Şəhidlikdən azadlığa...

 

O qanlı gecədən 22 il keçdi

 

O GECƏNİN BAKISI milli yaddaşımıza qanla əbədi həkk edildi: paytaxtı güllələdilər, rus tankları küçələri tırtılları ilə şumlayıb üstündən keçdi, arxalarında güllələnmiş və əzilmiş cəsədlər buraxdılar, binalar güllə və mərmilərdən dəlmə-deşik edildi, meyitlər təhqirə məruz qaldı. Ümidlər sarsıldı, amma üzülmədi...

SSRİ qürubuna yuvarlanırdı, aqoniya içində idi və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə barbar bir rus imperiyası olduğunu sonuncu dəfə nümayiş etdirdi. Mixail Qorbaçovun xeyir-duası ilə kod adı "Zərbə" olan vəhşi əməliyyatla Bakıya 35 minlik ordu yeridildi və Kreml Azərbaycanın timsalında bəşəriyyətə qarşı daha bir cinayətə imza atdı: Bir gecədə 132 nəfər öldürüldü, 612 nəfər yaralandı, 841 insan qanunsuz olaraq həbsə atıldı. Yüzlərlə bina dağıdıldı.

Marşal Yazov Bakıda 40 minlik silahlı dəstənin olması barədə haray-həşir salmışdı, amma Moskva Azərbaycanda tətbiq etdiyi bədnam fövqəladə vəziyyət dövründə nə bir nəfər yaraqlı tuta bildi, nə də bir silah müsadirə etdi. Əliyalın xalqın üstünə tank sürən imperiya ordusu yalnız 13 yaşlı qızcığaza, 76 yaşlı qocaya divan tutması ilə "öyünə" bilərdi.

Qırmızı imperiya guya ki, cəzalandırılmış Azərbaycanı digərlərinə görk etmək istəyirdi. Lakin repressiyalar, təqiblər, ölümlər Azərbaycanı diz çökdürmədi, çökən SSRİ oldu və 20 Yanvar Şəhidliyi onun tabutuna son mismarlardan birini vurdu...

Qəhr olmuşduq, hüznə, matəmə düşmüşdük, amma göz yaşları selində boğulmadıq - xalqın iradəsi nifrətini qəzəbə çevirməyə yetdi. Məhz milli faciəmizdən, ağrıdan, şəhidlikdən pərvaz etdik. Azərbaycan ilk dəfə deyildi ki, Səməndər quşu kimi öz küllərindən yenidən doğurdu...

Xalq ağrısını abidəyə - "Şəhidlər Xiyabanı"na çevirdi. Çiyinlərində şəhidləri ilə "Azadlıq" meydanından Xiyabana axışan milyonlar - çağdaş Azərbaycan tarixinin ən möhtəşəm və təsirli anının müəllifləri əslində AZADLIĞA gedirdilər.

2 əsrlik illüziyanın sonu çatmışdı - o an dərk edildi ki, bundan sonra heç şey əvvəlki kimi olmayacaq, geriyə yol yoxdur: Rusiya ilə yollar ayrılmalı, Azərbaycan öz başına çarə qılmalıdır.

Milli özünüdərk, azadlıq fikirlərə qəti şəkildə hakim kəsilirdi - faciə milləti müstəqil Azərbaycan yoluna "itələyirdi". Başqa bir yol da yox idi, vardısa da, millətin yolu deyildi...

20 Yanvar faciəsini tarixi hadisə kimi üç kontekstdə dəyərləndirmək olar: sovet rejiminin Azərbaycan xalqına qarşı cinayəti, milli hüzn günü və tariximizin qəhrəmanlıq səhifəsi kimi.

Heç şübhəsiz ki, 22 il əvvəlin Azərbaycan faciəsinin məsuliyyəti SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov və süquta uğramış qırmızı imperiyanın digər rəhbərlərinin boynundadır.

20 yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılmışdı. "Araşdırma"nın nəticəsi sürpriz olmamışdı: Gözlənildiyi kimi, Moskva öz hərbçilərinin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gələrək 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam vermişdi. Azərbaycan Respublikası Baş Prokurorluğu isə 14 fevral 1992-ci ildə xitam qərarını ləğv edib.

68 cildlik cinayət işinin materialları 20 ildir Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Təəssüflər olsun ki, yüzlərlə insanın qətlə yetirildiyi bu faciəni beynəlxalq miqyasda istənilən səviyyədə tanıda, tam hüquqi və siyasi qiymətini verə bilmədiyimiz kimi, onun əsas günahkarlarının da cəzalandırılmasına nail ola bilməmişik. Lakin böyük inamım var - o gün gələcək ki, o qanlı gecəni törədənlərin dirisi olmasa belə, ölüsü mühakimə ediləcək...

Bu gün matəm günü deyil, şəhidlərimizin qanla suvardığı müstəqilliyə gedən çətin yolu yadetmə günüdür, qürur günüdür. məhz milli yaddaş bizi hər il məbədə - "Şəhidlər Xiyabanı"na aparır...

 

 

Xaqani Rüstəm

 

Ekspress.- 2012.- 20-23 yanvar.- S.3.