Virtual məkanda Qarabağ müzakirələri

 

  İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  Hər hansı bir ölkə haqqında informasiya toplamaq istədikdə insanların daha çox müraciət etdiyi internet ünvanı Google və vikipediya açıq on-layn ensiklopediyası olur. Təəssüflər olsun ki, internet məkanlarında məlumat bolluğuna görə üzdəniraq qonşularımız bizdən çox-çox irəlidədir. Ermənistan internetdə daha aktivdir. Əslində müharibə şəraitində yaşayan bir ölkə üçün informasiya siyasətini düzgün qurmaq çox önəmlidir.

   Ölkəmiz haqqında yetərincə informasiyanın olmaması nəticəsində internet xəritələrində Azərbaycan ərazisi çox vaxt təhrif edilir, Qarabağ, hələ bu azmış kimi Naxçıvan da Ermənistanın tərkib hissəsi kimi göstərilir. Eyni zamanda, Azərbaycan ərazi adları tamamilə fərqli dillərdə qeyd olunur.

   İnternet əsrində yaşadığımız üçün hadisələr də sürətli formada cərəyan edir. Belədə Azərbaycanın birinci problemi olan Qarabağ münaqişəsi internetdə hər hansı bir müzakirə mövzusudurmu?

   Ekspertlərə görə, digər sosial şəbəkələri geridə qoyan "Facebook"da Qarabağ mövzusu o qədər də diqqət mərkəzində deyil. Azərbaycanlı istifadəçilər yalnız rayonların işğal günündə və ya faciə ildönümlərində bunu statuslaşdırmağa meyl edirlər. Eyni zamanda "Facebook"da "Qarabağı geri istəyən azərbaycanlı axtarırıq", (11.858 üzv), "Qarabağ" (183 üzv) və "Ya Qarabağ, ya ölüm" (183 üzv) kimi bir neçə qrup fəaliyyət göstərir ki, onların da fəaliyyəti qənaətbəxş deyil. Bəhs etdiyimiz qrupların səhifələrində əsasən müxtəlif qəzetlərdə dərc olunmuş məqalələri, eyni zamanda istifadəçilərin Qarabağla bağlı kiçik xəbərləri yer alır. Qruplara axının zəif olması və ya istifadəçilərinin məcburi qaydada ora üzv kimi əlavə edilməsi də müşahidə edilir.

   "Facebook"da Ramil Səfərov, Milli Qəhrəman Mübariz İbrahimovun adına yaradılmış səhifələrə də rast gəlmək mümkündür. Bu səhifələrə axın çoxdur və istifadəçilər bunu "bəyəndim" işarəsi ilə sübuta yetirirlər. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov səhifəsini 100 minə yaxın insan bəyənib, 25 mindən artıq insan qəhrəman haqqındakı müzakirələrə qoşularaq fikir bildirib. Eyni Ramil Səfərov üçün də keçərlidir. Xatırladaq ki, hər ikisi haqqında olan səhifələr hər zaman yenilənir, onlar haqqında materiallar yerləşdirilir və müzakirələr keçirilir.

   Ekspert Seymur Kazımov hesab edir ki, Qarabağ mövzusunda virtual müzakirələrdənsə canlı müzakirə daha önəmlidir: "Mən sosial şəbəkədə, forumlarda Qarabağ müzakirəsinə az üstünlük verirəm. Çünki vətənpərvərlik üstün gələndə, hisslərə qapılanda ittihamlara, söyüşlərə rast gəlmək olur. Məsələn, ermənilər özləri üçün ümumi bir düşmən obrazı yaradıb. Hər bir azərbaycanlıya potensial düşmən kimi baxılır. Virtual məkandakı müzakirələrdə də daha çox buna köklənirlər. Amma üzbəüz müzakirə aparanda, emosionallıq arxa plana keçir və daha normal diskussiya aparmaq imkanı yaranır" deyən ekspert bu səbəbdən də canlı ünsiyyətə üstünlük verir. Onun sözlərinə görə, virtual aləmdə bir-birini tanımayan insanlar sərbəst şəkildə təhqirə keçir, ancaq real vəziyyətdə məsələyə sakit şəkildə baxmaq tələb olunur.

   Virtual dünyadakı Qarabağ müzakirələrində fəal iştirak edən Britaniyanın Beynəlxalq Sülh və Müharibələr İnstitutu - İWPRn Azərbaycan bürosunun rəhbəri Şahin Rzayevin sözlərinə görə, bir neçə səviyyəli müzakirələr var, eyni zamanda səviyyəsiz müzakirələr də az deyil. Məsələn, azyaşlıların qatıldığı müzakirələrdə söyüş-təhqirlər baş alıb gedir, bəzi saytların forumlarında isə daha səviyyəli debatlar, müzakirələr aparılır. Onun sözlərinə görə, belə forumlarda mövzulara heç bir sərhəd qoyulmur. Blogerlərin bir-birinə olan hörmət və etibarına görə verilən informasiyalar şübhə altına alınmır: "Çünki biz o blogerlərlə bir çox konfranslarda iştirak edirik".

   Hansı ölkənin bu forumlarda üstün olmasına gəlincə, Rzayev bildirib ki, əgər sayt Azərbaycana aiddirsə, azərbaycanlılar, Ermənistana aiddirsə, ermənilər aktiv olurlar. "Amma son vaxtlar virtual məkanda azərbaycanlı blogerlər daha aktivdir".

   Ekspert hesab edir ki, forumlarda müzakirə olunan mövzular xüsusi xidmət orqanları tərəfindən nəzarət altına alınır. Onun sözlərinə görə, bəzi hallarda ehtiyatsız bir fikirya hərbi sirləri açan hansısa açıqlama bu orqanları hərəkətə keçirir. Ona görə də o, forumlara qatılanları maksimum ehtiyatlı olmağa çağırır.

   Ümumiyyətlə, virtual aləmdə Qarabağ müzakirələri nə qədər effektlidir? "Mediaforum.az" saytının redaktoru Hikmət Sabiroğlu hesab edir ki, artıq dünyanın yarısı sosial şəbəkələrdə yaşayır. Onun sözlərinə görə, sosial şəbəkələrdə keçirilən Qarabağ müzakirələrində alimlər, ictimai təsisatlar, dövlət qurumları fəal olmalıdır. Döyüş, təbliğat savaşının əsasən sosial şəbəkələrdə getdiyini deyən Sabiroğlu bildirib ki, biz təbliğatda uduzmamaq üçün müzakirələrdə iştirak etməli, qrupların yaradılmasına qoşulmalıyıq. Redaktor Qarabağın tarixi, konkret bu münaqişənin həlli yolları, ermənilərin Qarabağda törətdiyi vəhşiliklərin bir istiqamət olduğunu deyir. "Yəqin ki, professionallar bu istiqamətə də gələcəkdə yer verəcəklər. Konkret faktlarla çıxış etmək lazımdır".

   Qeyd edək ki, 2011-ci ildə "Virtual Qarabağ" layihəsinə başlanılıb. Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun sözlərinə görə, "Virtual Qarabağ" layihəsi ilk növbədə informasiyakommunikasiya texnologiyalarının (İKT) istifadəsinə imkan yaradacaq. Onun sözlərinə görə, bu layihədə Qarabağla bağlı həqiqətlər virtual həyatda daha çox yayımlanacaq ki, bu da dolayısı yolla informasiya müharibəsində Azərbaycanın mövqeyini gücləndirməyə xidmət edəcək.

   Eyni zamanda Azərbaycan Respublikası prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) Gənclər və İdman Nazirliyi ilə birgə "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması tapşırılıb. Həmçinin Tədbirlər Planı çərçivəsində RİTN müvafiq dövlət qurumları ilə birgə Azərbaycanın "online fikir bankı"nı yaratmalı və internet jurnalistika sahəsi üzrə təlimlər təşkil etməlidir. Bundan başqa, RİTN-ə tədbirlər planının digər bəndləri üzrə də dövlət strukturları ilə birgə müvafiq işlərin görülməsi həvalə edilib.

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkili Qarabağa aid mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması məqsədilə həyata keçirilir.

   Onu da qeyd edək ki,"azerbaijans.com" və "garabagh.net" saytının ideya müəllifi və qurucusu İlham Abduyev "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı təkliflər irəli sürüb. "Təkliflərdən öncə bildirmək istərdim ki, "Virtual Qarabağ" mərkəzinin yaradılmasına daha genişqlobal aspektdə yanaşdığımızdan bu mərkəzin formalaşmasını bir saytla deyil, virtual dünyaya aid bir çox vasitələrdən istifadə edərək müxtəlif istiqamətli təsisatlarla həyata keçirmək üçün çoxşaxəli fəaliyyət göstərməyi daha doğru hesab edirəm. Buna görə də aşağıdakı təkliflərin ictimai müzakirəyə çıxarılmasını və aidiyyatlı dövlət qurumları ilə əlaqəli şəkildə reallaşmasını məqsədə müvafiq hesab edirəm. Çünki bu kimi təkliflərin layihələndirilməsinə, həyata keçirilməsinə və ölkə prezidentinin sərəncamı ilə dövlət siyasətinə uyğun olaraq dünyada təbliğinə müvafiq dövlət təşkilatları ilə birgə daha qısa zamandadaha keyfiyyətli şəkildə nail olmaq mümkündür. Qeyd edək ki, təkliflərin hər birini ayrı ayrılıqda, yaxud istiqamətlərinə uyğun olaraq bir neçəsini bir resursdaya hamısını bir resursda layihələndirərək icrasını həyata keçirə bilərik. Bunun üçün bizim intellektualtexniki imkanlarımız yetərlidir".

   Onun səsləndirdiyi təkliflərə əsasən virtual "Qarabağ evi" yaradılmalı, "Qarabağ evi" daha çox Azərbaycan diasporunun koordinasiyasını həyata keçirən virtual məkan olmalı, Qarabağın sosial şəbəkəsi yaradılmalıdır. Bundan başqa, dünyanın ali məktəb tələbələri üçün "Virtal Qarabağ tələbə forumu" yaradılmalı, sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qrupları formalaşdırılması, Qarabağ kəndləri haqqında internet resurs işə başlamalı, Qarabağdan yazan və yazmaq istəyən blogerlər hazırlanmalıdır. İnternetdə Qarabağ monitorinqinin fəaliyyətinin həyata keçirilməsi, Qarabağın tarixindən bəhs edən sənədli filmlər toplusunun hazırlanması, Qarabağın tarixi, coğrafiyası, təbiəti, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət siyasəti və digər sahələrdə sənədli filmlərin hazırlanması da təkliflər sırasındadır. Eyni zamanda, "Garabagh.net" saytının bazasında "Virtual Qarabağ" ensiklopediyasının yaradılması, Qarabağa aid bir neçə dildə fəaliyyət göstərən internet televiziyanın hazırlanmada təklif olunur.

 

  

Ulduzə QARAQIZI

 

Ekspress.-2013.-25 aprel.-S.9.