Bəxti üzünə gülməyən
gülərüz aktyor
Mərhum aktyor İbrahim Yusifovun əziz
xatirəsinə
Qarabağda duzlu
danışığı, məzəli söhbətləri,
düzüb qoşduğu gözəl lətifələri,
yerli-yerindəki hazırcavablılıqları ilə
tanınıb sevilənlər çox olub. Aşıq Valeh,
Abdal Qasım, Məşədi Abbas, Məmməd Əmirov,
Kino Fazil, Artist İbrahim və başqaları...
Hələ 14-15
yaşlarından ta ömrünün son günlərinədək
taleyini aktyorluq sənəti ilə bağlayan İbrahim
Yusifovun yeri bu baməzələr içində bəlkə də
birinci idi. O, həm komik aktyor kimi ifa etdiyi müxtəlif
biçimli rollarla, həm də qəlb ovudan duzlu-məzəli
söhbət və lətifələrlə ətrafındakılara
gülüş, təbəssüm və xoş ovqat bəxş
edirdi. Həyatının böyük bir hissəsi insanlara
gülüş ərməğan etməklə keçən
İbrahimə çoxları dünyanın ən xoşbəxt
adamı kimi baxırdı və bəlkə də ona həsəd
aparırdılar. Lakin onun pərdəarxası həyatı
ilə tanış olanlar yaxşı bilirdilər ki, bu
heç də belə deyil. Həyatda daima lazımsız tənə
və haqsızlıqlarla üzləşən bu aktyor, əslində,
həmişə ürək ağrısı keçirirdi. O,
öz təbirincə desək, bəxti üzünə
gülməyən aktyor idi. Bu sətirlərin müəllifi
də 15 ildən artıq İbrahimin yaratdığı
gözəl obrazlar çələnginin, əslində,
gülüş dərmanına çevrilən duzlu söhbətlərinin,
bir də onun ömrünə balta çalan bəzi
haqsızlıqların şahidi olub.
Səhnəyə
gedən yol...
Ağdamın ən
ucqar kəndlərindən birində -Quzanlıda molla Fəzailin
ailəsində anadan olan İbrahimin necə olursa, şeytan
"saqqızını" oğurlayır və o,
anasının tuman-qoftasında səhnəyə
çıxır. Demək olar ki, bu təsadüfi hadisə
artıq onun ömür yolunu, sənət yolunu müəyyən
edir. Bu yol əvvəl onu Ağdam fəhlə-kəndli
klubundakı teatr dərnəyinə, bir müddət sonra isə
1937-ci ildə Ağdamda açılan Dövlət Dram
Teatrının səhnəsinə aparıb
çıxarır.
Tale komik aktyora
lazım olan heç bir xüsusiyyəti ondan əsirgəməmişdi.
Çox baxımlı zahiri əlamətlərindən
tutmuş, yapışıqlı səs tembrinə, mənalı
təbəssüm və baxışlarına qədər hər
şey İbrahimi komik aktyor kimi yaxşı
tamamlayırdı.
Əslində,
heç bir teatr və musiqi təhsili almayan bu aktyor
sözügedən sahələrin incəliklərini mükəmməl
bilirdi. Odur ki, hər musiqisevən və ya teatr işçisi
bu sahədə İbrahimlə mübahisəyə girişməyə
cürət etməzdi. Tanışları, dostları
televiziyada, yaxud da radioda oxuyan, ifa edən hansısa bir sənətkar
barədə dəqiq təəssürat əldə etmək
üçün ondan "İbrahim, filankəs necə
oxudu?" və ya "necə çaldı?" deyə
soruşduqda, o, ya baş barmağını dik tutaraq "bax
belə" deyir, yaxud da "yola verdi də" deyə cavab
verərdi. Məcnunu oynamaq səviyyəsində səsi olmasa
da, o, "Məşədi İbad", "Əlli
yaşında cavan", "Toy kimindir?", "Əsli və
Kərəm", "Leyli və Məcnun" kimi opera və
operettalarda çox maraqlı və yaddaqalan obrazlar
yaratmışdı.
1941-45-ci il müharibəsində
üzləşdikləri çox ciddi çətinliklərə
baxmayaraq, Ağdam teatrının aktyorları çörək
əvəzinə pencər yeyə-yeyə öküz
arabalarında qonşu rayonlara gedərək arxa cəbhənin
adamları qarşısında, həmçinin, hospitallarda
böyük həvəslə çıxış edirdilər.
O vaxtlar dərd-kədər, ehtiyac və səfalət
içində boğulan insanlara hardasa ani bir təbəssüm
bəxş etmək özü bir savab iş, bəlkə də
böyük fədakarlıq idi.
İbrahimin o illərdəki
fədakarlığa bərabər fəaliyyəti haqda aktyor
yoldaşları həmişə iftixarla
danışırdılar. Təəssüf ki, müharibənin
ölkəyə gətirdiyi çətinliklər bir sıra
teatrlar kimi, Ağdam Dövlət Dram Teatrını da fəaliyyətini
dayandırmaq zorunda qoydu. Buna görə bəzi aktyorlar
başqa teatrlara üz tutsalar da, İbrahim rayonda qalıb
başqa bir sahədə çalışmalı oldu. Xeyli
sonra rayonda yaradılan xalq teatrında hazırlanan
tamaşalarda yaratdığı rəngarəng obrazlarla pərəstişkarlarının
qəlbində elə "artist İbrahim" olaraq qaldı.
Yaxşı deyiblər ki, su gələn arxa bir də gələr.
1969-cu ildə Ağdamda yenidən Dövlət Dram Teatrı fəaliyyətə
başlayanda, teatrın keçmiş sənətkarları-
respublikanın əməkdar artistləri Heydər Şəmsizadə,
Narınc Məlikova, Məmməd Əmirov, Firəngiz
Abbasova, Bəylər Nəcəfov, Yahya Rzayev, Qurban Mirzəyev
kimi İbrahim də qəlbi yeni obrazlar yaratmaq arzusu ilə
doğma teatra döndü. Onun bu teatrda hazırlanan müxtəlif
tamaşalarda yaratdığı Xəlil ("Əliqulu evlənir"),
Qarson ("Həsrət"), Voskan ("Hamus"), Birinci Əcinnə
("Pəricadu"), Şeyx Alı ("Vaqif"), Qazı
ağa ("Nəsrəddin"), Hüseynağabacı
("Kişilər"), Xəlil ("İntizar"),
Sarı Sarıyeviç ("Həmyerlilər") və
onlarla bu kimi obrazlar sözün həqiqi mənasında əsl
sənət nümunələri idi. Çünki o, ifa etdiyi
obrazların hər birini yüksək aktyorluq məharəti
ilə tipikləşdirə və onları sənətkarlıq
axtarışları ilə ətə-qana gətirə
bilirdi.
Bir sözlə,
istedadlı aktyor böyük-kiçikliyindən asılı
olmayaraq səhnədə yaratdığı hər bir obrazı
öz sənətkarlıq naxışları ilə
cilalayıb baxımlı, yaddaqalan etməyi bacarırdı. Bu
baxımdan, aktyorun yaratdığı Hüseynağabacı,
Xəlil dayı, Koxa, Məşədi İbad, Şeyx Alı
kimi əsas obrazlarla yanaşı, onun "Həsrət"dəki
Qarson, "Şəhərin yay günləri"indəki
"qoyun gətirən adam", "Pəricadu"dakı
Birinci Əcinnə və s. epizodik rolları da eyni dərəcədə
uğurlu və yaddaqalan idi.
Məktub yetişmədi...
Bu,
bəlkə də İbrahimin aktyor taleyinin ən paradoksal bir cəhətidir
ki, gözəl-gözəl rolları, təbəssüm
dolu lətifələri, şirin
söz-söhbətləri ilə yüzlərlə adama təbəssüm paylayan
aktyorun özü həmişə
qəlb ağrılarıyla yaşayırdı. Altı nəfərlik ailəsi ilə iki kiçik daxmada çox kasıb şəraitdə yaşayan aktyorun bəlkə
də dünyanın heç bir naz-nemətində, şan-şöhrətində,
dəbdəbəli yaşayışında gözü
yox idi. Çünki heç vaxt bu cür
yaşayışdan narazılıq etdiyini
eşitməmişdik. Lakin o vaxt hələ çox-çox əvvəllər layiq olduğu fəxri
adı ala bilməməsi onun
üçün mənəvi əzaba çevrilmişdi. İbrahim
bir insan, bir sənətkar olaraq həmişə
haqqın tərəfində olan şəxs
idi. O, kimliyindən, vəzifəsindən
asılı olmayaraq hər kəsin
nöqsanını üzünə deməyi bacarırdı.
Elə buna görə də çox vaxt haqq-nahaq başı ağrıyır, müxtəlif
haqsızlıqlarla üzləşirdi. Kömək
üçün ara-sıra respublika rəhbərlərinə
yazdığı ərizələr yenə də rayon rəhbərliyinə
qaytarılırdı. O, bir dəfə
yazdığı ərizəni məcbur olub
MK-nın 1-ci katibinin
yaşadığı ünvana göndərmişdi.
Əvvəlkilər kimi, İbrahimin
həmin məktubunu da rayona
göndərmişdilər və özünə də
təpinmişdilər ki, "sən nə
ixtiyarla respublika rəhbərinin
yaşadığı ünvana ərizə
yazırsan. Sabah ona bir xətər toxunsa,
yaxanı qurtara biləcəksən?"
O isə bu cür hədə-qorxuları
belə cavablandırmışdı: "Əgər o rəhbər ölkədə elə bir şərait yaratsa ki, xalq ona
dərdini deyə bilsin, yəqin ki, onun evinə məktub yazmağa ehtiyac qalmaz. Bu günlərdə Amerikada səfərdə
olan dövlət başçısı Brejnevi küçələrdə xalqın
arasında göstərirdilər, özünə də heç nə olmayıb, yəqin ki, bizim rəhbərimiz də
xalqın arasında olsa, ona
da heç bir şey olmaz"
demişdi.
Bu cür riskli
söz-söhbətlər İbrahimə baha başa gəlirdi.
Yeri gələndə, onu gözümçıxdıya
salıb haqqını tapdayırdılar, haqlı tələblərinə
əhəmiyyət vermirdilər. 1982-ci ildə teatrdan
İbrahim də daxil olmaqla fəxri ad verilməsi
üçün üç nəfərin təqdimatı
yuxarı təşklatlara göndərilmişdi. Bu dəfə
hətta nazirlik səviyyəsində onu əmin etmişdilər
ki, "narahat olma, mütləq sənə əməkdar
artist fəxri adı veriləcək". Lakin buna baxmayaraq,
narahatlıq, nigarançılıq heç cür ona
rahatlıq vermirdi. Sən demə, onun narahatlığı əbəs
deyilmiş. Bir neçə ay sonra fəxri ad verilən sənətkarların
siyahısı mətbuatda dərc ediləndə, doğrudan
da Ağdam Teatrından üç nəfər aktyora fəxri
ad verildiyi məlum oldu. Ancaq gözlənildiyinin əksinə
olaraq İbrahimin adı orada yox idi. O günə kimi teatrda fəxri
ad veriləcəyi heç kimə məlum olmayan gənc bir
aktrisanın adı getmişdi. Bu cür haqsızlıqlar
axır ki, onu üzdü, ağır ürək xəstəliyinə
düçar etdi.
Son təbəssüm...
1983-cü ildə xeyli
vaxt idi ki, o, ağır xəstə yatırdı.
Ömrünün son saatlarında bir neçə aktyorla onu
yoluxmağa getmişdik. Bənizi ağarmış, dərinə
düşmüş gözlərinin işığı daha
da azalmışdı. Dedilər ki, neçə gündür
dilinə heç nə vurmayıb. Ancaq sifətində hələ
ölüm əlaməti görsənmirdi. Bəlkə də
həmişə gülüşlü, təbəssümlü
bu gözəl insana ölümü
yaraşdırmadığımız üçün bu bizə
belə gəlirdi. Hal-əhvaldan sonra yarızarafat,
yarıciddi bizə belə dedi: "Hə, uşaqlar, daha
gedirəm..."
Biz ona təsəlli
vermək, ovutmaq üçün dedik: "Ayə, getmək nədi,
hələ əsl iş-güc qabaqdadır, yaxşı tut
arağımız var. Azacıq özünə gəl, sənin
sağlığına vuracağıq".
O,
gülümsünüb mənalı-mənalı
başını buladı. Yoldaşlardan biri tez dedi:
"İbrahim, yaxşı yadıma düşdü, məvacibinin
artırılması üçün nazirliyə göndərilən
təqdimatın cavabı gəlib. Gələn aydan məvacibin
225 manat olacaq, nazirimiz telefonla direktora deyib ki, "Yusibova deyin
ki, onun fəxri ad məsələsi 10-15 günə həllini
tapacaq".
O "doğrudan
deyirsiz, yoxsa bu da bir zarafatdır?" deyə inamsız halda
soruşdu.
Onsuz da belə yalanlar
uydurub danışmaqda mahir olan aktyor dostumuz əlini
boğazındakı qalstukunun üstünə qoyub "bunu qəbrə
qoyasan" deyərək onu inandırmağa
çalışdı. Çünki
hamı bilirdi ki, onu bu hala
salan söhbəti gedən "ad" məsələsinin uzun
illərdən bəri dalana dirənməsi, öz həllini tapmamasıdır. Biz də yerbəyerdən "elədir-elədir"
deyərək "müqəddəs yalan"
söyləyən aktyorun sözünə
qüvvət verdik. Onun
zəifləyib çuxura düşmüş
gözlərində sanki yeni
bir ümid
işığı parladı. Qanı qaçmış
dodaqlarına bir təbəssüm qondu. Sifətində həyat əlaməti
görünməyə başladı. Bir az dirçəldi, hətta özündə güc taparaq qalxıb oturdu, yorğanını çiyinlərinə
çəkdikdən sonra astadan
"ay namərdlər, bunu
ki eləyəcəkdiniz, bə mənim
başıma niyə belə oyunlar
açırdınız" deyə öz-özündən
sual etdi...
Biz hiss etdik ki,
uydurulmuş bu yalan bir anlıq da olsa, onun əhvalını
xeyli yaxşılaşdırdı, onu inandırmağa
çalışdıq ki, hökmən yeyib-içməli,
dirçəlməli, ayağa qalxmalıdır. Razılaşdı
və ailə üzvləri tez onun azarkeşi olduğu və əzizləyə-əzizləyə
saxladığı "ları" (dalaşqan toyuq cinsi)
toyuğun çolpasını tutub kəsdilər. Teatrda məşqimiz
olduğu üçün biz yenə qayıdıb gəlmək
şərtilə onunla görüşüb ayrıldıq.
Doğrudan da bir-iki
saatdan sonra qayıtdıq. Ancaq artıq o,
bu dünya ilə vidalaşmışdı...
Son ayrılığın bu şəkildə olmasına
çox təəssüfləndik...
Həmişə
məzəli söz-söhbətləri,
duzlu yumorları, rəngarəng obrazları
ilə insanları güldürən, onlara daima gülüş, təbəssüm bəxş
edən Qarabağın
çox baməzə
sakini, gülüş
ustası İbrahim Yusifovun meyiti üstündə indi onun əzizləri acı göz yaşları axıdırdılar.
Onun cansız bədəni gözlərimiz önündə
olsa da, ölümünə, yoxluğuna,
bir daha onunla səhnəyə çıxmayacağımıza heç cürə inanmaq istəmirdik. Axı artıq əbədi olaraq qapanmış o gözlərdə
ikicə saat bundan əvvəl güclü bir həyat işığı,
solmuş bənizində,
bir də heç zaman təkrar olunmayacaq mülayim, bir az da narazılıq qarışmış
mənalı bir təbəssüm görmüşdük.
Onillər boyu intizarında olduğu, həsrətlə gözlədiyi
bir xoş xəbərin sorağından
yaranan bir təbəssüm...
Qəribədir,
illər boyu yaxından tanıdığım,
haqqında çox zəngin xatirələrim
olan o nurlu insanı xatırlayanda, nədənsə, ilk əvvəl
gözlərim önünə
onun ölüm ayağındakı son təbəssümü
və bir də illərdən bəri düşmən tapdağında qalan baxımsız məzarı
gəlir...
Eyvaz ƏLİYEV
Ekspress.-2012.-
29-30 yanvar.- S. 18.