Dublyaj ciddi məsələdir
Teatr aktyorları
arasında elə sənətkarlar var ki, dəfələrlə foto
-, kinosınaqlara dəvət alsalar da, sınaqdan uğursuz
çıxıblar. Lakin və əslində
filmə çəkilməməyi teatr aktyoru üçün
müəyyən anlamda uğursuz
saymaq olar, özəlliklə
də həmin aktyor yaddaqalan
obrazları ilə teatr
tamaşaçısının sevimlisidirsə...
İlham Əsgərov sənətə
yenicə gəldiyi illərdə "Azərbaycanfilm"
kinostudiyasında bir sıra filmlərin
sınaq çəkilişlərində iştirak
edib, ancaq müəyyən
səbəblərdən çəkilməyib. Lakin sonradan o, bir neçə filmdə
yaddaqalan obrazlar
yaradıb. Aktyorun teatr
həyatı isə daha uğurlu
olub.
- 30 illik sənət təcrübəniz
var. Bu illər ərzində
qaynar fəaliyyət göstərmisiniz, teatrda çalışmısınız, dublyajla məşğul olmusunuz,
"Bulaq" kimi
sevilən proqrama illərdir
aparıcılıq etmisiniz...
- Yada salınca, dediyiniz
kimi, sadəcə qaynar
iş sistemini
xatırlayıram. Ancaq heç
bir zaman qarşıma
məqsəd qoymamışam ki, hər gün qaynar iş sistemiylə çalışmalıyam
- tamaşalarda iştirak
etmək, proqramlara qatılmaq, filmlərə
çəkilmək və s. Yəni,
görülən bu işlər
hamısı yaradıcılığı əhatə edən
işlərdir. Buna baxmayaraq,
mənə az görünür.
Bəlkə 30 il ərzində daha çox işlər
görə bilərdim. Çox təəssüf
ki, əksər vaxtlarda
laqeydliklərə, ədalətsizliklərə görə
küsmüşəm, incimişəm, bir
çox işlərdən uzaq durmuşam. Amma nə olur-olsun,
içimdə olan inam
məni geriyə addım atmaqdan çəkindirib
və yenidən qaynar iş
sistemiylə davam etmişəm.
- Ötən əsrin 80-ci illərində teatr aləmində parlayan
yeni nəsil arasında Siz
də vardınız. 80-90-ci illər arasındakı 10 illik milli teatr
və kinodakı böhran ərəfəsində
çox məhsuldar bir
dövr idi. Məsələn,
o illərdə indi də
ekranlardan düşməyən televiziya tamaşaları
hazırlanmışdı...
- 1980-ci ilin avqust
ayından Akademik Milli
Dram Teatrında fəaliyyətə
başlamışam. Yenicə həvəslə işə
başlamışdıq ki, teatr təmirə bağlandı, sonrakı
proseslərdə siz dediyiniz
kimi məlum hadisələrin
başlanması və s. sənətə
öz mənfi təsirini göstərdi. Doğrudur ki, ayrı-ayrı məkanlarda fəaliyyətimizi
davam etdirdik, ancaq buna fəaliyyət
demək olmazdı, yəni müvəqqəti idi.
Əslində, siz haqlısınız, o illər sənət baxımından çox məhsuldar illər kimi
yadda qalıb.
Tamaşaçıların evdə televiziya
qarşısında rahatlıqla oturub
baxdıqları televiziya tamaşaları,
filmlər bir çox
çətinliklər, yuxusuz gecələr
hesabına yaranırdı.
- Qapalı cəmiyyətdə yaşamaq,
dünyanın bağlı qapıları arxasında qalmaq, bütün sahələrin
sovet ideologiyasının təsiri
altında fəaliyyət göstərməsinə baxmayaraq, yaxşı məqamlar da olmamış deyildi...
- Bilirsinizmi, SSRİ dövründə
konkret olaraq ideologiya vardı və bütün
sahələrdə də ideologiyaya xidmət
göstərilirdi. Hazırda hansı ideologiya
var ki?! Qapalı cəmiyyət
olsa da, konkret olaraq hər şey bəlli idi, göz qabağında idi.
- Yəni qapalı cəmiyyətdə yaşamaq,
dünyadan xəbərsiz olmaq
daha yaxşı idi?
- Bəlkə də... Mən cənub zonasındanam. Nə
qədər ki, sərhədlər
bağlı idi, gediş-gəliş sadəcə
icazəyləydi, o zaman
etiraz edirdik ki, nəyə görə qarşı tərəfə
keçməyə icazə verilmir. Ancaq sərhədlər açıldıqdan sonra ticarət adamlarının gəlişi və
yaranan qarışıq duruma
görə təhsil sisteminin
aşağı düşməsi hər sahəyə öz mənfi təsirini göstərdi. Bu baxımdan düşünürəm ki, qapalı cəmiyyətdə yaşamaq, dünyadan xəbərsiz
qalmaq əgər hər sahəyə mənfi
təsir göstərmirsə, o zaman belə yaşamaq daha rahat olardı.
- Gözlənilməz hər şey
insanları çaşqın vəziyyətə sala bilər. Ancaq elələri
də var ki, hər cür vəziyyətdən öz
xeyri üçün
faydalana bilir, geniş istifadə edir...
- Təbii ki, hər kəs mənim kimi dünyadan xəbərsiz,
sadəcə bir ideologiyaya
xidmət edərək sakit həyat tərzini
düşünmür. Keçid
dövründə yaranan
qarışıqlıqdan çoxları öz
xeyri üçün
istifadə etdi. Sanki baş verən dəyişiklikləri əvvəlcədən
gözləyirdilər. Əvvəllər
baxdığımız bir TV kanalı var idi, filmləri,
proqramları, konsertləri sadəcə Azərbaycan
Televiziyası vasitəsilə izləyirdik. Ancaq
hazırda TV kanalları çoxdur, bu yaxşı əlamət olsa
belə, izlənən proqramlara
baxınca, bəsit söhbətləri izlədikcə
görürsən ki, səviyyə qat-qat aşağıdır.
Ağızlarına gələni danışır, bəsit şoular yaradır, bir
sözlə, TV kanallarında hazırlanan proqramlar
tamaşaçıların narahatçılığına
səbəb olur.
- Uzun illərdir dublyajla
məşğulsunuz. Hazırda dublyajın səviyyəsi Sizi nə dərəcədə qane edir?
- Hələ o vaxtlar
dublyajda çox güclü aktyorlarımız fəaliyyət
göstərirdi, onların hər birinin səs
imkanları dublyaj etdikləri obrazları
yüksək səviyyədə xarakterizə edirdi.
Həsənağa Turabov, Səməndər
Rzayev, Həsən Əbluç, Şahmar Ələkbərov, Həsən Məmmədov
kimi aktyorlarımız vardı ki, onların işləri həqiqətən
yüksək səviyyədə idi. Allah can
sağlığı versin, Rasim Balayevin səsini unutmaq olmaz və indiyə
qədər də dublyajda fəaliyyət
göstərir. Mən ilk dəfə Dublyaj redaksiyasına dəvət olunduğum zaman
adlarını çəkdiyim ustad
aktyorların hamısı orda idi. Onu da
qeyd edim ki, o dövrdə hər
hansı bir rola aktyor axtarışı prosesi
çox güclü idi, eyni zamanda
dublyaj üçün
də hər hansı bir rola
səs axtarışı var idi. Müharibə mövzusunda
filmin dublyajı üçün
Stalin və onun ətrafının
bütün səsləri
tapılmışdı, bir tək Çörçil obrazını səsləndirmək
üçün aktyor
axtarırdılar. O dövrdə teatra yeni gəlmişdim, yəni aktyor
kimi yenicə fəaliyyətə
başlamışdım. Dublyaj rejissoru, rəhmətlik Əhmədağa
müəllim mənim də səsimin Çörçil
obrazı üçün
yoxlanmasını söylədi. Doğrusu
ustadların arasında Çörçili
səsləndirməyə bir qədər
ehtiyat edirdim. Eyni vaxtda Həsən Turabov, Səməndər
Rzayev, Şahmar Ələkbərov
obrazları səsləndiridilər, mənim öhdəmə
iki kəlmə düşdü
və iki kəlmə ilə səsimin nə
dərəcədə Çörçil
obrazına uygun gəldiyini təyin edəcəkdilər.
İki kəlməni söylədim,
bu zaman Həsən Turabov özünəməxsus səsiylə
"çoxdan yazırsan" deyə soruşdu. Doğrusu qorxdum ki, səsimi bəyənməz,
etiraz edər. İlk
dəfədir dublyaja gəldiyimi söylədim.
Bunu eşidincə "nə yaxşı
yazırsan, Əhmədağa, bu
oğlanı həmişə çağır" deyə səsimi
bəyəndiyini söylədi və ordakıların
hamısı da Həsən Turabova dəstək verdi. Ustad aktyorun səsimi bəyənməsi məni fərəhləndirdi
və o gündən dublyajda
fəaliyyətim başladı. O gündən bu
günə qədər cavanlı, qocalı, uşaqlı, bir sözlə, hər yaşda
olan, saysız-hesabsız obrazlar
yazmışam. Bilirsinizmi, dublyaj məsələsinə adi
baxmaq olmaz, əksinə
çox ciddi yanaşmaq lazımdır. Səsi oynatmaq məsələsi var,
səsin obraza nə qədər yaxın
olması və s. kimi
məqamlar böyük diqqət istəyir.
- Bir sözlə, səs obraza yaraşmalıdır...
- Səs obraza yaraşmalıdır,
uyğun gəlməlidir. Bir
də görürsən ki, qalın səsli
bir obrazı yaradan aktyora cingiltili səs
yazırlar və ya əksinə. Səs
qurulmalıdır, səs dinlənməlidir, dinləyicini
yormamalıdır.
- Hətta elə aktyorlarımız olub
ki, oynadığı obraza
öz səsi uyğun
gəlmədiyinə görə başqa bir səslə dublyaj olunub. Məsələn, Adil
İsgəndərovun yaratdığı rolların
siyahısına baxsaq, o
zaman dediklərim tam olaraq təsdiqlənər...
- Tamamilə haqlısınız. Adil
İsgəndərov bir-iki filmini
çıxmaq şərtilə digər filmlərində başqa səslə dublyaj
olunub. "Axırıncı
aşırım" filmində Adil
İsgəndərovun yaratdığı Kərbəlayi
obrazını Yusif Vəliyev səsləndirib.
Baxın görün Yusif
Vəliyev səsiylə obrazı necə də cilalayıb. Baxmayaraq ki, hər iki sənətkar arasında soyuq
münasibətlər olub, buna
baxmayaraq sənət nöqteyi-nəzərindən
hər zaman bir-birinə dəstək
veriblər. Adil İsgəndərov
yaratdığı obraza baxınca "Qadam, Yusifi
çağırın, ancaq onun səsi bu obraza uygun gələ bilər"
deyib.
- Yeri gəlmişkən, "Nəsimi"
filminin sınaq çəkilişləri
zamanı Teymurləng obrazına Yusif Vəliyevlə
yanaşı Adil İsgəndərov da sınaq olunub. Həsən Seyidbəyli hər iki
ustadın Teymurləngini bəyənsə də, qərar verməkdə
çətinlik çəkib, bunu görən
Adil İsgəndərov özü
hər iki sınaq çəkilişini diqqətlə
izləyərək rejissora seçimdə
köməklik edib. Çəkilişi
izlədikdən sonra "Yusif
Vəliyevin Teymurləngi daha möhtəşəmdir"
deyib və filmə xeyir-dua
verib. Aktyorun böyüklüyü budur
məncə...
- Adil İsgəndərov şəxsiyyət
idi və ancaq onun kimi şəxsiyyət-aktyorlar
belə fədakar addımlar ata bilərdi.
Yeri gəlmişkən, mənim İncəsənət
İnuversitetinə qəbul olunmağımda Adil
İsgəndərovun rolu olub.
Ustad aktyor sənəti
üçün sadəcə istedad axtarmırdı, eyni
zamanda görünüşü,
səsi ilə də yeni nəsil aktyor seçirdi. Sənət
üçün lazım olan
ən xırda detallara belə önəm
verirdi. Yeri gəlmişkən, Tədris Teatrında
çalışdığım zamanlardı, məşq
proseslərinin birində gördük ki, Adil İsgəndərov
rejissor kürsüsündə
mürgüləyir, öz-özümüzə dedik ki, yaşlı
adamdır, yəqin ki, məşqi tam olaraq izləmir, ona görə də rollara
başdansovdu
yanaşırdıq. Məşqin
axırında söhbət edərkən bizim
başdansovdu
yanaşdığımız bütün
məqamlara aydınlıq gətirir, filan
səhnədə filan əlavə niyə
olmadı kimi sualları verərkən başa düşürdük
ki, əslində o rejissor kürsüsündə mürgü
vurmur, əksinə gözləri yumulu bizi izləyir. Ondan sonra biz özümüzü
yığışdırdıq. Ümumiyyətlə Adil İsgəndərovun Akademik
Milli Dram Teatrına və
"Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etdiyi dövr ən gözəl
sənət nümunələrinin yarandığı bir dövr olaraq
tarixə yazılıb.
- Dövrləri müqayisə etməkdən uzaq olsam da,
bir məqam hər zaman
diqqətimdə dayanır. Əvvəlki illərdən fərqli
olaraq hazırda aktyorların gücündən
sanki istifadə olunmur
və ya az olunur...
- Çünkü axtarış yoxdur. Bildiyiniz kimi, aktyorluq asılı sənətdir.
Rejissor aktyoru
çalışdırmalıdır, rejissor
aktyorun daxili aləminə
sirayət etməyi bacarmalıdır, rejissor
aktyoru hər hansı bir
obraz üçün
kəşf etməlidir. Bütün bunlar olmasa, aktyor necə inkişaf edə
bilər..
Ulduzə QARAQIZI
Ekspress .-2012.- 22-24 sentyabr.-
S. 12.