Pozucuları "qara
siyahı"ya salırıq...
ETSN Departamentinin direktoru Vaqif Cavadov: Bioloji müxtəlifliyin qorunması
və inkişafı Azərbaycanda lazımi səviyyədə təmin
olunur
Azərbaycanda Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sayı artır. Bunun nəticəsi olaraq ölkədə
nəsli kəsilməkdə olan bir çox flora və fauna
növlərinin bərpası prosesinin getməsini, o cümlədən
artıq bizi əhatə edən təbii varlıqlara
münasibətin köklü surətdə dəyişməsini
demək mümkündür.
Bir neçə ay əvvəl
Azərbaycan Respublikasının Prezidenti (5 noyabr 2012-ci il) Xaçmaz rayonunun inzibati ərazisində
Samur-Yalama Milli Parkının yaradılması barədə sərəncam
imzalamaqla qorunan ərazilərin həcmini genişləndirdi. Əvvəllər
ölkəmizin ərazisində Milli Park yox idi, amma son 10 ildə
9 Milli Park yaradılıb və hazırda Xüsusi Mühafizə
Olunan Təbiət Əraziləri Azərbaycan ərazisinin
10,3 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi
Mühafizə Olunan Təbiət Ərazilərinin
İnkişafı Departamentinin direktoru Vaqif Cavadov ETSN-in saytına müsahibəsində
bu sahədə əldə olunmuş müsbət nəticələr
və mövcud problemlərdən danışıb.
- Həqiqətən də
müstəqilliyini yenicə əldə etmiş bir ölkədə
bu cür göstəricilərə nail olunması
qazanılmış uğur kimi qiymətləndirilməlidir. Təbii ki, bu da ümummilli lider Heydər Əliyevin
təməlini qoyduğu ekoloji tarazlığın bərpasına,
ətraf mühitin mühafizəsinə yönələn əsas
fəaliyyət proqramının təcəssümü və
Prezident İlham Əliyevin yürütdüyü davamlı
ekoloji siyasətin nəticəsidir. İndi
Azərbaycanda bu sahədə dünyanın qabaqcıl ölkələri
sırasına yüksəlmək istiqamətində
mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, ölkə prezidenti 2012-ci ilin
noyabrında növbəti 9-cu Milli Parkın yaradılması
barədə sərəncam imzaladı və bu prosesin
davamlı olacağı şəksizdir.
Qeyd edim ki,
ölkə rəhbərliyinin ekoloji sahədə verdiyi sərəncam
və göstərişlərin həm də vaxtında və
yerində icra edilməsi nəzərəçarpacaq nəticələrə
nail olunmasına gətirib çıxarmışdır.
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin
yaradılmasına və bu ərazilərdə güclü
mühafizə rejiminin təşkilinə görə artıq
nəsli kəsilməkdə olan bir sıra növlərin
öz arealında müşahidə edilməsinə
başlanılıb. Zəngəzur və Hirkan Milli
Parklarında demək olar ki, nəsli kəsilməkdə olan
və son 50 ildə görünməyən Qafqaz bəbirinin
Milli Parklarda qurulmuş fototələlərdə
müşahidə edilməsi faktı uğurlu nəticələrdən
xəbər verir. Bu faktlar son illərdə
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində
flora və faunanın mühafizəsi tədbirlərinin
gücləndirilməsinə, ekoloji maarifləndirmə
işlərinin aparılmasına real nümunə hesab olunur.
Yəni "Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri
və Obyektləri haqqında" Azərbaycan Respublikası
Qanununa və Ölkə Prezidentinin Fərmanı ilə təsdiq
edilmiş müvafiq Milli Parkların Əsasnaməsinə
istinad olunaraq mühafizə işlərinin düzgün təşkil
edilməsi, formalaşdırılmış daxili normativ və
qaydalardan səmərəli istifadə olunması təbii
varlıqların ətraf təsirlərdən, xüsusilə
insan amilindən zərər çəkməməsinə
xidmət edir.
Amma
açığını deyim ki, hələ də müstəqil
Azərbaycanın qanunları ilə hasablaşmaq istəməyən,
yaxud qanun və qaydalara əməl etməkdən boyun
qaçıran şəxslərə rast gəlinir...
- Yəni işinizə
maneələr yaratmaq
istəyənlərin olduğunu
demək istəyirsiz?
- Buna maneə
yaradılması deməyək,
sadəcə Xüsusi
Mühafizə Olunan Təbiət Ərazilərində
tətbiq olunan xüsusi rejimlərə, qaydalara, normativlərə
tabe olmaq istəməyənlər var. Ötən əsrin
80-ci illərinin sonu 90-cı illərin əvvəllərində
ölkənin təbiət ərazilərində baş verən
xaos ümummilli lider Heydər Əliyevin və Prezident cənab
İlham Əliyevin apardığı məqsədyönlü
siyasətin, eləcə də ETSN-nin səyləri nəticəsində
son illərdə tənzimlənmiş, ölkənin
bütün mühafizə olunan, o cümlədən yüksək
dağlıq ərazilərində nəzarət-buraxılış
sistemi tətbiq olunmuş, turistlərin
davranışını tənzimləyən qaydalar qəbul
edilmişdir.
Son illərdə tətbiq
edilən tənzimləmə qaydaları, əlbəttə
ki, özbaşınalığa öyrəşmiş
dırnaqarası təbiət vurğunlarını və bəzi
özlərini "dağçı" adlandıranları
narahat etməyə başlayıb və bizim
ünvanımıza əsassız, qərəzli, həmçinin
düşünülmüş, hətta həyasızcasına
qarayaxmalar söylənilir.
Amma biz, xüsusi mühafizə
olunan təbiət ərazilərinin mühafizəsinə
cavabdeh olan bir dövlət qurumu olaraq Azərbaycan
Respublikasının qanunları çərçivəsində
tətbiq edilən norma və qaydalara əməl
etməyən pozuculara qarşı inzibati tədbirlər
görülür və qətiyyətlə davam edəcək.
Yəni
mühafizə rejimini pozanlar cərimələnir, daxili
qaydalara riayət etmək istəməyənlərə ciddi xəbərdarlıqlar
olunur, buna məhəl qoymayanlar barəsində "qara
siyahılar" tərtib edilir və məhdudiyyətlər
qoyulur.
- Yeri gəlmişkən, "qara siyahı" hansı
mahiyyəti daşıyır, mənası nədir və
hansı şəxslərə şamil olunur?
- Bu cür inzibati
mübarizə tədbirləri "Xüsusi Mühafizə
Olunan Təbiət Əraziləri və Obyektləri
Haqqında" Azərbaycan Respublikası Qanununun və
Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş
Milli Parklar haqqında Əsasnamənin tələblərindən
irəli gələn daxili qaydalar, təlimatlar və
mühafizə normativləri çərçivəsində
həyata keçirilir. Yəni xüsusi
mühafizə olunan təbiət ərazilərində ziyarətçilərin
giriş-çıxışı, daxili davranış
qaydaları təlimatlar əsasında tənzimlənir və
yerli əməkdaşlar tərəfindən nəzarətdə
saxlanılır. Söhbət xüsusi mühafizə
olunan təbiət ərazilərindən və məhz bu ərazilərdə
xüsusi rejimin tətbiqindən gedir. Təbii ki, sərbəst
hərəkət hüququ verən digər ərazilərə
bu qaydalar şamil edilmir. Bu, bütün dünyada belədir və
bunlar ona görə edilir ki, qorunan ərazilərimiz ətraf
təsirlərdən, insan amilindən maksimal dərəcədə
az ziyan çəksin.
Təbii ki, qoyulmuş bu
cür qaydalara əməl etməyənlər
üçün, əvvəldə qeyd etdiyim kimi müvafiq
inzibati tədbirlər görülür. "Qara
siyahı" da pozuculara qarşı tətbiq edilən tədbirlərdən
biridir ki, adı bu siyahıda olanların xüsusi mühafizə
altında olan ərazilərə
giriş-çıxışı müvəqqəti məhdudlaşdırılılr.
Deməli, adı bu siyahıya düşənlər
davranış qaydalarını pozan və xəbərdarlıqlara
məhəl qoymayanlardır. Bu praktika əslində
bütün dünyada mövcuddur və bizim ölkədə
belə tədbirləri misal üçün AZAL nizam-intizam
qaydalarını pozan şəxslərə qarşı
çoxdan görür.
Konkret olaraq bildirim ki, indi
adı "qara siyahı"da olanlar əsasən
özünü alpinist adlandıraraq yüksək
dağlıq ərazilərə çıxanlardan bir
neçəsidir. Onların təlimatlara və davranış
qaydalarına zidd olan hərəkətləri bir neçə
dəfə təkrarlandığından bu metoddan istifadə
olunub. Məsələn, Hirkan Milli Parkında nəzərdə
tutulmayan sahədə tonqal qaladıqlarına, ərazini məişət
tullantıları ilə zibillədiklərinə görə
bu şəxslərə tək-tək və qrup halında ciddi
xəbərdarlıq edilib. Şahdağ Milli Parkında şəxsən
mən departamentin rəhbəri olaraq onlara təxminən 15 nəfərdən
ibarət qrupa mühafizə olunan əraziyə icazəsiz
daxil olduqlarına, nəzərdə tutulmayan sahədə
düşərgə saldıqlarına görə irad tutsam
da, özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları
kimi qələmə verib təhqirlərlə və hədələyici
tonları ilə qaydalara əməl etməkdən boyun
qaçırıblar.
Sonradan məlum olub ki,
özlərini dağçı-alpinist adlandıran və
mühafizə rejiminin pozulmasına yol verərək qanun-qaydalara
əməl etməyib qorunan ərazilərə
özbaşına soxulan şəxslərdir. Amma təəssüf
ki, gecə saatları olduğundan və
tanınmadıqlarından oradakı 15 nəfərdən
yalnız ikisinin şəxsiyyəti müəyyənləşdirilib,
adlarının sözügedən siyahıya salınması
mümkün olub. Bu adamların bir qismi şüurlu surətdə
Azərbaycan Respublikasının qanunlarına saymazyana
yanaşan, ölkə xaricindən idarə olunan şəxslərdir.
Belələri qanunlarımızın sərt üzünü
görəcəklər.
Ehtimal edirik ki, hətta bir
neçə il əvvəl Qızılqaya massivində
Atatürkün barelyefinə güllə ataraq onun yararsız
hala salınması da məhz belələrinin işidir.
Çünki barelyefin olduğu ərazidə, yəni 4 min
metr yüksəklikdə yalnız yüksək zirvələrə
qalxa bilən və yürüş bacarığına malik
şəxslər (belə yüksəkliklərdə ov obyekti
müşahidə edilmir və brakonyerlər belə yüksəklikdə
ov etmir) hərəkət edə bilər...
Göründüyü kimi
bu cür faktlara rast gəlindiyindən qanunamüvafiq qaydada
belə tənbeh üsullarının tətbiqinə zərurət
yaranır. Amma çox təəssüf edirəm ki,
adını dağçı, alpinist qoyan bu şəxslər
dağlara, mühafizə altında olan ərazilərin
xüsusi statusuna, Azərbaycan qanunlarına
açıq-açığına hörmətsizlik etdiklərini
ya anlamaq istəmir, yaxud da bilərəkdən bu hərəkətlərə
yol verərək yenə də saxtakarlıqla özlərini təmizə
çıxarmağa çalışırlar.
Belələrinin "vəkilləri"
məni, ETSN-i bəzi KİV-lərdəki imkanlarından
şəxsi məqsədləri üçün sui-istifadə
edərək, şər ataraq deyirlər ki, guya belə məhdudlaşdırmalar
Avropa İnsan Haqları Konvensiyasına, Azərbaycan
Konstitusiyasına ziddir, insan və vətəndaş
hüquqlarının, azadlıqlarının
pozulmasıdır. Bu absurd fikirlərdir və şəxsi qərəzliyi
ictimaiyyətə sırımaq üçün demaqogiyaya əl
ataraq kimlərsə sadə bir məsələni siyasiləşdirməyə
cəhd göstərir. Bəzi şəxslər isə
jurnalist etikasını da öz şəxsi, maddiyyat üzərində
qurulmuş maraqlarına təslim edərək
açıq-aydın qisasçılıq, şər,
böhtan, kişiyə yaraşmayan metodlardan belə yan
keçməyərək ürək bulandırmaqla məşğuldurlar.
Əvvəla, Azərbaycan
Konstitusiyasında hər kəsin sərbəst hərəkət
etmək hüququ təsbit olunubsa, 39-cu maddənin 3-cü bəndində
də göstərilir ki, heç kəs ətraf mühitə,
təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən
artıq təhlükə törədə və ya zərər
vura bilməz. 4-cü maddədə isə bildirilir: dövlət
ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin
və vəhşi heyvanların qanunla müəyyən
edilmış növlərinin qorunmasına təminat verir.
Konstitusiyanın
bütün maddələri Azərbaycan Respublikasının
müvafiq qanuni aktları və normativləri ilə tənzimlənir.
ETSN də ölkədə ətraf mühitin mühafizəsi
və təbii sərvətlərdən istifadə olunması
sahəsində səlahiyyətli icra hakimiyyəti
orqanıdır. Bu baxımdan biomüxtəlifliyin
qorunmasında xüsusi əhəmiyyətə malik olan Azərbaycanın
ən hündür zirvələrini əhatə edən
dağlıq ərazilərin qorunması onun birbaşa
hüquqları olması etibarilə, həm də dövlət
tərəfindən müəyyən olunmuş vəzifələrinə
aid edilir.
Bundan əlavə, qeyd
olunan yüksək dağlıq ərazilərdə turistlərin
hərəkəti həmçinin onların
sağlamlığına qarşı yönələ biləcək
müəyyən həyati riski də özündə ehtiva
edir. Bu ərazilərin əksəriyyəti Azərbaycanın
dövlət sərhəddində yerləşir. Bütün
dünyada da eyni şəraitə görə qeyd edilən
şərtlər və tələblər mövcuddur, hətta
qorunan ərazilərə daxil olmaq üçün turistlərdən
müəyyən bioqrafik sənədlər və iltizamlar tələb
olunur. Başqa bir misalla fikrimi tamamlamaq istəyirəm. Məsələn,
tutaq ki, hər bir vətəndaş Azərbaycanın avtomobil
yollarında sərbəst hərəkət edə bilər,
amma yol hərəkəti qaydalarını pozduqda
saxlanılaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinə
uyğun olaraq cərimələnir, tənbeh edilir və ya digər
məhdudlaşdırıcı tədbirlər həyata
keçirilir. Onda belə bir məntiqi sual yaranır: bu
haldadamı sərbəst hərəkət etmək hüququ
pozulur?
Xüsusi mühafizə
olunan təbiət ərazilərində də belədir. Yəni
"Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri
və Obyektləri Haqqında" Azərbaycan Respublikası
Qanununun tələblərindən istifadə olunur.
- Belə başa düşülür ki, "qara
siyahı"ya düşmək müvəqqəti xarakter
daşıyır, bəs onda adlar bu siyahıdan nə vaxt
çıxarıla bilər?
- Çox sadə bir üsulla. Əməllərinin qanundan irəli gələn qaydalara zidd olduğunu səmimi etiraf edib başa düşən, təlimatlara və daxili davranış qaydalarına əməl etməyə öhdəlik götürən hər kəs siyahıdan çıxarıla bilər. Praktikada da artıq buna rast gəlinib. Siyahıda əvvəl 22 nəfərin adı var idi, onlardan 9 nəfər səmimi etirafına və iltizamına görə siyahıdan çıxarılıb. Hazırda "qara siyahı"da 13 nəfərin adı var. Yeri gəlmişkən deyim ki, görünür əksəriyyəti özlərini alpinist adlandıran qrupun üzvləri olan bu şəxslərin məqsədi qanunamüvafiq adlarını "qara siyahı"dan çıxarıb dağçılıq idmanı ilə məşğul olmaq deyil, bundan da istifadə edib məsuliyyətsiz, qarayaxma dolu siyasi bəyanatlar verməklə süni ajiotaj yaratmaq və dövlət orqanlarının qanuni fəaliyyətinə maneə yaratmaqdan ibarətdir. Guya mənim şəxsimdə bizim departament bu qrupa öz tədbirlərini Şahdağ zonasında keçirməsinə qəsdən qadağa qoyub. Əslində isə özünü bu qrupun rəhbəri kimi təqdim edən şəxsin günahı və sağlam mövqe nümayiş etdirməməsi, verdiyi sözə əməl etmək iqtidarında olmaması səbəbindən onların icazə verilməsi ilə bağlı müraciəti müsbət cavablandırılmayıb. Çünki bu şəxsin yürüş zamanı tədbirdə iştirak edən dağçıların hərəkətlərinə cavabdeh olmaması (bu şəxs dağlarda özündən sonra ərazini zibilləyən və digər nalayiq hərəkətlər törədən yoldaşlarının davranışlarına görə məsuliyyət daşımadığını bəyan edib) səbəbindən onun imzası ilə daxil olan və imzalayanın müəyyən məsuliyyətini nəzərdə tutan müraciətlərə müsbət baxılmaması məqsədəuyğun sayılıb. Məntiq sadədir: əgər sən öz üzvlərinin hərəkətlərinə məsuliyyət daşımadığını rəsmi bəyan edirsənsə, sənin imzanla bu adamlara məsuliyyət altına girib icazə verilə bilməz. Eyni zamanda məsuliyyəti üzərinə götürməyə hazır olan hər bir idmançının və ya klubun birgə, yaxud ayrılıqda müraciətinin məqbul sayılması barədə məlumat verilib. Yeri gəlmişkən, bizə mühafizə olunan ərazilərdə dəfələrlə problemlər yaradan Mursaqulov Saridan rəhbərlik etdiyi Alpinizm-turizm klubunun adından Heydər zirvəsinə yürüşdə iştirak üçün Şahdağ Milli Parkına giriş üçün müraciət edib. Bu yürüşlə bağlı artıq 300-dən çox müraciət daxil olub. Hətta bir sıra rayonlardan icra hakimiyyəti başçılarının müraciəti əsasında həmin rayonlardan gəlmək istəyən dağçılara onların sayının çox olması ilə bağlı cədvəl əsasında zirvəyə qalxmaq üçün 2 gün vaxt ayrılır. Lakin Mursaqulovun təmsil etdiyi dəstəyə 3 gün icazə veriləcək. Giriş ödənişindən də azad olunacaq. Lakin bunun üçün Milli Parka giriş qaydalarına uyğun olaraq rəsmi qaydada Departamentə müraciət olunmalı və əlavə olaraq yürüşdə iştirak edəcək şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti və hər bir bir yürüş iştirakçısı tərəfindən şəxsən imzalanması tələb olunan fərdi anket vərəqi (bu sənəd yürüş iştirakçısının rekvizitləri, səhhəti, dağçılıq idmanı sahəsində təcrübəsi kimi məlumatlarla yanaşı, onun ərazidə olarkən təhlükəsizlik tədbirlərinə və Milli Parkın daxili davranış qaydalarına əməl edəcəyinə dair iltizamnaməni özündə ehtiva edir) təqdim olunmalıdır. Budurmu qərəzli münasibət? Buna görə də deyə bilərəm ki, bəzi qrupların rəhbərliyinin və onun bəzi üzvlərinin məqsədi yalnız ara qatmaq, qara piar kampaniyası ilə məşğul olaraq ədəbsiz və tərbiyəsiz davranışları ilə ictimaiyyətin fikrini yayındırmaqdır.
Nəzərə alsaq ki, Şahdağ Milli Parkının əksər yüksək dağlıq əraziləri sərhəd zonasında yerləşir, bu halda qeyd olunan sənədlərin və məlumatların tələb olunmasının labüdlüyü aydın olur və bu sənədləri kimliyindən və sosial statusundan asılı olmayaraq hər bir yürüş iştirakçısı verməlidir. Əfsuslar olsun ki, bir sıra hallarda qanuni tələbimizin əksinə olaraq özlərini "Dağçı" adlandıran bəzi şəxslər bu məlumatları bilərəkdən vermir və ya onları tam şəkildə təqdim etmir, bununla bağlı onların müraciətlərinə mənfi cavab verildikdə isə bunu cəmiyyətə hüquqlarının pozulması və hətta "təqib" kimi təqdim edirlər. Əlavə edə bilərəm ki, son günlər ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı "Heydər zirvəsi"nə kütləvi yürüşlərin təşkil olunması ilə əlaqədar bir sıra dağçılıq şirkətlərindən daxil olmuş müraciətlərdə "qara siyahı"ya salınmış şəxslərin adlarına da təsadüf olunur... Halbuki, biz dəfələrlə bu adamlara adlarının "qara siyahı"ya salınması ilə bağlı məqamlara aydınlıq gətirilməsi və adlarının çıxarılması üçün tələb olunan izahatların verilməsini təklif etmişik, lakin buna məhəl qoymayaraq və saymazlıq nümayiş etdirərək, öz qərəzli ambisiyalarına sadiq qalmaqla yenidən Milli Parka daxil olmaq üçün müraciət edir və bundan istifadə edərək utanmadan Departamenti onlara qarşı qadağalar tətbiq etməkdə və qərəzçilikdə günahlandırır, bununla da ictimaiyyətin diqqətini süni olaraq özlərinə cəlb etməyə cəhd edirlər.
Məhz bu kiçik qrup iddia edir ki, guya müəyyən mənada ETSN bu kiçik qrupa öz rəqibi kimi yanaşır. Bu çox gülünc, qərəzli və eyni zamanda yekəxana bir iddiadır. Əslində bizim dağçılarla, ictimaiyyətlə heç problemimiz yoxdur. Ekoloqlar, ekoloji ictimaiyyət tədbirlərimizi alqışla qarşılayır. Dağçılar da bu tədbirlərə çox hörmətlə yanaşır, bizə dağları köhnə tullantılardan təmizləməyə kömək edirlər. Müəyyən edilmiş marşrutlardan kənara çıxmırlar, məhdudiyyətlərin mənasını yaxşı başa düşür və onları normal qəbul edirlər.
Səs-küylü kompaniyalara əl atan elə uzun zaman dağları, digər təbii əraziləri zibilləyən, kefi istədiklərini edən kiçik qrupdur.
30-40 nəfərlik bir qrupun kiminlə necə rəqabət apara biləcəyini də başa düşmək mümkün deyil. Yaxşı olar ki, bunlar öz ölçülərinə uyğun məqsədlər və hədəflər qoysun və hər halda özlərini qanunlardan üstün tutmasın. Demaqogiya burada yardımçı olmayacaq. Dağlara normal yanaşanların, qayda-qanunlara riayət edənlərin təbiətə qayğı ilə münasibət göstərənlərin üzünə dağlar həmişə açıqdır.
Bunları da demək yerinə düşər ki, bütün bu şəxslərin ETSN-yə qarşı qara piarına dəstək verən, bəzi hallarda qəsdən konflikt yaratmağa çalışan və ETSN-yə qarşı qərəzli mövqeyini gizlətməyən vaxtı ilə yaxşı, prinsipial jurnalist kimi tanınan, lakin zaman keçdikcə öz kiçik hisslərinin öhdəsindən gələ bilməyən şəxs durur. O, reket jurnalistikası ənənələrindən fərqlənməyən mövqedən çıxış edərək qisas almaq niyyəti ilə mütəmadi olaraq qərəzli və anlaqsız məlumatlar yayır, 3-5 alpinistin öz qanunsuz əməllərini ört-basdır etmək cəhdlərinə dəstək verir.
Düşünürəm ki, əgər 9 il əvvəl onun Nazirliyə aid şəxslərlə mövcud olan insani münasibətləri istismar edərək öz biznesini yüksəltmək cəhdi baş tutsaydı, yəqin ki, o bu gün heç bir əndazəyə sığmayan və utanc gətirən davamlı haqsız kampaniyada rol sahibi də olmazdı.
- Azərbaycanda həyata
keçirilən xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi
tədbirlərinin bundan sonra
da davam etdirilməsi
sahəsində hansı perspektiv planlar var?
- Bəli, çox işlər görülsə də, təbii ki hələ kifayət deyil. Bu sahədə tədbirlər bundan sonra da davam etdiriləcək. Hazırda Cənubi Qafqazda ilk dəfə olaraq Zaqatala-Balakən biosfer rezervatının yaradılması istiqamətində işlər görülür və xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 14 faizə çatdırılması sahəsində tədbirlər həyata keçirilir.
Ekspress.-2013.-25 aprel.-S.11;15.