Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə saylarımızda)
Bağırov və Şəkinski
1963-cü ildə bir müddət
M.Şəkinskini əvəz etmiş M.İ.Naydel Petros Baqdasaroviç Mosesov uğrunda "mübarizə" aparmış,
SSRİ-nin digər dövlət arxivlərinə
də müraciət etmişdir. Onun Moskvaya yola
saldığı məktubu nəzərinizə
çatdırıram:
"Oktyabr
İnqilabı Arxivinin rəisi N.P.Prokopenko yoldaşa
Professor P.B.Mosesovun
üzərində işlədiyi monoqrafiyası
üçün arxiv marteriallarının surətinin
çıxarılmasında köməklik göstərməyinizi
xahiş edirəm.
Bildirirəm ki,
professor Mosesov bütün xərcləri öz üzərinə
götürür. Ünvanı: Bakı şəhəri,
Verxne-Bulvarnaya küçəsi, kvartal 224, mənzil 6.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin rəis müavini
M.İ.Naydel.
28 iyul 1963-cü il."
Beləliklə, Azərbaycan arxivlərində
yuva salmış ermənilərin və
qeyri-azərbaycanlıların havadarlığı ilə Məmmədəmin
Şəkinskinin düşməni daşnak
Mosesov 1963-cü ildə "Azərbaycan
zəhmətkeşlərinin leninçi
beynəlmiləl ənənələri"
monoqrafiyasını başa
çatdırmış və 1964-cü ildə Bakıda kitab halında nəşr etdirmişdir.
Araşdırmalarımız göstərir ki, M.Şəkinskinin
müvəqqəti olaraq iş başında olmamasından
istifadə edərək, onun müavini M.İ.Naydel ilə Ermənistan
daşnakları ilə bilavasitə sıx əlaqə
yaradılmışdır. 1963-cü il may ayının 11-də
Ermənistandan göndərilmiş aşağıdakı məktub
Azərbaycan Respulikası Dövlət Arxivində
saxlanılır:
"Hörmətli
Naydel yoldaş!
Ermənistan SSR Elmlər
Akademiyası Tarix İnstitutunun arxitektura bölməsi Sovet
Ermənistanının cənub-şərq rayonları
yaşayış məntəqələrinin
arxitekturasını tədqiq edir. Bu məqsədlə Azərbaycan
arxivlərindəki materiallara ehtiyacımız vardır. Sizdən
xahiş edirik ki, Azərbaycan SSR Arxiv İdarəsinin tarix
fondlarında aşağıdakı mənbələr üzrə
arxiv sənədlərinin olub-olmaması barədə bizə
məlumat verəsiniz:
1. Gorus şəhərinin
(keçmiş Yelizavetpol quberniyası) köhnə baş
planı.
2. Gorus şəhərinin
yaşayış evlərinin layihələri.
3. Keçmiş Zəngəzur
qəzasının salınmasına aid sənədlər.
Əgər
mümkünsə, bizə yazın ki, tikililərin
çertyojlarının fotosurətlərini necə ala bilərik.
Zərurət yaranarsa, biz institutumuzun bölmə əməkdaşını
fotoqrafla birlikdə Bakıya ezamiyyətə göndərərik.
Ermənistan SSR EA
İncəsənət İnstitutunun direktoru R.V.Zaryan."
Mark İsayeviç
Naydel tabeliyindəki əməkdaşları işə
qatmaqla Bakıdan Yerevana aşağıdakı cavab məktubunu
göndərmişdir
"Ermənistan SSR
Elmlər Akademiyası İncəsənət İnstitutunun
direktoru R.V.Zaryan yoldaşa
Azərbaycan SSR Mərkəzi
Dövlət Tarix Arxivində Yelizavetpol qəzasının
idarə olunması üzrə fondunda Gorus şəhərində
evlərin və dükanların tikilməsi layihələri
saxlanılır. Həmin layihələrin foto-surəti
hazırlanaraq bu ilin iyun ayıda Sizə göndəriləcəkdir.
Zəngəzur qəzasının
salınmasına aid məlumatlara gəldikdə isə
bildiririk ki, Azərbaycan SSR Mərkəzi Dövlət Tarix
Arxivində belə sənədlər yoxdur. Göstərdiyiniz
materialları Yelizavetpol qəzasının idarə
olunmasının fondlarında axtarmaq lazım gəlir ki, bu da
xeyli vaxt tələb edir. Bunu nəzərə alaraq,
başçılıq etdiyiniz institutun əməkdaşlarının
Bakıya ezam edilməsi məqsədəuyğun olardı.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsi rəisinin müavini
M.İ.Naydel.
13 may 1963-cü il."
Məmmədəmin Şəkinskinin Bakıda
olmadığı müddətdə Ermənistan SSR Elmlər
Akademiyasından Zaryanın nümayəndələri Azərbaycan
arxivlərindən neçə-neçə tarixi
arxiv sənədinin surətini
çıxararaq Yerevana aparmışlar.
Həmin vaxtlar eyni zamanda Moskvadan Azərbaycanın
mərkəzi orqanlarına M.Şəkinski barədə anonim məktublar daxil olmuşdur. Bu imzasız
şikayətlərdə M.Şəkinski "millətçi",
"hümmətçi", "Bağırovun sağ əli",
"müsavatçı" və i. a. təqdim edilir. Təəssüflə qeyd etməliyik
ki, Azərbaycanın hökumət məmurları
o zaman M.Şəkinskini
mərdanə müdafiə etməmişlər. İş o həddə
çatmışdır ki, baş arxivarusun Azərbaycan
hüdudlarından kənara ezam
olunmasına da icazə verilməmişdir.
Azərbaycan Respublikası Dövlət Arxivində
saxlanılan bir teleqramla
tanış olun:
"Moskvadan teleqram
Bakı, Malıgin küçəsi, 6. Arxiv
idarəsi, Şəkinskiyə
Daşkənddə müşavirə dekabrın 7-də
keçiriləcəkdir.
Prokopenko."
Ancaq M.Şəkinskinin Daşkənd
səfərinin qarşısı alınmışdır. Azərbaycan
SSR Nazirlər Soveti İşlər
İdarəsindən ona bildirilmişdir
ki, ilin sonunda ezamiyyət xərcləri tükənmişdir.
Müdrik və ayıq insan
məsələnin mahiyyətini teleqramın üzərində
öz dəst-xətti ilə göstərmişdir:
"Vəsait tapılmadığına görə
müşavirədə iştirak etmək
imkanım yoxdur.
Şəkinski, 27
noyabr 1963-cü il."
1963-cü ildə Məmmədəmin
Şəkinskinin Özbəkistan, Türkmənistan,
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan,
Estoniya, Latviya, Litva, Ukrayna, Belarusiya respublikaları ilə, eləcə
də Moskva, Leninqrad şəhərləri ilə qiyabi əlaqəsinin
qarşısını almaq mümkün olmamışdır.
Məmmədəmin
Şəkinskinin bilavasitə iştirakı və redaktəsi
ilə hazırlanmış "Nazirliklərdə, idarə,
müəssisə və təşkilatlarda arxiv
işi" kitabçasına ümumxalq marağı səbəb olmuşdur.
(ardı
var)
Teyyub Qurban
Ekspress.-
2012.- 28-30 yanvar.- S.15.