İKT nəqliyyatdakı problemləri necə həll edir?

 

  İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə edilən uğurlardan idarəetmə sahəsində geniş istifadə edilir. Buna bariz nümunələrdən biri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzidir (NİİM).

   Mərkəzin prinsipi tamamilə informasiya texnologiyalarına və kommunikasiya sistemlərinə əsaslanıb. Əgər İKT müasir inkişaf mərhələsinə çatmasaydı NİİM kimi bir təşkilatı yaratmaq qeyri-mümkün olacaqdı. NİİM-i əlahiddə edən, onun dəyərini artıran məhz İKT-dir. Burada İKT-nin ən üstün keyfiyyətlərindən, nəticələrindən istifadə edilir.

   Bəs, NİİM necə yarandı, onun təsis edilməsini zəruri edən nə idi? Qeyd edək ki, mərkəz hələlik yalnız Bakını əhatə edir. Gələcəkdə mərkəzin əhatə dairəsinə Abşeron iqtisadi rayonu daxil olacaq, həmçinin respublikanın bütün magistral yollarda nəqliyyat sisteminin idarə edilməsi də NİİM-ə həvalə olunacaq.

   Mərkəzin yaradılmasına 2007-ci ildə prezidentin "Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında" sərəncamından sonra başlanılıb. Sərəncamda göstərilirdi ki, NİİM-in yaradılmasında əsas məqsəd Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılmasına köməklik etməkdir.

   Həqiqətən də 2007-ci ilə gəldiyimizdə Bakı şəhəri üçün nəqliyyat sisteminin idarə edilməsi ciddi çətinliklər yaradırdı. Avtomobillərin sayı sürətlə artırdı, tıxaclar getdikcə daha tez-tez müşahidə olunurdu, işıqforların standart qaydalarla işləməsi tələblərə cavab vermirdi, avtomobillərin sayının artması ilə əlaqədar yol infrasturkturunun yaxşılaşdırılması məqsədilə adi müşahidələrlə dəqiq monitorinq aparmaq mümkün deyildi.

   NİİM-i təsis etməklə ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsi, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması, nəqliyyat vasitələrindən istifadənin iqtisadi səmərəliliyinin artırılması, enerji resurslarına qənaət və ekoloji durumun yaxşılaşdırılması kimi məsələlər həllini tapmalıydı.

   Sadalanan işlərin görülməsi üçün mərkəz ən müasir İKT avadanlıqları ilə təchiz edildi. Mərkəzin idarə etdiyi sistemin ən yüksək texnologiyalar əsasında hazırlanmış beyin mərkəzi ABŞ-dan alındı. Bunu almaq üçün hətta NATO-dan xüsusi icazə də alınıb. Azərbaycan tərəfi təminat verib ki, bu sistem başqa ölkələrə ötürülməyəcək. Beyin mərkəzi 2011-ci ilin dekabrında istifadəyə verilən NİİM-nin inzibati binasında intellektual idarəetmə zalında yerləşdirildi.

   Mərkəzdə dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən 120 kvadratmetr sahəsi olan monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsini izləmək olar.

   Mərkəz eyni zamanda cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır.

   Hər bir avtobus dayanacağında Koreya istehsalı olan informasiya terminalı quraşdırılıb. İnformasiya terminalının vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. İşıqforların idarə edilməsi üçün xüsusi avadanlıqlar da qurulub. Həmin avadanlıqlar yollarda işıqforları idarə etməklə hərəkətin tənzimlənməsinə xidmət edir.

   Nəqliyyatın intellektual idarəetmə sistemi ümumilikdə 3 mərhələdən ibarətdir. Üç mərhələdən ibarət olan sistemin hazırda birinci mərhələsi Bakı şəhərinin əsas küçə prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük Bakı Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcək. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması ilə sistem işləyir. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilib. Nəqliyyatın axını haqqında informasiyanın toplanılması tıxacların azaldılması üçün siqnal sistemlərinin idarə edilməsi məqsədilə paytaxt ərazisində 150 nəzarət sistemi yaradılıb. Bundan başqa, yollardakı vəziyyətin avtomobilləri videoaşkarlayıcı vasitəsilə təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılıb.

   Bildirdik ki, intellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş verən qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə 48 iri elektron məlumat tablosu quraşdırılıb. Bu tablolarda yaşıl, sarı qırmızı rənglərdən istifadə etməklə sürücülərə öncədən yollarda avtomobillərin sıxlığı haqqında məlumat verilir. Yol yaşıl rənglə təsvir edildikdə bu həmin yolda hərəkətin normal olduğunu göstərir. Sarı rəng hərəkətin zəiflədiyini, qırmızı rəng isə hərəkətin dayandığını, tıxacın yarandığını göstərir

   Paytaxtda tıxac yaradan əsas səbəblərindən biri kimi avtomobillərin icazəsiz yerlərdə saxlanılmasıdır. Bunun qarşısının alınması məqsədilə isə şəhərin 44 yerində nəzarət sistemi quraşdırılıb. İntellektual nəqliyyat sistemində avtobusların hərəkətinin eyni vaxtda izlənilməsi hansı məkanda olmasını müəyyən edən avadanlığın quraşdırılması da tamamlanıb. İlkin mərhələdə iki min avtobusun hərəkətinin bu sistem vasitəsilə izlənir. Gələcəkdə ictimai nəqliyyatda cinayətkarlıq hallarının qarşısının alınması üçün avtobusların salonunda da kameralar quraşdırılacaq.

   İdarəetmə mərkəzində əldə olunacaq bütün məlumatların canlı yayımla televiziya radio kanallarına ötürülməsi mümkün olan televiziya radio studiyası da yaradılıb.

   NİİM sadalananların görülməsi üçün ən müasir üstün imkanlara malik İKT vasitələri ilə təchiz edilib. Ümumiyyətlə, mərkəz idarəetmənin təkmilləşdirilməsi məqsədilə davamlı olaraq informasiya sistemlərinin tətbiqini genişləndirir.

   Artıq NİİM sərnişinlərin sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq məqsədilə mobil telefonlar üçün proqram təminatı istifadəyə verib. Belə ki, proqramı mobil telefona yükləmiş istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında, elanlar digər məlumatlar əldə edə bilər.

   Mobil tətbiq tamamilə pulsuzdur. Hazırda tətbiq iPhone 3GS, iPhone 4, iPhone 4S, iPhone 5, iPod touch (3-cü nəsil), iPod touch (4-cü nəsil), iPod touch (5-ci nəsil) iPad iOS 4.3 qurğuları tərəfindən dəstəklənir. Tətbiq həmçinin iPhone5 üçün uyğunlaşdırılıb.

   Digər bir yenilik sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqidir. Bu nəqliyyatın intellektual idaraetmə sistemindəki ən önəmli yeniliklərdən sayılacaq. Hələlik mərkəzdə bu yeniliyin tətbiqi məqsədilə sınaqlar həyata keçirilir. Mayın sonundan etibarən isə nəqliyyatda ödəmə kartlarının satışına başlanacaq. Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, elektron ödəmələrlə bağlı proqram təminatı onun prosessinq mərkəzləri ilə əlaqəsi sınaqdan keçirilib (APA). Təcrübə göstərib ki, sistem işləyir, onun proqram təminatı düzgün formalaşdırılıb.

   Avtobuslarda elektron ödəmələrə başlanması ölkə ərazisində mobil ödəmə qurğularının kütləvi tətbiqi ilə bağlı ilk təcrübə olacaq. Sistemin işi bir neçə mühüm istiqamətləri əhatə edir - kartların tətbiqi, onların balansının artırılması, gediş haqlarının ödənilməsi, bölüşdürülməsi s. Artıq kartların istifadəsi ilə bağlı qaydalar da tam hazırdır.

   Nəqliyyatda ödəmə kartı öz xüsusiyyətlərinə görə adi bank kartıdır - onun təhlükəsizlik informasiya daşıma sistemləri adi kartlarda olduğu kimidir.

   Nazir müavini qeyd edib ki, nəqliyyatda ödəniş vasitəsi kimi adi plastik kartlardan istifadə etmək mümkün olmayacaq - bunun üçün ayrıca kart buraxılacaq. Amma həmin kartdan gələcəkdə digər nəqliyyat xidmətlərinin dəyərinin ödənilməsində istifadə etmək mümkün olacaq. Nəqliyyat kartından avtomobillərin parkinqi, metro taksidə, gələcəkdə isə xırda ticarət imkanları üçün ödəniş vasitəsi kimi istifadə oluna biləcək.

   Artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanılıb. Mayın 20-dən sonra kartların satışına başlanacaq. İlk mərhələdə gediş haqqının kartla ödənilməsi şəhərin mərkəzi hissəsini əhatə edən marşrutlarda mümkün olacaq: "Bu, 1 minə yaxın avtobuslardır. Sonra bu, digər marşrutlarda da tətbiq ediləcək".

   Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəmə sisteminə keçəcək. Bununla da sistem tam strukturu ilə işləyəcək.

   Ümid edək ki, İKT-nin son nailiyyətlərinin tətbiq edildiyi sistem Bakıda, gələcəkdə isə digər ərazilərdə nəqliyyatın idarə edilməsi ilə bağlı tez-tez rastlaşdığımız problemlərin həllinə həqiqətən nail ola biləcək.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-26 aprel.-S.9.