Mikayıl Rəfili və Mir Cəfər Bağırov

 

Gəlişi, gedişi eyni gündədir, Rəfili bəşərin beşiyindədir.

 

İki gün əvvəl - aprelin 25-də Azərbaycanın görkəmli alimi və yazıçısı Mikayıl Rəfilinin ölümündən 55 il keçdi. Həmin gün onun həm də doğum günü idi...

   Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Borsunlu kəndində varlı ailəsində doğulmuşdu. Yelizavetpol (Gəncə) klassik gimnaziyasında təhsil aldığı illərdə bədii yaradıcılığa başlamışdı. "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələrini - "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsini "Əfkari-mütəəllimin" jurnalında dərc etdirmişdi.

   Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Borsunlu kəndində müəlim və məktəb müdiri işləyən Rəfili 1921-ci ildə orta təhsil almaq üçün Gəncəyə gəlir. İctimai işlərdə fəallıq göstərdiyi üçün III Azərbaycan qurultayına nümayəndə seçilir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olur, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir və 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alır. Bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyir. Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan Proletar Yazıçıları Birliyində fəal çalışır. 1929-cu ildə Moskvaya I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent (1930-1935) işləyən Rəfili eyni zamanda "Bakinsk raboçi" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olmuşdu. SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilən Rəfili "Hücum" və "Qabaqcıl" ("Udarnik") jurnalları redaksiya heyətinin üzvü olur, Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, "Sevastopol" və "Leninqrad" poemalarını qələmə alır.

   SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləyərkən (1934-1935) Sovet yazıçılarının I Ümumittifaq qurutayına nümayəndə seçilir. 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alan Rəfili "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə edir, "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "M.F.Axundov" əsərlərini yazır.

   Nizami yubiley komitəsi tərkibində məsul katib olan Rəfili 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdı. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar edir, "Səbuhi" filminin ssenarisini, "Şirvanşah İbrahim" pyesini yazır. SSRİ Yazıçıları idarəsinin üzvü olan Rəfili 1944-cü ildə doktorluq dissertasiyası müdafiə edir. "Şərəf nişanı" ordeni və medallarla təltif olunan alim-yazıçı 1958-ci il aprelin 25-də 53 yaşında vəfat edib.

   Professor, əməkdar elm xadimi Paşa Əfəndiyev Mikayıl Rəfilini geniş erudisiyaya, biliyə, ədəbi və elmi istedada malik nadir şəxsiyyət kimi dəyərləndirir: "Əlbəttə, onun bütün elmi, pedaqoji işi haqqında danışmaq çətindir. Ancaq mən bəzi məqamları yada salmaqla kifayətlənəcəyəm.

   Prof. M.Rəfilinin tədqiqat obyekti Azərbaycan ədəbiyyatı tarixi idi. Xüsusilə onun ən qədim dövrü idi. Ən qədim dövrlərdən başlayaraq, M.F.Axundov da daxil olmaqla ədəbiyyatımız haqqında onun çoxlu məqalələri və kitabı var. M.Rəfilinin ən böyük xidmətlərindən biri də Azərbaycan ədəbiyyatı və mədəniyyətimizi rus və digər xalqlar içində yayması və təbliğ etməsi idi. Böyük qürur hissi və iftixarla Nizami, Xaqani, Qazi Bürhanəddin, Nəsimi haqqında, Füzuli, Vaqif, M.F.Axundov haqqında danışırdı. Bununla belə professorun tədqiqat coğrafiyası bütün dünya ədəbiyyatı idi. Xüsusilə XIX əsrin axırları - XX əsrin əvvəllərində yaşayan dünya ədəbiyyatı korifeyləri haqqında. Burada bir incə mətləb var idi. O, dünyanın hər hansı böyük sənətkarı haqqındasa yazanda, Azərbaycan ədəbiyyatı ilə əlaqə tapırdı. Beləliklə, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov kimi ədəbiyyatımızın nəhəngləri dünya sənətkarları səviyyəsində öyrənilirdi.

   M.Rəfilinin axtarışlar coğrafiyası bütün dünya ədəbiyyatını əhatə edirdi. O, XIX-XX əsrlərdə dünyanın ən böyük sənətkarları haqqında yazıb. Həmin sənətkarlar dünyagörüşü, yaradıcılıq metodu və üslub etibarilə tamamilə müxtəlif şəxsiyyətlərdir. Məsələn, alman Nautman (Nobel mükafatı laureatı), Bexer, Heyne, Şiller, italyan Dante, fransızlar - Romen Rolan, Anri Barbüs, Viktor Hüqo, Onore de Balzak, Şekspir, Bernard Şou, Drayzer, Cek London, Hamsun (Nobel mükafatı laureatı), Anderson, Stevan Sveyq, Servantes, Robendranat Taqor və başqaları. Bu sənətkarların yaradıcılıq metodu ekspressionizmi, impressionizm, simvolizm, sentimentalizm, romantizm, realizm və başqa ədəbi cərəyanlardan ibarət idi. Bu cərəyanları dərk etmək özü bir problemdir...

   M.Rəfili böyük tərcüməçi idi. Özü çox zaman bu və ya digər xarici yazıçının əsərini öz dilində oxuyur və xoşa gəldiyini ana dilimizə çevirib, Azərbaycan oxucularına verirdi. Xarici dillərdən V.Hüqonun "Paris Notr Dam kilsəsi" (1936), "Səfillər" (1958), Balzakın "Qorio Ata", novellalar, L.N.Tolstoyun "Dirilmə" (1951), Qoqolun əsərləri, I cild və başqa yazıçı və şairlərin əsərlərini ana dilimizə tərcümə etmişdir.

   M.Rəfili həm də keçmiş sovetlər ölkəsində yaşayan xalqların ədəbiyyatından həm tərcümələr etmiş və həm də məqalələr yazmışdır. Şota Rustaveli, Ukrayna şairləri Pavlo Tisina, Mikola Basan, Pribaltika şairi Raynis, Orta Asiya türklərinin Nəvai, lahuti, Abay, Firdovsinin "Şahnamə"si və s. haqqında yazmışdır...

   Professor M.Rəfili M.F.Axundov haqqında "Səbuhi" adlı kinossenari yazıb. Professor M.Rəfili "Xosrov və Şirin" adlı opera librettosu yazıb. Operanın musiqisi Niyazinindir. Professor M.Rəfili Azərbaycanın orta məktəbləri ilə də bağlı olmuşdur. Hələ Böyük Vətən müharibəsindən əvvəl orta məktəblər üçün, xüsusilə VIII siniflər üçün "Qədim ədəbiyyat" dərsliyini yazmışdır. Bu kitab müəllifin ölümünə qədər fasiləsiz olaraq hər il çap olunmuşdur. Ali məktəb tələbələri üçün 1958-ci ildə yazdığı "Ədəbiyyatşünaslığa giriş" dərsliyi də öz təravətini saxlayır.

   M.Rəfili auditoriyaya əlində qeydlərsiz daxil olmazdı. Ədəbi aləmdə, ədəbiyyatşünaslıqda olan yeniliklərə hamıdan əvvəl M.Rəfili bələd olardı, həm kafedra üzvlərinə, həm də tələbələrinə danışardı. Ona qulaq asmaqdan doymaq olmazdı. O zaman M.F.Axundov adına Dillər İnstitutu hələ ayrılmamışdı, bir fakültə kimi bizim institutun tərkibində idi. Aspirant olandan sonra məni həm Azərbaycan, həm də rus şöbələrində olan mühazirələrinə aparırdı. Onun ilhamla, ürəklə, pafosla oxuduğu mühazirələrin əks-sədası indi də qulaqlarımdadır" (Teyyub Qurban. "Həqiqət olduğu kimi". 2011).

   Professor Mikayıl Rəfili pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin ən çox sevdiyi müəllimlərindən olub. "Onun istedadı, çoxsahəli qabiliyyət imkanları, sovet şablonundan kənar tədqiqat əsərləri, az rast gəldiyimiz şeirlər, ana dilimizin şirəsindən cövhərlənmiş tərcümə əsərləri, Azərbaycan və rus dillərində natiqlik məharəti onu tələbələrinin əsrarəngiz məhəbbətini qazanmış insana çevirmişdi", - deyə Əjdər Ağayev bir məqaləsində yazmışdı.

   Onun sözlərinə görə, ötən əsrin 50-ci illərinin tələbələri M.Rəfilinin haqsız hücumlara, tənqidlərə məruz qaldığını da bilirdilər: "Əfsanəyə çevrilmiş M.Rəfili şəxsiyyəti o zamankı açıqfikirli insanların maraq dairəsində idi. Bəzən bu insanlar özlərinə verdikləri "nə əcəb M.Rəfilini indiyədək həbs etməyiblər" sualına cavab axtarırdılar. Amma cavab tapa bilmirdilər. Çox uzun illərdən sonra bu cavab bəlli oldu. Bəlli oldu ki, təzyiqlərdən əzablara düçar olan Mikayıl Rəfilini onu sevməyənlərin əlindən o zaman Azərbaycan K(b)P MK katibi olan M.C.Bağırov xilas edib.

   Maraqlı cəhət burasındadır ki, M.C.Bağırov da həyatı əfsanəyə çevrilmiş insanlardandır. Onun da haqqında mənfi fikirlər söyləyənlər, hətta "cəllad", "qaniçən" adlandıranlar olmuşdur.

   Bəs əslində həqiqət necədir? Bütün bu cür müəmmalı sualları düzgün cavablandırmaqda tədqiqatçı Teyyub Qurbanın son illərdə yazdığı əsərləri marağı olan hər kəsə kömək edir.

   Şair-dramaturq, publisist və tədqiqatçı, ictimai xadim Teyyub Qurban yaradıcılığa 1950-ci ildən başlayaraq, indiyədək iyirmidən artıq kitab nəşr etdirmişdir. Onun son kitabları arxiv sənədlərinə istinadən yazıldığından, bir çox mətləblərin açıqlanmasına, meydana qoyulmasına xidmət edir. Buna görə də geniş oxucu dairəsinin, ziyalıların böyük marağına səbəb olur.

   Səhifələrini dönə-dönə oxuduğum "Həqiqət olduğu kimi" kitabı professor Mikayıl Rəfili, Azərbaycan K(b)P MK katibi Mir Cəfər Bağırov reallığını bütün inandırıcılığı ilə meydana qoyaraq, müəmmalı sualları həqiqəti olduğu kimi göstərərək cavablandırır.

   Öncədən qeyd edim ki, kitabda mülahizə, yozum, şəxsi subyektiv baxış yoxdur. Həm bir hərəkət, vaxt, görülən iş arxiv sənədlərinə əsaslanır. Doğrudur, kitabın ana xətti professor M.Rəfilinin fəaliyyətini göstərmək, M.C.Bağırovun alimin xidmətlərinə münasibətini əks etdirməkdir, lakin kitabdakı arxiv sənədləri o dövrün bir çox problemini aydınlaşdırmağa imkan verdiyindən, kitabın məzmunca daha geniş mahiyyət daşıdığını qeyd etməliyik".

   Mikayıl Rəfilinin qızı Selcan Rəfilinin sözlərinə görə, 40-cı ilərin axırlarında və 50-ci illərin əvvəllərində atasına qarşı tənqidlər kəskinləşmiş, o, kafedra müdiri vəzifəsindən və bir neçə ali məktəbdə müəllimlikdən kənarlaşdırılmışdı. Qərəzkarlar onu mətbuat səhifələrində tənqid atəşinə tutur, yazılarında mənliyini alçaldan kobud ifadələr işlədirdilər.

   "Dünən atama mədhnamə oxuyanlar ondan üz döndərdilər, hətta salam da vermədilər. Bəzi dostları da atamdan uzaq qaçdılar. Həmin vahiməli çağları xatırlayanda anama deyərdi ki, gözlərimizə yuxu getməzdi, ümidinimiz hər şeydən və hər kəsdən üzülmüşdü. Gözləyirdik ki, qapımız döyüləcək və...

   Belə səksəkəli günlərdən birində (mən o günü "xoş gün" adlandırıram, başqa cür adlandırmaq da olmaz) axşamdan xeyli keçmiş qapımız döyüldü. Nənəm, anam və mən mətbəxə qısıldıq. Atam qapıya tərəf getdi. Və birdən mətbəxə, bizimlə görüşüb salamlaşmağa atamın yanında qonaq da gəldi. Gözlərimizə inanmadıq, elə bil yuxu görürdük - bu, Mir Cəfər Bağırov idi. Bizimlə bir masa arxasında çay içdi, sonra atamla birlikdə yan otağa keçdi, atamın iş kabinetinə. Onlar uzun-uzadı söhbət etdilər... M.C.Bağırov atamla, nənəmlə, anamla və mənimlə vidalaşıb mənzili tərk etdi, hamımız dinməz-söyləməz bir-birinin üzünə baxaraq sükuta daldıq. Sən demə, həmin gün atamın həyatında dönüş anı imiş. Ertəsi günü onu bütün vəzifələrinə bərpa etdilər, əsərləri yenidən çap üzü görməyə başladı, hamımız rahat nəfəs aldıq. Atamın başına gətirilən müsibətlər zamanı M.C.Bağırovun bəd ayaqda ona necə kömək etməsi barədə atamın vəfatından sonra anamdan çox şeylər eşitmişəm. İndi, o dövrlərdən uzun illər keçdiyi bir vaxtda tarixin çətin və mürəkkəb sınaqlarından çıxmış o müdrik və zəhmli insanı - Mir Cəfər Bağırovu dərin minnətdarlıq hissi ilə təsəvvürümdə atamla yanaşı canlandırıram. Bəli, Mir Cəfər Bağırov yaxşı dərk etmişdi ki, xalqımızın istedad sahiblərini qorumaq lazımdır", - deyə Selcan xanım "Həqiqət olduğu kimi" kitabının "Ön söz əvəzi"ndə yazır.

   Teyyub Qurban kitabında alimin son günləri ilə bağlı belə yazır: "Mikayıl Rəfili dünyaya gəldiyi gün dünyasını dəyişdi. Matəm karvanı APİ-nin qarşısından baş aldı, Fəxri Xiyabanın yanından yuxarı qalxdı..."

   Mərhumun qırxı çıxandan sonra Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn Mərkəzi Komitəyə professor Mikayıl Rəfilinin ailə üzvlərinə (87 yaşlı anası Həyat, 46 yaşlı xanımı Zoya və 10 yaşlı qızı Selcan) təqaüd verilməsi xahişi ilə məktub göndərmişdi. Azərbaycan KP MK-nın o zamankı birinci katibi İmam Mustafayev məsələyə MK-nın Bürosunda baxılmasına razılıq vermiş, Büro isə Azərbaycan SSR Nazirlər Kabinetinə tapşırmışdı ki, "Rəfilinin ailəsinə pensiya verilməsi imkanlarına baxsın".

   Amma Mehdi Hüseynin xahişi işə keçmədi, nə məktuba, nə də tapşırığa baxıldı...

 

Teyyub Qurban

 

Ekspress.-2013.-27-29 aprel.-S.15.