Paytaxtda
sahibkarlıq fəaliyyəti daha güclüdür
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Azərbaycanda
iqtisadiyyatın böyük hissəsinin paytaxtda cəmləşməsi ölkəmizdə
sahibkarlığın inkişafının bir
regiondan asılı olduğunu
göstərir. Bu vəziyyət regionların sosial-iqtisadi
inkişafına dair dövlət
proqramları çərçivəsində görülən
işlər sayəsində nisbətən yüngülləşməyinə
baxmayaraq, hələ də Bakının
Azərbaycan iqtisadiyyatının ağırlıq mərkəzi
olduğu danılmazdır. Kredit qoyuluşunun böyük hissəsi, yaradılan ticarət, istehsal, xidmət müəssisələrinin, bank, sığorta fəaliyyətinin, pərakəndə
ticarətin, tikinti işlərinin, nəhayət
vergidaxilolmalarının əksəriyyəti Bakıda həyata
keçirilir.
Bu hal ölkə iqtisadiyyatının
kompleks və fundemental inkişafını ləngidən
faktdır. Xüsusilə sahibkarlığın inkişaf
etdirilməsi üçün arzuedilən deyil. Kiçik bir ərazidə
iqtisadiyyatın cəmləşməsi istər-istəməz
xidmət, daşınmaz əmlak xərclərini
artırır, həmçinin bazar uğrunda rəqabəti kəskinləşdirir
ki, bu cür vəziyyət də kiçik sahibkarlığın
inkişafına regionlara nisbətən paytaxtda əlavə
üstünlüklər yaradır. Buna görə də
iqtisadiyyatın ölkə üzrə şaxələnməsi,
istehsal sahələrinin paylanması, regionlara kredit
qoyuluşunun həcminin artırılması lazımdır.
Öncə də vurğuladıq ki,
dövlət Bakıdan kənar regionlarda iqtisadiyyatın
inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər
görür. O cümlədən vergi güzəştləri
tətbiq edir, subsidiyaların böyük hissəsi regionlara
yönəldilir, güzəştli kreditlərdən daha
çox regionlar faydalanır, nəhayət, regionların
sosial-iqtisadi inkişafına dair proqram qəbul etməklə
dövlət ayrıca tədbirlər planını həyata
keçirir.
Vergi güzəştləri arasında ən
böyüyü təbii ki, kənd təsərrüfatı
ilə məşğul olan sahibkarlara şamil edilən
güzəştlərdir. 2014-cü ilə qədər onlar
daşınmaz əmlak vergisi istisna olmaqla bütün növ
vergilərdən azaddırlar. Aydındır ki, kənd təsərrüfatına
şamil edilən vergilərin böyük hissəsindən məhz
regionlar faydalanır.
Hazırda sadələşdirilmiş
verginin iki dərəcəsi tətbiq edilir. Paytaxtda olan
sahibkarların ödədiyi sadələşdirilmiş
verginin dərəcəsi 4% olduğu halda, Bakıdan kənarda
2%-dir.
Dövlət hər il büdcədən
kənd təsərrüfatı məhsullarının
istehsalçılarına 80-100 milyon manat həcmində
subsidiya verir. Vergi güzəştlərində olduğu kimi
subsidiyalarda da əsasən regionlar yararlanır.
Güzəştli kreditlər sarıdan
da regionların bəxti gətirib. Sahibkarlığa Kömək
Milli Fondunun, Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyinin xətti ilə sahibkarlara
güzəştli kreditlər verilir. Bu təşkilatların
vasitəsilə indiyədək 900 milyon manatdan artıq
güzəştli kredit ayrılıb. Rəsmi məlumatlara
görə, kreditlərin 70%-dən artığından məhz
regionlarda olan sahibkarlar faydalanıb.
İndiyədək regionların
inkişafı ilə bağlı 2 dövlət proqramı qəbul
edilib. Onlardan birincisi 2008-ci ildə başa çatıb. Digəri
2013-cü ildə yekunlaşacaq. Dövlət 2013-cü ildən
sonra üçüncü proqramın qəbulunda
israrlıdır və yeni proqram 5 yox, 10 il müddəti
üçün hazırlanacaq. Birinci proqramın nəticələri
göstərdi ki, bu cür proqramlar region iqtisadiyyatının
inkişafında, orada sahibkarlıq sinifinin genişlənməsində
xüsusi əhəmiyyəti var. Ümid edək ki, yaxın gələcəkdə
görülən tədbirlər nəticəsində region
iqtisadiyyatının ölkə iqtisadiyyatında çəkisi
artacaq, paytaxt iqtisadiyyatının dominantlığı zəifləyəcək.
Lakin hələlik iqtisadiyyatın
döyünən ürəyi, ağırlıq mərkəzi
Bakıdır. Bunu mühüm iqtisadi göstəricilərə
dair məlumatlar da təsdiqləyir.
Başlayaq kreditlərdən. Son məlumatlara
görə, kredit təşkilatları tərəfindən
iqtisadiyyata 11,15 milyard manat kredit qoyulub. Qoyulan kreditlərin
87,2%-i Bakının, qalanı regionların payına
düşür. Regionlardan Abşeron iqtisadi rayonuna 344 milyon
manat və ya cəmi kreditlərin 3%-i, Aran iqtisadi rayonuna 313
milyon manat və ya cəmi kreditlərin 3%-i, Gəncə-Qazax
iqtisadi rayonuna 30,6 milyon manat və ya cəmi kreditlərin
2,7%-i verilib.
Regionlara kredit qoyuluşunun az olması
kifayət etmirmiş kimi hələ ayrılan kreditlərin
faiz dərəcəsi də paytaxtla müqayisədə əyalətlərdə
yüksəkdir. Yüksək kredit faizləri regionlara kredit
qoyuluşunu bir qədər də əhmiyyətsiz edir.
Paytaxtda verilən kreditlərin orta faiz dərəcəsi
14,8-dir. Regionlarda isə verilən kreditlər üzrə dərəcə
ən azı 18% (Abşeron) təşkil edir. Naxçıvan
Muxtar Respublikasında isə kreditlər 11,9%-lə
ayrılır. Amma burada kredit vəsaitləri olduqca məhduddur.
Naxçıvanda 79 milyon manatlıq (cəmi kreditlərin
0,7%-i) kredit verilib.
Kreditlər kimi əhalidən cəlb
edilən əmanətlərdə də Bakı liderdir.
Banklarda əhalinin 4,46 milyard manat həcmində əmanəti
var. Onun 4,11 milyardı, yaxud 92,15%-i Bakıda banklara yerləşdirilib.
Abşeronda 105,877 milyon manat (cəmi əmanətlərin
2,37%), Gəncə-Qazaxda 69 milyon manat (cəmi əmanətlərin
1,54%) əmanət qoyulub.
Bankomat və POS- terminallar,
həmçinin bank filialları
Bakıda daha çox cəmlənib. Cəmi 2214 ədəd bankomatın 1239 ədədi
(56%), 36 514 ədəd olan
POS-terminalların 33 340 ədədi
(91,3%) paytaxtda quraşdırılıb.
Azərbaycanda olan 43 bankın 670
filialının çoxu da paytaxtda cəmləşib. Son məlumatlara
görə, Bakıda 370 bank filialı olub ki, bu da
bütün filialların 50%-dən çoxunun paytaxtda cəmləşməsi
deməkdir.
Ümumi məhsul
buraxılışında paytaxt seçilir. Buraxılan məhsulun 75%-i Bakıda, qalanları regionlarda istehsal edilib. O cümlədən
Aran iqtisadi rayonunda 7,2%, Gəncə-Qazax iqtisadi rayonunda 4,2%, Lənkəran
iqtisadi rayonunda 2% və s. təşkil edir.
Sahələr üzrə diqqət
yetirdikdə görürük ki, sənaye istehsalının
93,5%-i, nəqliyyat və anbar təsərrüfatının
92%-i, informasiya və rabitənin 93%-i, tikinti quraşdırma
işlərinin 61%-i paytaxtda yaradılıb. Ticarət xidmətlərinin
43%-i, kənd təsərrüfatı məhsullarının
istehsalının isə 0,54%-i paytaxtın payına
düşür.
Paytaxtın məhsul istehsalındakı
üstünlüyü özünü adambaşına
istehsal göstəricilərində də göstərir.
2010-cu ilin məlumatına əsasən paytaxtda
adambaşına 16,88 min manatlıq məhsul buraxılıb.
Regionlar üzrə isə buraxılan məhsulun
adambaşına düşən hissəsi 1511 manatdır.
Bakı keyfiyyət baxımından regionları 14,66 dəfə
üstələyir.
Kiçik orta
sahibkarların sayı
207,1 mindir. Onun 76,3 mini (36,8%) Bakıdadır. Respublika üzrə hər
1000 nəfərə 23 kiçik
sahibkar düşür.
Bakı və Abşeron istisna olmaqla heç bir regionda hər 1000 nəfərə düşən
kiçik sahibkarların
sayı 23-dən yüksək
deyil. Bakıda hər 1000 nəfərə
36, Abşeron iqtisadi rayonunda 31 kiçik sahibkar düşür.
Paytaxtda kiçik sahibkarların
ümumi sayı az olsa da onların məhsul
buraxılışı regionlardan daha güclüdür.
2010-cu ildə Azərbaycanda kiçik sahibkarlar tərəfindən
3,835 milyard manatlıq məhsul istehsal edilib. Məhsulun 2,46
milyard manatı (64,7%-i) Bakıda istehsal olunub. Bu onu göstərir
ki, Bakıda kiçik sahibkarlıq subyektləri regionlara nisbətən
daha yaxşı inkişaf edib.
Ümumi sahibkarların sayında da
paytaxt üstünlüyü ilə seçilir. 2012-ci ilin
yanvar-sentyabr ayları ərzində ölkədə hüquqi
şəxslərin sayı artmaqda davam edib və qeydiyyatdan
keçən 3883 hüquqi şəxsin 136-sı dövlət
mülkiyyətinə, 3296-sı xüsusi mülkiyyətə,
362-si tam xarici investisiyalı, 88-i birgə müəssisələrə,
1-i isə bələdiyyə mülkiyyətinə aid olub.
Yeni müəssisələrin 60,6%-i Bakıda, 13,1%-i Aran,
7,1%-i Abşeron və 5,5%-i Gəncə-Qazax iqtisadi
rayonlarında, qalanları isə digər bölgələrdə
qeydiyyatdan keçib.
Azərbaycan Vergilər Nazirliyinin məlumatına
əsasən, 2012-ci ilin oktyabr ayının 1-i vəziyyətinə
fiziki şəxslərin sayı 415 mindən çox olub. 9 ay
ərzində fiziki şəxslər Bakıda daha çox
qeydiyyata alınıb.
Pərakəndə ticarət dövriyyəsinin
həcmi 15,88 milyard manatdır. Rəsmi məlumata əsasən,
onun 7,8 milyard manatı (49%) Bakıda qeydə alınıb. Azərbaycan
əhalisinin 30-32%-i Bakıda yaşamasına baxmayaraq
dövriyyənin yarısı paytaxtın payına
düşür.
Azərbaycanda elektron ticarətin
ümumi həcmi 2 milyon manat təşkil edib və onun 99%-i
Bakıda qeydə alınıb.
İnflyasiyanın əsas qaynağı
da Bakıdır. İqtisadi Tədqiqatlar Mərkəzi
apardığı qiymətlərin statistik müşahidəsinin
nəticələrini görə 2012-ci ilin sentyabr ayında Azərbaycanda
1,43% inflyasiya qeydə alınıb. Bakıda qiymətlər
1,98%, regionlarda isə 0,88% artıb. Bu zaman ərzaq məhsullarının
qiyməti Bakıda 2,62%, regionlarda 1,36%, qeyri-ərzaq məhsulları
müvafiq olaraq 2,19% və 0,45%, xidmət tarifləri isə
0,05% və 0,14% artıb.
Ötən ilin eyni dövrü ilə
müqayisədə (12 ayda) ölkədə 7,36% bahalaşma
qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 11,17%,
regionlarda isə 3,62% artıb.
Avromobillərin çoxu
Bakıdadır. 2011-ci ilin sonunda Azərbaycanda
1,037 milyon avtomobil olub. Onun 647,7 min ədədi (62,45%) Bakıda qeydiyyatdadır.
Əsas kapitala investisiya
qoyuluşunda da Bakı liderdir. 2011-ci ildə 12,744 milyard manat həcmində
əsas kapitala investisiya qoyulub. Qoyulan investisiyanın 8,38 milyard manatı
(65,75%) məhz Bakıya
qoyulub. Ayrı-ayrı regionlara yönəldilən
sərmayənin ayrılıqda
həcmi bir neçə 100 milyon manatla ölçülüb.
Regionlar arasında 1 milyard manatdan çox sərmayə yalnız Aran iqtisadi rayonuna
yönəldilib.
Regionlar üzrə müəssisələrdə
kompüterlərin ümumi sayı 173,5 min ədəddir.
Kompyüterlərin 106 mini (61%) paytaxtda olan müəssisələrdədir.
Nəhayət, vergilərin də
böyük hissəsi Bakıda toplanır.
Beləliklə, sadalanan faktlar sübut
edir ki, Azərbaycan iqtisadiyyatı əsasən paytaxtda cəmləşib.
Vasif CƏFƏROV
Ekspress. –
2012. – 31 oktyabr. – S. 9.