Akademik Akif Əlizadə AMEA-nın prezidenti seçildi
Yeni rəhbər: Akademiya tənəzzüldədir, elmə
ÜDM-in vur-tut 0,2%-i ayrılır və AMEA Rəyasət Heyətinin ştat sayı şişirdilib...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin
24-də keçirilən illik
ümumi yığıncağında
AMEA prezidenti səlahiyyətlərini
icra edən akademik Akif Əlizadə
44 səslə Akademiyanın
yeni prezidenti seçilib.
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin iştirak etdiyi iclası açan AMEA prezidenti vəzifəsini icra edən Akif Əlizadə bildirib ki, ötən hesabat iclasından sonra 9 görkəmli akademik dünyasını
dəyişib.
Onların sırasında AMEA-nın
sabiq prezidenti Mahmud Kərimov, Coğrafiya İnstitutunun sabiq direktoru Budaq Budaqov və digərləri var.
AMEA-nın akademik-katibi
Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki
fəaliyyətinə dair
məruzə ilə çıxış edib.
Daha sonra Akademiyanın yeni prezidentinin seçkisi keçirilib.
AMEA prezidentliyinə Akif Əlizadənin namizədliyini akademik Adilə Namazova irəli sürüb.
Akademik Namazova deyib ki, Akif Əlizadə
bu vəzifəyə daha layiqlidir. İclasda başqa namizəd irəli sürülməyib.
Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçilir
və onların hamısı Akif Əlizadəyə səs
verib.
AMEA prezidenti kimi ilk çıxışında Akif
Əlizadə ona səs verən hər kəsə təşəkkür edib:
"Elə vaxt olmayıb ki, çıxış üçün
çətinlik çəkim.
Amma bu dəqiqə həyəcan içindəyəm.
Sizin hamınıza xoşbəxtlik
arzulayıram. Respublikada gedən
yaradıcılıq fəaliyyəti
ilə fəxr edirəm. Qürur duyuram ki, bu yaradıcılıq fəaliyyətinin elm istiqamətində
mənim də payım var".
AMEA-nın yeni
prezidenti bildirib ki, imkan dairəsində
elmin inkişafı təmin ediləcək, elmin nüfuzunu yüksəltmək üçün
işlər görüləcək.
Akademik AMEA-da artıq 50 ildir çalışdığını bildirib: "Mən Geologiya İnstitutunda laborant kimi fəaliyyətə
başlamışam. Bu gün də söz verirəm ki, Azərbaycan elmini daha da
inkişaf etdirəcəyəm.
Mən Azərbaycan prezidentinə
təşəkkür edirəm.
Ümid edirəm ki, oktyabrda hamımız onu dəstəkləyib yenidən dövlət başçısı seçəcəyik.
Ümid edirəm ki, sizinlə əl-ələ verib Azərbaycan elminin, AMEA-nın nüfuzunu daha da qaldıracağıq" .
Akademiyanın prezidenti kimi gələcək prioritetlərini açıqlayan
Akif Əlizadə bunları deyib: "AMEA Rəyasət Heyətinin
(RH) fəaliyyətinin hətta
səthi təhlili göstərir ki, vəziyyət heç də lazımi səviyyədə deyil. Bir tərəfdən RH-nin ştat sayı şişirdilib, ayrı-ayrı
struktur bölmələrinin
funksiya və vəzifələri kifayət
qədər aydın ifadə edilməyib".
Onun sözlərinə görə, AMEA bölmələrinin
fəaliyyəti çox
zaman formal xarakter daşıyıb: "Elmin
akademik sektorunda köklü islahatların
aparılması istiqamətində
faktiki olaraq ciddi təkliflər irəli sürülməyib.
Məlum
olmayan səbəblərdən
AMEA-da funksional şöbələr - analitik
şöbə, proqnozlaşdırma
şöbəsi, Dövlət
Proqramları və İnnovasiyalar şöbəsi
yaradılmayıb. Analiz göstərir
ki, AMEA institutlarının
işinin təkmilləşməsinə
böyük ehtiyac
var. AMEA-da yeni zamanın standartlarına cavab verməyən, köhnə üsulla işləyən şöbə
və laboratoriyalar fəaliyyət göstərir"
(APA).
Akif Əlizadə qeyd edib ki,
yaranmış vəziyyəti
aradan qaldırmaq üçün təcili
tədbirlər görülməlidir:
"AMEA-nın son 10 ildəki
fəaliyyətinin qiymətləndirilməsi
nəzərdə tutulur.
Kibernetika İnstitutunda elmi
tədqiqatların keyfiyyətini
müəyyənləşdirmək üçün yeni sistem yaradılıb.
Bu sistemdən istifadə edilməlidir.
Hər bir institutun reytinqi və onun dünya institutları arasında yeri aydınlaşdırılacaq.
AMEA-nın maliyyələşdirilməsinin
yeni mexanizminin hazırlanması çox
vacibdir. AMEA-nın maliyyələşdirilməsinin
yeni proqramında bunların hamısı nəzərdə tutulacaq".
Akademik bildirib ki, AMEA-nın prioritet istiqamətləri
dövlətin prioritetlərinə
uyğun olmalıdır:
"AMEA 2020-ci ilin perspektivi
baxımından fundamental tədqiqatlarını
müəyyənləşdirməlidir. Təəssüf ki, indi AMEA-nın cəmi 50 prioriteti var. Enerji təhlükəsizliyi,
İKT sahəsində elmi
tədqiqatlar, biotibb, ölkənin milli təhlükəsizliyinə, müdafiə
qabiliyyətinin yaxşılaşdırılmasına
yönəlik tədqiqatlar,
insan sağlamlığı,
humanitar, tarix, dilçilik sahəsində
elmi tədqiqatlar əsas prioritet olmalıdır".
Onun sözlərinə görə, Azərbaycanda
elmin maliyyələşdirilməsi
hələ də qalıq prinsipi ilə həyata keçirilir: "Ötən
əsrin 80-90-cı illərində
ümumi daxili məhsulun 0,3-0,5%-i elmə ayrılırdısa,
1995-ci ildən başlayaraq
bu vəsait 0,2%-ə enib. Bu, mövcud
olan elmi potensialı qorumaq üçün də kifayət deyil. Ayrılan vəsaitlər milli maraqlara cavab verən istiqamətlərə
yönəldilməlidir. Maliyyələşdirmə ayrılarkən institutların
apardığı işlər,
dərc olunan nəşrlərin sayı,
beynəlxalq jurnallarda
iştirak nəzərə
alınmalıdır. AMEA
institutlarının əksəriyyətində
sınaq təcrübə
bazası yoxdur, olan bazalar isə
standartlara cavab vermir. Nəticədə innovasiya siklində
qırılma baş verir".
Akademiya prezidenti deyib ki, yalnız dövlət büdcəsindən
maliyyələşdirmənin aparılmasına ümid bəslənilməməli və
kənar maliyyə mənbələri axtarılmalıdır.
Akif Əlizadə əlavə edib ki, vəziyyətdən çıxış yolu elmi axtarışların müəyyən hissəsini
kommersiya məqsədlərinə
yönəltməkdir: Vəziyyətdən
çıxış yolunu
elmi tədqiqat işlərinin bir hissəsini kommersiyaya yönəltməkdə görürük.
AMEA-nın tənəzzül
vəziyyətdən çıxıb
stabil inkişafa yönəlməsini təmin
etmək üçün
müasir yanaşmalar
əsas götürülməlidir.
Azərbaycan elmi üçün
bu gün tənəzzül dövrü
başa çatıb.
Elmə ayrılan vəsaitləri ümumi daxili məhsulun 1-1,2%-nə qədər
çatdırmaq lazımdır".
Akademik elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əleyhinə olduğunu deyib. Onun sözlərinə görə,
bu məsələ yeni hazırlanan "Elm siyasəti haqqında"
qanun layihəsində
öz əksini tapıb. Lakin Akif Əlizadə
hesab edir ki, elmi fəaliyyətin
lisenziyalaşdırılması elmi yaradıcılığın
və elmi tədqiqatların sərbəst
aparılmasına ziddir.
Akademiyanın prezidenti "Elm siyasəti
haqqında" qanun layihəsinin onların təklifləri nəzərə
alınmaqla bu ilin sonuna kimi
qəbul ediləcəyinə
ümid etdiyini söyləyib.
Yeri gəlmişkən, AMEA-nın
vitse-prezidentləri yenidən
seçilib. Qurumun dünən
keçirilən iclasında
AMEA-nın I vitse-prezidenti
vəzifəsi ləğv
edilib və 4 vitse-prezident vəzifəsi
təsis edilib.
Akademiklər
Akif Hacıyev (AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru), İbrahim Quliyev (Geologiya İnstitutunun direktor müavini), İsa Həbibbəyli (Naxçıvan
Dövlət Universitetinin
rektoru) və Tofiq Nağıyev AMEA-nın vitse-prezidentləri
seçilib. AMEA İnformasiya Texnologiyaları
İnstitutunun direktoru
Rasim Əliquliyev AMEA-nın akademik-katibi postunu tutub.
Biologiya və Tibb Elmlər Bölməsinin akademik-katibi
Əhliman Əmiraslanov,
Aqrar Elmlər Bölməsinin akademik-katibi
Qərib Məmmədov,
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi
Akif Hacıyev, Yer Elmləri Bölməsinin akademik-katibi
Fəxrəddin Qədirov,
Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi
Kamal Abdullayev və Kimya Elmləri
Bölməsinin akademik-katibi
İlqar Tağıyev
seçilib.
Dosye
Akif Əlizadə 25 fevral
1934-cü ildə Bakıda
tanınmış həkimlər
Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində
anadan olub. Əslən Bakının Pirşağı
kəndindəndir. Babası Axund
Ağa Əlizadə Bakı quberniyası Şiələr Məclisinin
sədri, sonralar isə şeyxülislam kimi yüksək vəzifələr tutmuş
ünlü din xadimidir.
Akif Əlizadə Orta məktəbi gümüş
medalla bitirərək
Azərbaycan Sənaye
İnstitutuna daxil olub. 1957-ci ildə
Azərbaycan Elmlər
Akademiyasının Geologiya
İnstitutuna işə
qəbul edilib. 35 yaşında doktorluq
dissertasiyası müdafiə
edən Əlizadə
SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən
biri və Azərbaycan EA sistemində
ən cavan direktor müavini olub.
1978-cı ildə Geologiya İnstitutunun direktoru təyin edilib. 1980-ci ildə Akademiyanın müxbir üzvü,
1989-cu ildə isə həqiqi üzvü seçilib. 2007-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə
təyin edilib.
2003-cü il fevralın 9-da AMEA prezidenti
akademik Mahmud Kərimov
vəfat edəndən
sonra Akif Əlizadə prezidentin səlahiyyətlərini icra
edib.
Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır.
2004-cü ildə "Şöhrət", 2008-ci ildə
isə "Şərəf"
ordeninə layiq görülüb.
A.Xəlil
Ekspress.-2013.-25
aprel.-S.3;11.