Mobil imzanın identifikasiyası

 

   Ölkədəki hər üç mobil rabitə operatoru bunu təşkil etmək niyyətindədir

 

   İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Azerfon", "Azercell Telekom" və "Bakcell" mobil rabitə operatorları ilə mobil imzanın tətbiqi mövzusunda aktiv danışıqlar aparır. MHM-dən bildirildiyinə görə, hazırda danışıqların əsas mövzusu məsələnin texniki tərəfi ilə yanaşı, maliyyə tərəfinin müəyyən edilməsidir.

   Məlumata görə, hər üç operator öz şəbəkəsində mobil imzanın identifikasiyasını təşkil etmək niyyətindədir. Lakin özəl şirkətlər ilk növbədə hər bir xidmətin rentabelliyi ilə maraqlanırlar. Mobil operatorlar hazırda bu növ xidmətlər göstərilərkən operatora ödənilən komissiyanın və ya tarifin məbləğini müəyyən etmək məqsədi ilə beynəlxalq təcrübəni öyrənirlər.

   Qeyd edək ki, Rusiyada mobil operatorlar üçün hər bir SİM-karta elektron imzanın yazılması xidmətinin dəyəri 10 dollaradək müəyyən edilib, abunələr üçün isə adi SİM-kartın kriptoqrafik kartla dəyişdirilməsi xidməti pulsuz göstəriləcək və ehtimal edilir ki, bu halda mobil imza SİM-kartı, abunəni daha çox operatorun şəbəkəsinə bağlayacaq.

   Yeri gəlmişkən, MHM yaxın zamanda smartfonplanşet istifadəçiləri üçün mobil imzanın autentifikasiyası sertifikatlarının daşıyıcısı olan micro-SD kartlar təqdim edəcək. Hazırda mobil elektron imzanın autentifikasiyası üçün nəzərdə tutulmuş sertifikatlar xüsusi sertifikasiya mərkəzində planşet, tabletsmartfon istifadəçilərinin qurğularına yüklənir. Bu sertifikat bank əməliyyatlarını və bir sıra digər əməliyyatları həyata keçirmək üçün kifayət edir, lakin istifadəçinin kimliyini təsdiq edən şəxsi PİN-kodun daxil edilməsini tələb edən, rəsmi sənədlərin imzalanmasına imkan vermir.

   Yaxın 1-2 aya biz istifadəçilərə micro-SD kartlarda təqdim ediləcək, hazırda yerli bazarın müvafiq kartlarla təchiz edilməsi üçün beynəlxalq bazarın monitorinqini aparılır. Gələcəkdə isə mobil rabitə operatorlarının mobil imza sertifikatlarının identifikasiyasına hazır olduqdan sonra, elektron imza xüsusi SİM-kartlara yazılaraq istifadəçilərə təqdim ediləcək. Micro-SD kartlarmobil imzalı SİM-kartlar vasitəsi ilə istifadəçilər artıq rəsmi sənədləri də imzalaya biləcəklər.

   Bu arada Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin elektron imza saytı (www.e-imza.az) yeni tərtibatda fəaliyyətə başlayıb. Strukturu daha da təkmilləşdirilən sayt yeni funksional bölmələr əlavə edilməklə ən son internet texnologiyalar əsasında hazırlanıb.

   Resurs elektron imzanın alınması ilə bağlı proseduralar barədə tam məlumatın əldə edilməsi üçün bütün imkanları təqdim edir. Azərbaycan, rusingilis dili versiyalarında işləyən sayt alt kateqoriyalı 6 əsas ("Xidmət haqqında", "Texniki dəstək", "E-imzadan istifadə", "Tariflər", "Onlayn müraciət", "Mərkəzlər") bölməyə bölünüb. Daha çox istifadəçiləri əhatə etmək üçün resurs sosial şəbəkələrlə inteqrasiya edilib.

   Qeyd edək ki, saytın yaradılmasında təhlükəsizlik və dayanıqlıq məsələlərinə xüsusi diqqət yetirilib.

 

    Peyk "Azərkosmos"a tapşırıldı

 

   Azərbaycanın ilk peyki "Azerspace-1" telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aprelin 2-dən etibarən tamamilə "Azərkosmos" ASC-yə təhvil verilib. Xəbər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) saytında yer alıb.

   Məlumata görə, fevralın 8-də orbitə buraxılan "Azerspace-1" peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi 15 fevral tarixində açılıb, fevralın 19-da isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb. Qeyd edək ki, "Azerspace-1" peykinin idarəetməsinin "Azərkosmos" ASC mütəxəssislərinə təhvil verilməsinə dair əməliyyatlar mart ayının 15-dən başlamış, aprelin 2-də isə tam başa çatıb. Peyk artıq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdədir. Hazırda, "Azərkosmos" ASC-nin mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peykin idarəetməsi ilə məşğuldurlar və aidiyyəti əməliyyatları aparmaqdadırlar.

   Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir. Orbitdə istismar müddəti ən az 16 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

   "Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda, Qafqaz ölkələri, Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionunda mühüm iqtisadi rol oynayacaq.

 

   Dövlət Fondu İKT şirkətlərində pay alacaq

 

   Azərbaycanda yeni yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə onlara güzəştli kreditlər ayıracaq. Bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları"nda nəzərdə tutulub.

   Qaydalara əsasən, Fondun fəaliyyəti istiqamətlərindən biri də İKT sektorunda fəaliyyət göstərən şirkətlərə güzəştli kreditlərin ayrılmasıdır ki, bu da müvəkkil kredit təşkilatları vasitəsilə həyata keçiriləcək. Qaydalara görə, Fond tərəfindən sahibkarlıq subyektlərinə ayrılacaq kreditlər məbləğinə görə kiçik həcmli (10-50 min manat), orta həcmli (50-500 min manat) və irihəcmli (0,5-5 mln. manat) kreditlərə ayrılır. Kiçik həcmli kreditlər 3 ilədək, orta həcmli kreditlər 5 ilədək, böyük həcmli kreditlər isə 10 ilədək verilə bilər. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 5 mln. manatdan artıq ola bilməz.

   Qaydalara əsasən, Fondun kreditlərinin faiz dərəcəsi illik 1% müəyyən edilir. Öz növbəsində, müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5%-dən artıq olmamalıdır. Kreditin verildiyi müddətin ilk yarısı güzəştli müddət sayılır. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

   Fond eyni zamanda İKT sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı və ya səhmlərini ala bilər. Qaydalara əsasən, Fondun İKT sahəsində fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərarı iştirak payı təklif edilən hüquqi şəxslərin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və onların təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında qəbul edilir (APA). Fond investisiya qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında üstün iştirak payına malik olmamalıdır və kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi müddət bitdikdə, Fond əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı iştirakına xitam verir.

   Fondun vəsaitləri İKT sahəsində tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin yaradılması, yeni texniki sınaq qurğularının yaradılması, yeni nümunəvi texnikanın yaradılması və istehsalı, yeni texnologiyaların yaradılması, proqram təminatı vasitələrinin yaradılması, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması, elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılmasına yönəldilməlidir.

   Qaydalara əsasən, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini də həyata keçirir. Layihələr üzrə qrantlar kiçik, ortaböyük həcmli olmaqla, 36 ayadək müddətə ayrılır.

   Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi 300 min manatdan çox olmamalıdır. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən verilən qrantın həcmi 10-100 min manat (kiçikhəcmli qrantlar), 100-200 min manat (ortahəcmli qrantlar) və 200-300 min manat (böyükhəcmli qrantlar) civarında dəyişir.

 

 

   Qənirə MƏMMƏDLİ

 

   Ekspress.-2013.-4 aprel.-S.9.