Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır?
Mir Cəfər Bağırov və
polkovnik Yusif Abdullayev
(əvvəli
ötən şənbə
saylarımızda)
Azərbaycanda ötən əsrin ən qalmaqallı və
indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə
yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı
arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində,
bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla
yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki,
sonu-bucağı yoxdur. Teyyub
müəllim arxivdən elə faktlar, elə
sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər
Bağırovun məhkəməsini təqdim edəcəyik.
Həmin vaxtadək "Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır"
başlığını yalnız rubrika
kimi saxlayırıq.
Yusif Mirzə Azərbaycanda ictimai xadim kimi
də tanınırdı. O, 1946-cı ildən Azərbaycan K(b)P Bakı Komitəsinin plenum
üzvü idi. Elə
həmin il SSRİ parlamentinə deputat seçilmişdi. Orduya Könüllü
Yardım Cəmiyyətinin respublika komitəsinin
sədri Moskvaya, sessiyalara
Azərbaycandan olan digər deputatlarla bir vaqonda gedirdi. Onların arasında M.C.Bağırov, Ağasəlim
Atakişiyev, Əliəşrəf Əlizadə,
Üzeyir Hacıbəyov, Mirzə İbrahiov, İslam
İslamzadə, Mirəsədulla Mirqasımov və
başqaları vardı. Moskvada Sovet İttifaqı Parlamentinin
üzvü Sovet
İttifaqı Marşalı Georgi Jukov ilə də zəngləşib
görüşməyə vaxt
tapırdı.
"Kommunist" qəzetinin 1950-ci il yanvar-fevral tarixli saylarında SSRİ parlamentinin
üçüncü
çağırış seçkilərinə
hazırlıq işlərinə aid materiallar dərc olunmuşdu.
İttifaq Ali Sovetə
yeni seçkilər 1950-ci ilin
mart ayının 12-də keçirilmişdir.
Qəzetin 23 fevral 1950-ci il
(N39/8251) tarixdə çıxmış sayında Azərbaycanın
seçki dairələrindən SSRİ Ali Soveti
deputatlığına namizəd inəli sürülmüş
şəxslər haqqında məlumat verilmişdir.
Burada deyilir ki, 1902-ci ildə anadan olmuş, Bakı
şəhərində yaşayan, Orduya Könüllü
Yardım Cəmiyyəti Azərbaycan Komitəsinin sədri Yusif Mirzə Abdullayev Millətlər
Sovetinə seçkilər üzrə 123 nömrəli Stepanakert seçki dairəsində
deputatlığa namizəd qeydə alınmışdır.
Qəzetin 15 mart 1950-ci il
(N84/8288) tarixli sayında isə Azərbaycandan
Ali Sovetin Millətlər
Sovetinə seçilmiş deputatlar arasında onun
adı əlifba sırasına görə birinci
yerdədir.
MÜƏLLİFİN QEYDİ: Diqqət yetirin. Mir Cəfər Bağırovun Azərbaycana rəhbərliyi
zamanı Qarabağın Xankəndindən SSRİ Ali Sovetinin Millətlər
Sovetinə türk oğlu
türk polkovnik Yusif Mirzə seçilmişdir.
1955-ci ildə, M.C.Bağırovun qondarma məhkəməsinə
hazırlıq işləri görülərkən keçirilmiş
SSRİ Ali Sovetinin dördüncü çağırış
seçkilərində Dağlıq Qarabağ
Muxtar Vilayətindən seçilən beş deputatın beşi
də erməni olmuşdur.
Azərbaycanın görkəmli dövlət
xadimi, Xankəndi seçki
dairəsindən iki dəfə SSRİ
parlamentinə deputat seçilmiş,
qvardiyaçı polkovnik Yusif
Mirzə Abdullayevin zirvələrə doğru yüksəliş yolu
da elə M.C.Bağırovun adı ilə
bağlıdır. Bu qənaətə
gəlmək üçün Azərbaycan
Respublikası Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər
Arxivində saxlanılan bəzi sənədləri oxuculara ilk dəfə
çatdırıram:
"Azərbaycan K(b)P Mərkəzi
Komitəsi bürosu iclasının 24 iyul 1951-ci il (protokol N17)
Qərarı
Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin
müavini barədə
Valideynlərinin sosial
vəziyyətini və doğma
bacısının İranda
olmasını gizlətməklə
partiyaçılığa yaraşmayan hallara yol verdiyinə
görə özünü respublika fəalları arasında nüfuzdan salmış Əliyev Əziz Məmmədkərimoviçin
Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunmasına dair
Azərbaycan SSR Nazirlər Sovetinin təklifi
qəbul edilsin.
1902-ci ildə anadan olmuş,
1926-cı ilin dekabrından ÜİK(b)P üzvü, partiya bileti N1904159, Abdullayev Yusif Mirzə yoldaş OADKYC Respublika
Komitəsinin sədri vəzifəsindən azad
edilməklə, Azərbaycan SSR Nazirlərp Soveti
sədrinin müavini təsdiq edilsin.
ÜİK(b)P MK-dan
xahiş olunsun ki, bu qərarı təsdiq
etsin.
Azərbaycan K(b)P MK katibi
M.C.Bağırov".
Bir ildən sonra,
1952-ci il aprel
ayının 2-3-də Azərbaycan K(b)P plenumu keçirilmişdir.
Plenumda təşkilat məsələlərinə
baxılmışdır. Azərbaycan SSR nazirlər Soveti sədrinin müavini
Yusif Mirzə Abdullayev
vəzifəsindən azad edilməklə,
Azərbaycan K(b)P MK katibi
və Büro üzvü
seçilmişdir.
1953-cü il aprel
ayının 18-də Mir Cəfər
Bağcırovun iştirakı ilə Mərkəzi Komitənin
sonuncu plenumu keçirilmişdir. Plenumun
qərarı ilə Yusif Mirzə Abdullayev MK katibi vəzifəsindən
azad edilməklə respublika
hökuməti başçısının müavini
vəzifəsinə təyin olunması məsələsi Azərbaycan
SSR Ali Sovetinin 3-cü
sessiyasının müzakirəsinə verilmişdir.
M.C.Bağırovun 1953-cü il may ayının 5-də imzaladığı Azərbaycan
KP MK Bürosunun tərkibində Yusif Mirzə Abdullayevin də
adı vardır.
Mir Cəfər Bağırovdan sonra Mərkəzi Komitə Bürosunun
üzvü, hökumətin sədr müavini Yusif Mirzə Abdullayevin taleyi necə olmuşdur?
M.C.Bağırov Azərbaycanı tərk
edəndən sonra büro
üzvlərindən bir neçəsinin dönüklüyü ilə barışmayan
qvardiya polkovniki qəti
qərara gəlmişdir - ikiüzlülərlə daha qərar tuta bilməz!
1954-cü il fevralın 19-da Azərbaycan
KP MK Bürosunun aşağıdakı
qərarı elan edilmişdir:
"Y.M.Abdullayevin işi
barədə
Təqdim etdiyi ərizəsinə əsasən
Y.M.Abdullayev yoldaş
Azərbaycan SSR Nazirlər Soveti sədrinin
müavini vəzifəsindən azad olunsun.
Yusif Mirzə Abdullayev
yoldaş, 1926-cı ilin
dekabrından Sov.İKP üzvü,
partiya bileti N1904159, Azərbaycan
SSR sosial-təminat nazirinin müavini
vəzifəsinə təsdiq edilsin. Şahverdyan Q.A. yoldaş
xəstəliyinə görə həmin vəzifədən azad olunsun.
Sov.İKP MK-dan xahiş olunsun ki, bu qərarı təsdiq
etsin.
Azərbaycan KP MK katibi V.Səmədov".
Kremldəkilər xahişə dərhal əməl
etmişlər. Yusif Mirzənin
M.C.Bağırova Berlindən hədiyyə göndərdiyi
"Kreysler" minik avtomobili də Nazirlər Sovetinin
qarajında on ilə yaxın
saxlanıldıqdan sonra yoxa
çıxmışdır.
1952-ci ildən Azərbaycan SSR İctimai Təminat naziri
vəzifəsində işləyən, 1941-ci ildə Y.Jukovski adına Hərbi Hava
Akademiyasını bitirmiş, müharibə
illərində aviasiya polkunun
komandir müavini olmuş məşhur qırıcı təyyarəçisinin
qvardiya polkovniki Yusif Mirzə Abdullayevi
yaxından tanıyırdı və ona hörmətlə
yanaşırdı. Nazirliyin kollegiya sədri bir
neçə dəfə hökumətə yeni
müavininin kollegiya üzvü seçilməsinə qərar
verilməsinə təşəbbüs göstərsə də,
nəticə verməmişdi. Buna görə də nazir müavini kollegiya
iclaslarında rəsmən iştirak etməkdən
məhrumdu. 1954-cü ilin fevralından
1959-cu ilin iyulunadək beş
il davam edən bu haqsızlığa Yusif
Mirzəni və onun valideynlərini
yaxşı tanıyan Vəli Axundov son qoymuşdu. 1959-cu il iyul ayının 8-də
Azərbaycan KP MK-nın doqquzuncu Plenumunda yekdilliklə Mərkəzi Komitənin
birinci katibi seçilmiş Vəli Yusif
oğlu Axundov iki həftə sonra,
1959-cu il iyul
ayının 21-də aşağıdakı qərara imza atmışdır:
"Azərbaycan SSR İctimai Təminat
Nazirliyinin Kollegiyasının tərkibi
barədə
Azərbaycan SSR İctimai Təminat nazirinin müavini Abdullayev Yusif Mirzə
yoldaşın nazirliyin kollegiyası tərkibinə
daxil edilməsinə dair
Azərbaycan SSR nazirlər Sovetinin təklifi
qəbul olunsun.
Azərbaycan KP MK katibi V.Axundov".
(ardı
var)
Teyyub Qurban
Ekspress .-
2012.- 22-24 sentyabr - S. 15.