Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən
şənbə
saylarımızda)
Bağırov və Şəkinski
Məmmədəmin
Şəkinski respublikanın baş arxivariusu kimi arxiv işinə
başdansovdu yanaşan yüksəkvəzifəli rəhbər
işçilərə münasibətdə barışmaz
mövqedən geri çəkilmirdi. M.Şəkinskinin 1962-ci
ildə imzaladığı bəzi sənədləri nəzərdən
keçirək.
1962-ci il fevral
ayının 1-də M.Şəkinski Azərbaycan SSR Nazirlər
Sovetinə aşağıdakı məktubu göndərmişdir:
"SSRİ
Nazirlər Sovetinin 1958-ci il
13 avqust tarixli 914
nömrəli qərarı ilə müttəfiq
respublikaların dövlət arxivləri elmi-tədqiqat müəssisələri
sırasına daxil edilmişdir.
Bu o deməkdir ki, Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi və mərkəzi dövlət
arxivləri 1961-ci ildən etibarən Azərbaycan SSR Elmi-Tədqiqat
İşlərini Əlaqələndirmə üzrə
Dövlət Komitəsinin fəaliyyət sahəsinə daxildir. Hal-hazırda Azərbaycan SSR
Nazirlər Soveti yanında Arxiv
İdarəsində və mərkəzi dövlət arxivlərində
44 nəfər elmi işçi
çalışır. Lakin uzun illər ərzində həmən
əməkdaşlarımız arxivşünaslıq üzrə
xüsusi attestasiyadan
keçirilməmişdir ki, bu da arxiv
müəssisələri üçün
elmi kadrlar
hazırlanmasına, arxivlərdə çalışan elmi işçilərin ixtisasının
artırılmasına mane olur.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsində və Mərkəzi
dövlət arxivlərində elmi-tədqiqat işlərini
daha da gücləndirmək və yüksək ixtisaslı
arxiv işçiləri hazırlamaq məqsədilə arxiv əməkdaşlarının
da vaxtaşırı olaraq attestasiyasının
aparılmasını zəruri hesab edirik.
Məktuba SSRİ Elmlər
Akademiyası Rəyasət Heyətinin 1957-ci il fevralın 22-də
təsdiq etdiyi "Elmi-tədqiqat institutlarında və
laboratoriyalarında çalışan elmi işçilərin
baş mühəndislərinin attestasiyası haqqında Əsasnamə"sini
və Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin
hazırladığı müvafiq Əsasnamənin layihəsini
əlavə edirik.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."
Məktub əlavələrlə
birlikdə Azərbaycan SSR Nazirlər Sovetinin
sədri Ənvər Əlixanovun dərkənarı ilə Mədəniyyət
şöbəsinin müdiri H.Həsənova
göndərilmişdir. Qaldırdığı
məsələyə Azərbaycan hökumətindən mənfi
rəy almış M.Şəkinski inadından dönməmişdir.
1962-ci il fevral
ayının 12-də Moskvaya, SSRİ
Nazirlər Soveti Mədəniyyət
Şöbəsinin rəisinə aşağıdakı məktubu
göndərmişdir:
"SSRİ Nazirlər Sovetinin
1958-ci il 13 avqust tarixli 914 nömrəli qərarına müvafiq olaraq, Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi respublika
hökumətindən xahiş etmişdir ki, mərkzi
dövlət arxivlərində çalışan baş elmi işçilərin
attestasiyasına dair Əsasnaməni təsdiq
etsin. Lakin Azərbaycan
SSR Nazirlər Sovetinin Mədəniyyət
şöbəsi təqdim etdiyimiz Əsasnaməyə
mənfi rəy vermiş, bildirmişdir
ki, SSRİ Nazirlər Sovetinin
yuxarıda göstərilən qərarının guya elmi-tədqiqat müəssisələrinə
aidiyyəti yoxdur.
Sizdən çox
xahiş edirik ki, respublikanın Nazirlər Sovetinin Mədəniyyət
şöbəsinin Azərbycan SSR mərkəzi dövlət
arxivlərində çalışan baş elmi işçilərin
attestasiyasına münasibətinin düzgün
olub-olmaması barədə münasibətinizi bizə bildirəsiniz.
ƏLAVƏ. 1962-ci il
fevralın 1-də Azərbaycan SSR Nazirlər Sovetinə
göndərilmiş 26/173 nömrəli məktubun surəti və
attestasiyaya dair əsasnamənin layihəsi.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."
Moskvadan, SSRİ
Nazirlər Sovetinin Mədəniyyət
şöbəsindən M.Şəkinskinin məktubuna cavab verilməsinə dair
arxivdə heç bir
məlumata təsadüf etmədik. Bununla belə, Şəkinskinin
1962-ci il martın 8-də Azərbaycan SSR
Nazirlər Soveti sədrinin müavini Əli Kərimov yoldaşa
üvanladığı məktubdan bu nəticəyə
gəlmək olur ki,
M.Şəkinskiyə attestasiya
keçirilməsindən öncə başqa
tədbir həyata keçirmək lazımdır. Həmin
məktubla tanış olun:
"Azərbaycan SSR Nazirlər Soveti
sədrinin müavini Ə.H.Kərimov yoldaşa
Azərbaycan KP MK-nın Mədəniyyət Şöbəsi
ilə razılığa müvafiq olaraq, Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv
İdarəsi üzrə Elmi
Şuranın tərkibinə baxılıb təsdiq
olunmasını Sizdən xahiş edirəm.
ƏLAVƏ: 3 vərəqdə.
Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsinin rəisi
M.Şəkinski."
Məktuba tikilmiş 3 vərəqdən
ibarət əlavədə Arxiv İdarəsi
üzrə elmi şuranın qaydaları əks
olunmuşdur. Burada deyildiyi ki, Azərbaycan SSR
Nazirlər Soveti yanında Arxiv
İdarəsi üzrə elmi şura respublikada arxiv işinin nəzəri
və təcrübi məsələlərinin öyrənilməsi
məqsədilə yaradılır. Elmi Şuranın tərkibinə
Arxiv İdlarəsinin və mərkəzi
dövlət arxivlərinin ixtisaslı işçiləri və
elmi əməkdaşları, habelə
elmi-tədqiqat müəssisələrinin, ali
məktəblərin və həmkarlar ittifaqlarının
nümayəndələri daxil edilirlər.
Şuranın təkribi Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə təsdiq olunur.
Azərbaycan Respublikası Dövlət Arxivində elmi şuranın 13 nəfərdən ibarət
ilk tərkibi ilə də tanış oluruq. Azərbaycan SSR Nazirlər
Soveti tərəfindən təsdiq olunmuş bu siyahıda Azərbaycan
SSR Elmlər Akademiyası tarix institutunun direktoru Z.İ.İbrahimov, S.M.Kirov
adına Azərbaycan Dövlət Universitetinin
prorektoru M.M.Əfəndiyev, Azərbaycan
KP MK yanında Partiya İnstitutunun
direktoru müavini Q.H.Mehdiyev, Azərbaycan SSR Mərkəzi
Dövlət Tarix Arxivinin
direktoru Ş.Q.Rzayeva,
AHİŞ-in katibi L.İ.Lunin, tarix elmləri
doktoru Ə.N.Quliyev, Arxiv İdarəsinin baş
arxeqrafı İ.K.Rassiyev və
başqaları vardır. Elmi
Şuranın sədri Məmmədəmin Şəkinski təsdiq
edilmişdir.
1962-ci ilin martında
Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi
üzrə Elmi Şuranın yaradılması Məmmədəmin
Şəkinskinin respublikanın elmi müəssisələri
ilə əlaqəsini genişləndirmişdi. Arxivin elmi
şurasının sədri Azərbaycan SSR Elmlər
Akademiyası institutlarında, ali məktəblərdə,
partiya İnstitutunda keçirilən tədbirlərdə
iştirak edir, elm, incəsənət və mədəniyyət
sahəsində baş verən yeniliklərlə tanış
olur, qiymətli sənədlərin vaxtlı-vaxtında mərkəzi
arxivlərə göndərilməsinə şəxsən nəzarət
edirdi.
İş yerinə adəti
üzrə həmişə payi-piyada gələn Məmmədəmin
Şəkinski kabinetinə daxil olub, masa üzərində
müxtəlif məktublardan sonra hökmən
"Kommunist" və "Bakinski raboçi" qəzetlərini
gözdən keçirərdi. 1962-ci il avqustun 13-də "Kommunist"
qəzetinin dördüncü səhifəsində dərc
olunmuş siyahıda müxbir üzvlüyə namizədlər
arasında Petros Baqdasaroviç Mosesovun olduğunu görəndə
cin atına mindi, qəzəbindən od tutub alışdı.
Kabineti tərk edib aşağı düşdü,
maşına əyləşib düz yuxarı, Mərkəzi
Komitəyə yollandı. Vəli Axundovun qəbul
otağında çox gözləmədi. Birinci katib şəxsiyyətinə
hörmət etdiyi bir insanın həyəcan içərisində
olduğunu dərhal duydu. Sözə Məmmədəmin
Şəkinski başladı:
- Vəli
Yusifoviç, deyin görək, on il əvvəl Mərkəzi
Komitənin qərarı ilə partiya sıralarından
qovulmuş bir nadürüst ermənini Akademiyanın tarix elmləri
sahəsində müxbir üzvəlyünə namizədliyini
irəli sürmək olarmı?
Vəli Axundov söhbətin
Mosesovdan getdiyini bildiyi üçün qısaca cavab verdi:
- Onun namizədliyini
Moskvanın məşhur alimləri irəli sürüblər.
Seçkiyə
buraxılmasının qarşısını ala
bilmərik. Bəlkə heç
seçilməyəcək?
Məmmədəmin
Şəkinski Mərkəzi Komitənin binasını tərk
edib Müslüm Maqomayev adına Dövlət Filarmoniyası
ilə üzbəüz binanın birinci mərtəbəsindəki
Partiya İnstitutuna gəldi. İnstitutun direktor müavini,
Arxiv İdarəsi üzrə Elmi şuranın üzvü Qəzənfər
Mehdiyevin otağında nahar fasiləsinədək oldu, Mərkəzi
Komitənin 1951-ci ildə Mosesov ilə əlaqədar arxiv
materialları ilə tanış oldu, makinada surətini
çıxartdırdı. Azərbaycan K(b)P MK-nın 1951-ci il
21 aprel tarixli Büro iclasının Mir Cəfər
Bağırov tərəfindən imzalanmış qərarında
deyilirdi: "M.Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Mosesov
P.B. kafedranın işinə rəhbərliyi təmin etmədiyinə
və sovet pedaqoqu adına yaraşmayan hərəkətə
yol verdiyinə görə vəzifəsindən kənar
edilsin".
Daşnakların
zatına bələd olan "Bakı milisinin keçmiş rəisi"
bir neçə gün əvvəl Vəli Axundovun söylədiyi
"Bəlkə heç seçilməyəcək" kəlməsini
xatırladı, bu cümlədən "bəlkə"ni
yox etmək qərarına gəldi. Axşamdan xeyli
keçmiş yazı masası arxasına keçib,
kağız-qələm götürdü və
aşağıdakı məktubu yazdı:
"Azərbaycan SSR
Elmlər Akademiyasının prezidenti Z.İ.Xəlilov
yoldaşa
Surəti: SSRİ Elmlər
Akademiyasının prezidenti M.V.Keldış yoldaşa
Respublika qəzetlərindən
mənə məlum oldu ki, professor Mosesov Petros Baqdasaroviç
Azərbaycan SSR Elmlər akademiyasının müxbir
üzvlüyünə namizəd irəli
sürülmüşdür. Bununla əlaqədar
aşağıdakıları nəzərinizə
çatdırmağı özümə partiya borcu hesab edirəm:
1951-ci ildə
marksizm-leninizm əsasları fənnindən
Azərbaycan Sənaye İnstitutunda dərs
deyən professor Mosesov
P.B. mühazirə zamanı heç bir əsas və səbəb olmadan
geoloji-kəşfiyyat fakültəsinin 1620-ci qrup
tələbəsi oğlum Əkrəm
Şəkinskiyə tələbələrin gözü
qarşısında auditoriyada sillə vurmuşdur. 1951-ci il aprelin 21-də Azərbaycan
K(b)P Mərkəzi Komitəsinin büro iclasının qərarı ilə partiyadan xaric edilməklə
instutundan kənarlaşdırılmışdır.
Oğluma qarşı
bağışlanılmaz və təhqiredici hərəkətə
yol verildiyi vaxt mən azadlıqda deyildim. SSRİ Daxili
İşlər Komissarlığının Xüsusi
Müşavirəsinin 1939-cu il 5 iyun tarixli qərarı ilə
islah-əmək düşərgəsinə göndərilmişdim
və cəzamı çəkməkdə davam edirdim. 1955-ci
il sentyabrın 23-də bəraət almışam.
Sizə bildirirəm
ki, P.B.Mosesovun Azərbaycan SSR Elmlər Akademiyası müxbir
üzvlüyünə namizəd irəli sürülməsi
faktı məni olduqca təəccübləndirir və dəhşətə
gətirir. Xahiş edirəm ki, məktubumu Azərbaycan SSR
Elmlər Akademiyasının bütün üzvlərinə
elan edəsiniz.
1917-ci ildən
Sov.İKP üzvü Məmmədəmin Şəkinski
27 avqust 1962-ci il.
Bakı şəhəri,
Hüsü Hacıyev küçəsi, 33, mənzil 11."
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2012.- 7-9 yanvar.- S. 15.