Xocalı dərdi düşəndə yada...

 

   ... Ətrafına baxaraq asta-asta irəliləyir, haraya getdiyini heç özübilmirdi, sadəcə irəli baxır və yoluna davam edirdi. Sıx ağaclarla örtülmüş meşədə vəhşi heyvanların olmasını eşitmişdi, bəlkə də canına düşən qorxuya səbəb də elə bu idi. Meşənin bitməsinə az qalmışdı. Ağacların sıxlığından irəlini aydın görə bilmirdi. Dayandı, nəfəsini dərdi. Bu zaman qəribə səslər eşitdi. Bir az irəliləyərək, nə baş verdiyini anlamağa çalışdı. Gördüyü mənzərə dəhşətli idi. Bir sürü vəhşi heyvan köməksiz, çarəsiz ceyranlara hücum edərək onları al-qanına boyamışdı... Öncə ceyranları yaralayaraq onları gücsüz vəziyyətə salan pələng daha sonra onu ləzzətlə yeyirdi. Hiyləgər tülkülər isə bu mənzərəni keflə seyr edir, vəhşi heyvanların ətrafında quyruq bulayaraq, sanki onları belə bir gücə sahib olduqları üçün alqışlayırdılar...

   Gördüyü mənzərə, qan qoxusunun ətrafı bürüməsi onu o qədər təsirləndirdi ki, ürəyi ağzına gələcəkdi, bağırmamaq üçün özünü zorla tuturdu. Deyəsən, tülkülərdən biri onu görmüşdü, başı günahsız ceyranı yeməyə qarışan pələngə yaxınlaşıb onu məsələdən xəbərdar etdi. Pələng qan çanağına dönmüş gözlərini meşəyə zilləyərək onun olduğu yeri təyin etməyə çalışdı və tapdı. Artıq onun yeməyinə çevrilmiş və hələ də can verən ceyranın bir yerə qaça bilməyəcəyinə əmin kimi ona tərəf yol aldı. Nəfəs almağa belə qorxurdu, ancaq sonda gücünü toplayıb, var gücü ilə bağırmağa başladı... Amma bağırmağı bir işə yaramadı, çünki artıq vəhşi heyvanın caynaqlarına keçmişdi, al-qana boyanmaq üzrə idi, bu zaman vəhşi caynaqlar onun boğazından yapışaraq boğmağa başladı. Artıq can üstə idi, son nəfəsini yaşayırdı. "Ay Allah, bu nə bəladır başıma gəldi, mənə yardım et" deyə yalvardı və gözlərini yavaş-yavaş yummağa başladı. Bu zaman tülkünün vəhşiyə yaxınlaşaraq yenidən nəsə pıçıldadığını duydu. Pıçıltı sırasında vəhşi heyvanın caynaqlarının boğazından çıxdığını hiss etdi. Deyəsən, başqa bir ov daha vardı, bunu tülkünün hiyləgər baxışlarından anlamışdı, qan çox itirdiyi üçün ayaq üstə güclə dayanırdı, qaçmaq istədi, ayaqları yeri tutmadı, imdad diləyirmiş kimi göylərə baxıb üsyan elədi və var gücü ilə ulamağa başladı...

   ... Öz səsinə yuxudan ayıldı, demə, televizorun qarşısında yuxuya dalıbmış. Belə bir dəhşətli mənzərəni yuxuda gördüyü üçün sevindi. Ancaq hiss etdi ki, gördüyü yuxunun yozulmasına ehtiyacı var. Kitab rəfinə yaxınlaşaraq yuxu haqqında olan kitabı əlinə götürdü və vərəqləməyə başladı. Kitabda sadəcə yuxuların yozumları deyil, eyni zamanda yuxuyla bağlı məlumatlar da geniş yer almışdı...

   ... Yuxular həyatımızın bir parçası olaraq hər gecə bizləri təqib edir. Çox vaxt həyatda gördüklərimizi yuxuda da eynilə görür, hətta bu eyniliyə baxmayaraq yuxunu saf-çürük etməyə başlayırıq...

   Yuxular xəbərdarıq xarakteri də daşıyır, gələcəkdən xəbər verir, keçmişi də xatırladır...

   Yuxular vasitəsilə hər hansı bir hadisənin baş verəcəyi də xəbərdarlıq işarəsidir. Hadisə olduğu kimi deyil, fərqli formada yuxuda bizləri düşündürə və ya qorxuda bilər...

   ... O da yuxu görmüşdü, fərqli formada yozulması mümkün olan bir yuxu. Yuxunun təsirindən heç cür çıxa bilmirdi, öz-özünə yuxunu yaxşı tərəflərə də yozurdu. Məsələn, qan görmək, xeyirə əlamətdi, qovuşmaq anlamına gəlir kimi fikirlər onu bir qədər də olsa rahatladırdı. Ancaq sadəcə bir anlıq... Yuxu haqqında olan kitabı vərəqlədikcə yozumlar da müxtəlif formada diqqətini çəkməyə başladı, ancaq bu durumdan tez sıxıldı. Və səhərin açılmasını gözlədi.

   ... Ertəsi gün eşitdiyi xəbər onu dəhşətə gətirmişdi...

 

   Sonralar tarixə qara hərflərlə yazılacaqdı bu hadisə - Dağlıq Qarabağ müharibəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri - XOCALI SOYQIRIMI...

 

   1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiya hərbi qüvvələrinin yardımı ilə Xocalı şəhərini işğal etdi. Hücumdan öncə şəhər atəşə tutuldu, fevralın 26-sı səhər saatlarında Xocalı alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər şəhəri tərk edərkən onlardan 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Baş verən hadisə nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. 1275 xocalılı əsir, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.

   ... Baş verənlərə Azərbaycan oğulları biganə qalmadı, könüllülərin sayı getdikcə artmağa başladı. O da könüllülərin sırasında idi, nə olur-olsun, erməni işğalçıları ilə üz-üzə gələrək son damla qanına qədər vuruşacaqdı. Yuxuda gördüyü dəhşətli hadisə onu qorxutduğu halda, gerçəkdə gördüklərindən daha da vahimələnmişdi.

   Döyüş zamanı nələrin şahidi olmadı ki... Öz xeyri üçün çalışanlar, dostunu, yoldaşını, Vətənini satanlar. Barışa bilmirdi haqsızlıqlarla. Geriyə çəkilmək fikri yox idi, sadəcə irəli və yalnız irəli getmək idi məqsədi...

   ... Qarşı tərəfdən açılan güllə onun ürəyini parçaladı. Ölümün gözünə dik baxaraq, həyatını torpaq uğrunda fəda etmək ŞƏHİDLİK ZİRVƏSİnə ucalmaq deməkdi. O da BU ZİRVƏYƏ ucalaraq haqq-ədalətin bərqərar olduğu məkanda özünə əbədi yer etdison nəfəsində bir neçə ay əvvəl gördüyü yuxunu xatırladı, yuxunun mənasını tam olaraq məhz son nəfəsində yoza bildi...

 

   Vəhşi heyvan - erməni

   Tülkü - vətəni, torpağı, milləti satanlar

   Ceyran - günahsız insanlar

   Qan tökülməsi - torpaq uğrunda şəhid olmaqdır...

 

 

   Aygün AKİFQIZI

 

   Ekspress.-2012.-28-30 yanvar.- S.6.