İKT təhsili
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Hazırkı dövrdə elmi
biliklərin həcmi sürətlə artır, təhsilin məzmunu
fasiləsiz təkmilləşir. Artıq tədris prosesində
müasir texnologiyalardan, innovativ təhsil metodlarından istifadə
əsasdır.
Əgər əvvəllər
müəllim əsas informasiya mənbəyi idisə, indi vəziyyət
dəyişib. Belə ki, hazırda müəllim
informasiya mənbələri ilə tələbə
arasında vasitəçi funksiyasını yerinə yetirir.
O, tələbəyə müxtəlif təyinatlı
informasiya mənbələri ilə səmərəli iş
metodlarını, informasiya proseslərini öyrətməlidir.
Bütün bu xüsusiyyətlər təhsilin
məzmun və texnologiyasını təkmilləşdirməyi
tələb edir. Müasir pedaqoji təhsilin
məqsədi informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin
tələblərinə uyğun yeni formatlı müəllim
kadrları hazırlamaqdır. Hazırda
universitetlərimizdə Avropa və dünya təhsil sisteminə
inteqrasiya istiqamətində "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı" icra edilir.
Bu dövlət
proqramlarının qəbulundan əvvəl isə "Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil, müəllim
hazırlığının konsepsiya və
strategiyası", 2008-2015-ci illər üçün bu
strategiyanın icrası ilə əlaqədar müvafiq tədbirlər
planı hazırlanmış, 2007-ci ildə Nazirlər Kabineti
tərəfindən təsdiq edilib. Strategiya və tədbirlər
planına uyğun olaraq pedaqoji təhsilin informatlaşması
istiqamətində müəllim hazırlığında
informasiya kommunikası texnologiyalarının (İKT), yeni təlim
üsulları və texnologiyaların tətbiqi, pedaqoji
ixtisaslar üzrə təhsil alan tələbələrin
biliyinin cari və yekun qiymətləndirilməsi üzrə
yeni üsulların, texnologiyaların, İKT vasitələrinin
tətbiqi, pedaqoji təhsil müəssisələrində
distant təhsil formasının tətbiqi, pedaqoji təhsil
müəssisələrinin kompüterləşdirilməsi,
elektron təhsilin həyata keçirilməsi kimi tədbirlər
nəzərdə tutulur.
Müasir şəraitdə
cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən
biri cəmiyyət həyatının bütün sahələrinin
kompüterləşdirilməsi və
iformasiyalaşdırılmasıdır.
Buna görə də
BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi
Üçüncü minilliyin səkkiz inkişaf məqsədindən
biri kimi qlobal tərəfdaşlığın inkişaf
etdirilməsi istiqamətində göstərilir ki, İKT-dən
bəhrələnmək imkanı yaradılmalıdır.
İKT cəmiyyətin və iqtisadiyyatın
inkişafına ciddi təsir göstərdiyinə görə
dinamik templə sosial və iqtisadi həyatın bütün
sahələrinə tətbiq olunur.
Azərbaycanda İKT
sahəsində təhsilin tarixi çox gəncdir. Buna baxmayaraq bu sahədə müəyyən tədbirlər
və addımlar atılıb.
Ümumilikdə isə
təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi
informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən
biridir.
Qeyd edək ki, adi dərs
sistemindən fərqli olaraq, kompüterlə aparılan dərslər
uşaqlar üçün çox cəlbedici və yaddaqalan
olur. Tədris prosesində interaktiv lövhədən
istifadə edilməsi dərsin əsas prinsiplərindən
birini, onun əyaniliyini təmin edir. Elektron
lövhənin sensorlu, yəni hissiyyatlı səthinə
xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla
onun üzərində kompyüterdə mümkün olan
bütün əməliyyatları interaktiv rejimdə aparmaq
olar. "Ağıllı" lövhə, həmçinin
kompüterə qoşulan mikroskop, skaner, rəqəmli
fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri
də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə
virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə
malikdir. Şagirdlər istənilən kimyəvi
reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin
izahını və videogörüntülərini, müxtəlif
cihazların, qurğuların, texniki vasitələrin işləmə
prinsiplərini "möcüzəli" ekranda izləyə
bilərlər. Bu isə şagirdlərin
nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini
inteqrasiya etməklə tədrisi xeyli canlandırır,
uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
tədris materialını dərindən dərk etmə
qabiliyyətini daha da artırır.
İKT-nin
imkanlarından tədrisdə uğurla istifadə edən
müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə
keçilən dərslərdə şagirdlərin mərkəzi
fiqur olması təmin edilir. Bunlardan əlavə,
müəllimlər İKT-nin köməyi ilə bir dərs
prosesində müxtəlif hazırlıqlı şagirdlərə
fərqli yanaşma və adaptasiyalı öyrətmə
sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə
uyğun tapşırıqlar verə bilər.
Azərbaycanda
İKT-nin sürətlə inkişaf etdiyini deyən akademik
Abel Məhərrəmovun sözlərinə görə, elm-təhsilin
inkişafı da ona adekvat olmalıdır. Rəhbərlik
etdiyi Bakı Dövlət Universitetində 2006-cı ildən
Nanoaraşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini
deyən Məhərrəmov bildirib ki, ilk vaxtlarda Rumıniya
dövləti mərkəzə müəyyən dərəcədə
cihazlarla kömək etsə də, artıq bu köməyə
ehtiyac qalmayıb. Bunu isə mərkəzə
yeni cihazların alınmasıyla əlaqələndirib.
2010-cu il Təhsil
Nazirliyi tərəfindən "Təhsildə informasiya
kommunikasiya texnologiyaları ili" elan olunmasını Azərbaycanda
bu sahədə görülən işlərin zirvəsi hesab
etmək olar. "Təhsildə İKT ili"
çərçivəsində elektron resursların
yaradılması barədə yeni layihələr və tədbirlər
reallaşıb. Ötən illərdə
layihələr özəl şirkətlərin təşəbbüsü
və Təhsil Nazirliyin dəstəyi ilə həyata
keçirilib. Lakin artıq nazirlik öz təşəbbüsü
ilə dövlət proqramı çərçivəsində
"Elektron təhsil" Ümumrespublika Müsabiqəsi
keçirməyə davam edir. Yeri gəlmişkən,
builki "Elektron Təhsil" Müsabiqəsi 2013 "Təhsildə
İnternet texnologiyaları" və "Müasir məktəbdə
elektron tədris resursları" istiqamətləri üzrə
keçirilir.
Müsabiqənin
keçirilməsində əsas məqsəd elektron tədris
resurslarından, internet texnologiyalardan tədris prosesində
istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri
üçün İnternetdən istifadənin yeni
formalarını üzə çıxarmaq, tədris prosesində
informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri
həvəsləndirməkdən ibarətdir.
Builki müsabiqənin
daha effektiv, şəffaf və ədalətli keçirilməsi
məqsədilə qaydalarda müəyyən dəyişikliklər
olunub. Müsabiqədə əsasən təhsil
müəssisələrində çalışanlar, müəllimlərin
təkmilləşdirilməsi ilə məşğul olanlar,
valideynlər və şagirdlər iştirak edə bilərlər.
Müsabiqəyə, eyni zamanda pedaqoji ali təhsil
müəssisələrinin tələbələri və
aspirantları da qatıla bilərlər. Müsabiqədə
iştirak etmək üçün qeydiyyatdan keçmək
lazımdır. Yalnız qeydiyyatdan
keçən istifadəçilər Müsabiqəyə
Layihələrini (işlərini) təqdim edə və
artıq müsabiqəyə qəbul olunan layihələrə
öz rəylərini (şərhlərini) yaza bilərlər.
Təhsil sisteminin
informasiyalaşdırılması prosesində müəllim əsas
yer tutur. Təhsilin
informasiyalaşdırlmasının müvəffəqiyyəti
məhz müəllimin İKT sahəsində biliklərinin səviyyəsindən
və onun bu sahədə olan vərdişlərinin tədrisdə
tətbiqindən birbaşa asılıdır. Maraqlıdır ki, dövlət proqramı çərçivəsində
pedaqoji hazırlığın komponenti üzrə atılan
addımlar tam olaraq dünya müəllimlərinin İKT
üzrə biliklərinin artırılması istiqamətində
müşahidə edilən islahatlarla da eynilik təşkil
edir.
Hazırda
kompüterlər müəllimin köməkçisinə və
universal alətə çevrilib. Rabitə və
İnoformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və
"Microsoft", "BestComp Group" şirkətləri tərəfindən
reallaşdırılan "Xalq kompüteri" layihəsinin
də əsas məqsədi sadəcə müəllimlərin
kompüterlərlə təmin olunmasından ibarət deyil, məhz
onların öz həyatlarına münasibətlərin dəyişdirilməsi,
dəyərlər haqqında yenidən düşünmələri
və düşüncələrində irəliləyişin
əldə olunması üçün imkanlarının
yaradılmasından ibarətdir. Göründüyü kimi,
ölkəmizdə İKT tətbiq etməklə təhsilin
keyfiyyətinin daha da artırılmasına çox
böyük önəm verilir və bu istiqamətdə kifayət
qədər normativ hüquqi baza var. Artıq təhsilin
informasiyalaşdırılması ilə əlaqədar əsas
prioritetlər və hədəflər müəyyənləşdirilmiş,
nəzərdə tutulan tədbirlərin xeyli hissəsi tam həyata
keçirilmiş, məktəblərin İKT
avadanlığı, o cümlədən kompüter, noutbuk,
interaktiv lövhələr ilə təchizatı uğurla
davam etdirilir və bu işdə müxtəlif fond, şirkət
və firmaların yardım etməsində müsbət
tendensiyalar əmələ gəlib.
Təhsil probleminin həlli,
ilk növbədə pedaqoqların professional
hazırlığı məsələsindən
başlayır. Bu gün İKT-dən
istifadə etməklə müasir təhsil modelinin həyata
keçirilməsi məktəbin müəllim heyət
qarşısında da yeni tələblər qoyur.
Pedaqoji professionallığın informatik keyfiyyətini
artırmadan İKT-nin təhsil sisteminə səmərəli
tətbiqinə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən müəllimlərin tək
öz seçdikləri fundamental biliklər, pedaqogika və
psixologiya sahəsində deyil, həm də informasiya sahəsində
yenidən təlim alması olduqca aktuallaşır. Yeni
nəslin müəllimləri konkret öyrətdikləri fənnin
struktur məzmununa və məqsədinə uyğun,
uşaqların individual xüsusiyyətlərini nəzərə
alan, şagirdlərin harmonik
inkişafını mümkün edən texnologiyaları
seçib tətbiq etməlidirlər. "Müəllim-şagird-dərslik"
tədris modelinə kompüterin də əlavə edilməsi
tədris prosesini individual proqram üzrə təşkil etməyə,
uşağın tədrisə marağını və istəyini
stimullaşdırmağa imkan verir.
Onu da qeyd edək ki,
İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir,
onu dinamik və çevik edir. İKT-dən
istifadə etməklə təhsildə uğurlu nəticəni
isə biz dünya təcrübəsinə arxalanaraq
xalqımızın milli maraq və xüsusiyyətlərini nəzərə
almaqla müasir Azərbaycan təhsil modelini qurmaqla təmin edə
bilərik.
Ulduzə
QARAQIZI
Ekspress.-2013.-16 aprel.-S.9.