sahibkarların ucuz kreditlərə
çıxış imkanları olmalıdır, onlar müxtəlif
yollarla istehsalın genişləndirilməsinə təşviq
edilməlidir.
Bildirək ki, ölkəmizdə Nazirlər
Kabinetinin mütəxəssisləri tərəfindən
yüngül sənaye müəssisələrinin dirçəldilməsi
və inkişafı məqsədilə bir neçə il əvvəl
proqram layihəsi hazırlanmışdı. Lakin bu proqram həyata
keçirilməsi, vəsait
çatışmamazlığından qeyri-müəyyən
vaxta qədər təxirə salındı. Bu proqram
yüngül sənaye müəssisələrinin 30%-nə qədərini
dirçəltmək üçün lazım olan kompleks tədbirləri
nəzərdə tuturdu. Lakin sonralar struktur islahatları
çərçivəsində Nazirlər Kabinetində fəaliyyət
göstərən və bu cür təkliflərlə
çıxış edən yüngül sənaye şöbəsi
ləğv edildi.
Qısası, yüngül sənaye sahələrinin
yenidən dirçəlmə ehtimalı yalnız və
yalnız bazarın öhdəsinə qalıb. Bazar isə hələ
bunu bacarmır. Xarici ticarətə dair məlumatlar göstərir
ki, Azərbaycanda az sayda olan yüngül sənaye məhsulları
əsasən daxili bazar üçündür. Yüngül sənayenin
ən böyük bədbəxtçiliyi xarici
ixracatçılarla rəqabət apara bilməməsidir.
Hazırda Azərbaycan bazarını ucuz olduğuna görə,
Çin, Hindistan, Pakistan və İrandan gətirilən
mallar, keyfiyyətli olduğuna görə isə Türkiyə
və yenə də Çin malları doldurub. Ölkə vətəndaşları
Azərbaycanda istehsal edildiyi bilinən yüngül sənaye məhsullarına
yaxın durmaq, onun alıcısına çevrilmək istəmir.
Yerli istehsalçılar belə vəziyyətdə
çıxış yolunu keyfiyyətli məhsul buraxmaq yox,
istehsal etdiyi malın üzərinə tanınmış
ölkələrin, firmaların etiketlərini vurmaqla
satışa çıxartmağı üstün tuturlar.
Rəsmi məlumatlara görə, 2011-ci
ildə Azərbaycan xaricə 121 min dollarlıq xalça və
digər döşəməüstü örtüklər
satdığı halda 4,9 milyon dollarlıq eyni növ məhsullardan
alıb. Eynilə 4,67 min dollarlıq trikotaj parça satan
ölkəmiz xaricdən 564 min dollarlıq parça alıb.
Ümumilikdə Azərbaycan 6 milyon
dollar dəyərində paltar
satıb. Amma aldığı
paltarın dəyəri
33 milyon dollar təşkil
edib. Ölkəmiz
keçən il 440 min dollar dəyərində
ayaqqabı satdığı
halda, xaricdən 7 milyon dollar dəyərində
ayaqqabı alıb.
Bu faktlar sübut edir ki, Azərbaycanın
yüngül sənayesi idxal məhsulları ilə rəqabət
apara bilmir. Bunun nəticəsidir ki, daxili tələbatın
böyük hissəsi idxal hesabına təmin olunur. Təsəvvür
edin ki, 2011-ci ildə sənaye məhsulunun cəmi 0,4%-i və
ya 111 milyon manatlıq hissəsi yüngül sənaye sahələrində
istehsal edilib. Yüngül sənaye üzrə 177 müəssisə
fəaliyyət göstərib. 2005-ci illə müqayisədə
müəssisələrin sayında azalma var. Altı il əvvəl
210 müəssisə fəaliyyət göstərib.
Ən çox müəssisə
toxuculuq sənayesi sahəsindədir. Burada 77 müəssisə
fəaliyyət göstərir və onlar ümumilikdə 52,3
milyon dollarlıq məhsul istehsal edib. Müəssisələrin
sayı azalsa da, məhsul istehsalında artım var. Artım
son 6 ildə 50%-i ötüb.
Toxuculuq sahəsinə 2005-ci ildən bəri
37 milyon manatdan artıq investisiya qoyulub. Toxuculuqda əsasən
pambıq mahlıcı,
yağsızlaşdırılmış xalis yun, hazır
pambıq parçalar, ipək parçalar, pambıq yataq
ağları və s. buraxılır.
Yüngül sənayenin ikinci ən
böyük sahəsi geyim istehsalıdır. Burada 2011-ci ildə
80 müəssisə fəaliyyət göstərib. Bu müəssisələr
tərəfindən 38,5 milyon manatlıq məhsul
buraxılışı olub. Burada da müəssisələrin
sayı azalsa da məhsul istehsalında artım var. 2005-ci ildən
bəri geyim məhsullarının istehsalında 2,36 dəfə
artım qeydə alınıb. Geyim sektoruna 2005-ci ildən bəri
35 milyon manat həcmində sərmayə qoyulub. Sektorun əsas
məhsulları kişilər və ya oğlanlar
üçün köynəklər, xalça və
xalça məmulatları, trikotaj - corab məmulatları və
s. təşkil edir.
Dəri və dəridən məmulatların
və ayaqqabıların istehsalı yüngül sənayenin
üçüncü bölməsidir. Bu bölmə üzrə
cəmi 20 müəssisə fəaliyyət göstərir.
Ötən il 20 milyon manatlıq məhsul istehsal edən
bölməyə aid olan sahibkarlar 2005-ci ildən bəri
istehsalın həcmini 5 dəfə artıra bilib. Dəri və
dəridən məmulatların və ayaqqabıların
istehsalına son 6 ildə 5,8 milyon manatlıq sərmayə
qoyulub.
Beləliklə, yüngül sənaye
sahələri 2005-2011-ci illərdə təxminən 78 milyon
manatlıq sərmayə cəlb edilib. Bu fakt yüngül sənayenin
niyə bu qədər zəif inkişaf etdiyini göstərir.
Lakin sevindirici fakt ondan ibarətdir ki, son illərdə
yüngül sənaye sahəsi üzrə fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin sayı azalsa
da müəssisələrin özündə böyümə
baş verir. Yəni, kiçik müəssisələrin
yerini tədricən iri müəssisələr tutur ki, bu da gələcəkdə
rəqabədavamlı məhsul istehsalı üçün əsas
yaradır.
Lakin istənilən halda Azərbaycan
yüngül sənayenin inkişafı baxımından
çox gecikir. Xarici təcrübəyə diqqət yetirdikdə
görürük ki, böyük inkişaf sürətini əldə
edən bir çox inkişaf etməkdə olan ölkələrdə
qabaqcıl sahələrin arasında yüngül sənaye
xüsusi mövqeyə malikdir. Artıq inkişaf etməkdə
olan ölkələr yüngül sənayenin istehsal və
ixrac imkanlarına görə, inkişaf etmiş ölkələrə
çatıb, hətta bəzi göstəricilərə
görə üstələyib. Həmin ölkələrdə
yüngül sənayenin inkişafı məhz yuxarıda da
qeyd etdiyimiz kimi bu sektorun əlverişli imkanları ilə
bağlı olub. İndi yüngül sənaye məhsulları
bazarının 50%-i, bəzi bölmələri üzrə isə
hətta 70%-i həmin ölkələr hesabına
formalaşır.
Azərbaycan da bu yolu getməklə
yüngül sənayeni inkişaf etdirə bilər. Unutmayaq
ki, bu sahədə ölkəmizin böyük təcrübəsi,
kadr potensialı olub. Ona görə də Azərbaycanın
yüngül sənayenin inkişafında vaxt itirməyə
haqqı çatmır.
Məlumat üçün qeyd edək
ki, yeni istehsala qədəm qoyan müəssisələrin rəqabət
qabiliyyətinin təmin edilməsi üçün müasir
iqtisadi ədəbiyyatda 3 ilə 8 il arasında dəyişən
müddətin lazım ola biləcəyi
düşünülür. Lakin dünya ölkələrinin
təcrübəsində hökumətin himayə müddəti
ölkədən ölkəyə, sektordan sektora, dövrdən
dövrə böyük fərqlər göstərib. Məsələn,
Yaponiyada yüngül sənayenin inkişafı 20-30 il, Cənubi
Koreyada 40 il, gəmiqayırma sənayesi isə 1-2 ildə
inkişaf etdirilə bilmişdi.
Vasif CƏFƏROV
Ekspress. –
2012. - 25-29 oktyabr. – S. 9.