Texnoparklar güzəştlərdən
istifadəyə başlayır
Dövlət
başçısının Vergi Məcəlləsində
dəyişiklikləri nəzərdə tutan
qanunu təsdiqləməsindən sonra sənaye və texnologiya
parklarında vergitutma ilə bağlı
dəyişikliklər qüvvəyə minib.
Vergi Məcəlləsində edilən dəyişikliklərə
əsasən, sənaye və texnologiyalar
parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən,
parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilən hissəsi
müddət qoyulmadan mənfəət
vergisindən, parkların rezidenti olan hüquqi şəxslərin
bu fəaliyyətdən əldə etdikləri
gəlirləri 7 il müddətinə mənfəət
vergisindən, sənaye və texnologiyalar
parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması
və tikintisi məqsədilə idarəedici
təşkilat və operator tərəfindən
idxal edilən texnikaların, texnoloji avadanlıqların və
qurğuların idxalının müddət qoyulmadan
ƏDV-dən, parkların rezidenti olan şəxslər tərəfindən qeyd olunan məqsədlər
üçün gətirilən texnika, texnoloji avadanlıq və qurğuların
idxalının 7 il müddətinə ƏDV-dən
azad edilir.
Eyni zamanda, parkların idarəedici
təşkilatı və operatoru,
parkların rezidenti olan
hüquqi və fiziki
şəxslər parklardakı əmlaka və istifadə etdikləri
torpaqlara görə əmlak və torpaq vergilərindən 7 il
müddətinə, parkların idarəedici təşkilatı
və operatoru parklardakı əmlaka və
istifadə etdikləri torpaqlara görə
əmlak və torpaq vergilərindən
müddət qoyulmadan azad
olunur.
Belə parklarda vergi güzəştlərindən
faydalanmaq üçün
iş və xidmət 7 il
ərzində təqdim olunmalıdır. Özündən əvvəlki
şirkətlərin başladığı işi
davam etdirəcək şirkətlərə
vergi güzəştləri həmin
müddətin qalan hissəsi ərzində
veriləcəkdir. Sənaye və texnologiyalar parkında vergi güzəştləri
hər başlanılan yeni layihə
üzrə isə ayrıca tam müddətə
veriləcək.
Sənaye, yaxud texnologiyalar
parklarında (texnoparklar) fəaliyyət
göstərəcək hüquqi və fiziki şəxslər vergi
güzəştlərinin tətbiq olunduğu
dövrdə sənaye, yaxud texnologiyalar parklarından kənarda fəaliyyət
göstərdikdə həmin fəaliyyətlə
bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalıdır.
Bu zaman sənaye, yaxud texnologiyalar parklarının rezidenti
bu parklardan kənarda
göstərdiyi fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən
edilmiş ümumi qaydada ödəyəcəklər.
Qeyd edək ki, Azərbaycan dövləti sənaye və texnologiyalar parklarına vergi güzəştləri tətbiq etməklə əslində bu sahədə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə maliyyə və iqtisadi dəstək göstərmiş olacaq. Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Vergi siyasəti və strateji araşdırmalar Baş
İdarəsinin rəisi Akif Musayevin şərhinə görə, sənaye
və texnologiyalar parklarının
yaradılması sahəsində xarici
ölkələrin təcrübəsi göstərir ki, dünya
iqtisadiyyatında qloballaşma proseslərinin
sürətləndiyi və bazara
çıxışla bağlı rəqabət mübarizəsinin
gücləndiyi bir şəraitdə bu sahədə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinə dövlət dəstəyinin
verilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını
təmin edən müsbət amillərdən biridir.
Sənaye və texnologiya parkları inkişaf etmiş ölkələrdə,
o cümlədən ABŞ-da,
Yaponiyada və Çində geniş şəkildə
yayılmışdır və həmin ölkələrin
iqtisadiyyatında əhəmiyyətli rol
oynayır.
A.Musayevin fikrincə, sənaye və texnologiya
parklarının iqtisadi inkişafdakı
müsbət rolu barədə beynəlxalq
təcrübə nəzərə alınmaqla, Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi dövlətin həyata
keçirdiyi iqtisadi
siyasətin tərkib hissələrindən birinə çevrilib. İdarə rəisi qeyd edib
ki, Azərbaycan prezidenti
tərəfindən imzalanan "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının istiqamətlərindən biri
də innovativ sahibkarlığın inkişaf etdirilməsini, elmtutumlu
məhsulların və texnologiyaların işlənilməsi
və tətbiqi üçün texnoparkların
və innovasiya zonalarının
yaradılmasını nəzərdə tutur.
Azərbaycanda artıq Bakı
şəhərində Balaxanı Sənaye Parkı,
Sumqayıt şəhərində Kimya Sənaye
Parkı və Sumqayıt Yüksək Texnologiyalar
Parkı yaradılıb.
Vasif
Ekspress.-2013.-25 aprel.-S7.