İKT sektoru inkişaf tempini artırır

 

  İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Son illər ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi telekommunikasiya və informasiya texnologiyaları (İKT) sektorunda da öz bəhrəsini verməkdədir. Bəlli olduğu kimi, İKT energetika sektorundan sonra ikinci prioritet təşkil edən sahə hesab edilir.

   Azərbaycanda orta illik artım tempi 25-30 faiz, (ötən il 17,3 faiz), illik gəlir isə 1,5 mlrd AZN-dən artıq olub. Gələcək 10 il ərzində bu artımın 5 dəfə artaraq 8-9 mlrd dollar təşkil etməsi planlaşdırılır. Məlumat üçün qeyd edək ki, Azərbaycan internetdən istifadə edən əhalinin ümumi sayına nisbətinə görə, MDB ölkələri arasında 2-ci, Asiya ölkələri arasında isə 10-cu sırada qərarlaşıb. Ümumilikdə isə dünya əhalisinin 2 milyard 405,5 milyon nəfəri internetdən istifadə edir. Bu, dünya əhalisinin 34,3 faizinə bərabərdir. İWS-nin məlumatına görə, ən çox internet istifadəçisi Cənubi Amerika ilə Avstraliya və Okeaniyanın payına düşür. Cənubi Amerikada yaşayan insanların 78,6 faizi (273,8 milyon), Avstraliya və Okeaniyada yaşayan insanların isə 67,6 faizi (24,3 milyon) internet istifadəçisidir. Avropada internetdən istifadə edənlər ümumi əhalinin 63,2 faiznə (518,5 milyon), Latın Amerikası və Karib bölgəsində 42,9 faizinə (254,9 milyon), Yaxın Şərq ölkələrində 40,2 faizinə (90 milyon), Asiyada 27,5 faizinə (1,076 milyard), Afrikada isə 15,6 faizinə (167,3 milyon) bərabərdir. Dünya ölkələri arasında isə internetdən ən çox istifadə edənlər Monako, İslandiya və Norveç əhalisidir. Bu ölkələrdə əhalinin müvafiq olaraq, 100, 97,1 və 96,9 faizi internet istifadəçisidir. Ən az internet istifadəçisi isə Somalidədir. Qara qitənin bu ölkəsində əhalinin 1,2 faizi internetdən istifadə edə bilir.

   Azərbaycanda isə əhalinin 70 faizi internet istifadəçisidir, genişzolaqlı internetdən isə ölkə əhalisinin 50 faizi istifadə edir. Son bir ildə xarici internet-kanalların həcmi 2,3 dəfə artıb və 200 Qb/saniyəyə çatıb, ölkənin məskunlaşmış ərazisinin 93 faizi rəqəmli televiziya ilə əhatə olunub.

   Hazırda mobil rabitə sahəsində üç operator 3G xidməti göstərir, 2012-ci ildən onlardan biri 4G texnologiyasının tətbiqinə başlayıb. 417 elektron xidmətdən 187-si elektron hökumət portalı vasitəsilə "bir pəncərə" prinsipi ilə göstərilir ki, bu sistemə də 40 dövlət orqanı qoşulub.

   Ümumilikdə artıq 600-ə qədər elektron imza sertifikatı verilib ki, onların da yarıdan çoxunun istifadəçisi fiziki şəxslərdir.

   Ölkədə yeni biznesin təşkili üçün əlverişli şərait yaradılır. Elektron hökumət layihəsi çərçivəsində tətbiq olunmuş "vahid pəncərə" sistemi ilə sahibkarlıq subyektlərinin qeydiyyat müddəti 20 dəfə qısalıb (60 gündən 3 günə qədər), yeni təsərrüfatçılıq subyektinin yaranması üçün zəruri proseduraların sayı isə 13-dən 5-ə endirilib.

   Ölkədə İKT sektoruna kapital qoyuluşunun 21%-i xaricilərə məxsusdur.

   Dünya Bankının "Doing Business 2013" statistik məlumatına görə, Azərbaycan 2005-ci ildən sonra öz mövqelərini yaxşılaşdırmış 50 ölkə arasında 13-cü yeri tutub. Ümumilikdə isə, Azərbaycan 185 ölkə arasında 67-ci yerdədir. Son on il ərzində ölkənin İKT sektoruna $2,5 milyarddan çox investisiya yatırılıb. Ötən il sərmayələrin həcmi $413 milyon təşkil edib.

   2012-ci ildə həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılıb. Onlar ölkənin İKT sektoruna xarici investisiyaların cəlb olunmasını sürətləndirəcək. 2015-ci ildə isə məsafədən zondlaşdırılan aşağı orbitli peyklərin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.

   9 ümumrespublika və bir Türkiyə kanalı əsas paketdə yayımlanır və respublikanın məskunlaşmış ərazisinin 93 faizni əhatə edir. 2013-cü ildə ölkədə rəqəmli televiziyanın tətbiqi və analoq yayımın dayandırılması nəzərdə tutulur.

   Azərbaycanda Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi həyata keçirilir. Bu layihə İKT-nin yüksək inkişaf səviyyəsinə malik olan iki regionun - Avropa və Asiya arasında əlaqənin qurulmasını nəzərdə tutur. Layihə ümumilikdə 20 ölkəni əhatə edəcək, hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələri gücləndirəcək.

   Sektorun inkişafı üçün yaradılmış baza onun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin edib. Son 10 il ərzində sahədə artım 50-60 faiz olub. Baxmayaraq ki, dünyada İKT sektoru üzrə ümumi artım 3-4 faizdən çox gözlənilmir.

   Bu il bir sıra mühüm layihələrin icrasına başlanması, eyni zamanda həyata keçirilən islahatlar və onların uğurlu nəticələri ilə yadda qalacaq. Artıq respublikanın bütün ərazisi telefonlaşdırılıb. Ölkəmizdə mobil sektorda böyük canlanma var. Mobil sektordan istifadə sıxlığı təqribən 80 faizdən yuxarıdır. İnternet istifadəçilərinin sayı artır. Beynəlxalq reytinq statistika təşkilatlarının məlumatlarına görə, bu artım 27 faizdən 37 faizə qədər dəyişir. Ölkəmizdə radio və televiziyanın inkişafına xüsusi diqqət yetirilir. Ən mühüm hadisələrdən biri rəqəmsal televiziya sisteminə keçirilməsidir. Beynəlxalq Telekommunikasiya İttifaqı bu prosesin 2015-ci ildə başa çatmasını nəzərdə tutsa da, artıq ötən ildən bu prosesə başlanılıb və bu sahədə xeyli iş görülüb.

   İKT və poçt sektorunda əldə olunan gəlirin 80,3 faiz qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

   Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində bir çox işlər görülüb. Mobil abunəçilərin sayı 752000 nəfər artaraq 7300000 çatıb. Eləcə də internet xidmətləri bazarında azad rəqabət şəraitinin yaradılması məqsədilə internet provayderlərin ADSL xəttinə qoşulma haqqının 10 manatdan 5 manata, aylıq istifadə haqqının isə 4 manatdan 2 manata endirilməsi internet bazarında əhəmiyyətli canlanma yaradıb və xüsusilə də genişzolaqlı internetə tələbatı nəzərəçarpacaq dərəcədə artırıb.

   Ölkəmizdə İKT sektoru son 10 il ərzində hər üç ildə təxminən iki dəfə genişlənib, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olub ki, bu göstərici ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Keçən il telefon şəbəkəsinə təxminən 20 min nömrə də əlavə olunaraq, "yeni nəsil şəbəkəsi" texnologiyaları tətbiq olunub. Ötən il sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulub. Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşıb, xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35 faiz azalıb. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün qeyd edim ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq.

   Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olub. İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə edib. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.

   Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılıb və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunub. Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir.

   Bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılmış və 2012-ci ilin sentyabrından İnternet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilmişdir. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilmiş və İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir. Elektron imza sisteminin kompüter və mobil telefon versiyası işə salınmış və 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə etmişlər.

   İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları imzalanıb. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilib.

   "Azərbaycan 2020: gələcəyə baxış" adlı qəbul edilən İnkişaf Konsepsiyasında İKT sektorunda rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılıb.

 

  

İltifat HACIXANOĞLU

 

Ekspress.-2013.-23 aprel.-S.9.