Rəssam
Ağəli İbrahimov: "Təfəkkürümüzdə
hələ də sosializm realizmi
qalır"
Tanınmış rəssam, Rəssamlar
İttifaqının katibi Ağəli İbrahimov vaxtilə -
atəşkəsdən əvvəl rəssamlarla
yığışıb səngərdə dayanan əsgərlərimizlə
görüşə gedib, onların hansı çətin
şəraitdə düşmənlə mübarizə
aparmalarının şahidi olub.
Rəssam "Ekspress"ə müsahibəsində
müharibə şəraitində yaşayan ölkədə,
eləcə də paytaxtda müharibə mövzusunun, vətənpərvərliklə
bağlı plakatların olmaması məsələsinə
toxunub.
- İkinci Dünya müharibəsi illərində elə
plakatlar çəkilirdi ki, onlara tamaşa edəndən sonra
adamlar birbaşa müharibəyə yollanırdılar.
İndisə Qarabağı, itirdiyimiz şəhərləri,
şəhidləri əks etdirən, vətənpərvərlik
mövzusunda çəkilən plakatlara rast gəlmək
olmur...
- Mən sizinlə tam razıyam. Rəssamlar
İttifaqı beynəlxalq sərgilər də təşkil
edir. Dəfələrlə beynəlxalq plakat sərgiləri
təşkil etmişik. Plakat üzrə bizim yüksək səviyyəli
rəssamlarımız çoxdur. Dəfələrlə
"Bakı" İncəsənət Mərkəzində
Qarabağ problemi, vətənpərvərlik mövzusunda
plakat müsabiqəsi keçirmişik. Bunu keçirməkdə
məqsədimiz o idi ki, orda ilk yerləri tutan rəssamların
əsərləri Bakının görməli yerlərində
yerləşdirilsin. Amma bilirsiniz ki, bu reklamların yerləşdirilməsi
Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir
və bu məsələdə müəyyən problemlər
var...
Bir müddət əvvəl bizim heykəltəraşlarımız
paytaxtımız üçün hazırladıqları yeni
layihələrlə Rəssamlar İttifaqının sədri
Fərhad Xəlilovun yanına gəlmişdilər. Onların
bəziləri gördüyü işə görə
heç bir qəpik də pul istəmir. İstədikləri
yalnız bizim qəhrəmanlarımız, Qarabağ
müharibəsində şəhid olanlar barədə,
ümumiyyətlə, vətənpərvərlik mövzusunda
sənət əsərləri yaratmaqdır. Hələlik biz
bu mövzuda işlənilən əsərləri
toplayırıq. İnşallah, hörmətli prezidentimiz
İlham Əliyevin və Bakı meri Hacıbala Abutalıbovun
da iştirak edəcəyi gözlənilən sərgi təşkil
edib həmin əsərləri nümayiş etdirmək istəyirik.
Bu barədə artıq Hacıbala müəllimə
müraciət etmişik. Bir sözlə, siz dediyiniz
mövzuda əsərlərimiz çoxdur.
- SSRİ dönəmində rəssamlara emalatxana
üçün yer ayrılar, başqa qayğılar göstərilərdi.
İndi vəziyyət nə yerdədir?
- İndi biz elə gün olur ki, 3 sərgi
açırıq. Bu sərgilərə də müəyyən
səfirliklər, şirkətlər sponsorluq edir. Gənc rəssamlar
üçün bu gün böyük imkanlar yaranıb.
Çünki bu şirkətlər gənclərə daha
çox maraq göstərirlər, nəinki yaşlılara. Hətta gənclərin
xaricdə də sərgilərini təşkil edirlər. Düzdür,
sərgilərin sayı çoxdur, lakin burda problem
əsərlərin satılmamasındadır. Çünki
xalqın böyük əksəriyyətinin
güzəranı rəsm almağa imkan vermir. Çoxları
gündəlik çörəkpulunu güclə qazana bilir, o
ki, qaldı portret
çəkdirə. Amma yaşayış
binaları tikən müəyyən şirkətlər
var ki, bəzi rəssamlarla
müqavilə bağlayıb onların əsərlərini
alırlar. Amma bu gün əsl rəssamların əl işlərinə
lazımi maraq göstərilmir. Burda da pis
bir məqam ortalığa
çıxır: əsl sənət kənara qoyulur və rəssam bazar
üçün işləyir. Yəni, rəssamın
imkanı yoxdur ki,
ürəyindən keçən əsəri işləsin. Çünki o əsəri
heç kim almayacaq. Bu da
rəssamları əsl sənətdən "xalturaya"
sürükləyir. Müəyyən qədər
çalışırıq ki, bunun qarşısını alaq.
Rəssamlar İttifaqının 30-dan çox
üzvü prezident
mükafatı və təqaüdü alır, bundan başqa, biz özümüz hərəsinə
ayda 500 manat olmaqla 7 rəssama təqaüd veririk
ki, "xalturaya"
qoşulmasınlar. Bayaq SSRİ-dən söhbət açıldı. O
dövrdə Azərbaycan xalqı böyük
bir mədəniyyətə yiyələndi.
Əgər bütün müsəlman
dövlətlərinə diqqət yetirsək, misal
üçün, qonşu
Türkiyədə bizim çoxlu
rəssamımız işləyir. Biz
istedadlı gənc rəssamları daim
diqqət mərkəzində saxlayır, həvəsdən
düşməmələri üçün
tez-tez onların sərgilərini təşkil
edirik. Məsələn, Gənclər və
İdman Nazirliyi ilə
hər il gənclər üçün
müsabiqə-sərgilər keçirib onlara pul mükafatları veririk. Həmçinin BP, "Amoco",
"Samsung" və s.
şirkətlər, "Bank of Baku" bizim
gənc rəssamlara böyük köməkliklər
göstərirlər.
- Ağəli müəllim, rəssamlıqda yeni cərəyanlarla
bağlı nə deyə bilərsiniz?
- Biz rəssamlıq sahəsində baş verən
yenilikləri izləyirik, yeni kataloqlar əldə edirik. Bu
gün bütün dünyada realist mövzulara geniş yer
verilir. Bizim təfəkkürümüzdə isə hələ
də sosializm realizmi qalır. Amma indi abstrakt realizmə
geniş yer verilir. Son zamanlar bizim gənclər çox
azaddırlar, mücərrədliyə çox meyl edirlər.
SSRİ dövründə rəssamlar ideoloji çərçivədən
çıxa bilmirdilər. Çıxanlara da təzyiqlər
olurdu. Ötən əsrin 60-70-ci illərində
bizdə Abşeron məktəbi
yaranmışdı. Səttar Bəhlulzadə, Tofiq Cavadov, Əlövsət
Əliyev, Toğrul Nərimanbəyov, Qorxmaz Əfəndiyev və Tələt
Şıxəliyevlə Buzovnada
yığışıb Abşeron kəndlərinin,
Xəzərin mənzərələrini kətan üzərinə
köçürürdük. Bir neçə il qabaq bu əsərləri dünyada tanınmış sənətşünaslara
- Patrik Vessenə, Miladoka
göstərəndə, onlar məəttəl
qalmışdılar.
İndi də istedadlı rəssamlarımız var və
ümid edirəm ki, gün gələcək bütün
dünyada məşhur olacaqlar.
İltifat
HACIXANOĞLU
Ekspress.- 2012.- 27 yanvar.-S.11.