"Həmişə öz
qəsdimə durmuşam..."
Alim Qasımov - milli
brend səviyyəsinə yüksəlmiş bu ad özündə
çox dəyərləri və uğurları ehtiva edir,
saydıqca tükənməz. Muğam dünyasının
alimini, gəncliyində ustad adını qazanan dünya
şöhrətli sənətkarımızı, artıq
yaşının 55-ci ilini geridə qoymuş xanəndəni
ifalarında ilahi eşqi tərənnüm etdiyi
üçün ali eşqin carçısı kimi də təqdim
etmək olar. Şərq poeziyasının sönməz
günəşi Məhəmməd Füzuli ilahi eşqin tərənnümçüsü
idi və Alim də muğamatda böyük sələfinin
durduğu zirvəyə daşımağa
çalışır.
Alimin zilinə qulaq kəsiləndə,
adamı əvvəlcə vahimə bürüyür, sonrasa
sanki ruhun bambaşqa bir dünyaya, fani olmayan aləmə səyahət
edir. Alimin sözü-söhbəti də ifası qədər
ruhoxşayandır...
Elə
bilirəm yaşım 80-i keçib...
- Ramiz Rövşənin
gözəl bir sözü var, deyir, "Ötüb keçən
günlərimin diş kimi, dırnaq kimi məndən necə
qopduğunu ətimlə, qanımla hiss etmişəm. Yer
üzündə hər adamın öz sifəti, öz
boybuxunu olduğu kimi, öz vaxtı var..." Siz öz
vaxtınız barədə nə
düşünürsünüz və yaxud Alimin vaxtı gətirib,
yoxsa baxtı?
- Allaha
şükürlər olsun ki, mənim üçün hər
ikisi gətirib. Həyatda həmişə düz yolla getmirsən,
bunun enişi də var, yoxuşu da. Hərdən səhər
yuxudan oyananda, hiss edirəm ki, bədənimdə
ağırlıq var. Belə hallarda fikirləşirəm ki,
"aha, deyəsən, axırım çatıb".
Sonradan bir az hərəkət edirəm, idmanla məşğul
oluram, bədənim ki açılışır, onda deyirəm,
"yox, bir az da yaşamaq olar". Digər tərəfdən,
çəkdiyim bütün çətinliklərə rəğmən,
qazandığım uğurlara diqqət edəndə,
özümü daha da yaşlı hiss edirəm. Hərdən
özümü işini başa vurmuş qoca kimi hiss edəndə,
elə bilirəm yaşım 55 yox, haradasa 80-i keçib. Bu 50
illik ömrümdə qara günlərin sayı çox olub.
Amma bu çətinliklər sənətimə müsbət təsir
göstərib. Çünki belə anlarda daha gözəl
ifalar meydana gəldiyinə, daha çox gözəlliklər
yaratmağa məcbur olduğuma görə onlar mənim
üçün əzizdir. Allah heç kəsə qara
günlər göstərməsin, çətin, yaxud asan
keçməsindən asılı olmayaraq
yaşadığım hər gün mənim
üçün əzizdir.
"Zalımoğlu yaman oxuyur"
- Rəhmətlik
Nüsrət Kəsəmənli deyirdi ki, Alim oxumur, ürəyindəki
yükü atır...
- Sözün
açığı, heç vaxt tamaşaçıları
yükləmək fikrim olmayıb. Onların
qarışısına çıxanda, həmişə
özümü yükləmişəm, özüm əzab
çəkmişəm. Sonra da görmüşəm ki, mənim
ifama qulaq asanlar xoşhal olurlar. İnkar etmək də olmaz,
ola bilsin ki, müəyyən hala düşürlər, amma əminəm
ki, bu hal da onları yükləmir, əksinə,
rahatladır. Əksər vaxtlarda həmişə öz qəsdimə
durub, özümlə düşmənçilik
aparmışam. Özümlə düşməniçiliyim
də həmişə tamaşaçıların ürəyincə
olub, onları başqa aləmə apardığına görə
Allah rizasilə bu axtarışlarımı davam etdirirəm.
Bəzən öz qulağımla eşitmişəm ki, deyiblər,
"Alimin oxumağı adamı ağladır və yaxud
adamın atasını yandırır". Amma özümə
onlardan çox od qoyuram, özümü ağladıram.
İkincisi də, bilirəm ki, bu, mənəvi
ağlamaqdır, onların ruhlarına toxunmuşam. Mənəvi
ağlamaq insanın ruhunu pak edər, onu vicdanının səsinə
qulaq asmağa vadar eləyər, vətənpərvər edər.
Mən də buna əmin olduğuma görə nə etdiyimi
bilirəm.
- Yaxın dostunuz Akif İslamzadə
deyir ki, heç vaxt avtomobilində sizin ifanıza qulaq
asmır. Və hər dəfə də sizin ifalara qulaq asandan
sonra bir neçə gün maşın sürmür. Yəni
sizin ifaların təsirindən gec ayılır. Öz lent
yazılarınızı avtomobildə dinləyirsinizmi? Bir
dinləyici kimi sizə mane olmur ki?
- Təvazökarlıq
olmasın, hərdən kənar adam kimi öz ifalarıma
qulaq asıram. Sözün düzü, "zalımoğlu
yaman oxuyur, da", "bu zəngulə yaman idi" deyən
vaxtlarım da olur, sərt tənqid edən vaxtlarım da. Akif
İslamzadə də vaxtilə ifaçılıq sənətində
öz sözünü deyən insanlardandır. Onun kimi bir
çox insanlar belə duyğular yaşadıqlarını mənə
deyiblər.
- Sabir Rüstəmxanlı
deyir, Alim sevgi xanəndəsi, təbiət xanəndəsi və
cəmiyyət xanəndəsidir. Bunların hansı sizə
yaxındır?
- Həmişə
çalışmışam ki, yaradıcılıq
baxımından səmimi olum, içimdən gələni
oxumuşam. Bu səmimiyyətin içində hər şey -
Allah sevgisi də var, insanlara məhəbbət də, mənəvi
saflıq da. Sabir Rüstəmxanlıdan söz
düşmüşkən, şeirlərindən birində
deyir:
Mən kəndin oğluyam, on illər
ötə,
Gözümdən
silinməz o əzəlki qəm.
Könlüm səyyahlara
açılmaz qitə,
Dünya dəyişsə
də mən dəyişmərəm.
Mən həmişə
sənətimə hörmət edənlərə ehtiram
göstərmişəm. Bu ehtiram da həmişə məni
məcbur edib ki, sadə olum. Zaman keçdikcə bu sadəlik
canıma hopub. Bir də, bilmirəm kim deyib, amma gözəl
deyib ki, ən böyük gözəllik elə sadəlikdir.
Nəyinsə xatirinə hansısa çərçivələrdə
hərəkət etmək mənim ruhuma yaddır.
Köhnə velosiped arzusu...
- Heç
öz-özünüzə sual vermisinizmi ki, bu zirvələri
necə fəth etdiniz?
- Əgər mən
bunu əvvəlcədən ölçüb-biçsəydim,
belə alınmazdı. Bu, Allahın gözəl qisməti,
alın yazısıdır. Çünki məndən də
çox əziyyət çəkən, çalışan,
məndən gözəl səsləri olan və xarici
görünüşünə görə məndən
gözəgəlimli sənətkarlar da var. Burada "mənəm-mənəm"
deməyə də dəyməz. Deyərdim ki, bayaq
sadaladığım keyfiyyətlərin bəlkə də ən
azı mənim payıma düşüb. Bu, "az"dan
böyük dünyaları meydana gətirən Allahın
alın yazısıdır. Mən sənətə gələndə,
fikirləşirdim ki, bir tikə yeməyə çörəyim
olsun. Bu boyda şöhrəti, xalqın rəğbətini
qazana biləcəyim ağlıma gəlməzdi. Ola bilsin ki,
kimsə uşaq vaxtlarından qarşısına məqsəd
qoyur sənətkar olmağı, bütün bunları
arzulayır. Amma mən uşaqlıqda arzulayırdım ki,
köhnə də olsa, velosipedim olsun...
"Muğam dəryasında çapalayan birisiyəm"
- Muğam böyük
bir elmdir, dəryadır. Amma bu gün muğam ustadları
hamısı deyir ki, muğamda nə lazımdırsa, Alim
onları edib, bu dəryanın hər damlasında Alimə
rast gəlinir. Paxıllıq kimi çıxmasın, bəs
gələcək nəsillərə nə
saxlamısınız?
- Allah-taala başa
düşmədiyim, görə bilmədiyim bir istedadı mənə
verib ki, keçmiş ustadların, ölkəmizdən kənarda
yaşayan sənətkarların təcrübələrindən
bəhrələnim. Ona görə də mənim ifalarım
rəngarəng görünür. Siz bayaq çox
şişirtdiniz dərya məsələsində. Fikrimcə,
muğam dəryasında çapalayan birisiyəm və suya
düşən adam saman çöpündən
yapışan kimi mən də bütün xanəndələrin
təcrübəsindən bəhrələnirəm. Həmişə
də bunu etiraf etmişəm. Bu günün özündə
də axtarışdayam. Lap gənc xanəndədə də
nəsə yeni boğaz, ya başqa bir yenilik mühaşidə
edəndə, ondan öyrənirəm. Ona görə də
indiyədək muğamda heç bir sərhəd
qoymamışam ki, bu, Şirvan ifa tərzidir, bu, Qarabağ məktəbidir
və yaxud bu İran məktəbidir. Bəlkə də
qarşıma hansısa sərhədi çəksəydim,
belə uzağa gedə bilməzdim.
"Hallalıq istəyənə hələ rast gəlməmişəm"
- Kimlər sizə dəstək
olub? Axı, yaşlılar həmişə gənclərə
qısqanclıqla yanaşıblar...
- Mənə qarşı
da belə olublar. Amma mən onları
öz səmiyyətimlə
"sındırmışam". Yəni onların mənə qarşı olan böyük qısqanclıqlarına
mən də böyük səmimiyyətimlə
cavab vermişəm.
O maneələri aşmağa
çətinlik çəkməmişəm.
Bununla belə, dəstək verənlər də çox olub.
- Bir
ustad kimi gənc xanəndələrimiz
haqda fikirlərinizi öyrənmək maraqlı
olardı. Bu gün gənclər arasında Sizin kimi
oxumağa meyl edənlər çoxdu. Gəlib sizdən hallallıq alanlar varmı?
- Yox,
hallalıq istəyənə
hələ rast gəlməmişəm. Amma çox
istərdim ki, məni jurnalistlərdən
çox gənc xanəndələr, muğamı
öyrənmək istəyənlər
narahat edəydilər.
Doğrudur, hərə bir
yerdən valımı,
yaxud kasetimi, diskimi tapıb öyrənir, amma onlardan əməlli-başlı
bir sual eşitməmişəm. Mən cavan
vaxtı Hacıbaba Hüseynovu köhnə
"Moskviç"imdə dərsdən sonra evə aparanda oxudurdum, suala tuturdum və maşında quraşdırdığım
maqnitofona yazırdım.
Axırda gedib halallığını
istədim, o da halal elədi. Amma bugünkü gənclər
belə şeyə maraq göstərmirlər.
Mən onların yerinə olsaydım, Alimi nə dərslərdə,
nə də başqa yerdə rast gələndə, boş buraxmazdım.
Alim-Baba-Hacı "üçbucağı"
- Rəssam Hacı Eldar Mikayılzadə deyir ki, yaxşı
bir xudmani məclisiniz varmış,
Siz, Hacı Eldar, bir də
rəhmətlik Baba Pünhan.
Baba Pünhanın vəfatından
sonra bu "üçbucağı" kim tamamlayır?
- Allah Baba Pünhana rəhmət eləsin! Demək olar ki, sənətlə
bağlı çox az söhbət
edərdik. Həmişə
səmimi dost söhbətlərimiz
olub, bununla belə yəqin ki, bu söhbətlərdən
hərə daxilində
öz payını götürüb. Hacı Eldar
o söhbətləri rənglərə
çevirib, Baba sözə.
Mən də səsimlə eləmişəm. Baba sağ qalsaydı, bizim üçbucaqda daha gözəl sənət əsərləri
yaranardı. Babanın
yerini heç kim doldura
bilməz, heyf ki, biz o üçbucağın
qədrini vaxtında bilmədik.
Oxumağımı istəməsələr,
oxumaram...
- Nə
vaxtdır Bakıda konsertinizə həsrət
qalmışıq...
- Sonuncu
konsertin təşkilatçısı
da bunu mənə
tez-tez deyir, istəyir ki, bu işə qol qoyum, amma
mən qaçıram.
Qaçmağım da ona görədir ki, axır vaxtlar başım bəzi məsələlərə qarışdığından,
repertuarımı təzələməmişəm.
Ona görə də, konsert məsələsi təxirə salınıb.
İnşallah, çalışacağıq ki, tezliklə muğam xiridarlarını
sevindirək. Tamaşaçıların
bizə qarşı sevgisini əvəzsiz qoymaq olmaz. Biz yaradıcı insanlar həmişə tamaşaçı alqışına
möhtacıq. Mənim fikrimcə,
sənətkarın həyatı
boyu qazandıqlarının
önündə tamaşaçı
alqışı dayanır.
Tamaşaçı alqışı sənətkarı yetişdirir,
onda öz sənətinə qarşı
məsuliyyəti artırır.
- Oxumaqdan
yorulmamısınız ki?
- Sözün
düzü yorulmuşam,
oxumağımı istəməsələr,
oxumaram. Amma bu sənət
məni bu yerə gətirdiyinə görə, istəyirəm
onun üçün nələrsə edim.
Misal üçün, "Nəva"
muğamı var, onu oxuyub lentə
yazdırmaq istəyirəm.
Bundan başqa, İran muğamı ilə Azərbaycan muğamını ortaq bir mərkəzdə birləşdirib nəsə
etmək istəyirəm...
Şöhrətin ləzzəti
- Məşhur
olmaq sizdə hansı təəssüratlar
yaradır?
- Məşhur
olmağın bir çox ləzzətli məqamları var. Misalçün,
hansısa böyük
adamın qəbuluna gedəndə, səni tez qəbul edirlər, hörmət-izzətlə
qarşılayırlar. Bir də
yolda "QAİ"lər
deyir ki, "sür get, bu yollar sənə qurbandı". Hətta bu
yaxınlarda bir avtomobili arxadan vurdum. Sürücü saxladı, maşından
düşüb gördü
ki, sükan arxasında mənəm, tez qayıdıb maşına oturdu. Heç maşının arxasına
keçib vurduğum yerə də baxmadı. Əli ilə işarə etdi ki, sür
get. Sözün düzü,
çox pis oldum, özü də yaşlı kişi idi.
O biri "svetofor"da
həmin avtomobilin qarşısına keçib
saxladım və düşüb kişidən
üzr istədim. Kişi də mənə qayıtdı ki, "a kişi, nə bağışla-filan, mən
həyatdan bezəndə,
həmişə sənin
ifaların məni həyata qaytarıb, həyatdan zövq almağı öyrədib".
Bu sözləri eşidəndən
sonra utandım ki, əgər xalq mənə bu qədər məhəbbət göstərirsə,
bundan da çox etmək lazımdır...
İltifat HACIXANOĞLU
Ekspress .-
2012.- 26 sentyabr.- S.11.