Eşq
Oğulları böyümüşdü, magistraturanı bitirib iş-güc yiyəsi olmuşdular. Bugün-sabah evlənəcəkdilər. Nadirlə Elnarə baba-nənə olacaqdılar, amma istəkli ər-arvad ola bilməmişdilər. Bu, Nadiri çox ağrıdırdı. Nadir Süleymanlı kafedra müdiri olmuşdu, prorektor olmuşdu, professor olmuşdu, baş direktor, şirkət prezidenti, nazir olmuşdu, amma sevilən kişi ola bilməmişdi. İndi Xəzərdə üzən gənc sevgilisinə baxdıqca həyatının ən mühüm arzusuna yetməyindən ləzzət alır, qürrələnirdi.
Nilufərlə təsadüfən rastlaşmışdılar. "Təsadüfdən zərurət doğar" deyən dialektik materializm haqlıymış. İndi onu bir gün görməyəndə süstləşirdi, işləməyə həvəsi olmurdu. Kədərli və şıltaq qız Nadirin həyatının mənasına çevrilmişdi. Nilufər su kimi dupduru görünüb, alov kimi qarsırdı. Ona ürcah olandan Nadir nazir olmaqdan əl çəkmişdi. Yox ey, vəzifəsini yerə qoymamışdı. Ancaq nazirliyin qayğılarıyla yaşamağı tərgitmişdi. Güzgüdəki görüntüsünə nazir tələbilə yox, kişi gözüylə baxırdı: qadın gözündəki cazibəsini ölçüb-biçirdi. Dostları deyirdilər ki, bu qız sənin təkcə qəlbini yox, beynini də fəth edib, özünü gözlə. Həyatındakı boşluq tamam dolmuşdu deyə Nadir çox məmnun idi. O yatanda da, duranda da ancaq Nilufəri düşünürdü. Qız da kədərin daşını atıb bütün varlığıyla aşiq olmuşdu bu maraqlı kişiyə. Bircə ona təəccüblənirdi ki, bu necə baş verdi? Axı, bir də sevəcəyinə inanmırdı. Rəfiqələri ha deyirdilər ki, özünü yorma, eşqin niyəsi yoxdur, EŞQ elə buna görə eşqdir. Məhəbbət başlarını elə qatmışdı ki, indi dünyada Nadirçün Nilufərdən daha vacib adam, iş, məşğuliyyət yoxuydu. Qızı yerindəki gözəlin sevgisindən taxdığı qanadlar onu bəxtiyarlığın ənginliklərində süzdürürdü.
Dənizdə külək başlamışdı. Sahilin qum çarşabını qaldırıb dincələnlərin üstünə örtürdü. Qüruba enən günəş Xəzərdə əsrarəngiz gözəllik yaratmışdı. Nilufər suları yara-yara Nadirə doğru üzürdü. Nəhayət, fərqinə varmışdı ki, sahildə adamlar yaman çoxalıb. "Tanıyan-bilən olar. Kişinin başını dərdə salmayım. Aşkımı incidərlər...",- düşüncəsiylə sahilə tələsirdi. Əslində onların getmək vaxtı çoxdan çatmışdı. Yay axşamlarında Bilgəh çimərliyi Nadirin nazirliyindəki "açıq qapı günü" sayaq bir yerdi. Amma bu axşam kişinin beyni elə dumanlanmışdı ki, heç nə eyninə gəlmirdi. Nadir içdikcə beynindəki duman aydınlaşır, ona yol göstərirdi: - "Bu gözələ sahiblənməyin yeganə yolu izdivacdır! Əksi nakişilik olar. Elnarədən ayrılmaq lazımdır. Onsuz da hərə öz aləmində yaşayır..."
- Aşkım,
nə düşünürsən? Qətifəni mənə
versəən,- deyə sahilə çıxan qız
nazlandı. Qətifə bəhanə oldu. Nadir qızı qətifəqarışıq
qucaqlayıb bağrına basdı.
- Səni dənizə elə
qısqandım ki!.. Az
qaldım od vurub Xəzəri yandıram.
- Afərin mənim aşkıma. Ginnesin rekordlar kitabına düşəcək.
Dünya yaranandan belə hünər göstərən
olmayıb.
- Sən inanma. Mən yandırım, sən də bax.
Deyəsən, içki Nadiri tutmuşdu. O, alışqanını yandırıb dənizə yaxınlaşdı. Ətrafdakılar gənc sevgilisinə eşqini isbatlamaq istəyən ağsaçlı kişini maraqla izləyirdilər. Nilufər şıltaqlığa başladı: "Yaxşı, yaxşı, inandım. Neftimizə od vurma. Avropanın enerji təhlükəsizliyinə zamin durmuşuq. Qoy yaşayaq".
Qızın
sözləri çimərlikdəkiləri
güldürdü. Dənizi yandırmaqdan vaz keçən
Nadir indi də sevgilisinin adını quma həkk etməyə
başladı. İri hərflərlə "MƏN NİLUFƏRİ
SEVİRƏM!!!" yazdı. Xəzər indicə
qucağından buraxdığı gözəli necə
qısqandısa, əlinin tərsi ilə dərhal sildi
cümləni. Nadir inada düşdü. Xəzər sildikcə
o, yazırdı. Bir gözəlin iki aşiqi əməlli-başlı
yarışırdılar. Axırı Nadir qalib gəldi. Rəqibinin
əli çatmayan qumsallığa həkk etdi eşqini:
"NİLUFƏRİ SEVİRƏM!" Xəzər
hirsli-hirsli baxırdı Nadirə. Dalğalar şahə
qalxıb bir şapalaq vurdu sahilin yanağına. Ancaq
qumsallıq əmanətə xəyanət etmədi, qorudu
Nadirin ürək sözünü. Hər hərfin qumda
açdığı cığırları fəxrlə izləyən
gözəl gülümsəyərək başını
bulayırdı: "Yeniyetmə oğlansan, Nadir, yeniyetmə
oğlan. Sonra da deyirsən "qocayam". Ay Nadiiiir..."
Ürəyində sevilməyin sevincini yaşayan Nilufər qələmə çevrilmiş taxta parçasını Nadirin əlindən alıb dənizə tulladı. Sevgilisinə sarıldı. Zarafat deyildi, bu boyda nazir millətin içində ona eşq elan etmişdi. Qəlbi cəh-cəh vururdu. Oricinal eşq elanını sevgililərin uzun sürən öpüşməsi müşayiət etdi. Bir anlığa çimərlikdəkilər yaddan çıxdı.
Özünü günə verənlər arasında
pıçhapıç düşdü. Hər ağızdan bir avaz gəlirdi:
- Aaaa, bunlara baax, ətiniz
tökülsüüün...
- Ay qız, bu kişi
nazirimiz Nadir Süleymanlı deyilmi? Vaxseeeeyyy.
- Kəsin səsinizi. Baxmağa yer tapmırsııız? - deyə tosqun arvadların yanındakı
kişi onlara təpindi. Dedi-qoduçular tez
susdular. Görünür az-az çölə-bayıra
çıxırdılar, belə hadisələrin şahidi
olmamışdılar.
Bir az aralıda
sarı adyalın üstündə oturub qarpız yeyən gəlinlər
də him-cimlə öpüşənlərdən
danışırdılar:
- Odu dəə, ağəz. Özüdü ki var. O gün AzTV-də göstərdilər,
oddu-oddu danışırdı. Yəqin
yanındakı qızıdır.
- Allah evini tiksin. Ata
qızını elə öpüüüür?
- Lağla deyirəm dayna. Pul qudurdub bunnarı. Millətin
balalarını yoldan çıxarıllar.
Harınlar...
Sevgililərə
baxan çox idi. Amma əhəmiyyət verən az idi. Son illər insanların
gözü alışmışdı belə şeylərə.
Söz-söhbət Nilufərgilin durduğu yerdən
anlaşılmasa da, külək "Nadir
Süleymanlı" kəlməsini qızın
qulağına çatdırmışdı. O, çimərlikdən
uzaqlaşmağa tələsdi. "Bu ölkədə
insana rahatlıq yoxdu. Deyən gərək,
niyə öz dərdinizlə ölmürsüz?"
İlk məhəbbətinin
süqutu, sevdiyinin dönüklüyü Nilufərin həyatında
dağıdıcı zəlzələ təsiri yaradıb,
bütün daşları yerindən oynatmışdı.
Məhəbbət saydığı duyğunun
səbəbsiz-filansız çırpıb getdiyi qapıdan
şəstlə içəri girən ayrılıq onu
varından yox etmişdi. Gənc qız
sönmüş ocaq kimi tüstülənirdi. Beyni, qəlbi, ruhu duman içindəydi. Ayrılıq onu gözəgörünməz məxluqa
çevirmişdi. Universitetdə də,
evdə də ruh kimi gəzib-dolaşırdı. Heç kimə qaynayıb-qarışmırdı.
Dünyadan küsmüşdü. Özü üçün hər şeyin bitdiyini
düşünürdü. ?Bir daha
kimsəyə inana bilmərəm?,- deyirdi ki... Nadirə
rast gəldi. İnandı və sevdi.
Həyatına xoşbəxtlik gətirən
sevgini sevdi. O gün Nilufərin həyatının
dönüş nöqtəsi oldu: mənəvi ölümdən
diriliyə doğru. Bu sevgi onu göylərə
pərvazlandırdı.
Nilufər Nadirə
elə bağlanmışdı ki, yaş-filan gözünə
görünmürdü. Kişiylə
tay-tuşu kimi davranırdı. O, bu sevdaya düşəndən
gözəlləşmişdi. İrəliləyən
yaş da yavaş-yavaş şıltaq
qızcığazın uşaq sifətinə qadınlıq
məlahəti gətirirdi. Üzünün
dərisi parlayırdı. Çöhrəsinin
düzgün cizgiləri, gözləri və dodaqları yeni
anlam qazanmış, sirli bir cazibəyə
bürünmüşdü. Ruhuna
hopmuş sevgi Nilufərin yerişindən-duruşundan
hayqırırdı. Hər hərəkətiylə
ətrafdakılara "xoşbəxtəm..,
qayğısızam..." mesajını verirdi. Dikdaban tuflilərin üstündə kəpənək
tək uçan, fırfıra tək fırlanan sevgilisinə
baxdıqca Nadir Süleymanlı da azı on yaş
cavanlaşırdı. Oturuşunda-duruşunda
çeviklik, enerci axını tüğyan edirdi. Bunu tabeliyindəki işçilər də sezirdilər.
Elnarə də duyuq düşmüşdü, amma adəti
üzrə vecinə almırdı: - "Neyləyir, eləsin.
Təzəcə rektor təyin olunmuşam.
Gərək universitetdə yeniliklər edəm
ki, yerimi bərkidəm, gözə girmək lazımdı.
Nadir qaçmır".
Kosmetikaya çox da
aludə olmayan Nilufər tez-tez gözünün rəngini dəyişməyi
xoşlayırdı. Bilirdi ki, yaşıl
linzada Nadirin ağlını başından alır. Bu gün hazırlıqlı gəlmişdi. Dənizə girəndə linzasını
çıxarmışdı. Yuyunub-geyindikdən
sonra yenidən taxdı. Yüngülvarı
sərxoş olan Nadir lap havalandı.
- Gözəlim! Gözlərinin
alasına qurban olum!
- Nadir, yavaş. Camaat
içindəyik.
- Olaq daa. Mən
eşqimi gizlətmirəm. Kimsədən
çəkindiyim yoxdur.
- Bilirəm mənim aşkım cəsurdur.
Bir də baxassan işçilərin
burdadır. Gedək.
-
"Aşkım" nədi, gözəlim, məni öz
dilimizdə əzizlə. Türk
seriallarından öyrəndiyin sözlərlə dindirəndə
elə bilirəm rol oynayırsan. Nə deyirsən de, ana
dilimizdə de!
Nadirin iradından
Nilufərin könlündə tufan qopdu. Onsuz
da ətrafdan eşitdikləri, onları izləyən
xoşagəlməz baxışlar qanını
qaraltmışdı. Dodaqları
büzüldü. Ağlamsındı.
Bu halında elə gülməliydi ki.
Nadir qızın cazibəsinə dayana bilmədi:
- Yaxşı, yaxşı... Arabir də böyük sözünə bax. İndi maşına. Yolçu
yolda gərək.
Nilufərin məyusluğu
duman kimi seyrəldi. Kişinin amiranə
tonda danışmağını xoşlayırdı. İçinə dolan qəribə sevincdən, fərəhdən
köksü qabardı. Uşaq kimi atlanıb sükan
arxasındakı yerini tutdu:
- Sən içkilisən. Maşını mən sürəcəm.
Sevgililər
Bakıya doğru üz tutdular. Yol boyu Xəzərdən
əsən meh ruha rahatlıq gətirirdi. Magistral
yola çıxanadək susub fikrə daldılar. Səssiz söhbət edirdilər. Arada nəzərləri bir-birinə
sataşırdı. Gülümsəyirdilər.
Maşında elə rahat aura vardı ki! Nilufər
çimib yüngülləşmiş,
ağırlığını dənizdə qoyub gəlmişdi.
Dedi-qoduçuların
pıçıltısını eşitməsəydi, kefinə
kef çatmazdı. O, Nadiri sevirdi və bu sevgidə
xoşbəxtliyini tapmışdı. Gerisi
taleyin əlindəydi.
Nadir isə özünün
"viski qonaqlığında" mühüm bir qərara gəlmişdi:
bu axşam evdə məsələni açacaqdı. Elnarənin razılığını
alacağından əmindi. Oğullarından
utanırdı. Bir də... boşanma məsələsi
karyerasına zərbə vura bilərdi. Sarsıtmasa
da, laxladardı mövqeyini. Akifgil nə
vaxtdır belə fürsət gözləyirdilər. Yeznə-qayın birləşib həngamə
qoparacaqdılar. "Əşi, indi nə
dövrdü? Fransa prezidenti Nikola Sarkozi
boşanıb təzə arvad ala bilir, sıravi nazir Nadir
Süleymanlı alammır?!"
Nilufər vəzifə
hərisi deyildi. Görüb-götürmüş
ailənin qızıydı. Nadir nazir oldu,
ya müəllim oldu onuncün fərqi yoxdu. İlk tanışlıqda bilməmişdi bu
kişinin nazir olduğunu. İş işdən
keçəndən sonra xəbər tutmuşdu ki, qəlbində
taxt quran adam nazirdir. Nadirə də elə
bu lazım idi - kişi kimi sevilməyi. Eşq Nadiri elə tilsimləmişdi ki, əlindəkilərdən
əl çəkməyə hazırdı. "Yüksəklərdə uçmaqdan doydum.
Nə qədər olar vəzifə dərdi
çəkmək, bəsdir dəə?! Sevilən kişi olmaq... böyük səadətdir! Qalan ömrümü Nilufərə həsr edəcəm.
Oğullarım tezliklə evlənib yerbəyer
olacaqlar. Elnarəyə də mən
lazım deyiləm. İndi daha
özünün əli hər yerə çatır. O qədər
qayğıyla yükləndim ki, başım da vaxtsız
ağardı... Özüm üçün
yaşamağın vaxtı çatdı artıq. Bu
şansı əldən versəm...?
Ağsaçlı
kişinin qəlbində tonqal alovlanırdı. Qarşıdan gələn
payızını-qışını cavan sevgilisinin bahar
ömrünün hərarətiylə isitmək istəyirdi.
Nilufərin ömrünün yayında
qızınmaq, o yayın Sevgi Günəşinin atəşində
yanmaq istəyirdi. Maşın Bakıya
doğru şütüyürdü. Nilufər
mahir sürücüydü. Ona görə
də Nadir tam arxayınlıqla ikisinin taleyini gözəlinin əllərinə
etibar etmişdi. Nilufər həzin
melodiyaların yazıldığı diski CD-pleyerə daxil
etdi. Musiqi səsi maşına doldu. Nadir başını sükan arxasında olan Nilufərin
çiyninə qoyub gözlərini yumdu. Bir azdan o da
mahnı oxuyurmuş kimi həzin-həzin dilləndi:
- Nilufər, mənim Nilufərim! Sən ağac olsan, Nadir o ağacın altında
çürüyən meyvə olmaq istəyər. Torpaq olsan, qar yorğanıyla sənin
üstünü örtüb, şaxtadan-ayazdan qorumaq istəyər.
İlk dəfəydi
Nilufər Nadirdən belə romantik sözlər eşidirdi.
Əvvəlcə bilmədi kişi onunla
zarafat edir, yoxsa ciddidir. Elə ki Nadir sözünü davam etməyə
başladı, qız diqqət kəsildi:
- Nilufər,
hərəmiz okeanın bir tayında olsaq və okeanın üstünə
duman sallansa, mən gəmi olub yenə sənə doğru
üzərəm... Bil ki, atmosferin ozon qatını yarıb
keçsən, raketə çevrilib ardınca Günəşədək
üzərəm... Yağış olub göydən yağsan,
torpaq olub səni canıma hopduraram... Alova çevrilsən,
odun əvəzinə özümü sənin ağuşuna
ataram...
"Buna noolub? Görəsən, hardansa əzbərləyib, yoxsa
öz sözüdür?" Nilufər eşitdiklərini
hardasa oxuyub-oxumadığını götür-qoy etməyə
macal tapmamış Nadir dalını gətirdi:
- Sən çox bəyəndiyin
"Lexus"a çevrilib səyahətə çıxsan,
mən yol olub təkərlərinə düşənərəm...
Dənizə çevrilsən, ada kimi qoynuna sürünərəm...
Aysberq olsan, suya düüşüb səthini
sığallayaram...
"Yoox, bunlar əzbərlənmiş
sözə oxşamır. Deyəsən,
aşkımın öz
yaradıcıdığıdır". Aram-aram
söylənən, sevgi dolu sözlər yavaş-yavaş
Nilufərin varlığını sehrləyirdi. Qız EŞQin qanadlarında səmalara uçurdu.
Nadirin səsi ilahidən gələn səda kimi ruhunu
oxşayırdı:
- Nilufər, mənim Nilufərim! Söz olsan səsə, musiqi olsan nota çevrilib tərkibinə
daxil olaram. İkimizin birliyindən ecazkar musiqilər
yaranar... İnformasiya xisləti daşısan,
elektron vasitəyə çevrilib səni öz məkanımın
hüdudlarında əsir saxlaram. Səni kimsəyə
vermərəm!.. Kometa olub
kosmosdan düşsən, kainat olub səni bağrıma
basaram. Bizdən törəyən meteoridlər
milyon-milyon illər Yer kürəsinə məhəbbət
çiləyər!..
Nadir Nilufərin
bütün vücuduna, varlığına çevrilmək
istəyirdi, hər zərrəsinə çevrilmək istəyirdi.
İstəyirdi... istəyirdi... elə çox şey istəyirdi
ki! Əslində, bunların hamısını
EŞQ istəyirdi. Ağsaçlı
kişini dilləndirən, onu şairə, filosofa çevirən
də EŞQ idi. Nadirlik bir şey yoxuydu.
O anda Nadir qəlbinə sığmayan eşqini dünyaya bəyan
etmək istəyirdi. Nilufər elə təsirlənmişdi
ki, daha heç nə eşitmirdi. Nadir
gözlərini iri açmışdı. Sevgi dolu baxışlarla Nilufərə baxa-baxa nəsə
deyirdi. Gözləri, dodaqları məhəbbət
püskürürdü.
Aeroport yolundan
çıxsalar da, maşın 120 ilə gedirdi. Nilufərin məst olmuş zəkası sürəti
aşağı salmağı unutmuşdu. EŞQin sehrli aləmindəki rahatlığı
birdən... toqquşma səsi pozdu "daaaaanq!"... Üç maşın qarın-qarına
girmişdi. Fil dişi rəngində
"Lexus" ikitərəfli əzilmişdi. Kiminsə salamat çıxacağı möcüzəydi.
Bir anın içindəcə siqnal səsləri
küçəni başına götürdü. Arxadan gələnlər maşınları
saxlayıb köməyə tələsirdilər.
Badımcanı taksidən boylanan bir arvad
qışqırırdı:
- Aaaaa! Bunlar ki bayaq öpüşənlərdiiii!?.
(əvvəli
ötən sayımızda)
Mənzərə
SADIQOVA
Ekspress.-2013.-27-29 aprel.-S.19.