"Muğamı balam kimi sevirəm"

 

    Onun xanəndəlik sənətində ilk uğuru "Mirzə Hüseyn" muğamı olub. Daha sonra peşəkar səviyyədə hazırladığı, muğamların ən mürəkkəbi, böyük nəfəsə və diapozona malik olan "Rast" muğamı xanəndəlik sənətində pasportu oldu. Bu uğurlu ifadan sonra o, "Bayatı Qacar", "Hümayun", "Rahab" muğamlarını da ifa etdi və lentə alınaraq Azərbaycan Televiziyasının qızıl fonduna daxil edildi. Onu da qeyd etmək lazımdır ki, bu muğamlar əsasən kişi xanəndələr tərəfindən ifa edilmişdir. Xanəndə onlarla xalq mahnıları, təsnif, aşıq musiqisini və görkəmli bəstəkarların xalq üslubunda yazdıqları əsərlərini də ifa etmişdir. 6 audio-video kompakt diskləri işıq üzü görüb.

Beləliklə müsahibim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasının baş müəllimi, əməkdar artist Bəsti Sevdiyevadır.

- Muğam daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olub. Düzdür, bir vaxtlar o da çətin günlərlə üzləşmişdi, ancaq məhz sizin kimi ifaçıların sayəsində muğamımız çətinlikləri arxada qoya bildi...

- Mənimlə bu səpkidə müsahibə hazırlayan olmayıb. Bu baxımdan düşünürəm ki, yaralı yerimə toxundunuz... Məlum hadisələr dediniz, yadıma o çətin günlər düşdü. 90-cı il hadisələrindən sonra Azərbaycanda yaşanan böhran tarixə yazılmasa belə, hafizələrdən heç bir zaman silinməyəcək. O çətin günlərdə bütün sahələrdə olduğu kimi Azərbaycan musiqi sənətində də çox böyük çətinliklər yaranmışdı, xüsusilə muğam janrında. O qədər problemlər yaranmışdı ki, hər kəs sadəcə öz başının hayında idi, muğamı heç yada salan yox idi. Ancaq mən bir an olsun belə muğama laqeyd münasibət bəsləmədim. Hətta məni qınayanlar çox idi, deyirdilər ki, "muğamı düşünmək sənə qalıb?" Məni qınayanlara etiraz edərək deyirdim ki, insanın iradəsi, vətənpərvərliyi məhz belə çətin günlərdə sınanır, əgər Azərbaycanda hər kəs çalışdığı sahədə laqeydliyə qarşı çıxarsa, o zaman az bir zamanda mövcud olan bütün problemlərin öhdəsindən gələ bilərik. Bildiyiniz kimi, 1989-cu ilin məlum hadisələrindən sonra ilk çətinliklər duyulmaqda idi. Məhz o çətin ildə mən ansamblla Vyetnama solo-konsert üçün getdim. Vyetnamın bir neçə şəhərində konsert proqramı ilə çıxışlar etdik. İnandırım sizi ki, konserti Qarabağ şikəstəsi ilə başlayıb, Qarabağ şikəstəsi ilə bitirirdik. 1990-cı ildə Lütfiyar İmanovla Almaniyaya konsert proqramı ilə çıxış etməyə getdik. Konsertin 1-ci hissəsini muğam janrı ilə başlayır, 2-ci hissəsini vokalla davam etdirirdik. Lütfiyar İmanov dünya şöhrətli vokal ustası idi. Rəhmətlik vətənə, xalqa, millətə aid o qədər mahnılar ifa edirdi ki, salonda olan tamaşaçıların həyəcanla ayaq üstə bizi alqışladıqlarını sadəcə görmək lazımdı. Almaniya səfərindən sonra Türkiyəyə getdik, daha sonra dünyanın bir neçə ölkəsinə səyahət etdik. O çətin illərdə qastrol səfərlərinin əksəriyyətinə Lütfiyar İmanovla getdim. Onu da qeyd edim ki, lütfiyar İmanov mənim müəllimim olub. Müəllim-tələbə əcnəbi ölkələrdə Azərbaycanın ən çətin musiqi janrlarını çox yüksək səviyyədə təbliğ etmişik.

- Əslində, sizlərin o çətin illərdə qastrol səfərlərində iştirak etməyiniz riskli olduğu qədər həm də təbliğat xarakteri daşıyırdı...

- Təbii ki, bu bir təbliğat idi. Lütfiyar müəllim deyirdi ki, konsert bəhanədir. Yeri gəlmişkən, biz konsert proqramlarının ilk hissəsini rəsmi hissəyə həsr edirdik. Yəni öncə Azərbaycan haqqında geniş bilgilərlə çıxış edərək təbliğat aparırdıq və bununla da haqq səsimizi dünyaya çatdırmaq üçün apardığımız mübarizənin ilk addımını atmış olurduq. Onu da qeyd edim ki, bu barədə indiyə kimi mətbuatda danışmamışdım, sadəcə yeri gəldi danışdım. Demək istədiyim odur, o çətin günlərdə boş dayanmadıq, hadisələrin nə zaman sakitləşəcəyini gözləmədik, mübarizə aparanların tərkibinə qatılaraq biz də mübarizəmizi öz sahəmizdə davam etdirdik.

- O çətin illər artıq arxada qaldı, artıq həyatımızda köklü dəyişikliklər baş verib...

- Hər anın öz hökmü olduğu kimi hər ilin, hər dövrün də öz hökmü var. Hazırda dövran dəyişib, əcnəbi ölkələrə səfərlər asanlıqla başa gəlir. Azərbaycan müstəqil ölkə olaraq dünyada tanınmağa başladı, artıq biz dünyaya sovet vətəndaşı olaraq deyil, müstəqil Azərbaycanın vətəndaşı olaraq gedirik, ölkəmizi, millətimizi təbliğ edirik. İnanın ki, əvvəllər Azərbaycanın adını nə qədər hallandırsaq belə tanıyan yox idi, "ora haradır" deyə çoxlu suallar verirdilər, ancaq hazırda Azərbaycan adı gələndə artıq söhbətin hansı ölkədən getdiyini alqış səsləri ilə bildirirlər. Bu, məni çox sevindirir. Çünki Azərbaycan tanınmağa layiq bir ölkədir. Hələ də unutmuram əcnəbi ölkələrin birində Qarabağ şikəstəsini elə təblə oxumuşdum ki, ingilis ayaq üstə qalxaraq həyəcanla əl çalmağa başladı. Bəlkə də sadəcə bir sözü başa düşdü, beşini başa düşmədi, ancaq muğam onu həyəcanlandırdı, xüsusilə də Qarabağ şikəstəsi. Bu kimi məqamlar məni kövrəldirdi...

- Sizə elə gəlmirmi ki, əvvəlki illərlə müqayisədə hazırda Qarabağ yanğısı bir qədər sanki sönükləşib...

- Mən əslən Şamaxılıyam, həyat yoldaşım Qarabağlıdır. Ancaq biz hər birimiz Qarabağlı olmalıyıq, özümüzü o torpaqların övladı kimi hiss etməliyik ki, heç olmasa torpaqlarımızın düşmən tapdağından azad olunmasında az da olsa rol oynaya bilək.

- Musiqi sahəsində gördüyünüz işlər Azərbaycan musiqi tarixinin səhifələrinə yazılıb. Kifayət qədər təbliğat xarakterli konsert proqramları ilə dünya ölkələrində çıxışlar etmisiniz, bildiyim qədərilə hələ də mübarizəniz davam edir. Xalq sizi xalq artisti kimi tanıyır, ancaq hələ də əməkdar artist olaraq qaldığınızı eşidəndə, doğrusu, çox təəccübləndim...

- Doğru eşitmisiniz. Məndən 15 il sonra bu sənətə gələnlər artıq xalq artistidir, prezident mükafatçısıdır, əksəriyyəti evlə təmin olunublar. Belə götürəndə baxırsan ki, bu sənətdə ciddi bir iş belə görməyiblər. Hələ də başa düşə bilmirəm ki, nəyə görə ölkəmiz, millətimiz üçün fədakarlıq edənlər kənarda qalır, ancaq heç bir iş görməyənlər hər şeylə təmin olunaraq rahat həyat tərzi sürürlər.

- Bu haqsızlıq sənətinizə öz təsirini göstərirmi?

- Haqsızlıqlar daxili aləmimə öz mənfi təsirini göstərsə də, sənətimə heç bir təsiri ola bilməz. Əksinə, belə haqsızlıqları görərkən sənətimə daha çox sarılıram, haqsızlıqlara sənətimlə cavab verirəm. Muğam mənim canımdır, qanımdır, mən vokal üzrə təhsil almışam, ancaq muğamla nəfəs alıram. Muğamı balam kimi sevirəm, həmişə deyirəm ki, mənim iki yox, üç balam var, ilkim muğamdır. Çünki övladlarım doğulmamışdan əvvəl mənim üçün muğam var olub.

- Təsadüfi deyil ki, siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam kafedrasının baş müəllimisiniz...

- Yəni, muğamın təbliğatıyla sadəcə konsert salonlarında, səhnədə məşğul olmuram, eyni zamanda muğam dərsləri verirəm, onlarla tələbələrim var. Bizim dövrün tələbələrindən fərqli olaraq indiki muğam dərsləri alan tələbələr üçün bütün şərait yaradılıb və təbii ki, muğama axın da güclənib. Səs imkanları geniş olan bu sənətdə öz sözünü mütləq deyəcək. Həm də bir müəllim olaraq etiraf edim ki, sadəcə həvəs xatirinə deyil, canıyla-qanıyla muğama bağlı olan tələbələr var ki, onların muğam ifaçılığının sirlərini öyrənmək üçün gecəni-gündüzə qatırlar.

- Muğam ifaçılığında hər zaman güclü səs sahibi olaraq tanındınız. Deyilənlərə görə, tələbələriniz, xüsusilə tələbə-qızlar sizə görə məhz muğam ifaçılığını özlərinə peşə olaraq seçirlər.

- Doğrudur. Mənim ailəm, övladlarım hər zaman örnək olub. Mən cəmiyyət üçün, millətim üçün gözəl balalar yetişdirmişəm, eyni zamanda sənətimlə hər zaman örnək olmuşam. Təbii ki, bunu görən insanlar ürəklə övladlarını mənə həvalə edirlər. Universitetdə dəfələrlə tələbə-qızlar mənə yaxınlaşır, mənimlə məsləhətləşirlər, mənə bənzəmək istədiklərini bildirirlər. Bundan böyük xoşbəxtlikmi olar?! Bütün bunlara görə susaraq oturmuşam, sadəcə sənətimlə məşğul oluram. Onsuz da hamı məni xalqın artisti kimi tanıyır. Bu adi bir titul deyil, xalqın artisti olmaq böyük fəxrdir. Xalqın seçdiyi olmaq, xalqın dəstək verdiyi sənətkar olmaq, xalqın muğam ifaçılığına gələn uşaqlarına sənətkarlığın sirrini öyrətmək, bütün bunlar hamısı böyük şərəfdir.

- Bildiyim qədər, yaxın zamanlarda fəxri adların növbəti təqdimatı olacaq. İnanıram ki, bu dəfə mütləq layiq olduğunuz fəxri ada sahib olacaqsınız.

- Yenə də təkrar edirəm ki, bir muğam ifaçısı olaraq mənim üçün önəmli olan muğamın yaşamasında, inkişafında, tədris olunmasında rol oynamaqdır. Ancaq görəndə ki, fəxri adlar da sənətkarların həyatında, fəaliyyətində böyük rol oynayır, o zaman bu haqsızlıq, dediyim kimi daxili aləmimə təsir edir. Xalqın sənətkarı maddi sıxıntı çəkməməlidir. Sənət adamlarının əksəriyyəti el şənliklərinə gedir, maddi problemlərini el şənliklərindən qazandıqları pulla həll edirlər. Mən el şənliklərinə getmirəm, çox az hallarda qohumların, tanışların dəvətiylə el şənliklərinə gedirəm. Ancaq bu da sadəcə kimsəni qırmamaq üçün atdığım addım olur, yəni maddiyyat rol oynamır. Ancaq iki övlad böyüdürəm, qapı döyəcəyəm, qapımı döyəcəklər. Mən də istəyirəm ki, övladlarımın maddi sıxıntısı olmasın, mən də istəyirəm ki, övladlarım kimsənin yanında utanmasın, mən də istəyirəm ki, evimə gəlin gətirdiyim zaman ona ürəyim istəyən şəraiti yarada bilim, mən də istəyirəm ki, qızıma elçi gələndə onları ürəyim istəyən kimi qarşılaya bilim. Bütün bunların hamısı maddi gücə bağlıdır...

 

 

ULDUZƏ QARAQIZI

 

Ekspress .-2012.- 1-3 sentyabr.- S. 19.