"ASAN xidmət" bölgələrdə səyyar fəaliyyətə başlayacaq

 

   "Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcək". Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirən Azərbaycan prezidenti İlham Əliyev son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atıldığını vurğulayıb.

   Azərbaycan prezidenti onların içində "ASAN xidmət"inin fəaliyyətini xüsusi qeyd edib. "Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş "ASAN xidmət"ə müraciət edib. Biz "ASAN xidmət"in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcək. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcək. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır".

   Dövlət başçısının sözlərinə görə, o vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcək. "Artıq avtobuslar alınıb. Yaxın həftələrdə Azərbaycanda olacaq. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaq.

   Bir sözlə, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə var. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik", - deyə İlham Əliyev vurğulayıb.

   Xatırladaq ki, 1 saylı "Asan xidmət" mərkəzi bu ilin 15 fevral tarixindən fəaliyyətə başlayıb. Bu günə qədər 60 minə yaxın vətəndaşa xidmət göstərib. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərlə söhbətində bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi "Asan xidmət" mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcəklər. Onun sözlərinə görə, may ayı ərzində Bakıda 2 saylı Xətai "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən, mayda Sumqayıt şəhərində iki "Asan xidmət" mərkəzi açılacaq. Bu mərkəzlər təkcə Sumqayıt deyil, Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcəklər.

   İ.Kərimov bu il Gəncədə də "Asan xidmət" mərkəzinin açılmasının nəzərdə tutulduğunu deyib. Bundan əlavə, onun sözlərinə görə, il ərzində Bakıda dördüncü "Asan xidmət" mərkəzinin də fəaliyyətə başlayacağı planlaşdırılır. Kərimov bildirib ki, fəaliyyətə başladığı üç ay ərzində 1 saylı "ASAN xidmət" mərkəzində heç bir neqativ hal aşkar edilməyib.

   Qeyd edək ki, "Asan xidmət" mərkəzlərində 9 dövlət qurumu tərəfindən 25 xidmət və 22 funksional xidmət göstərilir. Agentliyin sədri bildirib ki, əgər gələcəkdə ölkə prezidenti tərəfindən bu xidmətlərin siyahısına dəyişiklik edilərsə, "Asan xidmət" mərkəzlərində həmin sahələr üzrə də vətəndaşlara xidmət göstəriləcək.

   İyun ayından etibarən bölgələrdə səyyar "ASAN xidmət" mərkəzlərinin də fəaliyyətə başlayacağını deyən İ.Kərimovun bildirdiyinə görə, Azərbaycan prezidentinin müvafiq tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin bu il ərzində fəaliyyət göstərə bilməyəcəkləri bölgələrdə xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar qəsəbə və kəndlərə gedərək vətəndaşlara yerindəcə xidmət göstərəcəklər. Agentlik rəhbəri bu prosesə bu ilin iyunundan etibarən başlanılacağını deyib. İ.Kərimov onu da bildirib ki, "ASAN xidmət" mərkəzlərində uğurlu bir təcrübə həyata keçirilir. Belə ki, 300-ə yaxın gənc könüllü olaraq müqavilə əsasında "Asan xidmət" mərkəzlərinə fəaliyyətə cəlb olunublar. Gələcəkdə həmin şəxslər dövlət qulluğuna qəbul olmağa hazırlaşırlar. "Bu, onların dövlət qulluğuna qəbulunu daha da asanlaşdıracaq. Çünki onlar "Asan xidmət" mərkəzlərində müəyyən təcrübə toplamış olurlar. Agentlik dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəməyən, özəl və digər sektorda çalışmaq istəyən şəxslərə də müvafiq sertifkatlar verir ki, bu da onların işə qəbulunu daha da asanlaşdıracaq".

 

 

Qənirə MƏMMƏDLİ

 

Ekspress.-2013.-18 aprel.-S.9.