"İmkan
verin, doyunca oxuyaq"
Canəli
Əkbərov: "Oxumaqdan ötrü ölürəm, az
qalıram ki, partlayım"
Zaman keçdikcə cəmiyyətdə
baş verən ictimai-siyasi hadisələrin fonunda
insanların həyata baxışları, zövqləri, hətta
milli-mənəvi dəyərlərə münasibətləri
də dəyişir. Belə dəyişikliklər prosesində
bəzi yaradıcılıq növləri "artıq bu
köhnəlib, müasir tələbləri ödəmir,
zövqü oxşamır" kimi əsassız bəhanələrlə
sınaqlara məruz qalır.
Özəl
telekanalların efirində son illər çox qiymətli
milli-mənəvi dəyərlərimizə qarşı soyuq
münasibətin şahidi oluruq. Muğamlarımıza,
xalq havalarımıza, onların cəmiyyətdə yetərincə
tətbiq edilməsinə qarşı bir soyuqluq
görürük. Amma yüngül, zəif, bayağı
musiqilərin təbliğinə daha çox yer verilir.
Acınacaqlı haldır ki, zövqü cılızlaşdıran
belə musiqilərə gənclər arasında meyl
güclüdür. Bunun nəticəsində də milli-mənəvi
dəyərlərdən uzaqlaşmalar özünü
göstərir.
Xalq artisti Canəli Əkbərovu da
narahat edən bu gün belə meyllərə qarşı təsirli
tədbirlərin görülməməsi, milli-mənəvi dəyərlərin
təbliğinə lazımınca yer verilməməsidir.
Basmaqəlib mahnılar
- Canəli müəllim, sizcə milli
musiqimizin əvvəlki yerinə sahiblənməsi
üçün neyləmək lazımdı?
- Milli musiqimizin - yəni
muğamlarımızın, təsniflərimizin və xalq
havacatlarımızın əvvəlki yerinin
qaytarılması, əvvəlki nüfuzunun bərpa
olunması üçün bütün xalq əl-ələ
verməlidir. Çünki musiqi tək-tək adamların
deyil, bütöv bir xalqın musiqisidir. Odur ki, ona xalq yiyə
durmalıdır. Onun taleyi üçün bütün xalq
narahat olmalıdır. Əgər xalq bu gün öz
musiqisini, öz milli mədəniyyətini qoruya bilməsə,
bu işə tək-tək adamların gücü çatmaz.
Mən deyərdim ki, Azərbaycan televiziyası həmişə
bizə qayğılı olub. Hörmətimizi, nüfuzumuzu
saxlayıb, ifalarımızı da verirlər. Amma bu biz xalq
ifaçılarını qane eləmir. Mən bunu tənqid
kimi demirəm. Mən belə başa düşürəm ki,
televiziyada muğam üçün ayrılan vaxt bir qədər
namünasibdir. Həmin vaxt camaatın əksəriyyəti
işdə-gücdə olur, verilişə çata bilmir.
Televiziyada çoxlu verilişlər var ki, onların əvəzinə
milli musiqimizə həsr edilən verilişləri efirə
vermək daha münasib olardı. Axı muğam da bizim milli sərvətimizdir.
Lazımdır ki, onu daha münasib vaxtda verək, belə olsa,
muğamın təbliği daha effektli alınar. Əlbəttə
ki, çıxışları axşam saat 9, ya 10-da verilən
müğənnilərin əleyhinə deyilik. Qoy oxusunlar,
onlar da bizimkilərdir. Təbii ki, o zövqün də
adamları, tamaşaçıları var. Azərbaycan milli
televiziyasının musiqi şöbəsi milli musiqinin təbliği
üçün çox işlər görüb. Buna görə
mən onlara çox sağ ol deyirəm. Amma muğam
üçün ayrılan vaxt məni qane eləmir.
Ümumiyyətlə, xalq musiqisini axşamüstü verməzlər,
onun təsiri gecə daha çox olur. Əgər bu gün biz
milli dəyərlərdən danışırıqsa, milli dəyərlərimizin
qorunması üçün mübarizə kampaniyası davam
edirsə, ilk əvvəl muğamlarımız
qorunmalıdır, təbliğ olunmalıdır. Onu hərcayı
musiqiyə qurban vermək olmaz. Milli musiqimizin qorunması, təbliğ
olunması işinə hər bir azərbaycanlı əsl vətəndaş
yanğısı, vətəndaş təəssübü ilə
yanaşmalıdır. İndi əksər özəl
televiziya kanalları bəzi zümzümə eləyənləri,
pıçıltı ilə oxuyanları mükafatlarla elə
ucaldıblar ki, Şövkət xanım, Sara xanım, Əbülfət
Əliyev yalan olub. Hətta geyimlərimiz dəyişib. Mən
bilmirəm göbək göstərmək nə vaxtdan mədəniyyət
olub. Mənim dilim gəlmir ki, Üzeyir bəyə də bəstəkar
deyim, indiki mahnı yazanlara da. İndi mahnıların söz
düzümü, səs düzümü qətiyyən
gözlənilmir. Mahnılar basmaqəlib üslubunda
yaradılır.
"Müğənni oynayacaqsa, rəqqasə
nəyə lazımdır"
- Biz həqiqi gözəl səsi həmişə
Allah vergisi hesab edib, o səsin pərəstişkarı
olmuşuq. Bir anlıq Xan Şuşinskini, Əbülfət Əliyevi,
Rübabə Muradovanı, Bülbülü, Rəşidi,
Şövkət xanımı, Həqiqət Rzayevanı
yadımıza salaq. Onların hər birinin səsinin öz
gözəlliyi, öz şirinliyi, təkrarsızlığı
var idi. Onları saatlarla, günlərlə dinləməkdən
doymaq olmurdu. Mənə elə gəlir ki, indiki gənc
oxuyanlarda bu keyfiyyətlər çatmır.
- Bilirsiz, məsələ
necədir? Əgər bir səs məni
düşündürmürsə, riqqətə gətirmirsə,
tüklərimi biz-biz etmirsə, duyğularıma hakim kəsilmirsə,
o səs mənə lazım deyil. İndi qəribə vəziyyət
yaranıb. Bir də görürsən ki, biri səhnəyə
çıxıb nəsə oxuyur, on beş-iyirmi nəfər
də qız-gəlin mahnının ritminə uyğun olaraq
oxuyanın ətrafında qəribə akrobatik hərəkətlər
edirlər. Axı bizim millətdə belə oxuyub-oynamaq olmayıb.
Düşünürsən ki, əgər müğənni
oynayacaqdısa, daha bu rəqqasələr nəyə lazım
idi? İndi bizim əksər milli rəqslərimizin ancaq
adları qalıb. Hanı bizim "Turacı" rəqsimiz,
hanı bizim "Qəşəngi" rəqsimiz, hanı
"Sevgilim", hanı "Ceyranı", hanı "Tərəkəmə"miz,
hanı "Vağzalı"mız? Hamısının
başına oyun açıblar. İndiki ifaçılar da
şıdırğı oynamaqdan ötrü ordan-burdan
mahnılar tapırlar. O cür mahnılarla
populyaşırlar. Hardasa bir xalq mahnısı oxumaq zərurəti
yarananda onu da bərbad vəziyyətdə ifa eləyirlər.
- Nə vaxtdır diskiniz, albomunuz
çıxmır?
- Sizcə,
mən indiki imkanla necə disk çıxartdıra bilərəm?
Amma bizim çox qeyrətli adamlarımız var, qoy gəlib
sinələrini qabağa versinlər. Sənətçilərin
kompakt-disklərini, audiokasetlərini
çıxartdırsınlar, qorusunlar ki, onları gələcək
nəslə çatdırmaq mümkün olsun. Burda onunla əlaqədə
olan bir musiqiçilər qrupu var. O qrupa da kim sərfəlidirsə,
onu aparıb audiokasetlərini çıxartdırırlar.
Mənim
onun kompakt-disklərinə ehtiyacım yoxdur, özünə də
demişəm. Amma mənim Fransada bir neçə kompakt-diskim
çıxıb.
"Konsertimi təşkil eləmək
onların borcudur"
- Diskin xərcini özünüz
çəkmişdiniz?
- Yox, onu
fransızlar özləri çıxartdırdı. Ora getmək
üçün mən onlardan dəvət
almışdım. Yol pulumu da, yemək-içməyimi də
onlar verdilər. Bir sözlə, bütün xərclərimi
özləri ödədilər. Həmin vaxt Parisdə mənim
konsertlərim oldu. Diskin təqdimetmə mərasimi də
keçirildi. Yaxşı, bəs mənimkilər mənim
üçün neyləyiblər? Qoy bizim imkanlı
adamlarımız da desinlər ki, "gəlin Arif Babayev, Canəli
Əkbərov, ya başqa bir yaşlı sənətkar
üçün hansısa bir iş görək". Hələ
belə şey olmayıb. İndi aləm
cılızlaşıb. İmkanlı oğlanlarımız
da ucuz işin dalınca düşüblər. Çox qəribə
bir adət yaranıb. Elə ki birini tanıdılar, daha onun ətəyindən
yapışıb əl çəkmirlər.
- Səhnədə az-az
görünürsünüz...
- Bu saat
oxumaqdan ötrü ölürəm, az qalıram ki,
partlayım. Niyə hökumət tədbirlərində Canəli
Əkbərov oxumasın? Yaraşmır, boy-buxunu, mədəniyyəti,
savadı çatmır? Ola bilsin ki, zəng vurub deyirlər,
amma cavab alırlar ki, Canəli Əkbərov xəstədir. Məgər
mən xalqın nəğməkarı deyiləm? Bəs
prezident nəyə görə mənə orden verdi? Qoy ondan
istifadə eləyim də. Əgər uğursuzluğum
olarsa, qoy öz ayağıma yazsınlar. Eləmirlər
axı. Bizdə belədi də: elə ki birinin
yaxasını tanıdılar, onu ora çəkəcəklər,
bura çəkəcəklər -o tədbirə həmin
adam, bu konsertə həmin adam. Xaricə göndərmirsiniz,
göndərməyin. İmkan verin barı bir daxildə ürək
dolusu, doyunca oxuyaq. Sponsorum yoxdu deyə özümü
öldürməliyəm? Mən dilənçi deyiləm ki,
gedib kiminsə qapısında boyun əyim ki, "sən
atanın goru, sponsorluq elə, filan sarayda bir konsert verim. Mən
heç vaxt buna görə kiminsə qarşısında
alçalmaram. Qoy bu işlərdə onlar mənə şərait
yaratsınlar. Mənim konsertimi təşkil eləmək
onların borcudur. Nə olar ki, bir gün Arif müəllimin,
bir gün Canəli müəllimin, bir gün də başqa
ustad xanəndənin konsertini təşkil etsinlər.
AYXAN
Ekspres.-2012.- 29 sentyabr- 1 oktyabr.- S.12.