Kreditlər sahibkarların əsas
maliyyə qaynağıdır
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Sahibkarların
istifadə etdiyi maliyyə mənbələri
arasında banklar xüsusi
yerə sahibdir. Banklar
müxtəlif mənbələrdən cəlb etdiyi, həmçinin öz
kapitalı hesabına formalaşdırılan vəsaitlər
hesabına sahibkarların kredit tələbatını
ödəməyə çalışır. Kreditləşmə
bank xidmətlərinin əsas hissəsi olaraq qalır və ildən-ilə maliyyə
xidmətlərindən istifadənin genişlənməsi prosesi davam edir.
Məlumdur ki, banklar 3 növ kredit təşkilatından
(qeyri-bank kredit təşkilatı və kredit ittifaqları ilə
birgə) biridir. Amma Azərbaycanda kredit təşkilatları
arasında maliyyələşdirmənin əsas təminatçısı
məhz banklardır. Son məlumatlara görə, banklar
bütün kredit təşkilatları tərəfindən
ayrılan kreditin 97,2 %-ni verib. Kredit təşkilatları
ümumilikdə 11,15 milyard manat həcmində kredit verib ki,
onun da 10,846 milyard manatını banklar ayırıb. Bu
kiçik fakt bankların daxili kreditləşmədə nə
qədər önəmli paya sahib olduğunu göstərir.
Hazırda Azərbaycanda 43 bank fəaliyyət
göstərir ki, onlardan biri dövlət ("Azərbaycan
Beynəlxalq Bankı"), qalanları özəl
banklardır. Bankların 23-ü xarici kapitallıdır.
Nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini
xarici sərmayə təşkil edən bankların sayı isə
7-dir. Bankların yerli filialların sayı 672, şöbələrinin
sayı 162-dir. Bankların aktivləri 15,5 milyard manat, kredit
qoyuluşları 10,846 milyard manat, məcmu kapitalı 2,23
milyard manat təşkil edir.
Mərkəzi Bankın məlumatına əsasən,
2012-ci ilin ilk yarısında bank aktivlərinin dəyişimi əsasən
kredit qoyuluşları ilə əlaqədar olub. Kredit
qoyuluşları I yarımillikdə 8,8% artıb. Mərkəzi
Bankın apardığı sorğular kreditə tələbin
artdığını göstərir ki, bu da qeyri-neft
sektorunda iqtisadi aktivliyin yüksəlməsindən irəli gəlir.
Qeyd edilməlidir ki, banklar tərəfindən
iqtisadiyyata, onun sabit, az riskli inkişafına inam artıb.
Bunun əsas göstəricilərindən biri verilən
uzummüddətli kreditləri artım sürətinin yüksəlməsidir.
Birinci yarımildə kredit qoyuluşları uzunmüddətli
kreditlər hesabına artıb. Belə ki, bu dövr ərzində
qısamüddətli kreditlər 1,5% azaldığı halda,
uzunmüddətli kreditlər 13,2% artıb. İlin ilk
yarısında uzunmüddətli kreditlərin bankların
kredit portfelinin strukturunda payı 73,3% olub (1 yanvar 2012-ci il
tarixinə 70,5%).
Kreditlərin
böyük hissəsini hüquqi şəxslərə verilən
kreditlər təşkil edir. Hüquqi şəxslərə
ilk 6 ayda ayrılan kreditlər 5,3% artıb və dövrün
sonuna 6,313 milard manat (portfeldə payı 59,8%) olub.
Bununla
belə pərakəndə kreditlər daha yüksək və
stabil artım tempinə malikdir.
Hesabat dövründə ev təsərrüfatlarına verilən
kreditlər (banklar üzrə) 15%
artıb və dövrün sonuna 3,548 milyon manat təşkil edib. İstehlak kreditləri yarım ildə 16,3% artaraq ev təsərrüfatlarına
verilmiş kreditlərin 75,8%-ni
formalaşdırıb. Fiziki şəxslərə verilən
kreditlərin 65%-i avtomobil və
daşınmaz əmlakla bağlıdır.
Fiziki şəxslərə
daşınmaz əmlakın tikintisi və
alınması üçün verilən
kreditlər birinci yarımillik ərzində
12,8% artıb və 1 iyul 2012-ci il tarixinə 649,3 milyon manat təşkil edib. Bu kreditlərin ev təsərrüfatlarına
verilən kreditlər portfelində payı dövrün
sonuna 17,1% olub.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə
verilmiş kreditlər isə 4% artaraq ev təsərrüfatlarına
verilən kreditlərin 7,1%-ni yaradıb.
Azərbaycanda banklar
bazar iqtisadiyyatı şəraitində yaşayan bütün
ölkələrdə olduğu kimi maliyyə vasitəçiliyi
funksiyasını yerinə yetirir. Buna görə də bank sisteminin strukturlaşması, bank
xidmət məntələrinin sayının artması,
genişlənməsi önəmli məsələlərdəndir.
Digər tərəfdən banklar öz aktivlərini və kapitalını
artırmalıdır ki, iqtisadiyyatın,
sahibkarların kreditlərə olan tələbatını
tam qarşılaya bilsin.
Son illərdə
ölkəmizdə bank sektoru
nəzərəçarpacaq dərəcədə inkişaf edib, böyüyüb. Lakin indiki səviyyənin özü
hələ qənaətbəxş deyil.
1996-cı ilin əvvəlində Azərbaycanda cəmi
kapitalı 4,2 milyon ABŞ dolları olan 200 bank mövcud olub. Lakin 2001-ci ilin yanvar ayında bankların sayı 59-dək
azalıb və onların cəmi kapitalı 532 milyon ABŞ dolları olub.
2006-cı ilin sonunda
isə bankların sayı 44-ə enib. Həmin
dövrdə bu bankların kapitalı 693 milyon ABŞ dolları idi.
İndi isə bankların sayı 43 olsa da onların məcmu
kapitalının həcmi 2,8 milyard
dollardır. Yəni, 4 il yarımda
bankların cəmi kapitalı 4 dəfə artıb.
Ancaq istər
aktivlərin indiki səviyyəsi, istər
kredit portfelinin həcmi,
istərsə də bank xidmət mərkəzilərini
sayı iki dəfədən çox artırılmalıdır.
İqtisadiyyatda
baş verən artımın
miqyasını nəzərə alaraq bank filiallarının artımının
(2005-ci ildə 374 filialdan 2012-ci ildəki
672) kifayət qədər olmadığı görünməkdədir.
Azərbaycanda hər 10 000 sakinə düşən
bank filiallarının sayı təqribən
0,72-dir ki, bu da Ukraynanın (hər 10,000 sakinə 2 filial), Özbəkistanın (3) və
İspaniyanın (10) eyni adlı göstəricilərindən
kəskin surətdə fərqlənir.
Eyni müqayisəni
kreditlər üçün də aparmaq olar. Qazaxıstanda bank kreditlərinin ÜDM-yə nisbəti 38 %,
Latviyada 57 %, Avropa Birliyi ölkələrində orta
hesabla 104 % təşkil edir.
Azərbaycanda isə 19,3 %dir.
Bankların kredit
portfelinin kiçik
olmasına depozitlərin azlığı dəlalət edir. Çünki
bankların öhdəliklərinin böyük
hissəsi məhz depozitlər hesabına formalaşır.
2012-ci
ilin I yarısı ərzində bank sisteminin resurs bazası əsasən
daxili bazardan cəlb edilən vəsaitlər hesabına
artıb. Bankların cəlb etdiyi cəmi depozitlər 9 milyard
manatdan çoxdur. Depozitlərin həcmi ildən-ilə artsa
da fəxr olunası səviyyədə deyil. Azərbaycanda
depozitlərin ÜDM-yə nisbəti 18 %dir. Qazaxıstanda bank
depozitlərinin ÜDM-yə nisbəti 22 %, Litvada 35 və
Avropa Birliyi ölkələrində orta hesabla 90 % təşkil
edir.
İqtisadiyyatın həcmi ilə müqayisədə
bank sistemi əhəmiyyətli dərəcədə
kiçikdir. Keçmiş bir neçə il ərzində
Azərbaycan banklarında aktivlər, depozitlər və kreditlərin
artımına baxmayaraq ümumilikdə aktivlər hələ
də ÜDM-in təqribən 30 %-ni təşkil edir.
Bildirək
ki, Azərbaycanın bank sisteminin aktivlərinin artım
sürəti son illərdə zəifləyib. Rəsmi məlumatlara
əsasən, 2006-cı ildə bankların aktivləri 3,7
milyard manat olduğu halda, 2007-ci ildə 6,72 milyard manata, 2008-ci
ildə 10,2 milyard manata yüksəlib. İllərin
müqayisəsindən görünür ki, 2007-ci ildə
aktivlər 81,6 %, 2008-ci ildə 51,2 % artıb. Sonrakı illərdə
artım sürəti zəifləməyə başlayıb.
2009-cu ildə 11,66 milyard manat olan aktivlər, 2010-cu ildə
13,3 milyard manat, 2011-ci ildə 13,94 milyard manat, 2012-ci ilin iyunun
1-də isə 14,6 milyard manat təşkil edib. Illik artım tempi 2009-cu ildə 13,6 %, 2010-cu ildə 13,9 %, 2011-ci ildə
7,3 %, 2012-ci ilin birinci
rübündə 5,3 % olub.
Aktivlərin artımının zəifləməsi
onun ÜDM-yə nisbətinin yaxşılaşmasını
çətinləşdirir. Son göstəricilər nəzərə alınarsa
bank aktivlərinin ÜDM-yə
nisbəti son 3 ildə
pisləşərək 30 %dən də aşağı düşüb.
2006-cı ildə aktivlərin
ÜDM-yə nisbəti
20,5 %, 2007-ci ildə 25 %, 2008-ci ildə 25,4%, 2009-cu ildə
33,5 % olduğu halda,
2010-cu ildə 32 %-ə, 2011-ci ildə 27,8 %-ə enib.
İqtisadçılar kommersiya banklarının
aktivlərinin həcminin
artım sürətinin
zəifləməsini bank bazarında
rəqabətin zəif
olması ilə əlaqələndirirlər. Zəif rəqabət aktivlərin
artırılmasına mühafizəkar
yanaşmaya sövq edir. Yəni, banklar aktivlərin
artırılmasındansa, onun
qorunub saxlanılmasına
daha çox önəm verir.
Məlumat üçün deyək ki, beynəlxalq təcrübədə bank aktivlərinin
ÜDM-nin 50 %-dən yüksək olması daha məqbul sayılır. Keçmiş sosialist respublikalarından
olan Şərqi Avropa ölkələrində
bu nisbət 70-80 %-i həcmindədir. Azərbaycan əhalisinin gəlirləri
nəzərə alınarsa
aktivləri nəzərəçarpacaq
dərəcədə artırmaq
mümkündür. Bunun üçün
nağdsız ödənişlər
sistemi inkişaf etdirilməli, əhalinin banklara inamı bir qədər də gücləndirilməli
və kretid siyasəti yaxşılaşdırılmalıdır.
Müqayisə üçün
deyək ki, Gürcüstanın kommersiya
banklarının cəmi
aktivləri 7,7 milyard dollardır, onun ÜDM-yə nisbəti isə 53 %-dir.
Ermənistanda bank aktivləri
5,3 milyard dollar,
ÜDM-yə nisbəti
52,4 %, Russiyada 1,372 trilyon
dollar, ÜDM-yə nisbəti
76 %, Ukraynada 130 milyard
dollar, ÜDM-yə nisbəti
78 % təşkil edir.
İnkişaf etmiş ölkələrdə
isə bankların mövqeyi daha güclüdür. Belə
ki, İngiltərədə
bank aktivləri 11 trilyon
dollardan (2010 dekabr) çoxdur və onun ÜDM-yə nisbəti 430 %-dir. ABŞ-da
bank aktivləri 15 trilyon
(2010) və ya ÜDM-nin 105 %-i, Almaniyada
8 trilyon (2010) və ya ÜDM-nin 230 %-i həscmində, Çində 12,5 trilyon
(2010) və ya ÜDM-nin 220 %-i həcmindədir.
Beləliklə, banklarin gücləndirilməsi,
iqtisadi inkişafın
tələblərinə cavab
verilməsi üçün
Mərkəzi Bank da hərəkətə keçib.
Bunun ən bariz əlaməti
bankların nizamnamə
kapitalının 10 milyon
manatdan 50 milyon manata qədər artırılmasına dair
tələbdir. Mərkəzi Bankın mövqeyi belədir ki, bankların maliyyə vasitəçiliyinin genişləndirilməsi,
qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin
yeni keyfiyyətini təmin etmək üçün kapitalizasiyanı
davam etdirmək zəruridir. Əks təqdirdə
bankların iqtisadi inkişafı dəstəkləmək
əvəzinə tormozlayıcı
rol oynaya bilər.
Vasif CƏFƏROV
Ekspress. – 2012.
– 30 oktyabr. – S. 9.