"O vaxtın Bakısı tamam başqa aləm idi..."

 

   Rauf Babayev: "Gəncliyi ötən əsrin 60-cı illərinə düşən insanlar xoşbəxtdirlər..."

 

   Əfsanəvi "Qaya" kvartetinin solisti, xalq artisti Rauf Babayev hazırki şou-biznesdən uzaq, lakin yeri gələndə sözünün ağırlığı ilə seçilən sənət adamlarındandır. Onun sözünə kəsər verən isə uzun illər məşğul olduğu ciddi sənətlə, peşəkar musiqi fəaliyyəti ilə milyonların ürəyini fəth etməsinin, sevgisini qazana bilməsinin verdiyi haqdır. Ağsaqqal sözü haqqı. Elə bu haqla da sevimli sənətkarımız "milli.az" saytına bir sıra məsələlərə münasibət bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

   - Rauf müəllim, peşə seçiminiz necə baş verdi?

   - Məsələ burasındadır ki, mənim musiqi təhsili almağa başlamağım bir qədər gec baş verib. Düzdür, cəmisi iki il skripka sinfində oxumuşam, amma bir gün həyətimizə gələn kor skripkaçını görəndən sonra daha bu aləti əlimə almayacağımı bildirdim. Mənim 13-14 yaşım olanda anam istəyirdi ki, maraq dairəm genişlənsin, daim maraqlandığım bir məşğuliyyətim olsun. Qonşumuz -Xurşidbanu Natəvanın nəvəsi Leyla xanım Usmiyeva konservatoriyada işləyirdi, anama məsləhət gördü ki, məni Asəf Zeynallı adına Musiqi Məktəbinə qoysun. Beləliklə, hamı kimi sentyabr ayından olmasa da, noyabr ayından evimizin yaxınlığında yerləşən Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin zərb alətləri sinfində təhsil almağa başladım.

   Müəllimim çex əsilli Viktor Aleusoviç Çerni idi. Avropanın, Rusiyanın musiqi mərkəzləri sayılan şəhərlərindən görkəmli pedaqoqları Bakıda cəmləşdirdiyinə görə biz hər zaman Üzeyir bəyə minnətdar olmalıyıq. O vaxt bu məktəb konservatoriyanın birinci mərtəbəsində yerləşirdi və bu, çox yaxşı idi -kiçik yaşlarımızdan konservatoriyanın ab-havası ilə nəfəs alırdıq, özümüzü sanballı aparmağa çalışırdıq. Axşamlar isə o məktəb orta ümumtəhsil məktəbi kimi fəaliyyət göstərirdi...

   - Yeniyetməlik, tələbəlik illəri yadınızda necə qalıb? Bu barədə söz düşəndə ilk olaraq hansı təəssürata qapılırsınız?

   - Mən xatirələrə dalanda, həmişə fikrimdən keçir ki, əgər o vaxtlara qayıtmaq imkanı olsa, düşünmədən bu imkandan istifadə edərəm. Baxmayaraq ki, maddi imkan sarıdan sıxıntımız olub. Amma yeniliyə marağımız elə güclü idi ki, belə sıxıntılar arxa planda qalırdı. İndiki gənclərin telefondan, internetdən başqa əyləncələri yoxdur. Bizim isə imkanlarımız məhdud olsa da, fantaziyamız və bu fantaziyaları gerçəkləşdirmək əzmimiz qətiyyən məhdud deyildi. OperaBalet Teatrının balet truppasının bir artisti "monolit"dəki mənzilində boş vaxtlarında dərzilik edirdi. Çoxumuz, mən də həmçinin, atamızın, böyük qardaşımızın kostyumunu ona verirdik ki, tərs üzünə çevirib, ya da başqa dəyişiklik edib yeni dəbli kostyum şəklinə salsın. Mən şəxsən heç vaxt buna görə utanmamışam. Çoxlu "veçerinka"lar təşkil olunurdu, rəqs meydançaları, özfəaliyyət dərnəkləri heç vaxt boş qalmırdı. Tutarlı səbəb olmadan idman dərsindən arayışla azad olunmağı heç kim ağlına belə gətirmirdi. Tez-tez ali məktəblərin müxtəlif idman növləri üzrə komandaları arasında yarışlar keçirilirdi...

   "Veçerinkalar" çox vaxt qızlardan hansınınsa evində təşkil olunurdu. "Veçerinka"dan sonra mütləq qızları evlərinə qədər ötürürdük. Təbii, gənclərə xas təzahürlər də olurdu, səhər hansımızsa ən yaxın dostumuza evinə ötürdüyü qızı öpdüyünü deyirdi. Bu, çox böyük hadisə hesab olunurdu. Amma bütün bunlar çox saf, təbii hisslərdən yaranırdı, heç kim bayağılığa enib bu barədə aləmə car çəkmirdi. Biz lap kiçik yaşlarımızdan özünü kişi kimi aparmağın, kişi sözünün nə demək olduğunu bilirdik. Çünki belə tərbiyə almışdıq. Şəhərdə hamı bir-birini tanıyırdı və hər kəs öz yerini bilirdi. Sizə deyim ki, müharibə insanları çox doğmalaşdırır. Doğrudur, Azərbaycan müharibənin təsirinə az məruz qalıb, amma bu amil təsirsiz də ötüşməmişdi. Siz indi təsəvvür edə bilərsiniz ki, sürücünün övladı ilə nazirin övladı bir məktəbdə, bir universitetdə oxusun? O vaxt isə nəinki bir yerdə oxuyurdular, hətta bir-birinə vurulub evlənmək istəsəydilər, valideynlər buna qarşı çıxmırdı. Ümumiyyətlə, o vaxtın Bakısı tamam başqa aləm idi, son dərəcə rahatmusiqili, sırf şəhər ruhunu yaşadan bir məkan idi. Küçə ilə gedəndə, gənclərin populyar mahnıları zümzümə etməsi eşidilirdi. Təsəvvür edin ki, "Vətən" kinoteatrında hər seansdan əvvəl konsert verən orkestrin rəhbəri Rauf Hacıyev idi. Görün o dövrün musiqi zövqü hansı səviyyədə idi. Bütün kinoteatrlarda belə konsertlər olurdu. Afişalarda filmlə birgə seansdan əvvəl ifa olunacaq konsertin proqramı da yazılırdı. Tamaşaçılar da mütləq bir saat əvvəl gəlib əvvəl konsertə qulaq asırdılar, sonra filmə baxırdılar. Necə ki, indi hansısa ticarət mərkəzinin ərazisində bir neçə əyləncə obyektləri var, o vaxt da "Nizami" kinoteatrı belə bir yer idi -foyedə bufet var idi, ikinci mərtəbədəki zalda əvvəl konsert ifa olunurdu, sonra isə kinoseans başlayırdı. Melodik fit çalmaq da elə həmin konsertlərdə meydana gəlmişdi. Deyəsən, mən mövzudan uzaqlaşdım...

   - Yox, əksinə, belə məqamlar dövr haqqında daha dolğun təsəvvür yaradır. Həm də çox maraqlıdır...

   - Qayıdaq musiqi məktəbinə. Asəf Zeynallı adına məktəbin direktoru əvvəl Süleyman Ələsgərov idi, sonra Midhət Əhmədov oldu. Onlar bir-birinə tamamilə əks adamlar idi. Süleyman müəllim zahiri görünüşünə nə qədər fikir verirdisə, Midhət müəllim bu cəhətdən bir o qədər ondan fərqlənirdi. Salamlaşanda da belə salamlaşırdı: "Privet, çuvaki". Konservatoriyada isə rektorumuz Cövdət Hacıyev idi. Yadıma gəlir ki, hər ilin dekabrında televiziya ilə "Karnaval gecəsi" filmini verirdilər. Biz də istədik ki, oradakı yeni il şənliyinə oxşar gecə təşkil edək. Amma Cövdət müəllim qoymadı. Biz buna görə ondan yaman incimişdik. Amma sonra anladıq ki, mərasimləri şəhərdə onsuz da çoxlarını cəlb edən konservatoriyada belə bir şənlik təşkil etmək nə demək idi - şənlikdə iştirak etmək istəyənlər pəncərələrin şüşələrini sındırmaqdan belə çəkinməzdilər. "Kapustnik"lərimiz də çox maraqlı keçirdi. Simfo-caza köklənmiş nömrələr hazırlayırdıq. "Üç quruşluq opera", "Mənim gözəl ledim" əsərlərinə tələbəlik həyatına aid parodiyalar edirdik. Çox vaxt parodiyalarımız elə sərrast olurdu ki, səhəri gün adımız töhmət lövhəsinə yazılırdı. Hətta bir dəfə bərk soyuqlayıb iki həftə xəstə yatandan sonra dərsə gələndə, adımı həmin lövhədə gördüm. Təəccüblənəndə dedilər ki, "gör necə ad çıxarmısan ki, xəstə olanda da adın o lövhəyə düşür".

   - Artıq neçə illərdir özünüzpedaqoji fəaliyyətlə məşğulsunuz. Müqayisələr, paralellər aparanda, hansı cəhətləri müşahidə edirsiniz?

   - Biz - musiqi təhsili alan gənclər yalnız peşəkarlıq haqqında fikirləşirdik, hansısa bir uğurlu ifaçını özümüzə örnək seçirdik. Və bizim bu ruhda olmağımızın möhkəm zəmini var idi, təsəvvür edin ki, bütün müttəfiq respublikalar üzrə illik qastrol planı dekabr ayında təsdiq olunurdu. SSRİ qapalı dövlət olsa da, peşə, sənət yüksəlişinə can atan gənclərə hər cür imkan yaradılırdı -SSRİ xaricində tanınmağa qədər. O vaxtın "3" qiymətinin də möhkəm zəmini var idi, elə-belə verilmirdi. Ümumiyyətlə, hesab edirəm ki, gəncliyi ötən əsrin 60-cı illərinə düşən insanlar xoşbəxtdirlər. O dövrdə mənə daha bir xoşbəxtlik nəsib oldu -57-ci ildə həm konservatoriyaya daxil oldum, həm də atamın sayəsində Moskvada keçirilən Gənclərin və Tələbələrin VI Ümumdünya Festivalının işini seyr etmək şansı qazandım.

   - "Qaya"nın təməli də tələbəlik illərinizdə qoyulub. Necə xatırlayırsız o dövrü?

   - Bəli. Teymur Mirzəyev, Adil Nəzərov və mərhum Arif Hacıyev də "Asəf Zeynallı"da oxuyurdular. Teymurla Arif xor dirijorluğu sinfində, Adil isə simli alətlər sinfində. 61-ci ildə bizi Dövlət Orkestrinə dəvət etdilər. Sonralar Moskvaya qastrollarımızın birində Adil orada keçirilən voleybol yarışında iştirak edən bir qızla evlənib Moskvada qaldı. Təklif edirdi ki, biz də fəaliyyətimizi orada davam etdirək, amma biz razı olmadıq. Lev Yelisavetski isə bizim iştirak etdiyimiz orkestrdə nəfəs alətləri ifaçısı idi, Adilin yerinə solistlərdən biri o oldu. "Qaya"nın keçdiyi yol çox şərəfli idi. Dövrün bütün görkəmli musiqiçiləri ilə işləyirdik. Kalvarski, Kajlayev, Lundstrem, Utyosov, daha kimlər-kimlər... Özü də qəribədir ki, onların heç biri ilə fotoşəklimiz yoxdur. Nədənsə, bu heç ağlımıza gəlmirdi, elə bilirdik ki, elə həmişə ünsiyyətimiz olacaq...

   Mən "Qaya"nın tərkibində konsert, qastrol fəaliyyətinə başlayanda, təhsil aldığım zərb alətləri sinfinə marağım tamam azaldı. Hətta təhsilimi yarımçıq qoymaq istədim. Amma həyat yoldaşım, biz onunla ikinci kursda evlənmişdik, pianoçudur, buna imkan vermədi, təkid elədi ki, sona qədər oxuyum. Mən buna görə ona minnətdaram.

   - Müəllimlərinizdə gördüyünüz keyfiyyətlərin hamısını tələbələrinizə ötürə bilirsiniz?

   - Onlara birinci növbədə insanlığı öyrədirəm. Mən, buya digər dərəcədə, müəllimim olmuş insanların hamısında bu keyfiyyəti görmüşəm. Söhbət boyunca adlarını çəkdiyim insanlar, həmçinin, Tofiq Quliyev və başqaları sənətkar və pedaqoq olmaqdan savayı, həm də böyük şəxsiyyət, əsl insan idilər. Hər birinin doğum günündə radio və televiziyaların bütün günü onların təkrarsız, mükəmməl musiqisini verməsi çox gözəl olardı. Onların o boyda xidmətlərinin müqabilində bu nədir ki...

 

 

     Ekspress.-2013.-20-22 aprel.-S.20.